- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını alqışlayaraq;
- Ahəngdar davamlı inkişafın təmin edilməsi, dünyada artan siyasi və hərbi münaqişələrin qarşısının alınması məqsədilə beynəlxalq humanitar əməkdaşlığın və effektiv tərəfdaşlığın bu sahədə daim artan əhəmiyyətini nəzərə alaraq;
- Birləşmiş Millətlər Təşkilatının “Minillik Bəyannaməsi”ni və onun 2015-ci ildən sonrakı dövr üçün regional, iqtisadi, sosial və gender inkişafı sahəsində dünyada müşahidə olunan bərabərsizliyin aradan qaldırılmasına yönəlmiş gündəliyini rəhbər tutaraq;
- İstehlakın fasiləsiz artırılması hesabına iqtisadiyyatın stimullaşdırılması üsullarının davamlı inkişaf prinsipləri ilə ziddiyyət təşkil etdiyinə, ciddi resurs, etik, humanitar məhdudiyyətlərlə üzləşdiyinə və qarşısıalınmaz qlobal ekoloji problemlərə gətirib çıxardığına diqqəti yönəldərək;
- müasir biliklərə insan potensialına və ekoloji sivilizasiya prinsiplərinə əsaslanan uzunmüddətli davamlı inkişafın təmin edilməsinə töhfə verməyə çalışaraq;
- Qloballaşma şəraitində ümumi gələcəyimizin formalaşmasının səmərəli elmi əsaslara söykənən və humanitar etikanın prinsiplərini nəzərə alan intellektual, mədəni, sosial insan potensialının səfərbər edilməsi və planetimizdəki mövcud təbii müxtəlifliyin qorunması yolu ilə təmin olunmasını etiraf edərək;
- 21-ci əsrin çağırışlarına müasir elmi və ənənəvi biliklərin yalnız informasiya texnologiyaları ilə geniş inteqrasiyası şəraitində səmərəli cavabın mümkünlüyünü, eyni dərəcədə onların qlobal və milli səviyyələrdə geniş istifadə imkanlarını nəzərə alaraq;
- ictimaiyyətin məlumatlılığının artırılmasında, humanitar inkişaf sahəsində vəzifələrin həyata keçirilməsi və planlamada iştirakın genişləndirilməsində vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin xüsusi rolunu vurğulayaraq;
- siyasi mədəni və elmi elitanı, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələrini inkişaf proseslərinin davamlılığının təmin olunması məqsədilə humanitar əməkdaşlığı daha da gücləndirməyə çağıraraq;
- resursların məhdudluğu şəraitində onların davamlı inkişaf və humanitar etika prinsiplərinə əsaslanan optimal istifadəsinin qazanılmış nailiyyətlər zəminində aktiv fəaliyyəti nəzərdə tutduğunu dərk edərək;
- problemlərini geniş fikir mübadiləsi çərçivəsində nəzərdən keçirərək,
- beynəlxalq humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin müasir çağırışlara və təhdidlərə effektiv cavab olduğunu, indiki və gələcək nəsillərin rifahının təmin olunmasına yönələn müasir idarəetmə və istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsinə imkan yaratdığını təsdiq edirik;
- Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən ənənəvi Bakı Beynəlxalq Humanitar Forumunun postmodern dövrün əsas dəyəri kimi humanist təcrübəyə əsaslanan multikulturalizmin inkişafına mühüm töhfə verdiyini qeyd edirik;
- son illər ərzində Azərbaycan Respublikasında, eləcə də bir sıra ölkələrdə davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə olunması sahəsindəki əhəmiyyətli irəliləyişin beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapdığının şahidi oluruq;
- istehlak cəmiyyətinin səmərəli kafilik səviyyəsində bir humanist istehlak cəmiyyətinə çevrilməsi və eyni dərəcədə ekoloji sivilizasiyanın tələblərinə cavab verən həyat tərzinə nail olunması üçün beynəlxalq əməkdaşlığın gələcək inkişafının vacibliyini xüsusi vurğulayırıq;
