- Birləşmiş Millətlər Təşkilatının “Minillik Bəyannaməsi”ni rəhbər tutaraq və qloballaşmanın yalnız və yalnız bizim hamımızın bütün müxtəlifliyi ilə ümumən bəşəriyyətə mənsubluğumuza əsaslanan ortaq gələcəyimizin formalaşdırılması istiqamətində genişmiqyaslı və ardıcıl səylərimizin gerçəkləşdirilməsi sayəsində ədalətli şəkil ala biləcəyiniqəbul edərək,
- qloballaşan müasir dünyada dəyərlər sisteminin dəyişməsinin, sosial və mədəni proseslərin sürətlənməsinin, həyatın bütün sahələrində stereotiplərin alt-üst olmasının əvvəlki tarixi dövrlərdə cəmiyyətin şüurunda təşəkkül tapmış sosial təsəvvürlərdə əsaslı şəkildə dəyişikliklərə yol açdığını müəyyən edərək,
- elmin, təhsilin inkişafının yeni texnologiyaların meydana gəlməsinin, informasiya cəmiyyətinin təşəkkülünün əvvəllər sırf nəzəri görünən bir sıra problemləri aktuallaşdırdığını xatırladaraq,
- qloballaşma prosesinin genişlənərək və dərinləşərək alimlər və siyasətçilər qarşısında bəşəriyyətin heç zaman üzləşmədiyi yeni problemlər qoyduğunu və yeni humanitar gündəliyin formalaşdırılmasını tələb edən çoxsaylı çağırışlar meydana çıxardığını nəzərə alaraq,
- qloballaşmanın humanitar aspektlərinin elmi təhlilinin böyük əhəmiyyəti və zərurətinitəsdiq edərək,
- təbiətlə ahəngdar və harmonik şəkildə yaşamağa hazırlığımızın və bacarığımızın olmaması səbəbindən planetar miqyaslı təhdidlərlə üz-üzə dayandığımızı etiraf edərək,
- qloballaşmanın müxtəlif modellərinin və variantlarının nəzərdən keçirilməsinin bugünkü mövcud mədəniyyətlərin və mənəvi oriyentirlərin müxtəlifliyinə adekvat diqqət yetirməyə imkan verdiyini nəzərə alaraq,
- qloballaşma şəraitində mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı təsiri prosesinin heç də müəyyən dəyərlər sistemini hamıya qəbul etdirmək kimi bir məqsəd daşımadığını qeyd edərək,
- bir ölkənin və ya bir sıra ölkələrin dəyərlər sistemini heç də mütləq həqiqət kimi qəbul etməyərək və bununla yanaşı azadlıq, bərabərlik, həmrəylik, tolerantlıq, təbiətə ehtiram kimi fundamental dəyərlərin mühüm əhəmiyyətini dərk edərək,
- sivilizasiyanın parçalanmasının qarşısını almağa qadir etik prinsip və normaların müəyyənləşdirilməsinin və qlobal etikanın bütün dünyada bərqərar olmasının vacibliyiniqəbul edərək,
- mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bütün cəhdlərinə baxmayaraq, sivilizasiyaların münaqişəsi təhlükəsinin kifayət qədər aktuallığını müəyyən edərək,
- qloballaşma prosesinin daha güclü sosial yönüm almasının vacibliyini nəzərə çatdıraraq və hər bir insana onun daha dolğun töhfə verməsinin zəruriliyinə diqqət yetirərək,
- sosial ədalət naminə ədalətli qloballaşma haqqında Bəyannamənin əsas müddəalarına şərik çıxaraq, müzakirələr və geniş fikir mübadiləsi çərçivəsində nəzərdən keçirərək:
- müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarını bir daha təhlil etməyə, etnik və mədəni özünüdərk arasında azad seçimi təmin etməyə, insanların əsas hüquq və azadlıqlarının bərqərar edilməsinə nail olmağa, ksenofobiya, irqçilik və dözümsüzlüyün bütün təzahürlərini qətiyyətlə pisləməyə çağırırıq;
- müasir elmin və texnologiyaların, informasiya cəmiyyətinin bərqərar olması nəticəsində ortaya çıxan çoxsaylı humanitar problemlərinin kompleks şəklində araşdırılmasının zəruriliyini etiraf edirik;
- planetar miqyaslı fəlakətlərin, ekoloji və texnogen qəzaların mümkünlüyünün, iqlim dəyişikliyinin və təbii resursların tükənməsinin aktuallığı ilə bağlı problemlərə diqqət yönəltməyi vacib hesab edirik;
- biotexnologiyalar sahəsində əldə olunan uğurlarla bağlı fəlsəfi və etik problemlərin xüsusi əhəmiyyət kəsb etdiyinə diqqət yetirilməsinin vacibliyini vurğulayırıq;
- yeni texnologiyaların enerji təhlükəsizliyi, sağlam qidalanma və Yer üzündə hər bir insanın rifahı problemlərinin həllinə kömək edəcəyinə ümidimizi ifadə edir, bütün ölkələrdə elmin və yüksək keyfiyyətli təhsilin inkişafına xüsusi diqqət göstərməyə, elmin və təhsilin inteqrasiyasının təmin olunması naminə mövcud potensialdan tam istifadə etməyə çağırırıq;
- elmlərin konvergensiyası ideyasının son dərəcə uğurlu olduğunu və onun sivilizasiyanın yeni simasının formalaşması üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edirik;
- canlı təbiətin yaratdıqlarını örnək kimi qəbul edərək nanotexnologiya, biotexnologiya, informasiya və koqnitiv texnologiyaların imkanlarından faydalanan və Yer üzündəki müxtəlif resursların tükənməsinin qarşısını almağa qadir olan yeni texnologiyaların yaradılmasının zəruriliyini qəbul edirik;
- qloballaşmaya nail olmaq üçün hər bir ölkənin öz xüsusiyyətlərini nəzərə alan müxtəlif variantların mövcudluğunu dərk edirik;
- qloballaşma kontekstində inkişafın iqtisadi modellərinin gerçəkləşdirilməsinin humanitar aspektlərinin qiymətləndirilməsi üçün kulturoloji yanaşmanın müstəsna əhəmiyyət kəsb etdiyini düşünürük;
- bütün informasiya məkanının simasını dəyişdirən və sosial şəbəkələr fenomenini yaradan yüksək texnologiyaların həm də ənənəvi informasiya agentlikləri və şəbəkə informasiya yaradıcıları tərəfindən informasiyanın obyektiv işıqlandırılması və adekvat şərhi problemini gündəmə gətirdiyini etiraf edirik;
- sosial jurnalistikada qloballaşmanın nəticəsi olaraq sürətlə inkişaf edən yeni tendensiyaların elmi təhlilə ehtiyacı olduğunu qeyd edirik;
- formalaşan yeni qlobal dəyər və normativ sintezə həm Şərqin, həm də Qərbin öz dəyərləri ilə nüfuz etdiyini və bütün bəşəriyyətin gələcəyinin dünyanı nə dərəcədə vəhdət halında dərk etməyimizdən asılı olduğunu müəyyən edirik;
- qloballaşma nəticəsində dünyanın formalaşmaqda olan yeni nizamının uzunmüddətli və mürəkkəb proses olduğunu və müxtəlif ölkələrdə yaşayan insanların dünyagörüşündə dəyişikliklərə yol açdığını qəbul edirik; BMT, YUNESKO, digər beynəlxalq strukturları və bu beynəlxalq qurumlara üzv olan dövlətlərlə birgə:
- mədəniyyətlərin və dəyərlər sistemlərinin müxtəlifliyini qoruyub saxlamaq şərti ilə bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmləri müəyyən etməyə çağırırıq. Bu qəbildən forumların vaxtaşırı keçirilməsinin zəruriliyinə inamımızı ifadə edir və Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan hökumətinə göstərdikləri dəstəyə, qonaqpərvərliyə görə dərin minnətdarlığımızı bildiririk.
- Bu Bəyannamənin tövsiyə olunmasını və onun humanitar əməkdaşlıq məqsədləri üçün istifadə edilməsini zəruri sayırıq.
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin çıxışı
Hörmətli xanımlar və cənablar, əziz həmkarlar və dostlar!
Hörmətli İlham Heydər oğlu!
İcazə verin, ilk növbədə Sizə və bu forumu belə yüksək səviyyədə təşkil etmiş, forum iştirakçılarını əsl səmimiyyət və qonaqpərvərliklə qəbul edən həmkarlarınıza təşəkkürümü bildirim.
