VI. Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları
Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: ХХI əsrin əsas çağırışları” adlı dəyirmi masa keçirilib. Müzakirələrdə ABŞ, İtaliya, Rusiya, Qazaxıstan, Meksika, Avstriya və digər ölkələrin alimləri, həmçinin Nobel mükafatı laureatları iştirak ediblər.
Dəyirmi masanın moderatoru, AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri açaraq qeyd etdi ki, dəyirmi masada siyasi, elmi, iqtisadi problemlər və onların həlli istiqamətində məsələlər müzakirə olunacaq. Akademik bildirib ki, “baxmayaraq ki, biz Sizinlə artıq ХХI əsrdə yaşayırıq, indiyə qədər mədəniyyətlərarası ünsiyyətdə böyük maneələr yaradan müxtəlif ölkələrin məişəti, mədəniyyəti, dini etiqadı və digər gündəlik problemləri haqqında az məlumatlıyıq”. Təəssüf ki, dünyada çox insanlar öz ətrafında dostlardan çox düşmənlər görməyə hazırdı. Bu baxımdan Bakı Beynəlxalq Humanitar Forumu bir yerə toplaşaraq bütün bu mövcud problemləri müzakirə etməyi qarşısına məqsəd qoyub.
Bir ənənə olaraq, tədbirin ikinci günü dəyirmi masa formatında yuxarıda qeyd olunan problemlərin müzakirəsinə həsr olunur. Bu il forum çərçivəsində mühüm məsələlərin müzakirə edildiyi, həmçinin “Texnologiyaların konvergensiyası və gələcəyin proqnozları: ХХI əsrin əsas çağırışları” adlı tədbir daxil olmaqla 6 dəyirmi masa təşkil edilib.
Daha sonra AMEA-nın prezidenti bildirib ki, texnologiyaların konvergensiyası yalnız təbiət və texnika elmlərini əhatə etmir, hazırda bu proses ictimai və humanitar elmlər arasında da müşahidə olunur. Bu mənada konvergensiya ictimai, humanitar və təbiət elmlərinin qarşılıqlı əlaqəsini əks etdirir. Humanitar elmi təfəkkürün forma və funksiya üzrə təkmilləşdirilməsi, onun elmi əsaslarının riyazi modelləşdirilməsi və informasiyalaşdırılması son illər qlobal, universal xarakter almışdır.
Söhbət, əlbəttə, idrak texnologiyalarının qarşılıqlı zənginləşdirilməsi və konvergensiyası haqqında gedir. Hazırda nanotexnologiyalar, infotexnologiyalar və koqnitiv elmlərin qarşılıqlı əlaqəsi tədqiqatların aktual sahəsini təşkil edir. Nanotexnologiyalar, infotexnologiyalar və koqnitiv elmlər bir-birindən uzaqdır və aralarındakı qarşılıqlı təsiri məhduddur.
Lakin, müasir dövrün tələbləri və elmin inkişafı məntiqi göstərir ki, bu vəziyyət ən yaxın gələcəkdə ciddi transformasiyalara məruz qalacaq. Koqnitiv elmlər özündə koqnitiv psixologiya, psixofizika, süni intellekt sahəsində tədqiqatlar, neyrobiologiya, biofizika, linqvistika, riyazi məntiq, nevrologiya, fəlsəfə və digər elmləri birləşdirir.
Məhz buna görə də bir sıra tədqiqatçılar koqnitiv elmləri dördüncü elmi-texniki inqilab adlandırırlar. Beynin imkanlarının öyrənilməsi koqnitiv elmlərin inkişafında mühüm rol oynayır. Hazırda beynin iş prinsipləri müxtəlif sintetik elmi istiqamətlər çərçivəsində öyrənilir. Bu məsələ bizim üçün də böyük elmi maraq kəsb edir. Çünki, söhbət yalnız elmi tərəqqi barədə deyil, həm də insan həyatının yaxşılaşdırılması perspektivi haqda gedir. Şübhəsiz ki, texnologiyaların konvergensiyası mədəni-yaradıcı amil kimi yeni insan tipinin formalaşmasına təkan verə bilər.
Məlumdur ki, informasiya-kommunikasiya texnologiyaları müasir elmi nailiyyətlər sırasında xüsusi yer tutur. Bu, ilk növbədə informasiya-kommunikasiya texnologiyalarının bəşəriyyətin sosial-mədəni inkişafına təsiri ilə bağlıdır. Müasir qloballaşmış və virtuallaşmış dünyada İKT-nin sürətli inkişafı bəşəriyyəti min illər ərzində formalaşmış həyat prinsipləri və mədəni dəyərlərin transformasiyası zərurəti qarşısında qoyur.