- ən yeni elmi nailiyyətlərə əsaslanan nanotexnologiyaların və biotexnologiyaların tətbiqinin, eləcə də ərzaq və dərman təhlükəsizliyinin təmin olunması üçün müasir və ənənəvi texnologiyaların konvergensiyasının, insanların uzunömürlülük potensialının gerçəkləşdirilməsinin və həyat keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini qəbul edirik;
- fənlərarası da daxil olmaqla ən yeni bilik və bacarıqların fasiləsiz təhsil proqramları ilə inteqrasiyasının, eləcə də bu sahədə əməkdaşlığın genişləndirilməsi vasitəsilə insan potensialının inkişafının davamlı inkişafın ən mühüm humanitar meyarı olduğunu etiraf edirik;
- humanitar inkişafın məqsədlərinə nail olunmasında kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin məlumatlılığın yüksəldilməsi və inkişafın humanitarlaşdırılması proseslərində iştirakının genişləndirilməsi yoluyla getdikcə artan rolunu nəzərə çarpdırırıq;
- humanitar inkişaf sahəsində ixtisaslaşmış müxtəlif beynəlxalq və milli qurumları tolerantlıq, qarşılıqlı ehtiram mühitinin formalaşdırılması və müasir qlobal, lokal çağırışların həllinə yönəlmiş müntəzəm forum, konfrans, müzakirə və dəyirmi masalar təşkil etməyə çağırırıq;
- bu kimi forumların hər il keçirilməsi zərurətinə əminliyimizi ifadə edərək Azərbaycan Respublikasının Prezidentinə və Hökumətinə, Heydər Əliyev Fonduna, Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına belə mötəbər və səmərəli tədbir keçirdiklərinə görə dərin minnətdarlığımızı bildiririk;
- bu Bəyannamənin qəbul edilməsini və humanitar inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə istifadəsini vacib sayırıq.
Oktyabrın 2-də rəsmi açılış mərasimindən sonra IV Bakı Beynəlxalq Humanitar Forumu plenar iclasla işini davam etdirib.
Sabiq dövlət başçılarının iştirak etdikləri iclasın birinci hissəsinə sədrlik edən Azərbaycanın gənclər və idman naziri Azad RƏHİMOV müstəqillik illərində ölkəmizdə humanitar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışdı. Nazir bildirdi ki, artıq Azərbaycanda çoxmədəniyyətli dialoq platforması qurulub.
Estoniyanın sabiq Prezidenti Arnold RÜÜTEL çıxışında dünyada mövcud olan ekoloji problemlərə nəzər saldı, flora və fauna növlərinin azalmasının narahatlıq doğurduğunu diqqətə çatdırdı. Son illərdə yoxsul ölkələrin sayının çoxaldığını deyən Estoniyanın sabiq Prezidenti sosial bərabərsizliyin artmasının da ciddi problemə çevrildiyini qeyd etdi. Arnold Rüütel ölkəsində ekoloji tarazlığa nail olmaqla bağlı görülən işlərdən, qlobal mədəni müxtəlifliyə verilən töhfələrdən də danışdı.
Xorvatiyanın keçmiş Prezidenti Stepan MESİÇ xalqlar arasında etimadın bərpası məsələsindən bəhs etdi. Bildirdi ki, beynəlxalq aləmdə baş verən terror aktları yolverilməzdir və bu səbəbdən etimada əsaslanan münasibətlərin bərpası zərurətə çevrilib. Stepan Mesiç zorakılıq hallarını qətiyyətlə pislədi, mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bildirdi.
Latviyanın sabiq Prezidenti Valdis ZATLERS diqqəti ötən Forumda müəyyən edilən məqsədlərə nə dərəcədə nail olunması məsələsinə cəlb etdi. O, dünyadakı gərginliyin təməlində din amilinin yox, digər səbəblərin dayandığını söylədi, müharibələrin sülhə hədə olduğunu dedi. Bu baxımdan qonaq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasının vacibliyini vurğuladı.