Biz ürəkdən sevinirik ki, birinci Bakı Beynəlxalq Humanitar Forumu dünya intellektual elitasının nümayəndələrinin diqqətini cəlb etmişdir. Bunu o fakt da bir daha təsdiq edir ki, bu gün plenar iclasda və yeddi dəyirmi masada müzakirə ediləcək mövzu son dərəcə aktualdır. Mübaliğəsiz deyə bilərəm ki, müzakirə edəcəyimiz məsələlər bəşəriyyətin planetdə mövcudluğunun fundamental istiqamətlərinə aiddir.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Forum iştirakçılarına təbrik teleqramı ilə müraciət etmişdir. Mən onun teleqramının mətnini məmnuniyyətlə oxuyuram:
“Əziz dostlar, Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını və qonaqlarını ürəkdən salamlayıram. İki ölkə ictimaiyyətinin təşəbbüsü ilə çağırılmış və dünyanın bir sıra dövlətlərinin elm və mədəniyyət xadimlərinin diqqətini cəlb etmiş bu forum Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilir.
Müasir dünyada humanitar əməkdaşlıq çox böyük sabitləşdirici rol oynayır. O, davamlı inkişafa şərait yaradır, ölkələr arasında münasibətlərə müsbət təsir edir və iqtisadiyyat, elm və mədəniyyətdən başlamış hüquq siyasəti və təhlükəsizliyin təmin edilməsi məsələlərinə qədər insan fəaliyyətinin demək olar ki, bütün sahələrini əhatə edir.
Son onilliklərin elmi kəşfləri dünya və insan haqqında, təbii-elmi və humanitar biliyin nisbəti haqqında təsəvvürləri ciddi dəyişmişdir. Bakı forumunda həm elmin inkişafının fəlsəfi məsələləri, həm də dünyada mövcud olan iqtisadi modellərin humanitar aspektləri, müasir biotexnologiyalarda etika problemləri və bir sıra başqa aktual problemlər müzakirə ediləcəkdir.
Humanitar əməkdaşlığı haqlı olaraq “yumşaq qüvvə” adlandırırlar, çünki o, ölkələri və xalqları ədalət və tolerantlıq, həmrəylik və qarşılıqlı hörmət dəyərləri əsasında birləşdirməklə sivilizasiyaların dialoqundakı maneələri aradan qaldırmağa kömək edir. Bütün bunlar xalq diplomatiyası və elm, təhsil, səhiyyə, incəsənət sahələrində müştərək proqramların reallaşdırılması üçün geniş imkanlar açır. Bu sahələr insanların mənəvi tələbatına çox həssas və yaxındır.
Son illərdə beynəlxalq münasibətlərin humanitar məzmun kəsb etməsinə tələbat getdikcə daha çox hiss edilir. Yaradıcı elitaların səmərəli əməkdaşlığına nümunə olan yeni dövlətlərarası mexanizmlər yaranır. Əlbəttə, yeni humanitar məkanın formalaşmasına sanballı töhfə verən ictimai təşəbbüslər və hərəkatlar xüsusi rol oynayır. Əminəm ki, Bakı Forumu onların arasında öz layiqli yerini tutacaqdır.
Forumun bütün iştirakçılarına səmərəli iş diləyir, ən xoş arzularımı bildirirəm.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev”.
Hörmətli forum iştirakçıları! Həyat göstərmişdir ki, müasir siyasətdə humanitar aspektlərin əhəmiyyəti ilbəil artır və getdikcə daha dərin, elmi və fəlsəfi dərk tələb edir. İqtisadi inkişaf məsələlərini həll edərkən, bioloji təbabət, energetika sahələrində, informasiya-telekommunikasiya sektorunda texnologiyalar yaradarkən bunların dəyərlər sisteminə və insanın özünün varlığına necə təsir edəcəyi, insanın həyat tərzini nə dərəcədə dəyişəcəyi, onun sosial, mənəvi və dini tələbatının təmin edilməsinə necə təsir göstərəcəyi barədə aydın təsəvvür olmadan ötüşmək qeyri-mümkündür. Təsadüfi deyildir ki, son onilliklərdə dünya birliyi təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət yetirir və onları təkcə şəxsiyyətin tərbiyəsinin, insanın hüquq və azadlıqlarının təmin edilməsinin ən mühüm amilləri deyil, həm də dövlətin davamlı inkişafının güclü amili hesab edir. Bütün bunlara görə biz humanitar strategiyaların işlənib hazırlanmasına son dərəcə məsuliyyətlə yanaşmalı, onların iqtisadi və sosial tərkib hissələrini nəzərə almalıyıq.
Oxşar mövzular bu yaxınlarda Ulyanovskda keçirilən forumda müzakirə edilmişdir. Həmin forumda əsas diqqət mədəniyyətin modernləşmə resursları kimi nəzərdən keçirilməsinə yönəldilmişdi. Əminəm ki, burada, Bakıda humanitar aspektlərin müasir həyata çoxtərəfli təsiri barədə geniş və məzmunlu diskussiya keçiriləcəkdir.
Şübhəsiz, istənilən fəaliyyət növündə subyektiv insan amili bu fəaliyyətin aralıq və son nəticələrinə təsir göstərir. Bundan əlavə, milli həyat tərzi, konfessional və digər ənənələr insanların və dövlətin sosial, elmi və iqtisadi praktikasına çox təsir edir.
Nəhayət, milli dəyər oriyentirləri elmi təfəkkürün bu və ya digər istiqamətlərinin inkişafında labüd surətdə əks olunur. Bu, o cümlədən bəzi elmi fənlərin inkişafını təşviq edən və digərlərini məhdudlaşdıran qadağalar sistemində də ifadə oluna bilər. Ən səciyyəvi nümunələrdən biri bəzi ölkələrdə icazə verilmiş, digər ölkələrdə qadağan edilmiş planlaşdırma sahəsində tədqiqatlara münasibət məsələsidir. Sirr deyildir ki, elmi biliklər dünya haqqında təsəvvürləri genişləndirməklə bərabər, çox vaxt insan və onu əhatə edən gerçəklik haqqında formalaşmış təsəvvürlər sistemi ilə münaqişəyə girirdi. Uzun əsrlər boyu belə olmuşdur.
Böyük alimlərin fitri qabiliyyəti nə qədər güclü olsa da onların cəmiyyət tərəfindən qəbul edilməsi sosiumun yeni nəticələri qavramağa hazır olub-olmamasından xeyli dərəcədə asılı idi. Təsadüfi deyildir ki, təbiət elmlərinin həyat elmləri ilə əlaqələndirilməsi ən mühüm meyillərdən biridir. Müasir psixoloq və sosioloq sadəcə olaraq fiziklərin, kimyaçıların və ya riyaziyyatçıların araşdırmalarının nəticələrini öyrənmir, həm də elmi axtarışlar prosesində onlarla sıx əməkdaşlıq edir. Müasir dünya olduqca mürəkkəb, hədsiz dərəcədə müxtəlif və sosial baxımdan mütəhərrikdir. Ona görə də onun ümdə problemlərinin dərk edilməsinə fənlərarası yanaşma bizim reallığı tam nəzərdən keçirməyimizə imkan verər, inkişafa və məhdud idarə mövqeyindən yanaşmadan, bəsitləşdirmədən çəkinməyə kömək edər.
Məncə, bu günlər ərzində Bakıda aparılacaq peşəkar diskussiyalar təkcə elmi mühitdə deyil, həm də dövlətlərimizin ictimai-siyasi praktikasında əks-səda doğurmalıdır. Burada, Azərbaycan torpağında xüsusi qeyd etmək istərdim ki, bizim iki ölkənin – Rusiya və Azərbaycanın münasibətlərində humanitar əməkdaşlığa həmişə böyük diqqət yetirilmişdir və yetirilməkdədir. Azərbaycan bizim etibarlı və köhnə tərəfdaşımızdır, onunla bərabər elm, təhsil, mədəniyyət sahələrində onlarca müştərək layihələr həyata keçirilmişdir. Rəmzi haldır ki, bu beynəlxalq forumda Müstəqil Dövlətlər Birliyi ölkələrinin əksəriyyətinin nümayəndələri də iştirak edir. MDB çərçivəsində “Tarixi-mədəni irs ili” elan edilmiş il başa çatmaqdadır. Azərbaycan və Rusiya prezidentlərinin humanitar mövzuda çıxışları məcmuəsinin nəşri məxsusi olaraq bu foruma həsr edilmişdir. Əminəm ki, bu nəşr siyasətçilər, politoloqlar, elm, mədəniyyət, təhsil sahələrində çalışanlar, ən geniş oxucu dairələri üçün maraqlı olacaqdır.
Forumun bütün iştirakçılarına səmərəli, maraqlı iş, xoşbəxtlik və firavanlıq arzulayıram. Sağ olun.
Türkiyənin IX Prezidenti Süleyman Dəmirəlin çıxışı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Bakı Beynəlxalq Humanitar Forumunda iştirak və bu cür hörmətli auditoriya qarşısında çıxış etmək mənim üçün böyük şərəfdir.
