Forum 2012

III. Müasir KİV-lər və yeni çağırışlar

İşçi bölmələr:
  • Qloballaşma dovründə dünya siyasəti və sosial şəbəkələr
  • Yeni minillikdə jurnalistikanın humanitar aspektləri
  • Sivilizasiyalar dialoqunda müasir KİV-lərin rolu.

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

III. Müasir KİV-lər və yeni çağırışlar

“Müasir KİV-lər və yeni çağırışlar” adlı dəyirmi masanın xülasəsi Azərbaycan Respublikası 2012-ci il oktyabrın 4-5-də çox mühüm bir tədbirə – İkinci Bakı Beynəlxalq Humanitar Forumuna uğurla ev sahibliyi etmişdir. Rəsmi açılış mərasimindən, plenar iclasdan və 8 “dəyirmi masa”dan ibarət olan Forumun işində 70 ölkədən, 7 nüfuzlu beynəlxalq təşkilatdan nümayəndələr, həmçinin sabiq dövlət başçıları, Nobel mükafatı laureatları, görkəmli elm və siyasət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak etmişlər. Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və dərin məzmunlu nitqi tədbirin ictimai-siyasi, elmi-fəlsəfi mahiyyətini daha da artırmışdır. İkinci Beynəlxalq Forum sırf humanitar çərçivədən çıxaraq bəşəriyyəti narahat edən məsələlərin bütün spektrlərinin müzakirə edildiyi bir məkana çevrilmişdir. Forumda humanitar mövzuların geniş coğrafiyasına toxunulmuş, inkişafın müasir mərhələsində bəşəriyyətin üzləşdiyi problemlərin həlli yolları araşdırılmışdır. Bütün bu məsələlər Beynəlxalq Forumun bəyannaməsində geniş əksini tapmışdır. Beynəlxalq Forumun rəsmi informasiya dəstəyini Azərbaycan tərəfdən AzərTAc, Rusiya tərəfdən İTAR-TASS agentlikləri həyata keçirmişlər. Forumun gündəliyindəki “Müasir KİV-lər və yeni çağırışlar” mövzusunda “dəyirmi masa” AzərTAc-ın təşkilatçılığı ilə keçirilmişdir. Bu “dəyirmi masa”nın işçi bölmələrində xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələrindən 110, yerli mətbuatdan isə 125 nümayəndə iştirak etmişdir. “Dəyirmi masa”nın gündəliyindəki məsələlərin hər biri ayrı şəkildə işçi bölmələrdə müzakirə edilmişdir. Birinci işçi bölmədə sosial şəbəkələrin müasir cəmiyyətin transformasiyasında rolu və onun dünya miqyasında siyasi proseslərə təsiri, ikinci işçi bölmədə bəşəriyyətin insanın varlığına və rifahına aid olan qlobal humanitar problemlərin aktuallaşdırılması şəraitində müasir jurnalistikanın rolu, üçüncü işçi bölmədə isə sabit platforma və mədəniyyətlərarası kommunikasiya kanalı kimi müasir media məsələləri müzakirə olunmuşdur. AzərTAc-ın Baş direktoru Aslan Aslanovun, İTAR-TASS-ın Baş direktorunun birinci müavini – şef redaktor Mixail Qusmanın və Yunanıstanın keçmiş xarici işlər naziri, parlamentin üzvü Dora Bokayannisin moderatorluq etdikləri birinci bölmədə dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, nüfuzlu media qurumlarının rəhbərləri, ekspertlər, məsləhətçilər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültəsinin professor-müəllim heyəti iştirak etmişlər. İşçi bölməni açan AzərTAc-ın Baş direktoru Aslan Aslanov demişdir ki, XXI əsrdə bəşəriyyətin üzləşdiyi yeni çağırışlar qloballaşan dünyada baş verən prosesləri nəzərə almaqla Humanitar Forumun gündəliyindəki aktual məsələlərin müzakirəsini tamamilə zəruri edir. Dünyada o qədər humanitar məsələ yığılıb qalmışdır ki, onların həlli yolları bu gün tapılmasa, sabah artıq gec olacaqdır. İTAR-TASS-ın Baş direktorunun birinci müavini – şef redaktor Mixail Qusman medianın yeni forması olan sosial jurnalistikanın sürətlə inkişaf etdiyini bildirmişdir. Yunanıstanın keçmiş xarici işlər naziri, parlamentin üzvü Dora Bokayannis isə müasir dünyada toqquşmaların və mədəniyyətlərarası dialoqun işıqlandırılmasında mətbuatın üzərinə böyük məsuliyyətin düşdüyünü söyləmişdir. Sonra işçi bölmə məruzələrlə davam etmişdir. Dünya Xəbərlər Agentlikləri Şurasının prezidenti, Argentinanın “TELAM” xəbər agentliyinin inkişaf meneceri Xuan Manuel Fonruj, Rusiyadan “Kros” Şirkətlər Qrupunun – “Novıy İnternet” agentliyinin ortaq sahibi Konstantin Maksimyuk, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri İradə Ələkbərova, İnstitutun elmi əməkdaşı Rasim Mahmudov KİV-lər və sosial şəbəkələr – çağırışlar və imkanlar, qloballaşma dövründə dünya siyasəti və s. mövzularda çıxış etmiş, maraqlı diskussiyalar aparılmışdır. İndoneziyanın ANTARA agentliyinin Baş direktoru Əhməd Muxlis Yusufun, İtaliyanın “AGI-Agenza Giornalistica İtalia” xəbər agentliyinin Baş icraçı