Litvanın keçmiş Prezidenti Vitautas LANDSBERGİS Bakı Humanitar Forumunun əsasında dayanan ideyanın sülhə əsaslandığını diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan işğal faktı ilə üzləşsə də, sabit dövlət qurmaq ideyalarını uğurla nümayiş etdirir.
İtaliya Nazirlər Şurasının sabiq sədri Enriko LETTA ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini dedi, Forumun əhəmiyyətindən danışdı. Enriko Letta Avropa İttifaqının Cənubi Qafqaz regionu ilə əlaqələrinə toxunaraq bildirdi ki, Azərbaycan ilə iqtisadi və sosial əməkdaşlıq genişləndirilməlidir. “Biz çox şadıq ki, Azərbaycan Avropa tərəfdaşlığında iştirak edir”, – deyən qonaq gələn il ölkəmizdə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.
Küveytin İdeal Ailə Cəmiyyətinin prezidenti ülyahəzrət Şeyxa Fariha əl-Əhməd əl-Cabir əl-SABAH böhranın yaşandığı bugünkü dünyada diqqətin ölkəmizə yönəldiyini dedi, belə bir dövrdə nailiyyətləri necə əldə etməyin formulunun Azərbaycanda müşahidə edildiyini bildirdi.
Braziliya xarici işlər nazirinin əməkdaşlıq, mədəniyyət və ticarətin təşviqi məsələləri üzrə müavini Hadil Fontes da Roşa VIANNA belə nüfuzlu Foruma dəvətə görə minnətdarlığını bildirdi. Nazir müavini Braziliyada mədəni müxtəliflik sahəsində görülən işlərdən danışdı, mədəni plüralizmin hər bir ölkə üçün əhəmiyyətini vurğuladı.
Meksika Birləşmiş Ştatları Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela KUEVAS Forumda müzakirəyə çıxarılan məsələlərin vacibliyinə toxunaraq vurğuladı ki, dünya birliyi mövcud münaqişələrin danışıqlar yolu ilə həllinə çalışmalı, beynəlxalq hüququn norma və prinsipləri təmin edilməlidir. O, xüsusilə terrorçuluqla mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini qeyd etdi.
UNESCO-nun İcra Şurasının sədri Məhəmməd Sami ƏMİRİ Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. UNESCO-nun yarandığı vaxtdan humanizm ideyalarını təşviq etdiyini deyən qonaq dünyada mədəni müxtəlifliyin təmin olunmasını vacib meyar kimi dəyərləndirdi. O, Bakı Forumunun məqsədlərinin UNESCO idealları ilə üst-üstə düşdüyünü vurğuladı.
İclasın ikinci hissəsinə sədrlik edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif ƏLİZADƏ Forumun dünyanın bütün bölgələrindən məşhur alimləri, siyasətçiləri bir araya gətirmək baxımından böyük platforma olduğunu bildirdi.
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Ervin NEHER son illərdə kimya, biotexnologiya, fiziologiya sahələrində mühüm nailiyyətlər əldə edilməsi ilə regenerativ xəstəliklərin aradan qaldırılması istiqamətində ciddi nəticələrə nail olunduğunu bildirdi. Son onillikdə belə xəstəliklərlə bağlı ciddi araşdırmalar aparıldığını vurğulayan alim Çin, ABŞ və Yaponiyada insan beyninin araşdırılması ilə bağlı iri layihələr həyata keçirildiyini vurğuladı.
Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur MARKUS dünyada sosial rifahın bərabər olmaması nəticəsində müasir dövrdə cəmiyyətlərin bir sıra çətinliklərlə qarşılaşdığını diqqətə çatdırdı. O, qeyd etdi ki, bu problemlərin qarşısının alınması üçün nisbətən zəif inkişaf etmiş ölkələrdə elm, təhsil, səhiyyə sahələrində iri layihələr davamlı şəkildə həyata keçirilməlidir.
Kimya üzrə Nobel mükafatı laureatı Keri Benks MULLİS müasir dünyada xəstəliklərin, problemlərin qarşısının alınmasının alimlər üçün ciddi məsələ olduğunu söylədi. Diqqətə çatdırıldı ki, çağdaş dünyada mövcud olan ətraf mühit problemləri, müharibələr, insanlar arasında nifrət, ədavət, zorakılıq halları və digər cinayətlərin qarşısının alınmaması bəşəriyyəti addım-addım fəlakətə doğru sürükləyir.