Bu günədək XXI əsrin bizə nələr verəcəyi ilə bağlı bəlkə də minlərlə tədbir keçirilmiş, lakin onların çox azı humanitar məsələlərə həsr olunmuşdur.
Biz çağırışların və baş verə biləcək dəyişikliklərin insan həyatına mümkün təsirindən daha çox onların özü haqqında düşünürük. Buna görə də XXI əsrin yeni çağırışlarının humanitar aspektlərinə xüsusi diqqət verdiyinə görə, bu tədbirin təşkilatçılarına təşəkkür etmək istərdim.
İnsanlar bütün məsələlərin mərkəzindədirlər və onlar daha çox diqqətə layiqdirlər. Mövzuya keçməmişdən əvvəl istərdim ki, Bakıya yenidən gəldiyim üçün xoş hisslərimi çatdırım. Mən həmişə bu gözəl şəhərə gəlməkdən məmnun oluram. Amma bu dəfə Bakıda olmaq mənim üçün daha xoşdur, çünki bu səfərim Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə təsadüf edir. Bu, mənim üçün xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa etdikdən sonra mən siyasi karyeramda yeddinci dəfə Baş nazir seçildim.
Azərbaycanlı qardaşlarımızın həmin dövrdəki sevinc və qurur dolu günlərini xatırlayıram. Mənim özüm və bütün Türkiyə xalqı həmin dövrdə qardaşlarımıza yardım etmək ehtiyacını duymuşduq.
Gələcək üçün böyük potensialı olan Azərbaycan iyirmi il ərzində beynəlxalq ictimaiyyətin güclü üzvlərindən birinə çevrilmişdir. Azərbaycanı Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında sabitlik və inkişaf yolu ilə inamla və qətiyyətlə addımlayan bir ölkə kimi görmək çox sevindiricidir. Mən xüsusilə əziz dostum, mərhum Prezident, sözün həqiqi mənasında öz xalqının atası Heydər Əliyevin xatirəsinə ehtiramımı bildirməliyəm. Mən hələ də onunla keçən görüşlərimizi, uzun söhbətlərimizi çox yaxşı xatırlayıram. Məhz onun müdrikliyi, cəsarəti və uzaqgörənliyi Azərbaycanı ağır vəziyyətdən qurtarmış, bugünkü vəziyyətinə gətirib çıxarmışdır. Bu gün xalqlarımız arasında olan tarixi və nadir qardaşlıq münasibətlərinin əsasını ümummilli lider Heydər Əliyev qoymuş və Prezident İlham Əliyev möhkəmlətmişdir. Məhz bu nümunəvi və güclü əlaqələrimizin nəticədir ki, biz Azərbaycan və Türkiyəni “bir millət, iki dövlət” adlandırırıq.
Bu gün Türkiyə və Azərbaycan arasında iqtisadiyyatdan tutmuş mədəniyyətə, enerjidən tutmuş nəqliyyata qədər bütün sahələrdə çox gözəl əlaqələr vardır. Əminəm ki, münasibətlərimiz gələcəkdə daha da inkişaf edəcəkdir.
Hörmətli qonaqlar, biz on ildir ki, XXI əsrə daxil olmuşuq. Lakin bu dövrə tam cavab verən yeni nizamı hələ də tapa bilməmişik. Ötən on ildə çox böyük dəyişikliklər baş vermişdir. Tam əminliklə deyə bilərik ki, hər şey dəyişmişdir və biz hələ də bu dəyişikliklərin səbəblərini və onların doğurduğu nəticələri başa düşməyə çalışırıq. Hazırkı dövrü yalnız “Post-soyuq müharibə” dövrü adlandırmaq artıq kifayətdir. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlindən, demək olar ki, xeyli vaxt keçir. Biz bir məsələni inkar edə bilmərik ki, əgər yeni dövrün konturlarının açılması ilə bağlı dönüş nöqtəsi vardırsa, bu, soyuq müharibənin sonuna gedib çıxır. Məhz bu dövrdə beynəlxalq sistemin təbiəti dağılmağa və yeni dünyanın üfüqləri genişlənməyə başladı. Bu minvalla soyuq müharibənin sonu Avropada dəmir pərdəni aradan qaldırmadı və ya Şərqi Avropada və keçmiş sovet məkanında yeni siyasi coğrafiya yaratmadı, lakin bütün dünyada qloballaşma üçün qapılar açdı.
1990-cı illərdə biz bütün dünyada insanların, əsas ideyaların misli görünməmiş birliyinin, sərhədlərin açılmasının, beləliklə, qloballaşmanın şahidi olduq. Bu, artıq atılan hər bir addımın əks addımlarla üzləşəcəyi və nəticəsi olmayan bir oyun deyildi. Yaranan fərqli dünyada hər şey mürəkkəb şəkildə bir-birindən qarşılıqlı asılı vəziyyətə düşdü. Hər hansı inkişafın onun bilavasitə yaxın ətraf mühiti ilə məhdudlaşdırılmasının mümkün olmadığı bu vəziyyət sülh, təhlükəsizlik və inkişafı tam şəkildə ayrılmaz etdi. Soyuq müharibənin sonu qloballaşmanın bu növünü mümkün, texnoloji inkişafı isə dəyişilməz etdi.
Son 10-15 il ərzində dünyada informasiya-kommunikasiya sahəsində inqilabi dəyişikliklər baş vermişdir. Əksər hallarda bir neçə il bundan əvvəl xəyal kimi görünən şeylər indi gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. İnternet və hər cür kommunikasiya vasitəsilə dünyanın ən ucqar nöqtələrində yaşayan insanlar digərləri ilə çox asan əlaqələr qururlar. İnformasiya axını o qədər sürətlənmişdir ki, ona nəzarət etmək və ya qarşısını almaq qeyri-mümkün olmuşdur. Buna görə də hazırkı dövr yəqin ki, tarixçilər tərəfindən informasiya və sərhədsiz biliklər dövrü adlandırılacaqdır. Bəlkə də biz Yaxın Şərqdə gənclərin Facebook, Twitter kimi sosial şəbəkə vasitəsilə təşkilatlanması və milyonların televiziya vasitəsilə şahidi olduqları inqilablar həyata keçirməsini görməsəydik, bu fenomenin mahiyyətini başa düşməyəcəkdik.
Şübhə yoxdur ki, informasiya-kommunikasiya texnologiyalarında inqilab baş verən dəyişikliklərin hərəkətverici qüvvəsi olmuşdur. Əminəm ki, 10 il sonra daha qabaqcıl texnologiyalar bizə dünyanın müxtəlif hissələri arasında zamanı və məsafəni azaltmağa imkan verəcəkdir. Bu, XXI əsrin daha bir aspektidir.
Məsələn, son on il, əvvəlki üç onilliklə müqayisədə daha çox və sürətli proseslərlə zəngin olmuşdur. Bunlardan faydalana bildiyimiz təqdirdə bu müsbət haldır. Bu, əlbəttə ki, həm də bizə dəyişikliklər uğrunda mübarizə aparmaq imkanları təqdim edir. Hər kəs başa düşür ki, bu mübarizədə iştirak etməyənlər qeyri-mütənasib vəziyyətlə üzləşməli olacaqlar.
Mən XXI əsrin bizə verdikləri haqqında danışdım. Bilirik ki, dəyişiklikləri və onların təsirini artıran yeni texnologiyaların mühüm rol oynadığı qloballaşma bu əsrin ayrılmaz tərkib hissəsidir. Ancaq bu fenomenlə yarışmaq nə dərəcədə çətindir və biz indiyədək bu yeni fenomendən nəyi öyrənmişik? İnanıram ki, bugünkü tədbirin də məqsədi bu kimi suallara dəqiq cavab tapmaqdır.