direktoru Daniela Viglionenin və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Şamil Vəliyevin moderatoru olduqları “Yeni minillikdə jurnalistikanın humanitar aspektləri” adlı bölmə iclasında insan həyatının, onun istər siyasi, istərsə də qeyri-siyasi xarakterli əsas hüquqlarının qorunması və yaxşılaşdırılması kimi irimiqyaslı sahələrdə jurnalistikanın sosial məsuliyyət payı və s. məsələlər müzakirə olunmuşdur. “Multimedia texnologiyalarının xəbər agentliklərinin işində tətbiq edilməsi” mövzusunda məruzə ilə çıxış edən AzərTAc-ın Baş direktoru Aslan Aslanov qlobal inkişafda və bəşəriyyətin ümumi təkamülündə elmi-texniki nailiyyətlərin artan roluna toxunaraq, bu amilin yüksək texnologiyalar sahəsində nailiyyətlərin media sektorunda tətbiqi prosesində xüsusilə gözəçarpan olduğunu vurğulamışdır. ABŞ-ın Montana Universitetinin professoru Tomas Qolts “Qərb mediası Dağlıq Qarabağ münaqişəsi haqqında xəbər verir”, Serbiyanın “Tanyug” xəbər agentliyinin əməkdaşı Branka Dukiç “Xəbər agentliyi və onlayn jurnalistika: Twitter və Youtube” mövzularında məruzələrində dünyada baş verən qanlı toqquşmalardan, Azərbaycanın üzləşdiyi hərbi təcavüz və onun ağır nəticələrinin işıqlandırılmasında medianın önəmli rolundan, onlayn jurnalistikanın mənfi və müsbət cəhətlərindən bəhs etmişlər. Bildirilmişdir ki, sosial media artıq münaqişə və digər hadisələr haqqında məlumatların beynəlxalq ictimaiyyətə operativ çatdırılmasında xüsusi rol oynayır. Diskussiyalarla davam edən iclasda multimedia texnologiyalarının müasir dövrdə gündəlik reallıqlarımızdan birinə çevrildiyi qeyd edilmiş, Twitter və Youtube kimi sosial resurslardan istifadə zamanı onun mənfi və müsbət cəhətləri diqqətə çatdırılmışdır. Sonra “dəyirmi masa” işini “Sivilizasiyaların dialoqunda müasir KİV-lərin rolu” adlı işçi bölmədə davam etdirmişdir. İşçi bölmədə Bolqarıstan Teleqraf Agentliyinin (BTA) Baş direktoru Maksim Minçev, AzərTAc-ın Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov və Yaponiyanın NHK Yayım Korporasiyasının Baş icmalçısı İçiyo İşıkava moderatorluq etmişlər. ABŞ-ın “Heritic” Fondunun Katrin və Şelbi Kallm Deyvis adına İnstitutunun Rusiya və Avrasiya üzrə aparıcı tədqiqatçısı Ariyel Koenin “Qlobal ideyalar bazarı: Hökumətlər, ürəklər və düşüncələr üçün rəqabət apararkən mediadan necə istifadə edirlər”, Mərakeş Diplomatiya Fondunun prezidenti Abdelati Habekin “Müasir KİV-lərin sivilizasiyaların dialoqunda rolu”, Bakı Slavyan Universitetinin müəllimi Rövşən Məmmədovun “Diasporlararası beynəlxalq əlaqələrin qurulmasında KİV-lərin rolu və əhəmiyyəti” mövzularında məruzələri dinlənilmişdir. Bildirilmişdir ki, jurnalistika dini və etnoslararası tolerantlıq, müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər və sosial qruplar arasında qarşılıqlı anlaşma mövzusunun daha çox aktuallaşdığı yeni minillikdə insanların bir-birini daha yaxşı öyrənmələri və bir-biri ilə tanış olmaları, onlar arasında anlaşmanın qurulması, dözümlülüyün möhkəmlənməsi üzrə xüsusi rola malikdir. İnformasiya cəmiyyətinin əsas məqsədlərindən biri insanların informasiya tələbatını ödəməkdir. Beləliklə də, KİV-lərin rolu informasiya cəmiyyətində ön plana çıxır. KİV-lərin özü də digər sahələr kimi texnoloji proses nəticəsində ciddi transformasiyaya məruz qalır. Çıxış edən digər natiqlər mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın son dövrlər humanitar məsələlərlə bağlı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin önəmini vurğulamış, İkinci Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etmişlər. İşçi bölmə məruzələr ətrafında maraqlı diskussiyalarla başa çatmışdır. “Dəyirmi masa”nın nəticələrini ümumiləşdirərək belə bir qənaətə gəlmək olar ki, müasir cəmiyyətin transformasiyasında yeni medianın-sosial şəbəkələrin rolu və onun dünya miqyasında siyasi proseslərə təsiri getdikcə artmaqdadır. Müasir cəmiyyət artıq informasiyanın sırf passiv istehlakçısı deyildir və texnoloji innovasiyalar əsrində o, özü sosial şəbəkələr vasitəsilə informasiyanın istehsalçısına və yayıcısına çevrilir. Forumun bəyannaməsi “Müasir KİV-lər və yeni çağırışlar” mövzusunda “dəyirmi masa”da müzakirə edildi və yekdilliklə qəbul olundu.

Video 1
Video 2
Video 3
Video 4
Video 5
Video 6
Video 7
Video 8
Video 9
Video 10
Video 11
Video 12
Video 13
Video 14
Video 15