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin TSİNKERNAGEL bildirdi ki, cəmiyyətdə baş verən problemləri anlamaq üçün insan fiziologiyası dərindən öyrənilməlidir. Bu baxımdan yüksək keyfiyyətli ibtidai təhsil, savadlı gənc müəllimlərin yetişdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu, bütövlükdə insan həyatının qorunması üçün olduqca vacibdir.
Fizika üzrə Nobel mükafatı laureatı Robert Betts LAFLİN müasir dövrdə daha da inkişaf etdirilən kompyuterlərin insanın fiziki keyfiyyətlərini üstələdiyini dedi. Texnoloji inkişafın sonsuz proses olduğunu bildirən alim artıq elektron inqilabın fəsadları haqqında da düşünməyin zamanının çatdığını vurğuladı.
Kimya üzrə Nobel mükafatı laureatı Kurt VÜTRİX gözəl memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində çıxış etməkdən fərəh duyduğunu bildirdi. O, müxtəlif dövrlərdə əldə edilmiş elmi kəşflərin tətbiqi nəticəsində bu gün iqtisadiyyat, tibb, texnologiya və digər sahələrdə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırdı.
Artıq dördüncü dəfədir Bakıda olmaqdan məmnunluğunu bildirən iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin KİDLAND dünya iqtisadi böhranının təsirindən və bu böhrandan çıxmaq istiqamətində dövlətlərin gördüyü işlərdən bəhs etdi. O, dünya iqtisadi böhranının hökumətləri iqtisadi inkişafla bağlı proqnozlarını konkret tərtib etmək məcburiyyəti ilə üz-üzə qoyduğunu söylədi.
Fizika üzrə Nobel mükafatı laureatı Deyvid Conatan QROSS bildirdi ki, bəşəriyyəti təhdid edən problemlər yalnız dünya ictimaiyyətinin birgə səyləri ilə həll edilə bilər. Mübahisələr güc yolu ilə həll edilməməlidir. Tarix bizə göstərir ki, bütün münaqişələr dəhşətli insan tələfatı ilə nəticələnir. Son illərdə millətçilik, zorakılıq hallarına tez-tez rast gəlindiyini, bunun çox böyük çətinliklər yaratdığını deyən alim bildirib ki, biz bu mənfi hallara qarşı mübarizə aparmaq üçün səylərimizi birləşdirməliyik.
Fizika üzrə Nobel mükafatı laureatı Teodor Volfqanq HENŞ Azərbaycanın humanitar dəyərlərə böyük önəm verdiyini vurğuladı. “Şadam ki, Azərbaycanda “qara qızıl”ın insan kapitalına çevrilməsinin şahidi oluruq”, – deyən alim hazırda texnologiya sahəsində sürətli inkişafın müşahidə edildiyini bildirdi, elmi dairələrin öz resurslarını bu istiqamətə yönəltməsini yüksək qiymətləndirdi.
Fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald SMUTT dedi ki, yaşadığımız Yer kürəsini həm özümüz, həm də gələcək nəsillər üçün qorumalı, ətraf mühitə hansı təsirləri göstərdiyimizi bilməliyik. Dövlətlərin iqtisadi baxımdan nail olmaq istədikləri davamlı inkişaf ətraf mühitin mühafizəsi sahəsində də təmin edilməlidir.