Məlum məsələdir ki, XXI əsr sülh və inkişaf üçün görünməmiş imkanlar yaratmışdır. Sərhədlərin aradan qaldırılması və şəffaflıq, insan hüquqlarına hörmət, demokratik idarəçilik, qanunun aliliyi və məsuliyyət kimi dəyərlərin bir-birinə daha da qarışmasına gətirib çıxarmışdır. Bu, eyni zamanda, beynəlxalq ticarət və investisiya üçün daha geniş məkana malik olan bazar iqtisadiyyatını gücləndirmişdir. Bunun nəticəsi olaraq bu gün müstəqil dövlətlərin üçdə iki hissəsindən çoxunda azad bazar iqtisadiyyatı sistemi olan demokratik rejimlər hökm sürür. Heç kim inkar etməz ki, bu gün hətta diktator rejimlər belə demokratiyanın bəşəriyyət üçün təqdim etdiyi dəyərləri başa düşür. Bu rejimlər insanların öz müqəddəratını özlərinin həll etmələri ilə bağlı daha çox tələbkar olduqlarının da şahidi olur. Başqa sözlə, bu gün dünya daha çox demokratik rejimin hökm sürdüyü sabit bir məkana çevrilir. Həmçinin, biz ticarət, investisiya və istehsalın təqdim etdiyi yeni imkanlardan daha çox faydalanırıq və dünya daha da zənginləşir. Lakin bu, tam mənzərə deyildir. İlk növbədə qeyd etmək lazımdır ki, risklər və təhdidlər də qloballaşmanın imkanlarından faydalanmışdır. Yaxın Şərq, Qafqaz, Balkan yarımadası və Afrikadakı ənənəvi münaqişələrin davam etməsindən başqa biz transsərhəd xarakterli yeni risk və təhdidlərin də yaranmasının şahidi olmuşuq. Bu kontekstdə, ilk növbədə, qloballaşmanın yaratdığı imkanlardan sui-istifadə edən terrorizm, kütləvi qırğın silahlarının yayılması, mütəşəkkil cinayətkarlıq, hər növ qeyri-qanuni dövriyyələr, mədəni və dini qütbləşmə qeyd olunmalıdır. Qloballaşmanın başqa bir mənfi tərəfi onun verdiyi üstünlüklərdən hər kəsin ədalətli və bərabər şəkildə faydalanmamasıdır. Dünya getdikcə daha da varlanır, lakin təhlükəli yolla. Başqa sözlə, dünyanın bütün hissəsində inkişafın olmasına baxmayaraq, varlılarla kasıblar arasında fərq artmaqda davam edir. Buna görə də Birləşmiş Millətlər Təşkilatı Minilliyin İnkişaf Məqsədlərinin bir hissəsi kimi yoxsulluğun aradan qaldırılmasını beynəlxalq ictimaiyyət üçün ən vacib və təxirəsalınmaz vəzifələrdən biri elan etmişdir. Əgər bu istiqamətdə irəliləyiş əldə edilməsə və hamının inkişafı və rifahı üçün qloballaşmanın üstünlüklərindən istifadə olunmasa, biz onun mənfi tərəfləri ilə üzləşməli olacağıq. Əgər biz yoxsulluğu azalda və gün ərzində bir dollardan aşağı gəliri olan bir milyard insanın ümidlərini doğrulda bilməsək, onlar ekstremistlərin çağırışlarına cavab vermək məcburiyyətində qalacaqlar. Bu mənada qloballaşmanın verəcəyi faydalar artan təhlükə və təcrid vəziyyətləri ilə üzləşəcəyindən, demək olar ki, sıfıra bərabər olacaqdır. Bu isə terrorizm, insan alveri, mütəşəkkil cinayətkarlıq və ksenofobiya kimi digər risklərin yaranmasına kömək edir.
Dünya əhalisinin sayının sürətlə artması yoxsulluğu təhlükəli həddə gətirib çıxarır. Nəzərə alsaq ki, əhali artımı əsasən inkişafdan qalan ölkələrdə baş verir, dünya sərvətlərinin dünya sakinləri arasında daha müntəzəm paylanması vacibdir. Beləliklə, XXI əsrin digər mühüm çağırışlarından biri də yoxsulluğun artması nəticəsində yaranmış vəziyyətin ağırlaşması ilə bağlıdır.
Bu gün əksəriyyətini uşaqlar təşkil etməklə milyonlarla insan aclıqdan və yoluxucu xəstəliklərdən dünyasını dəyişir. Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq biz sanitar problemlərdən, su və tibbi preparatların çatışmazlığından əziyyət çəkən insanların qidalanmasının və onların düzgün müalicəsinin qayğısına qalmalıyıq.
Əhalinin nəzarətsiz artımı prosesi dünyanın məhdud resurslarına öz təsirini göstərir, çünki biz dünyanın yeni üzvlərinin qidalandırılması üçün planetimizlə daha kəskin və amansız şəkildə rəftar edirik. Digər tərəfdən, kasıblar ətraf mühitin qorunmasına kifayət qədər diqqət vermədiyi halda, varlılar, xüsusilə də inkişafı və istehsalı daha da artırmaq məqsədi ilə daha çox enerji hasil etmək ehtiyacının yarandığı bir vaxtda ondan bacardıqları qədər çox faydalanmaq istəyirlər.
Şübhə yoxdur ki, artan əhalinin tələblərinə cavab vermək üçün daha çox enerjiyə və istehsalın səviyyəsinin yüksəldilməsinə ehtiyacımız vardır. Lakin bu məsələdə biz ətraf mühitə zərər verəcəyimizi də nəzərə alıb çox ehtiyatlı olmalıyıq. İstixana qazlarının miqdarının artması, ozon qatının deşilməsi, qlobal istiləşmə kimi problemlərin mövcudluğu fərziyyə deyildir. Qeyd etdiyimiz problemlər hər gün bəşəriyyətin perspektivlərini daha da tutqunlaşdırır. Bizə əcdadlarımızdan qalan bu dünyanı gələcək nəsillərə təhlükəsiz yaşayış məkanı kimi çatdırmaqla bağlı məsuliyyət daşıyırıq. Bunun üçün biz Minilliyin İnkişaf Məqsədlərinə daha çox diqqət yetirməli, ətraf mühitin qorunması üçün daha səmərəli şəkildə işləməli, külək və günəş enerjisi kimi bərpa olunan enerji resurslarından faydalanmaq yollarını tapmalıyıq. Bu dünyaya ağıllı sərmayələrin qoyulması vacibdir. Mən hər kəsi yaşıl inqilabı reallığa çevirməkdə iştirak etməyə çağırıram.
Gələn il biz mühüm bir hadisənin – ətraf mühitlə bağlı Rio sammitinin 20-ci ildönümünü qeyd edəcəyik. Bu tarixi hadisənin iştirakçıları kimi biz yaşadığımız dünyanın qorunması ilə bağlı üzərimizə güclü öhdəlik götürmüşük. İnanıram ki, öhdəliklərimizi daha səmərəli şəkildə yerinə yetirmək üçün zaman gəlib çatmışdır.
Qısaca olaraq XXI əsrin qarşımıza qoyduğu və yerinə yetirilməsi zəruri olan bəzi məsələlər haqqında danışmaq istərdim. Yeni dünyamızın mənfi humanitar aspektlərini azaltmaq və onun faydalarını çoxaltmaq məqsədi ilə hansı işlər görülməlidir? Başqa sözlə, qloballaşmanın müsbət tərəflərindən faydalanmaq üçün nə etmək lazımdır?
İlk növbədə biz yeni dövrün çağırışlarına dövlətlərin ayrı-ayrılıqda cavab verə bilməsinin qeyri-mümkün olduğunu başa düşməliyik. Yəni, bu çağırışlar o qədər böyükdür ki, onlara yalnız və yalnız qüvvələri səfərbər etməklə cavab vermək mümkündür. Dünyada bu prosesləri düzgün istiqamətə yönəltmək gücünə malik supergüc də yoxdur.
Yeni dövlətlərin güc mərkəzləri kimi meydana gəldiyi dünya getdikcə daha çox qütbləşir. Buna görə də XXI əsrin çağırışlarına cavab vermək, yaranan problemləri aradan qaldırmaq üçün beynəlxalq əməkdaşlıq zəruridir. Davamlı inkişafı qoruyub saxlamaq, sülhü və sabitliyi təmin etmək qarşımızda duran ən vacib məsələdir. Beləliklə, Minilliyin İnkişaf Məqsədlərinə çatmağın yolu qlobal tərəfdaşlıqdır.
Bizim yeganə və ən vacib məqsədimiz səmərəli çoxtərəfliliyi gücləndirmək olmalıdır. Bu günün reallıqları və çağırışları fonunda qlobal idarəçilikdə aparacağımız islahatlarla daha çox bağlı olan bu məsələdə Birləşmiş Millətlər Təşkilatı öndə olmalıdır. Biz müasir dövrün demokratik tələblərinə uyğun olaraq, BMT və digər qlobal təşkilatların strukturunda dəyişikliklər etmək imkanına da malik olmalıyıq. BMT ümumi məqsədlər naminə beynəlxalq əməkdaşlığı inkişaf etdirilməli və mövcud güc tarazlığını daha yaxşı əks etməlidir. Bu baxımdan regionalizmin artan əhəmiyyəti də nəzərə alınmalıdır.
XXI əsrin ilk 10 ilində üzləşdiyimiz çağırışların cavablanmasında müxtəlif nəticələr əldə etdik. Bu çağırışların mahiyyətini yaxşı anladığımıza inanıram.