İnformasiya texnologiyaları sahəsində müşahidə olunan mühüm yeniliklərdən biri onların intellektuallaşdırılması prosesidir. Bu prosesi Homo Sapiensdən İnfo Sapiensə transformasiya prosesi kimi xarakterizə etmək olar. Texnologiyaların sürətli intellektuallaşdırılması bəşəriyyətin sosial tərəqqisi üçün geniş imkanlar açmaqla yanaşı, eyni zamanda onun təbii intellektinin inkişafına böyük təhlükə yaradır.
Məlumdur ki, bu il bəşəriyyət ürək ağrısı ilə Çernobıl atom qəzasının 30 illiyini qeyd edib. Heç kimə sirr deyil ki, ötən 30 il ərzində, 5 milyondan artıq insan müxtəlif dozalı şüalanmaya məruz qalıb, Avropanın mərkəzində inkişaf etmiş bütöv bir region insan həyatı üçün yararsız hala çevrilib.
Bu il isə bəşəriyyətin başqa bir faciəsindən 5 il ötür – Fukusimada baş verən güclü sunami Fukusima atom elektrik stansiyasında radioaktiv fəlakətlə nəticələnib. Bizim regiona, eləcə də Avropa qitəsinin daha ucqar hissələrinə gəldikdə, bu gün Metsamor atom elektrik stansiyasında əlverişsiz vəziyyət bizdə böyük narahatlıq doğurur.
Bu gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 50-ci sessiyası tərəfindən 164 ölkə tərəfindən ratifikasiya edilmiş Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin qəbulundan 20 il ötür. Lakin təəssüf ki, bu müqavilə hələ də qüvvəyə minməyib.
Hamımıza yaxşı məlumdur ki, son illər müşahidə olunan iqtisadi problemlər bərpaedilən enerji mənbələrinin inkişafı üçün lazımi kapital qoyuluşunu təmin etməyə imkan vermir. Elə bu səbəbdən özəl sektor tərəfindən elmi araşdırmalara kapital qoyuluşu azalır.
Çıxışını yekunlaşdıraraq, Akif Əlizadə bildirdi ki, dəyirmi masa ətrafında Nobel mükafatı laureatları, tanınmış alimlər, siyasətçi və politoloqlar, jurnalist və ictimai xadimlər, Asiya, Afrika, Yaxın və Orta Şərq, Avropa və Amerikadan olan nümayəndələr toplaşıb. Onlar tərəfindən aparılan müzakirələr nüvə texnologiyalarının təhlükəsizlik problemləri, istilik-nüvə enerjisi, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi məsələləri, radiasiya, nano və biotexnologiyaların konvergensiyasını nəzərdə tutur. “Biz əmin olmalıyıq ki, dəyirmi masa çərçivəsində qaldırılan bütün məsələlərin ətraflı və geniş müzakirəsi, həmçinin müxtəlif mübahisəli məqamlarda ortaq məxrəcə gəlinmə bütün bəşəriyyətin rifahına xidmət edəcək”, – AMEA-nın prezidenti vurğulayıb.
Fizika üzrə Nobel mükafatı laureatı (anizotropiya və kosmik fon şüalanmasının enerji spektrinin qara cism strukturunun kəşfi), amerikalı astrofizik və kosmoloq Corc F.Smut “ Bizim çağırışları əks etdirən elmi-texniki inkişaf perspektivləri” adlı məruzəsində müasir dünyada elektrik enerjisinin idarə olunması haqqında danışıb. Alim bu sahədə dünyanın aparıcı bazarlarındakı vəziyyətin müqayisəli təhlilini aparıb.
“The News” Meksika qəzetinin baş redaktoru Tereza Anna Marqolis dünyada terror aktlarının sayının artması barədə məlumat verərək, terrorçuların əlində böyük sayda nüvə materiallarının cəmləşdiyini qeyd edib. O bildirib ki, nüvə silahı sülh və sabitlik üçün böyük təhlükədir. Dünyanın mütərəqqi qüvvələri terrorçu qruplaşmalar tərəfindən gələn bu təhlükənin qarşısının alınması üçün səylərini birləşdirməlidir.
Amerikalı politoloq, Qlobal Təhlükəsizliyin Təhlili İnstitutunun Energetika, Təbii Sərvətlər və Geosiyasət Mərkəzinin direktoru, ABŞ Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Beynəlxalq Əlaqələr Şurasının üzvü Ariel Koen “Texnologiyalar və proqnozlar: ХХI əsrin əsas sosial və siyasi çağırışları” adlı çıxışında informasiya toplanması məqsədilə müxtəlif ölkələrdə hazırlanmış proqramlar barədə danışıb. O vurğulayıb ki, bu məlumatlar sosial müharibələr infrastrukturu ilə bağlı olan həm məhsul, həm də individlər haqqında ola bilər. “Kiber-müharibələr təhlükəsi realdır, müxtəlif təhlükəyə malik proqramlar infrastrukturumuzu məhv edə bilər. Ona görə də bu proqramların qarşısını almaq lazımdır”, – bildirib.