Kimya üzrə Nobel mükafatı laureatı xanım Ada YONAT Foruma dəvətə və ölkəmizdə gördüyü qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Çıxışında insanın uzunömürlülüyü barədə danışan alim müasir tibb elminin inkişafı nəticəsində bir çox xəstəliklərlə mübarizədə uğurların qazanıldığını qeyd etdi. O, həmçinin genetik kodun müəyyən vaxt daxilində dəyişməsi istiqamətində ciddi araşdırmaların aparıldığını vurğuladı.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Piter Artur DAYMOND məşğulluq məsələsindən danışdı. Qeyd etdi ki, iş qazanc gətirməklə yanaşı, insanda daxili məmnuniyyət yaradır. İqtisadiyyatların böhranlardan qorunması üçün hökumətlərin məşğulluq siyasətini şaxələndirməsinin vacibliyini bildirən P.Daymond işçi qüvvəsinin bir sahədən digərinə keçməsini, hər bir sektorda idarəçilik qabiliyyətinə malik insanların sayının çox olmasını məşğulluq probleminin həllində mühüm amil kimi qiymətləndirdi.
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Tomas Kristian ZÜDHOF multikulturalizmin elmin inkişafına töhfəsini yüksək qiymətləndirərək bildirdi ki, elmin rolu bəşəri dəyərləri yaymaq və təbliğ etməkdir. O, bu işdə siyasətçilərin elmi dairələrə inamı, eləcə də praqmatik qərarların qəbulunda, onların əsaslandırılmasında alimlərin roluna geniş yer verilməsinin əhəmiyyətini vurğuladı.
Kimya üzrə Nobel mükafatı laureatı Ariye VARŞEL isə elmi nailiyyətlərin cəmiyyətin həyatına müsbət təsirindən danışdı. Alim bəşəriyyətin həyatının ciddi elmi nailiyyətlər nəticəsində daha da yaxşılaşdığını diqqətə çatdırdı.
AMEA-nın nəzdində Biofizika İnstitutunun yaradıldığını deyən Akif Əlizadə bu sahədə ölkəmizlə fəal əməkdaşlıq edən fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald Smutta minnətdarlığını bildirdi.
Plenar iclasa yekun vuran akademik Akif Əlizadə dünyanın məşhur alimlərinin, Nobel mükafatı laureatlarının Forumda iştirak etmələrinin və çıxışlarının Azərbaycan və dünya elminə mühüm töhfə vermək baxımından əhəmiyyətini yüksək qiymətləndirdi.
İclasın üçüncu hissəsinə IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib. Sədrlik edən təhsil naziri Mikayıl CABBAROV qonaqları salamlayıb və Bakıda artıq dördüncü dəfə keçirilən Forumun əhəmiyyətindən danışıb. Nazir bildirib ki, Forumun rəsmi hissəsində və plenar iclasında səslənən fikirlər oktyabrın 3-də keçiriləcək “dəyirmi masa”ların əsasını təşkil edir. Son illərdə ölkəmizdə elm və təhsil sahəsində mühüm işlərin görüldüyünü qeyd edən nazir M.Cabbarov Azərbaycanda bu istiqamətdə vacib islahatların həyata keçirildiyini, ötən il təhsilin inkişafı ilə bağlı dövlət strategiyasının təsdiq olunduğunu vurğulayıb.
ABŞ-ın Kaliforniya ştatı Məclisinin sabiq spikeri, Los-Anceles şəhərinin sabiq meri Antonio VILLEREYQOSArəhbərlik edəcəyi “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” adlı “dəyirmi masa”da müzakirə olunacaq məsələlərdən danışıb. O, multikulturalizmin həyatda əksər proseslərə təsir etdiyini, bu sahədə yaranan böhranın isə son dərəcə mürəkkəb problemlərə səbəb olduğunu vurğulayıb. A.Villereyqosa bildirib ki, humanitar, xüsusilə multikulturalizmə aid məsələlər dövrümüzün aktual məsələləridir. Azərbaycan çoxmillətli, çoxmədəniyyətli ölkədir. Buradakı müsbət ab-hava dünyanın bir çox yerlərində arzulanır.
“Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” adlı “dəyirmi masa”ya sədrlik edəcək Rusiyanın İTAR-TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Mixail QUSMAN çıxış edərək bildirib ki, Azərbaycan mənim doğma vətənimdir və bu gün burada olduğum üçün çox xoşbəxtəm. Mən birinci Forumda da iştirak etmişəm. Həmin vaxtdan Forumun xeyli inkişaf etdiyi, zənginləşdiyi göz qabağındadır. Əminəm ki, Bakı Beynəlxalq Humanitar Forumu əhəmiyyətinə görə gələcəkdə Davos İqtisadi Forumunu geridə qoyacaq. M.Qusman “dəyirmi masa”da müasir mediasferanın problemləri, rəqəmsal dövrdə KİV-lərin rolu və digər bir sıra aktual məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.