Prezident İlham Əliyevə bu vacib təşəbbüsə görə bir daha təşəkkür edirəm. Mən çıxışımın əvvəlində dedim ki, Azərbaycan beynəlxalq aləmin daha kamil bir üzvünə çevrilmişdir. Türkiyə bu nəcib yolda hər zaman Azərbaycanın və eyni məqsədlərə xidmət edən bütün digər dövlətlərin güclü tərəfdaşı olacaqdır.
Sağ olun.
ABŞ-ın sabiq Prezidenti Bill Klintonun Bakı Beynəlxalq Humanitar Forumun iştirakçılarına ünvanladığı müraciət, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Mətyu Brayzə təqdimatında
Hörmətli cənab Prezident, Xanım Əliyeva!
Bu tədbirdə iştirak etmək və ABŞ-ın sabiq Prezidenti Bill Klintonun məktubunu oxumaq şərəfinə nail olduğum üçün Sizə minnətdarlığımı bildirirəm. İcazə verin Amerika Birləşmiş Ştatları adından ölkənizin müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar Sizi bir daha təbrik edim.
Əvvəlcə tədbirdə təmsil olunan ölkələr arasında əməkdaşlıq əlaqələri ilə bağlı Prezidentin fikirlərini xatırlatmaq istərdim. Mən 1999-cu ilin sonlarında Prezident Heydər Əliyev, Prezident Süleyman Dəmirəl, Prezident Eduard Şevardnadze tərəfindən Bakı-Tbilisi-Ceyhan neft kəmərinə dair hökumətlərarası sazişin imzalanmasını xatırlayıram. Sazişin imzalanması mərasimində iştirak edən Prezident Bill Klinton isə həmin hadisəni özünün xarici siyasətində mühüm nailiyyətlərdən biri kimi qiymətləndirir. Çünki bu razılaşmalar olduqca böyük uğura nail olan layihənin əsasını qoymuşdur. O, həmişə özünü Azərbaycana dərindən bağlı bir insan kimi hiss edib. Siz bu uğurun Azərbaycan, Türkiyə, Böyük Britaniya, ABŞ, Rusiya, Yaponiya və digər ölkələrin şirkətləri arasında olan əməkdaşlıq əlaqələrindən ərsəyə gələn nəticələrini hazırda pəncərədən çölə baxarkən görə bilərsiniz. İndi isə Prezident Klintonun məktubunu oxumaq istərdim:
“XXI əsr: ümidlər və çağırışlar” Bakı Beynəlxalq Humanitar Forumunun bütün iştirakçılarını səmimi salamlayıram. Bu tədbir XXI əsrdə insan haqları və qarşılıqlı asılılıq məsələlərinin araşdırılması baxımından əlverişli məqamdır. Azərbaycan xalqının da sübut etdiyi kimi, açıq ticarət və investisiyalar dünyanın inkişaf etməkdə olan ölkələrində iqtisadi inkişafa gətirib çıxarmışdır.
Bəşər tarixində ilk dəfə olaraq dünya əhalisinin yarıdan çoxu öz seçdiyi hökumətlərin idarəçiliyi altında yaşayır. Bu il biz insanlara azadlıq, ləyaqət və eşidilmək kimi universal hüquqların verildiyi qlobal cəmiyyətin formalaşması istiqamətində nəzərəçarpan irəliləyişlərin şahidi olduq. Bu uğurları qeyd etməklə yanaşı, onu da bilirik ki, hələ görüləcək işlər də vardır. Dünyada təxminən bir milyard yarım insan hələ də yoxsulluq içərisində yaşayır, bir milyard insan təmiz su və ərzaq qıtlığından əziyyət çəkir, çoxlu sayda insan isə müstəbid rejimlərin hakimiyyəti altında yaşayır. Bizim dövrümüzün ən mühüm çağırışı qarşılıqlı asılılığımızın müsbət məqamlarını çoxaltmaq, mənfi meyillərini isə azaltmaqdır. Bu tədbirdə cəmiyyətin bütün sahələrindən olan liderlərin bir araya gələrək XXI əsrin parlaq vədini dünya vətəndaşları üçün reallığa çevirmək istiqamətində birgə fəaliyyəti müzakirə etmələri məni məmnun edir.
Prezidentlər İlham Əliyevə və Dmitri Medvedevə bu önəmli sammitin həmsədrləri olduqları üçün təşəkkürümü bildirirəm. Hamınıza məhsuldar görüş arzulayıram. Bill Klinton”
Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun çıxışı
Cənab Prezident!
Xanım Əliyeva!
Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar!
Azərbaycan hökumətinin təşəbbüsü ilə təşkil edilmiş bu Beynəlxalq Humanitar Forumda iştirak etmək mənim üçün böyük şərəfdir.
Bu ilin əvvəlində Azərbaycanda başqa bir yüksək səviyyəli tədbir keçirilmişdir – Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum. Mən bu tədbirdə də iştirak etmək şərəfinə nail olmuşdum. Bakıya yenidən gələrək belə bir mühüm forumda iştirak etməkdən çox şadam. İnanıram ki, bu tədbir çox uğurla keçəcəkdir.
Əziz dostlar, forumun mövzusu “XXI əsrin çağırışlarının humanitar aspektləri”dır. Tərəddüd etmədən söyləyərdim ki, təmsil etdiyim təşkilat – Avropa Şurası və onun Parlament Assambleyası gündəlik olaraq bu qəbil məsələlərlə məşğul olur. Yaşadığımız cəmiyyətin bünövrəsi olan demokratiya, insan hüquqları və qanunun aliliyi kimi fundamental dəyərlər Avropa Şurasının fəaliyyətinin əsasını təşkil edir. Bu fundamental dəyərlər özlüyündə məqsəd deyil, uzunmüddətli sülh və tərəqqini təmin etmək üçün vasitədir. Bu dəyərlərə hörmət bütün bəşəri fəaliyyət və ümumi rifah üçün çərçivə yaradır.
Hörmətli həmkarlar, qeyd etmək istərdim ki, bu gün üzləşdiyimiz ən böyük humanitar çağırış birgə yaşayışla bağlıdır. Bildiyimiz kimi, Avropanın çoxmədəniyyətli modeli üçün yeni çağırışlar yaranmaqdadır: hətta sülh şəraitində birgə yaşayan müxtəlif etnik və mədəni cəmiyyətlər arasında qarşılıqlı əlaqənin olmaması qeyri-sabitlik üçün əsas yaradır.
Həqiqətən də mədəniyyətlər və etnik qruplar arasında əlaqənin olmaması anlaşılmazlıqlara, etimadsızlığa və ayrı-seçkilik hallarının yaranmasına gətirib çıxarır. Ən pisi ondan ibarətdir ki, ayrı-seçkilik özü də dözümsüzlüyün, ekstremizmin və ksenofobiyanın, hətta bu yaxınlarda şahidi olduğumuz kimi, Avropanın əksər yerlərində terrorizmin yaranmasına səbəb olur.
Bizim ekstremizmə cavabımız cəmiyyət daxilində fərqli mədəniyyətləri olan etnik qrupların qarşılıqlı əlaqəsinə imkan verən mədəniyyətlərarası yanaşma olmalıdır. Bu kontekstdə vurğulamaq istərdim ki, mədəniyyətlərarası dialoqun təşviqi AŞPA-nın, eləcə də mənim mandatımın əsas prioritetlərindən biridir. Bu ilin aprelində Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forumda mən bu məsələ ilə bağlı planlarımızı və hesabatlarımızı sizlərin diqqətinə çatdırmışdım. Çox şadam ki, bu planlar yerinə yetirilir:
Bu ilin aprelində, Assambleyada katolik, protestant, ortodoks, müsəlman və yəhudi nümayəndələrin iştirakı ilə mədəniyyətlərarası dialoqun dini aspektləri ilə bağlı çox maraqlı müzakirə keçirilmişdir. Təşkilatımızın tarixində ilk dəfə idi ki, onlar Assambleyada eyni mövqedən çıxış edərək bildirdilər ki, cəmiyyətimiz yalnız və yalnız insanlar arasında qarşılıqlı hörməti və anlaşmanı təşviq etmək və həmrəyliyi, sosial birliyi möhkəmləndirməklə inkişaf edə bilər.
Bundan başqa, 2011-ci ilin iyununda Assambleyada “XXI əsr Avropasında birgə yaşamaq” mövzusunda müzakirə təşkil edilmişdir. Nazirlər Komitəsinin sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın təşəbbüsü ilə yaradılmış Tanınmış Şəxslər Qrupunun eyni mövzuda hazırladığı hesabatın nəzərdən keçirildiyi bu tədbirdə biz Avropada “rəhbərlik böhranı”nın aradan qaldırılması yollarını müzakirə etdik, siyasətçiləri və bütün səviyyədə seçilmiş nümayəndələri Avropa layihəsinə təhdidlərlə bağlı yaranmış çağırışlara dair fikirlərini ifadə etməyə və ekstremizm əleyhinə illik Forumun keçirilməsi təklifi üzərində düşünməyə çağırdıq.