İtaliyalı senator Canluka Kastaldi “Gələcək bərpa olunan enerjilərə məxsusdur” adlı məruzəsində enerji mənbələrindən düzgün istifadə edilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Köln Tətbiqi Elmlər Universitetinin (Almaniya) nümayəndəsi Reza Talebi-Dəryaninin “2001-2015-ci illər Tempus layihələrinin ən yaxşı nümunəsi: Azərbaycanlı tələbələrin Bolonya prosesinə uyğun olaraq tədris və tədqiqat təcrübələrini artırmaq məqsədilə Avropa universitetləri ilə birgə fəaliyyəti” adlı məruzəsi dinlənilib. O, Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər haqqında danışıb. Bildirilib ki, Azərbaycanda sonuncu TEMPUS layihəsi 2012-2016-cı illəri əhatə edir. Reza Talebi-Dəryani vurğulayıb ki, əsas məqsəd ali məktəb laboratoriyalarının təlim üçün gücləndirilməsindən, Bolonya prosesinin əsas məqsədi isə təhsilin Avropa standartlarına uyğunlaşdırılmasından ibarətdir.
Dəyirmi masada həmçinin RaiNet S.p.A. şirkətinin (RAI Qrup şirkəti, İtaliya) prezidenti Karmen Lasorella, Amerikan kimyaçı, elektronun məhlullarda köçürülməsi nəzəriyyəsinin banisi, 1992-ci il üzrə kimya üzrə Nobel mükafatı laureatı, Kaliforniya texnologiya institutunun nümayəndəsi Rudolf Markus, “Kurçatov İnstitutu” Milli Tədqiqat Mərkəzinin direktorunun müşaviri, professor Yaroslav Ştrombax, Avstriyanın Beynəlxalq Hüquq və Qlobal Siyasi Araşdırmalar Mərkəzinin sədri Anis Bayrektareviç, Qazaxıstan Təhlil və Proqnozlar Mərkəzinin rəhbəri Kazbek Kazkenov və Bakı Dövlət Universitenin əməkdaşı Şahin Məmmədovun məruzələri dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.
İclasa yekun vuran akademik Akif Əlizadə dəyirmi masanın səmərəli olduğunu qeyd edərək, dəyərli fikirlər və təkliflərə görə iştirakçılara minnətdarlığını bildirib.
Plenar İclas İştrakçılarının çıxışlarının qısa xülasəsİ
İclasın birinci hissəsinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edib.
Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popova mühüm məsələlərin müzakirə olunduğu Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini yüksək qiymətləndirib. O, belə mühüm tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib, ölkəmizin multikultural dəyərlərin inkişafı və təbliği işinə töhfəsini xüsusi qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə son dövrlər dünyada baş verən hadisələrin dini ekstremizmin tüğyan etməsinə təkan verdiyini diqqətə çatdırıb. Bildirib ki, radikal cərəyanlar niyyətlərini həyata keçirmək üçün İslam dininin adından sui-istifadə edir. Bu isə bizdə ciddi narahatlıq doğurur.
İnsan qırğınının, maddi və mənəvi irsin məhvinin səngimədiyi dövrdə Avropada islamofobiya, ksenofobiya meyillərinin gücləndiyini, miqrant axınına qarşı sərt tədbirlərin həyata keçirildiyini vurğulayan şeyxülislam bunun mədəniyyətlər və dinlərarası dialoqa ciddi zərbə olduğunu deyib. A.Paşazadə bu baxımdan dövlət başçılarının, ictimai, dini qurumların rəhbərlərinin əməkdaşlığının önəmini xüsusi vurğulayıb.
Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirildiyini diqqətə çatdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizin məruz qaldığı işğal faktı nəticəsində terror, qaçqın problemi ilə üzləşdiyini, məscid, kilsə və sinaqoqların məhv edildiyini deyib. Bildirib ki, buna baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, beynəlxalq hüququn prinsipləri çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində və problemin dini qarşıdurmaya çevrilməməsində Patriarx Kirill başda olmaqla, Rus Pravoslav Kilsəsinin səylərini yüksək qiymətləndirib.
A.Paşazadə bildirib ki, dünyada mövcud humanitar problemləri həll etmək üçün Azərbaycanın qədim və zəngin tolerantlıq modelindən bəhrələnmək məqsədəuyğun olardı.
Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç son illər Avropada ksenofobiya meyillərinin artdığını vurğulayaraq, bu məsələdə bəzi media orqanlarının, sosial şəbəkə istifadəçilərinin və bəzi siyasətçilərin məsuliyyətsiz fəaliyyətinin rol oynadığını vurğulayıb. Bildirilib ki, müasir dövrdə mövcud problemlərin həllində medianın obyektiv, qərəzsiz fəaliyyətinə böyük ehtiyac var. Mədəniyyətlər və dinlərarası dialoqun dünyada problemlərin həllində mühüm rol oynadığını qeyd edən S.Mesiç bu baxımdan Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirib.
Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin sədri, Volokolam mitropoliti Əlahəzrət İlarion birgəyaşayışın müasir cəmiyyətlərin aktual məsələsinə çevrildiyini bildirib. Qeyd edib ki, mədəniyyətlər və dinlərarası dialoqun inkişafı üçün bütün insanlar bərabər imkanIara və hüquqlara sahib olmalıdırlar. Müasir dövrdə terrorizmin sürətlə yayıldığını, terrorçuların din pərdəsinə bürünərək fəaliyyət göstərdiklərini vurğulayan İlarion bildirib ki, onlar bütün ənənəvi dinlərin əsas prinsiplərinə qarşı çıxış edirlər. Dini radikalizmin yayılması təhsilin səviyyəsinin aşağı olmasından qaynaqlanır. Buna görə də biz insanları, xüsusən gəncləri qorumalı, onlar arasında ənənəvi dinlərlə bağlı geniş maarifləndirmə işi aparmalıyıq. Bakı Beynəlxalq Humanitar Forumu məhz bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurov Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzunun ildən-ilə artdığını bildirib. Qonaq vurğulayıb ki, bu Forum müxtəlif xalqlar və mədəniyyətlər arasında münasibətlərin inkişafı baxımından hər il yeni ideyalar təklif edir. Ş.Zuxurov Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını, həmçinin 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsini Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa mühüm töhfəsi kimi dəyərləndirib.
Hindistanın məşhur dini lideri və mütəfəkkiri Şri Şri Ravi Şankar Həzrətlərinin davamçılarından olan Svami Cyotirmaya vurğulayıb ki, insanlar din, coğrafi sərhədlər, sərvətlər uğrunda müharibələr aparırlar: “Ancaq biz başa düşməliyik ki, həyata bir dəfə gəlmişik və qısa ömür sürəcəyik. Buna görə də sülh şəraitində yaşamalı, bir-birimizə hörmət etməliyik. Buna nail olmaq üçün isə təhsil inkişaf etdirilməli, insanlara hələ uşaq yaşlarından digər dinlərə hörmət hissi aşılanmalıdır. Bütün dünya böyük bir ailədir və biz birləşərək dünyada sülhü bərqərar etməliyik”. Svami Cyotirmaya Forumun təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Uruqvay Şərq Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilla qarşılıqlı hörmətin və dözümlülüyün multikulturalizmin inkişafında əhəmiyyətini qeyd edib. X.Amarilla ölkəsində multikultural dəyərlərin tarixindən və bu ideyaların gənc nəslə aşılanması istiqamətində görülən işlərdən danışıb.
Sonra ötən gün dünyasını dəyişmiş İsrailin sabiq Prezidenti Şimon Peresin xatirəsi ABŞ-dakı Simon Vizental Mərkəzi rəhbərinin müavini, ravvin Abraham Kuperin təşəbbüsü ilə bir dəqiqəlik sükutla yad edilib.
Bakıya ilk səfərinin “Soyuq müharibə” dövrünə təsadüf etdiyini vurğulayan Abraham Kuper bildirib: “Biz tolerantlığı inkişaf etdirmək üçün səylərimizi əsirgəməməliyik. İnsanların potensialı bütün bu hədəflərə çatmağa imkan verir. Məhz buna görə də multikulturalizmin inkişaf etdiyi ölkədə keçirilən bu Forumda iştirak edirik”.
“Özünün multikulturalizm modelini dünyaya təqdim etdiyinə görə Azərbaycana minnətdarıq”, – deyən Abraham Kuper ölkəmizdə bu sahədə dövlət siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və onun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Azərbaycanda yəhudi icmasının əsrlərdir mövcud olduğunu, müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və mehribanlıq şəraitində yaşamalarını, sünnilərlə şiələrin bir yerdə ibadət etmələrini ölkəmizdə multikulturalizmin tarixinin çox qədim olmasının göstəricisi kimi qiymətləndirib.
Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenez bəşəriyyəti narahat edən problemlərin həlli yollarının müzakirə olunduğu Bakı Forumunun təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, Argentina parlamentində təmsil etdiyi Mendoza bölgəsinin qədim tarixi və adət-ənənələri ilə seçildiyini vurğulayıb. P.Ximenez Argentinada aborigen əhalinin hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib.
Çin Buddistləri Assosiasiyasının sədri Syue Çenq bu Foruma dəvətə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. O, dünyada baş verən problemlərin həllinin konkret addımların atılmasını tələb etdiyini vurğulayıb və bu baxımdan belə məsələlərin müzakirəsinin əhəmiyyətini diqqətə çatdırıb.
Qazaxıstanın dövlət katibi xanım Gülşara Abdıkalikova ölkəsində 100-dən çox etnik azlığın və 18 dini icmanın nümayəndələrinin mövcud olduğunu bildirib. O, Qazaxıstanda elmi-texniki, səhiyyə və digər sahələrə böyük sərmayə qoyulduğunu, ölkəsinin 2050-ci ildə dünyanın inkişaf etmiş 30 ölkəsindən biri olmağı hədəflədiyini deyib.