Rumıniyadakı Qara Dəniz Universitetlər Şəbəkəsinin baş katibi Eden MAMUT “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” adlı “dəyirmi masa”ya sədrlik edəcəkdir. O, müasir dövrdə elmin inkişafı ilə bağlı görülən işlərin diqqəti cəlb etdiyini, dünyanın hər yerində təhsil imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. E.Mamut bildirib ki, “dəyirmi masa”da müxtəlif ölkələrdən olan mütəxəssislərin 21 məruzəsi dinləniləcək, mövzuya dair bir çox məsələlərə aydınlıq gətiriləcək.
ABŞ-ın Kolumbiya Universitetinin professoru Con LOURENS rəhbərlik edəcəyi “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı “dəyirmi masa”da müzakirə olunacaq məsələlər barəsində məlumat verib. Ekoloji sivilizasiyanın əhəmiyyətindən danışan amerikalı alim deyib ki, müasir dövrdə insan inkişafı indeksi olduqca vacib göstəricidir. Bu indeks əslində çox sadə hesab olunur. Onun əsasında müəyyən ölkələr, o cümlədən Azərbaycan öz standartlarını dəyişib.
Türkiyənin Atatürk Universitetinin rektoru, professor Hikmət KOÇAK bildirib ki, rəhbərlik edəcəyi “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” adlı “dəyirmi masa”da daha çox fəlsəfi və fərqli yöndə müzakirələr aparılacaq. Alim deyib ki, qloballaşma prosesində insan və cəmiyyət modeli ortaya çıxır və hər bir fərd cəmiyyətin inkişafına töhfə verməlidir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xərçəng xəstəliyi üzrə müalicə mərkəzinin rəhbəriKarol SIKORA “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə və perspektivlər” adlı “dəyirmi masa”da tibb elminin son illərdəki nailiyyətlərindən, gələcəyindən və problemlərindən söz açılacağını vurğulayıb. O bildirib ki, hazırda texnologiyada inqilabi sıçrayış baş verib. Xərçəngə səbəb olan molekulların hərəkət istiqamətini araşdırmaq mümkün olsa, ilkin mərhələdə diaqnozun qoyulmasına nail olacağıq.
“Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” adlı “dəyirmi masa”ya rəhbərlik edəcək Avstriyanın Beynəlxalq Atom Enerjisi Agentliyinin Texniki Əməkdaşlıq Departamentinin proqram rəhbəri İvan VIDENOVIÇ bildirib ki, təhsil sektorunun inkişafı rabitə və yüksək texnologiyaların inkişafı ilə birbaşa bağlıdır. Bizim “dəyirmi masa”mızda 19 ölkədən 60-dək nümayəndə, o cümlədən üç Nobel mükafatı laureatı iştirak edəcək. Azərbaycan nüvə enerjisindən dinc məqsədlər üçün istifadədə maraqlı olan ölkələrdəndir. Azərbaycanlı alimlər çıxışlarında məhz bu məsələlərdən söz açacaqlar.
Avropa Şurasının sadiq baş katibi Valter ŞVIMMER rəhbərlik edəcəyi “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” adlı “dəyirmi masa”nın olduqca vacib və aktual məsələyə həsr olunduğunu vurğulayıb. O bildirib ki, “dəyirmi masa”da postmodern erasında dəyərlərin dəyişməsinə daha çox ehtiyac olduğu nəzərdən keçiriləcək. Azərbaycan da uzunsürən münaqişədən əziyyət çəkir. Qafqazda sülhün bərqərar olması hazırda bu region üçün çox vacib məsələdir.
Sonda nazir M.Cabbarov tədbirin iştirakçılarına təşəkkürünü bildirib, onlara uğurlar arzulayıb.