Bundan başqa, Avropa Şurasının Nazirlər Komitəsinə tolerantlıq və fərqliliyə hörmət prinsiplərini, mədəniyyətlərarası dialoqu, Avropa cəmiyyətlərində ekstremizm və ksenofobiya əleyhinə mübarizəni təbliğ etmək məqsədinə xidmət edən “Birlikdə yaşamaq kampaniyası”nın başladılmasını nəzərdən keçirməyi tövsiyə etdik. Bu tövsiyələrin də yerinə yetiriləcəyinə ümid edirəm.
Əziz həmkarlar, dostlar, Avropanın üzləşdiyi humanitar çağırışlar təkcə öz ölkəmizdə üzləşdiyimiz problemlər ətrafında cəmləşmir. Biz humanitar problemlərin hamımız üçün ciddi nəticələr doğura biləcəyi qloballaşmış və qarşılıqlı asılı dünyada yaşayırıq. Baxmayaraq ki, bu təsirləri biz birbaşa və dərhal öz üzərimizdə hiss etmirik.
Ötən həftə Parlament Assambleyasında 2011-ci il oktyabr sessiyası zamanı Avropa Şurasının üzv dövlətlərinin Şərqi Afrikada humanitar fəlakətlərdən əziyyət çəkən ölkələrə necə yardım etməsi ilə bağlı müzakirə təşkil edilmişdir. Mənim şəxsən Assambleyaya təqdim edildiyim bu müzakirədə biz belə bir nəticəyə gəldik ki, humanitar yardımın təmin edilməsinin koordinasiyasına dair Avropa və beynəlxalq mexanizmlər təkmilləşdirilməlidir. Avropanın üzv dövlətlər tərəfindən ən yüksək siyasi səviyyədə dəstəklənən həqiqi əlaqələndirmə mexanizminə ehtiyacı vardır. Biz ikiqat əziyyətdən xilas olmaq üçün xüsusilə yardımın göstərilməsində şəffaflığın təmin edilməsinin, geniş informasiya mübadiləsinin və əməliyyatların səmərəli əlaqələndirilməsinin zəruriliyini vurğuladıq.
Bundan əlavə, biz bildirdik ki, humanitar fəlakətlərin nəticələrinin azaldılması və lazımi yardımın səmərəli şəkildə yerinə çatdırıla bilməsi üçün əlverişli mühit yaradılmasında beynəlxalq ictimaiyyət əvvəlcədən fəal olmalıdır. Başqa sözlə, humanitar fəlakətlərin kökü zəif inkişaf etmiş iqtisadiyyatda və yaxşı idarəetmənin olmamasındadır. Məhz burada mən Avropa Şurasının rolunu aydın görürəm. Təbliğ etdiyimiz standartlar, – mən demokratik sabitliyi, insan hüquqlarını və davamlı inkişafı nəzərdə tuturam, – məhz bu mühiti yaradır. Bu kontekstdə Şərqi Afrikada yaranmış vəziyyət nadir deyildir. Mən burada xüsusilə Avropanın yaxın qonşularını nəzərdə tuturam. Hesab edirəm ki, ərəb inqilablarının baş verdiyi Şimalı Afrika və Yaxın Şərq ölkələrində siyasi azadlığın olmaması, ədalətsizlik, korrupsiya, işsizlik, iqtisadi tənəzzül və biznes bazarında imkanların qeyri-bərabərliyi kimi problemlər hələ də öz həllini gözləyir. Nəticədə, regionda bir çox insanlar, xüsusən gənc nəsil qeyri-müəyyən humanitar şəraitdə yaşamaqda davam edir. Odur ki, son illərdə, daha dəqiq desək, bu ilin əvvəlindən başlayaraq humanitar fəlakətlərdən, iqtisadi çətinliklərdən, yaxud siyasi təzyiqlərdən canını qurtarıb quru yolla, ya da dəniz yolu ilə Avropaya gələn qaçqınların sayı xeyli dərəcədə artır. Bu çağırışlar qarşısında biz ikiqat məsuliyyət daşımalıyıq.
Hər şeydən əvvəl, ehtiyacı olanları müdafiə və onlara kömək etmək bizim əxlaqi borcumuzdur. Parlament Assambleyasının mövqeyi budur ki, Qaçqınların Statusu haqqında BMT-nin 1951-ci il Konvensiyasına əsasən, özünün hüquqi və humanitar öhdəliklərini yerinə yetirmək Avropa Şurasının hər bir üzvünün ümdə vəzifəsidir. Fakt budur ki, qaçqınların müəyyən regionlarda həddindən artıq yığılması onları güclü təzyiqlərə məruz qoyur – dediklərim xüsusilə Maltaya və kiçik Lampedusa adasına aiddir. Avropada sığınacaq axtaranların, xüsusilə Aralıq dənizinin cənub sahillərindən gələnlərin sayı ümumilikdə bu qitə üçün həlledilməz problemlər yaratmamalıdır. Ona görə də hər bir Avropa ölkəsi bu məsələyə münasibətdə ümumi məsuliyyət göstərməli və beynəlxalq dəstək axtaran insanlara tələblərinin yerinə yetirilməsinə imkan yaradan ədalətli və səmərəli sistemdən faydalanmağı təmin etməlidir.
Qaçqınlardan söz düşmüşkən, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Dağlıq Qarabağ probleminə görə və Azərbaycan torpaqlarının başqa bir üzv dövlət tərəfindən işğal edilməsi nəticəsində bu ölkədə qaçqınların və məcburi köçkünlərin yaşadıqlarını yaddan çıxarmamalıyıq. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün yaşayır. Mən bilirəm ki, Prezident İlham Əliyev və Azərbaycan hökuməti onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edir. Lakin biz xüsusilə qadınların və uşaqların çətin vəziyyətdə yaşadıqlarını unutmamalıyıq.
İkincisi, yaxşı idarəetmənin həvəsləndirilməsi və demokratik institutların gücləndirilməsi işində biz qonşularımıza dəstək verməliyik. Parlament Assambleyasının yeni “Demokratiya naminə tərəfdaş” statusu Avropa Şurasına bu vəzifəni yerinə yetirmək üçün yaxşı imkanlar verir. Tam hüquqlu üzvlük təklif etməsə də, bu status parlament üzvü olmayanlara da imkan verir ki, Assambleyanın işində iştirak etsinlər, rəylərini bildirsinlər, təcrübələrini bölüşsünlər və yeni standartlar yaradılmasına kömək etsinlər.
Bu ilin iyununda biz tərəfdaş statusunu Mərakeş Krallığının parlamentinə verdik. Keçən həftə biz genişlənən ailəmizə yeni tərəfdaş üzv – Fələstin Milli Şurasını qəbul etdik. Demokratik seçkilərin təşkilinə və seçkilərin müşahidəsinə kömək etməklə biz bu yeni statusu indi Tunisdə təbliğ edirik. Ümid edirik ki, yeni hakimiyyət özünü bu işə hazır hesab edəndə tərəfdaşlıq üçün müraciət edəcəklər.
Onu da qeyd etməliyəm ki, tərəfdaş statusuna artan maraq təkcə Aralıq dənizi regionunda deyildir. Keçən həftə Strasburqda mən Qırğızıstan Respublikası parlamentinin vitse-spikerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdim. O, ölkə parlamentinin spikerinin məktubunu mənə təqdim etdi. Məktubda Qırğızıstan parlamentinin tərəfdaş statusu üçün müraciət etməsi barədə qərar qəbul etdiyi xəbər verilirdi. Bu, mənim qətiyyətlə müdafiə etdiyim aydın siyasi mesajdır. Ona görə də biz Qırğızıstan parlamentinin rəsmi müraciətini gözləyirik ki, sonra müvafiq prosedur işlərinə başlayaq.
İnanıram ki, Qırğızıstan parlamentinin müraciəti regiondakı digər ölkələr üçün də yaxşı nümunə olacaqdır. Xüsusən də, bu yaxınlarda Qazaxıstana səfərim zamanı mən bu statusu fəal şəkildə dəstəklədim. Qeyd edim ki, mənim arqumentlərim müsbət qarşılandı.
Əziz dostlar! Biz sürətlə dəyişən bir cəmiyyətdə yaşayırıq. Artıq qeyd etdiyim kimi, Avropada bizim üzləşdiyimiz çağırışlar dünyanın digər regionlarında yaranan humanitar problemlərlə sıx bağlıdır. Ona görə də birgə reaksiya göstərmək vacibdir.