Forumun dünyada sülhün təmin olunması baxımından konkret həll variantları təklif edəcəyinə əminliyini bildirən G.Abdıkalikova deyib ki, Azərbaycan belə mühüm tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə fəxr edə bilər.
Fransa İmamları Konfransının sədri Hassen Şalqumin Forumun təşkilinə və tədbirə dəvətə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. H.Şalqumin bildirib ki, müasir dövrdə Avropada və digər bölgələrdə baş verən etnik, dini və milli zəmində münaqişələr həmin cəmiyyətlərdə ciddi narahatlıqlar doğurur və bu, insanların gündəlik həyatına böyük təsir göstərir. Azərbaycanda isə insanlar sülh, əmin-amanlıq şəraitində yaşayırlar və bu, bütün dünya üçün nümunədir.
Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Aişə Abdullahi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakdan məmnunluğunu bildirib. Qeyd edib ki, bu Forumun keçirilməsi humanitar problemlərin həllinin vacibliyinə bir daha diqqət çəkir. O, son illər dünyada humanitar problemlərin artmasında təhsilin səviyyəsinin aşağı olmasının, terrorizmlə yanaşı, iqlim dəyişikliyinin də böyük rol oynadığını vurğulayıb.
Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən İslam Əməkdaşlıq Təşkilatı baş katibinin köməkçisi Heşam Yussif müxtəlif xalqların, dinlərin nümayəndələrini bir araya gətirən belə mötəbər Forumun əhəmiyyətini xüsusi qeyd edib. Son illər dünyada humanitar problemlərin daha da artdığını vurğulayan H.Yussif bu problemlərin həllinə töhfəsinə görə Türkiyə hökumətinə təşəkkürünü bildirib.
UNESCO-nun İcra Şurasının sədri Maykl Vorbs vurğulayıb ki, UNESCO Humanitar Forumun təşkil edilməsi ideyasını ilk gündən yüksək qiymətləndirib və fəal dəstəkləyib. Çünki bu Forumun məqsəd və məramı UNESCO-nun hədəfləri və fəaliyyət istiqamətləri ilə eynidir. M.Vorbs dünyanın sülhsevər ictimaiyyətinin səylərini birləşdirərək bəşəriyyəti təhdid edən bütün problemləri həll edə biləcəyini diqqətə çatdırıb.
Müzakirələrə yekun vuran moderator Elmar Məmmədyarov səmərəli fikirlərinə görə iclas iştirakçılarına minnətdarlığını bildirib.
Plenar iclasın ikinci hissəsində Nobel mükafatı laureatlarının çıxışları olub.
İclasın ikinci hissəsinə sədrlik edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Forumun dünyanın bütün bölgələrindən məşhur alimləri, siyasətçiləri bir araya gətirmək baxımından böyük platforma olduğunu bildirib. O deyib ki, plenar iclasda 13 Nobel mükafatçısı çıxış edərək dünyamızda mövcud olan problemlər və onların həlli yollarından danışacaq.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka didərgin düşmüş insanların taleyi ilə bağlı fikirlərini bölüşüb. O, bunun baş verməməsi üçün vacib addımların atılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, belə taleyi yaşayan insanlara biganə yanaşmaq olmaz, onlara kömək göstərilməlidir. Bu, harada yaşamasından asılı olmayaraq hər kəsin insanlıq borcudur. Diqqətə çatdırılıb ki, müasir dünyada mövcud olan ekoloji problemlər, müharibələr, insanlar arasında nifrət, ədavət, zorakılıq halları bəşəriyyəti addım-addım fəlakətə doğru sürükləyir.
Forumda iştirakından məmnunluğunu ifadə edən kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur Markus müasir dünyada baş verən dəyişikliklərdən danışıb. Alim deyib ki, göstərilən ciddi səylər nəticəsində kimyəvi maddələrin sənayedə tətbiqinin qarşısı alınıb. O, insanları əzmkar olmağa çağıraraq bildirib ki, cəmiyyətdə baş verən problemlərin elmi yolla həlli mümkündür. Dünyada sosial rifahın bərabər olmaması səbəbindən müasir dövrdə cəmiyyətlər bir sıra çətinliklərlə qarşılaşıb. Bu problemlərin qarşısının alınması üçün nisbətən zəif inkişaf etmiş ölkələrdə elm, təhsil, səhiyyə sahələrində iri layihələr davamlı şəkildə həyata keçirilməlidir.
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Riçard Con Roberts insan orqanizmində baş verən dəyişikliklər, qida və GMO haqqında danışıb. O deyib ki, genetik modifikasiya edilmiş qida ilə bağlı insanlara düzgün məlumat verilməlidir. Alimlər uzun illərdir bu istiqamətdə iş aparırlar. Amma bu, düşündüyümüz kimi çox da təhlükəli deyil. Bu gün nəinki inkişaf etmiş böyük ölkələr, hətta kiçik ölkələr də GMO vasitəsilə bitkilərin yetişdirilməsinə çalışırlar.