Səmərəli reaksiya olması üçün biz uğur əldə etməyimizə imkan verən universal fundamental dəyərlər ətrafında birləşməliyik. Bu dəyərlər, – demokratiya, insan hüquqları və qanunun aliliyi, – XXI əsrdə də əhəmiyyətini saxlayır. Şadam ki, bu Forum qarşılaşdığımız çağırışlara dolğun cavab vermək üçün həmin dəyərlər naminə birgə fəaliyyətimizi nəzərdən keçirmək baxımından bizə daha bir imkan verir.
Diqqətinizə görə təşəkkür edirəm.
UNESCO-nun baş direktorunun informasiya və kommunikasiya məsələləri üzrə müavini Yanis Karklinsin çıxışı
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, cənab İlham Əliyev!
Xanım Əliyeva!
Cənab Dmitri Medvedevi təmsil edən möhtərəm Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri!
Möhtərəm nazirlər!
Möhtərəm Avropa Şurası Parlament Assambleyasının sədri!
Möhtərəm keçmiş dövlət başçıları!
Xanımlar və cənablar!
Bu tədbirdə iştirak etməkdən şərəf hissi duyuram. Azərbaycan Prezidentinə və hökumətinə bu təşəbbüsə görə təşəkkürümü bildirmək və UNESCO-nun baş direktoru xanım İrina Bokovanın tədbirin uğurlu keçməsi ilə bağlı diləklərini çatdırmaq istərdim.
Hərtərəfli dəyişən dünyada biz qlobal çağırışları müzakirə etməklə bağlı istənilən imkanı dəyərləndirməli və birlikdə hərəkət etməliyik. Məhz bu səbəbdən Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi olduqca vacibdir.
Bu forum dialoq, fikirlərin, ideyaların və baxışların mübadiləsi üçün platforma yaradır. Bu gün bu, əvvəlki dövrlərlə müqayisədə daha zəruridir.
Multikulturalizm, texnologiyaların cəmiyyətdə rolu, elminü və etik məsələlərin tərəqqisi, sürətlə dəyişən regionda və dünyada üç ənənəvi dəyərlərin mühafizəsi – bu mövzular qlobal idarəçilik qarşısında qaldırılan mühüm məsələlərdir.
Əslində bu mövzular bir məsələdə birləşdirilə bilər. Bu, XXI əsr üçün yeni humanizm məsələsidir. Qarşılıqlı asılılığın mövcud olduğu cəmiyyətlərdə fərdin rolu nədən ibarətdir? Hər kəsin ləyaqətinin və hüquqlarının bütün fəaliyyətlərin və uğura gedən yolun başlanğıc nöqtəsi olmasını necə təmin edə bilərik? UNESCO-nun mövqeyi aydındır.
Humanist olmaq Şimal və Cənub, Şərq və Qərb arasında “körpülər tikmək” və problemləri birgə həll etmək üçün cəmiyyəti gücləndirmək deməkdir. Bu, hamı üçün keyfiyyətli təhsilin təminatı, elmi əməkdaşlığı həvəsləndirmək və hər kəsə fayda verə bilmək naminə bilikləri bölüşmək deməkdir. Bu, eyni zamanda, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, xüsusilə demokratik cəmiyyətin özəyi sayılan ifadə və mətbuat azadlığının müdafiə olunması deməkdir.
Müasir dünya çoxtərəfli, kompleks və fərqlidir. İnternetə əsaslanan müasir kommunikasiya sistemləri informasiyaya məhdudiyyətsiz çıxışı və qlobal inkişafın müxtəlifliyini aşkarlamağı təmin edir. Lakin bütün fərqliliklərə baxmayaraq, biz hamımız insan olaraq qalırıq. Bütün mədəni müxtəlifliklərə baxmayaraq, biz ümumi sivilizasiyanı paylaşırıq.
Bütün mədəniyyətlər fərqlidir, lakin bəşəriyyət insan hüquqları və əsas azadlıqlarına əsaslanan vahid dəyərdir.
İfadə azadlığı demokratik inkişafa, yaxşı idarəçiliyə, qanunun aliliyinə kömək edir, insanlara geniş imkanlar təqdim edir. Geniş əhatəli kommunikasiyalar informasiyanın sərbəst axınına şərait yaradır və hazırda biliyə gedən yol əvvəlki dövrlərlə müqayisədə daha da asanlaşmışdır.
Sürətlə dəyişən mühitdə əsas prinsipləri saxlamaqla biz öz yanaşmalarımıza yenidən nəzər salmalıyıq. UNESCO-nun mandatı və BMT-nin missiyası bu ideyalara əsaslanır.
UNESCO-nun nizamnaməsində göstərilir ki, sülh bəşəriyyətin intellektual və əxlaqi həmrəyliyi əsasında yaradılmalıdır. Təkcə siyasi və iqtisadi əsaslara söykənən sülh kifayət etmir. Bizim nizamnaməmizdə deyilir ki, kişilərin və qadınların baxışlarında “müharibələr başlasa” elə həmin baxışlarda da sülhün qorunması prosesi formalaşdırılmalıdır.
Bu gün UNESCO-nun rolu qlobal idarəçilikdə olan boşluğu doldurmağa əsaslanır. Bu rol bizim ümumi gələcəyimiz üçün zəruri olan ictimai dəyərlərin qorunmasından ibarətdir.
UNESCO maliyyə yardımı paylamır, lakin inkişaf üçün zəmin hazırlayır. UNESCO özlüyündə sülhü qorumur, lakin sülhün davamlı olması üçün çalışır. Bu təşkilatın gücü əsas ictimai dəyərlər olan təhsil, mədəniyyət, elm və kommunikasiya kimi sahələrdə kollektiv hərəkata şərait yaratmaqdadır. Bunlar bütün ölkələrə təsir edən qlobal məqsədlərdir.
Bakı Beynəlxalq Humanitar Forumu bizim üzləşdiyimiz çağırışları araşdırmaq üçün çox yaxşı platformadır.
Bu mövzuların müzakirəsi üçün Xəzərin incisi olan Bakıdan daha uyğun bir şəhərin adını çəkmək mənim üçün çətin olar.
Qarşıda görüləcək işlərimiz çoxdur və məsələlərin həllinə hər yolla yardım etmək bizim vəzifəmizdir.
Diqqətinizə görə minnətdaram.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin çıxışı
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, cənab İlham Əliyev!
Zati-aliləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva!
Zati-aliləri, xanımlar və cənablar!
Sizi əmin edirəm ki, mənim çıxışım çox qısa olacaqdır. Bilirəm ki, çoxunuz yorulmusunuz. Bakıda – bu gözəl və tarixi şəhərdə forumun açılış günündə çıxış etmək mənim üçün böyük şərəfdir. Bu humanitar forumun açılışı sivilizasiyalararası əməkdaşlığın yeni mərhələsinin başlandığını bildirir. Bu münasibətlə Azərbaycan hökumətinin İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatına (İSESCO) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində ümumislam işinə göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, cənab İlham Əliyevə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mənim üçün eyni dərəcədə xoşdur ki, mədəniyyətlərarası dialoqda paytaxt kimi Bakının rolunun təsdiqi olaraq bugünkü Beynəlxalq Humanitar Forumun təşkilinə, sivilizasiyalar arasında birliyə, xalqlar arasında qarşılıqlı hörmət hissini möhkəmləndirməyə, anlaşmaya, tolerantlığa və dinc yanaşı yaşamağa kömək etmək məqsədilə dünyanın tanınmış ziyalılarını bir yerə topladığına görə qardaş Azərbaycan xalqını təbrik edim.
Zati-aliləri, xanımlar və cənablar!
Bakı Beynəlxalq Humanitar Forumu qloballaşma dövründə beynəlxalq səviyyədə gələcək humanitar əməkdaşlıq hərəkatında yeni humanitar gündəmin yaradılmasında qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün yollar axtaracaqdır. Bu, Zati-aliləri, cənab İlham Əliyev hakimiyyətə gələndən bəri Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət qarşısında sadiqlik nümayiş etdirdiyi sivilizasiya məramına kömək etmək işində axtarışlarının bir hissəsi kimi, şübhəsiz ki, çox alicənab məqsəddir. Həmin axtarışlar bu dəyərli ölkəni əlbəttə ki, harmoniya və yaxınlaşma, inkişaf, tərəqqi və xalqlar arasında qarşılıqlı anlaşma məkanına çevirir. Qloballaşma dövründə dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq mövzusunda Bakıda keçirilmiş, bir neçəsinin təşkilində İSESCO-nun da iştirak etmək şərəfinə nail olduğu müxtəlif beynəlxalq konfranslar, doğrudan da, dünyanın diqqətini humanist mədəniyyətə mühüm töhfə verən bu şəhərə yönəltmişdir. Bu, həm də qloballaşma dövründə Bakının humanitar hərəkatın təbliğinə müsbət təsir göstərən belə bir humanitar layihəyə ev sahibliyi etmək bacarığının təsdiqidir. Biz İSESCO-da bu dəyərli humanitar sivilizasiya layihəsinin əhəmiyyətini çox yüksək qiymətləndiririk. Məqsədlərinin əhəmiyyətini nəzərə alsaq, bu layihə həm hökumətlərlə, həm də beynəlxalq, regional və yerli təşkilatlarla əməkdaşlığı ehtiva edir. Birgə humanitar məqsədlərə çatmaq üçün İSESCO forumla əməkdaşlıq etməkdə, əlbəttə ki, maraqlıdır.