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Tsinkernagel isə dünyadakı aclıq, qida çatışmazlığı problemlərindən söz açıb. O bildirib ki, elmin inkişafı və tədqiqatların aparılması insanlara dünyanı daha yaxşı dərk etməyə imkan verə bilər. Bu səbəbdən də insanlar, xüsusilə də qadınlar daha çox təhsilə cəlb olunmalıdırlar.
Fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflin elm, iqtisadiyyat və mühəndislik haqqında fikirlərini bölüşüb. Alim deyib ki, bu Forumda dünyada mövcud olan problemlərin həlli yolları müzakirə edilir. Bu, çox mühüm məsələdir. Bu səbəbdən də belə tədbirlərin təşkili olduqca önəmlidir.
Texnoloji inkişafın sonsuz proses olduğunu bildirən alim artıq elektron inqilabın fəsadları haqqında da düşünməyin zamanının çatdığını vurğulayıb.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard Preskott müxtəlif dövrlərdə əldə edilmiş elmi kəşflərin tətbiqi nəticəsində bu gün iqtisadiyyat, tibb, texnologiya və digər sahələrdə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb.
Artıq beşinci dəfədir Bakıda olmaqdan məmnunluğunu bildirən iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin Kidland dünyadakı iqtisadi böhranın səbəblərindən və bu böhranın həlli istiqamətində görülən işlərdən danışıb. O, dünya iqtisadi böhranının hökumətləri iqtisadi inkişafla bağlı proqnozlarını konkret tərtib etmək məcburiyyəti ilə üz-üzə qoyduğunu söyləyib.
Kimya üzrə Nobel mükafatı laureatı Aaron Çexanover bildirib ki, bəşəriyyəti təhdid edən problemlər yalnız dünya ictimaiyyətinin birgə səyləri ilə həll edilə bilər. Mübahisələr güc yolu ilə həll olunmamalıdır. Tarix bizə göstərir ki, bütün münaqişələr dəhşətli insan tələfatı ilə nəticələnir. Son illərdə millətçilik, zorakılıq hallarına tez-tez rast gəlindiyini, bunun çox böyük çətinliklər yaratdığını deyən alim bildirib ki, bu mənfi hallara qarşı mübarizə aparmaq üçün səylər birləşdirilməlidir.
Kimya üzrə Nobel mükafatı laureatı Avram Herşko biotibb sahəsi ilə bağlı fikirlərini bölüşüb. O, fundamental tədqiqatlar sayəsində tibbin inkişaf etdirilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, tarixən nailiyyətlər elementar tədqiqatlar sayəsində əldə edilir. Natiq bildirib ki, bu Forum çox gözəl platformadır, qlobal məsələlərlə yanaşı, mühüm mesajları çatdırmaq baxımından da əvəzsizdir.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin Kidland da Forumda beşinci dəfə iştirak etdiyini söyləyib. Bildirib ki, hər gəlişində o, çox böyük yeniliklərin şahidi olur. Alim son 15 ildə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, Forum iştirakçılara insanların həyatını yaxşılaşdırmaqla bağlı məsələlərin müzakirəsi baxımından olduqca əlverişli imkanlar yaradır. Təsisatların zəif olduğu ölkələrdə iqtisadi siyasəti sabit saxlamaq çətindir. Bəzi ölkələrin iqtisadiyyatlarındakı tənəzzül gələcək maliyyə siyasətinin qeyri-müəyyənliyi ilə bağlıdır. Bu qeyri-müəyyənliklər sərmayə qoyuluşuna təsir edir.
Alim deyib ki, bütün dünyada təhsil sistemində imkanların artırılmasına diqqət yetirilməlidir.
Fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald Smut bildirib ki, dünyada baş verən inkişaf bir çox ölkələrdə yoxsulluq problemini həll etməyə imkan verib. Dünya əhalisinin 20 faizi aclıqdan əziyyət çəkir və bunun qarşısı alınmalıdır. Dövlət təsisatları qlobal problemlərin öhdəsindən gələ bilmir. Sərmayə yatırımında insanlar müdrik olmalıdır və bununla problemlərin həllinə nail olmaq mümkündür. İlk məsələlərdən biri maliyyə resursu və davranışlarımızdır. Enerji mənbələri, təhlükəsizlik, yoxsulluq daha təkmil idarəçilik tələb edir. Ziyalı təbəqələr bu problemlərin həll variantlarını təqdim edəndən sonra hökumətlər elmi, siyasəti, texnologiyanı bir araya gətirərək bu sahədə işləməlidirlər.
Kimya üzrə Nobel mükafatı laureatı xanım Ada Yonat dərmanlara bakteriyaların müqaviməti haqqında danışıb. Qeyd edib ki, bakteriyaların təsirindən asılı olaraq strukturunu dəyişən antibiotiklər kəşf edilməlidir.
Alimin sözlərinə görə, Forum hökumətlərə yeni antibiotiklərin icad olunması ilə bağlı çağırış etməklə yanaşı, bu istiqamətdə birgə layihələrin reallaşmasına təkan verə bilər.
Demoqrafik vəziyyətdən danışan kimya üzrə Nobel mükafatı laureatı Dan Şextman müxtəlif ölkələrdəki vəziyyətləri müqayisə edib. Diqqətə çatdırıb ki, dünyada 55 milyon qaçqın və məcburi köçkün var. Hər bir ölkənin potensialı insan resursudur. Təhsilin inkişafı hər bir ölkənin bir nömrəli vəzifə borcu olmalıdır. Multikulturalizmin elmin inkişafına töhfəsini yüksək qiymətləndirən alim bildirib ki, elmin əsas vəzifələrindən biri bəşəri dəyərləri təbliğ etməkdir. Dan Şextman bu işdə siyasətçilərin elmi dairələrə inamının, eləcə də praqmatik qərarların qəbulunda, onların əsaslandırılmasında alimlərin roluna geniş yer verilməsinin əhəmiyyətini vurğuladı.
Üçüncü dəfədir Forumda iştirak etdiyini söyləyən kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel deyib ki, son 30 il ərzində strukturuna görə yeni antibiotiklər əldə edilməyib. Yeni dərman vasitələrinin hazırlanması üçün kifayət qədər vəsait yoxdur. Perspektivli istiqamət kompyuterlərdən istifadə edərək dərmanların hazırlanmasıdır. Kompyuterlər alimlərə bu istiqamətdə çox böyük yardım edə bilər. Bunun vasitəsilə onlar dərmanların təsirini də qabaqcadan öyrənə bilərlər.
Plenar iclasa yekun vuran akademik Akif Əlizadə məşhur alimlərin, Nobel mükafatı laureatlarının Forumda iştirak etmələrinin və çıxışlarının dünya elminə mühüm töhfə vermək baxımından əhəmiyyətini vurğulayıb.
Plenar iclasın üçüncü hissəsində təhsil naziri Mikayıl Cabbarov Bakıda artıq beşinci dəfə keçirilən Forumun əhəmiyyətindən danışıb. Nazir bildirib ki, Forumun rəsmi hissəsində və plenar iclasında səslənən fikirlər sentyabrın 30-da keçiriləcək “dəyirmi masa”ların əsasını təşkil edir. “Dəyirmi masa”larda çox vacib mövzularda müzakirələrin aparılacağını vurğulayan təhsil naziri qeyd edib ki, Azərbaycanda humanitar məsələlərə böyük önəm verilir və bu istiqamətdə faydalı diskussiyalar aparılacaq.
İtaliyanın Link Kampus Universitetinin rəhbəri, professor Vinçenzo Skotti sədrlik edəcəyi “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” adlı “dəyirmi masa”da müzakirə olunacaq məsələlər barədə məlumat verib. O, ilk növbədə Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Alim vurğulayıb ki, Azərbaycanda multikulturalizm həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin tərkib hissəsidir.
“Bu Forum bir çox digər forumlardan fərqlənir. Çünki burada nəzəri çərçivələrdən kənara çıxırıq və praktik məsələlər gündəmə gətirilir. Bu gün tolerantlıq cəmiyyət üçün vacib amillərdən birinə çevrilib. Forumda toplaşan ziyalılar gələcək nəsillərə mesajlarını vermək fürsəti əldə edirlər”, – deyə o, qeyd edib.
Professor V.Skotti deyib ki, insanların birgə sülh şəraitində yaşamasının əsas şərtlərindən biri də dialoqun qurulmasına nail olmaqdır. Onun fikrincə, bu yolla cəmiyyətdə radikallaşmanın, dözümsüzlüyün qarşısını almaq olar.
“İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” adlı “dəyirmi masa” haqqında danışan BMT Baş katibinin köməkçisi Rəşid Xalikov miqrasiyanın müxtəlif səbəblərinin olduğunu deyib. “Bəziləri qazanc arxasınca digər ölkələrə üz tutur, başqaları isə münaqişələr və təbii fəlakətlər səbəbindən evlərini tərk edirlər. Hazırda dünyada 65 milyon qaçqın var”, – deyə o, məlumat verib.
BMT Baş katibinin köməkçisi bildirib ki, hazırda milyonlarla insan miqrant həyatı yaşayır. Onların arasında qadınlar, uşaqlar, yaşlılar var. Onlar həyatlarını qurmaqda çətinliklərlə üzləşirlər. Beynəlxalq hüququn tövsiyələrinə görə, ölkələr onlara qaçqın kimi təşrif buyuran insanlara lazımi kömək göstərməlidirlər. Əminəm ki, Azərbaycanın yüksək səviyyədə təşkil etdiyi V Bakı Beynəlxalq Humanitar Forumu bu problemlərin həlli istiqamətində dünyaya faydalı mesajlar verəcək.
“Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” adlı “dəyirmi masa”nın moderatoru, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxış edib. O bildirib ki, Bakı Forumu ilk dəfə Azərbaycan-Rusiya humanitar forumu kimi işə başlayıb və Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq status qazanıb. Bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması təsadüfi deyil, çünki əsrlər boyu burada müxtəlif dinlər və xalqlar birgə sülh şəraitində yaşayıblar.
Mixail Qusman müasir texnologiyaların sürətli inkişafında, sosial medianın geniş yayılmasında müəyyən təhlükənin gizləndiyini qeyd edib. “İnsanlar Tvitter, Facebook və digər sosial şəbəkələrdən geniş istifadə edirlər. Amma ənənəvi informasiya sahəsinin tərəfdarı kimi burada müəyyən təhlükənin gizləndiyini demək istəyirəm. İnformasiya sahəsində təhlükəsizlik məsələsi böyük önəm daşıyır. Bu sahədə çalışanlar daim çaşdırıcı məlumatlardan nəinki özlərini, həm də cəmiyyəti qorumağa çalışmalıdırlar”, – deyə o bildirib.
TASS-ın baş direktorunun birinci müavini qeyd edib ki, jurnalistikada peşəkarlıq daim əsas amil olacaq, yalnız texnologiyalar və yazı vasitələri dəyişəcək. Biz bu məsələləri sabah keçiriləcək “dəyirmi masa”mızın panellərində geniş müzakirə edəcəyik.
“Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”ya sədrlik edəcək Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirin iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və təbiəti barədə məlumat verərək ölkəmizin Şərq ilə Qərbin qovuşuğunda, tarixi İpək yolunun üstündə yerləşdiyini vurğulayıb və bu amilin Azərbaycanda zəngin mədəniyyətin formalaşmasına təsir etdiyini bildirib.
Leyla Əliyeva bildirib ki, ətraf mühitin mühafizəsi hökumətin başlıca vəzifəsi olsa da, qeyri-hökumət təşkilatlarının, xüsusilə də gənclərin bu prosesdə iştirakı zəruridir. O, 2011-ci ildə təsis olunan IDEA İctimai Birliyinin fəaliyyəti və nailiyyətləri, o cümlədən gənclərin maarifləndirilməsi, təşkilatın layihəsi çərçivəsində ölkədə 5 milyondan artıq ağac əkilməsi, biomüxtəlifliyin mühafizəsi üzrə görülmüş tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, IDEA-nın “Bir planet – bir gələcək” şüarı yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da yaşayan gəncləri təbiətin mühafizəsi naminə öz ətrafında birləşdirib.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri təbiətin itkilərinin artıq aylarla, illərlə deyil, dəqiqələrlə ölçüldüyünü diqqətə çəkib və insan fəaliyyəti nəticəsində biomüxtəlifliyin məhvi barədə danışıb. O, xoşməramlı səfiri olduğu FAO-nun “Sıfır Aclıq” təşəbbüsündən də söhbət açıb. Qeyd edib ki, artıq qlobal problemə çevrilən yoxsulluq və aclığın aradan qaldırılması, xüsusilə də uşaqların qida çatışmazlığı və susuzluqdan əziyyət çəkməməsi üçün bütün dövlətlərin birgə səy göstərməsi zəruridir.
Leyla Əliyeva gələcək nəsillərdən ötrü yaşıl və təhlükəsiz planetin təmin edilməsi üçün hər kəsi təbii resurslardan səmərəli istifadə etməyə və təbiətə qarşı qayğıkeş olmağa çağırıb.
ABŞ-ın İllinoys Universitetinin professoru Mark Roznblat “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” adlı “dəyirmi masa”da müzakirə olunacaq mövzular barədə məlumat verib. O, elmin gücündən səmərəli istifadə etməklə tibb sahəsində irəliləyişlərə nail olmağın mümkünlüyünü qeyd edib. Professor yeni texnologiyaların, müasir tədqiqatların köməyi ilə sağalmaz xəstəliklərin çarəsinin tapılması məsələlərinin “dəyirmi masa”da diqqət mərkəzində olacağını bildirib.
“Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” adlı “dəyirmi masa”ya sədrlik edəcək Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü, V.A.Kotelnikov adına Radiotexnika və Elektronika İnstitutunun laboratoriya rəhbəri Aleksandr Buqayev müzakirə olunacaq məsələlərdən danışıb. O, ilk növbədə Azərbaycanda elm və təhsil sahəsinə böyük diqqət yetirildiyini, çalışdığı institutun azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq etdiyini bildirib. A.Buqayev “dəyirmi masa”da nanotexnologiyalardan və nüvə texnologiyalarından istifadə məsələlərinin müzakirə olunacağını, bu sahədə tanınmış alimlərin məruzələrinin dinləniləcəyini vurğulayıb.