Dünyamız bu gün çox narahatdır. Ona görə də, ədalətə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin və Təhlükəsizlik Şurasının qərarlarına əsaslanaraq problemlərimizin həllində bu gün humanist yanaşmaya ehtiyacımız vardır. Dağlıq Qarabağ, Fələstin və bir çox başqa məsələlərə hüquqi baxışdan əvvəl humanitar baxış gərəkdir. 50 üzv dövləti birləşdirən İSESCO adından mən Bakı Beynəlxalq Humanitar Forumunu alqışlayıram, onun işinə uğurlar arzulayıram. Buna görə sizə təşəkkür edirəm.
Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçinin çıxışı
Möhtərəm İlham Heydər oğlu!
Möhtərəm Sergey Yevgenyeviç!
Hörmətli forum iştirakçıları!
Həmkarlarım!
«XXI əsr: ümidlər və çağırışlar» Bakı beynəlxalq humanitar forumunun təntənəli açılış toplantısında iştirak etmək Moskva Universitetinin nümayəndə heyəti üçün böyük şərəf və etimaddır.
Belə mötəbər toplantıya təbrik sözləri ilə müraciət edərkən, tarixi əməkdaşlığımızın mərhələlərini yaddaşımda canlandıraraq, Rusiya və Azərbaycanın vətəndaş və elmi cəmiyyətlərinin yaxınlığına, elm və təhsil məktəblərinin birgə nailiyyətlərinin rəngarəngliyinə bir daha valeh oluram.
Rusiya ilə Azərbaycanın əməkdaşlığı tarixi, əsasən, ölkələrimizin alimlərinin yaradıcılıq və birgə iş tarixçəsidir.
Belə ki, zəngin tarixə malik, Azərbaycanda tədris müəssisələrinin flaqmanı, hazırda respublikada mütərəqqi ideyaların və milli şüurun məşhur elmi mərkəzi olan Bakı Dövlət Universiteti belə əməkdaşlığın reallaşdırılmasına gözəl örnəkdir. Universitetin alimləri Azərbaycan Elmlər Akademiyasının təşkilində fəal iştirak etmişdir: Neft-kimya Prosesləri Elmi-tədqiqat İnstitutu moskvalı professorlar Nikolay Dmitriyeviç Zelinski və Aleksey Aleksandroviç Balandinin, Azərbaycanda neft kimyasının banisinin görkəmli tələbəsi Yusif Heydər oğlu Məmmədəliyevin adını daşıyır. Respublikanın bir çox ali tədris müəssisəsi üçün Rusiya ali məktəbləri ilə münasibətlər inkişaf və tərəqqinin dayağı və təməli olmuşdur.
Universitetlərimizin əməkdaşlıq səhifələri saysız-hesabsızdır. Moskva və Bakı Dövlət universitetlərinin Kimya fakültələri arasında fəal inkişaf etməkdə olan birgə layihələri qeyd etmək istərdim. Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məmmədəli oğlu Məhərrəmov vaxtilə MDU-nun professoru akademik Nikolay Sergeyeviç Zefirovun rəhbərliyi altında Kimya fakültəsində namizədlik dissertasiyası müdafiə etmişdir. Hüquq, iqtisad elmləri, humanitar elmlər sahələrində fəal əməkdaşlıq etməkdəyik, bu gün universitetimizdə Azərbaycandan tələbələr, aspirantlar və müəllimlər təcrübə keçirlər.
Mən təhsil aldığımız, işlədiyimiz, ilk elmi nəticələr əldə etdiyimiz dövrü yada salıram, burada – Bakıda Azərbaycanın görkəmli riyaziyyatçıları – dünyada tanınmış alim, funksional analiz məktəbinin banisi Zahid Xəlilov, tətbiqi riyaziyyat və mexanika sahəsində görkəmli alim Fərəməz Maqsudov, xüsusi törəməli diferensial tənliklər və funksional analiz üzrə mütəxəssis Məcid Rəsulov, Cəlal Allahverdiyev və bir çox başqaları ilə keçirdiyimiz konfransları həyəcanla xatırlayıram. Riyaziyyatçılarımızın əməkdaşlığı bu gün də durmadan inkişaf etməkdə və möhkəmlənməkdədir.
Hörmətli həmkarlarım!
Biz hamımız Avrasiya məkanında yaşayırıq. Bu yaxınlarda Avrasiya Universitetlər Assosiasiyası 20 illiyini qeyd etdi. 20 il bundan əvvəl MDU-nun akt zalında SSRİ Universitetlər Assosiasiyasının təsis qurultayı keçirildi. Qeyd etmək istərdim ki, azərbaycanlı həmkarlarım bu təşkilatın yaradılmasında iştirak etmişlər və Bakı Dövlət Universiteti onun təsisçilərindən biridir. İki il bundan əvvəl burada – Bakıda, Bakı Dövlət Universitetində biz Avrasiya Universitetlər Assosiasiyasının İdarə heyətinin toplantısını keçirdik və toplantıda bizim Assosiasiyamızla Xəzəryanı Universitetlər Assosiasiyası arasında əməkdaşlıq haqqında saziş imzalandı.
Əməkdaşlıq etdiyimiz bütün dövr ərzində Azərbaycan üçün onlarla görkəmli mütəxəssis, professor, elmlər doktorları, akademiklər yetişdirən, yüzlərlə birgə məqalə və monoqrafiya, onlarla elmi kitab çap etdirən, Moskva Universiteti bu gün də həmin ali missiyanın yerinə yetirilməsi istiqamətlərində səylərini davam etdirməkdədir. Hazırda biz müxtəlif istiqamətlər üzrə əməkdaşlıq templərimizi fəal şəkildə artırmaqdayıq və çeşidli birgə layihələr gerçəkləşdiririk ki, bu sahədə ən parlaq hadisələrdən biri Bakıda MDU-nun Filialının yaradılması olmuşdur.
2007-ci ildən sonra Moskva Universiteti ilə Azərbaycan arasında münasibətlərin tamamilə yeni bir səviyyəyə yüksəlməsini qeyd etmək mənim üçün xüsusilə xoşdur və mən bu barədə danışmaq istəyirəm. 2007-ci ilin may ayında mən Bakıda səfərdə oldum. Səfərin gedişində Prezident İlham Heydər oğlu Əliyevlə görüşüm baş tutdu ki, həmin görüşdə Bakıda MDU-nun Filialının yaradılması ideyası yarandı və bu fikrin həyata keçirilməsi və inkişaf etdirilməsinin perspektivləri müzakirə olundu. Qeyd etmək istəyirəm ki, Prezident bu ideyaya hərtərəfli dəstək verdi və 15 yanvar 2008-ci ildə İlham Əliyev Bakı şəhərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında Sərəncam imzaladı. İcazə verin, möhtərəm İlham Heydər oğlu, bu taleyüklü qərara görə Sizə dərin minnətdarlığımı bildirim. 3 istiqamət – riyaziyyat, tətbiqi riyaziyyat, kimya, rus və roman-german filologiyası üzrə ilk tələbə qəbulu 2008-ci ilin iyul ayında həyata keçirildi və biz uğurla işə başladıq. 2009-cu ilin fevral ayında Bakıda MDU-nun Filialının rəsmi açılış mərasimi oldu və onda Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev və Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Yevgenyeviç Narışkin iştirak etdilər. Elə həmin vaxt MDU Filialının yeni binasının təməlinin qoyulmasının təntənəli mərasimi keçirildi, artıq may ayında isə Bakı filialında yeni, dördüncü istiqamətin – psixologiya ixtisasının açılması barədə razılaşma əldə edildi. Hazırda Filialda Moskva Universitetinin proqramları üzrə, təxminən 265 tələbə təhsil alır.
Mən səmimi şəkildə əminəm ki, ölkələrimizin alimləri, ziyalıları arasında münasibətlər həmişə dostluq əlaqələrinin, dövlətlərimiz arasında qarşılıqlı səmərəli tərəfdaşlıq xalqlarımız arasında dostluq münasibətlərinin inkişaf etməsi və gələcəkdə də inkişaf etməsinin təməli olacaqdır.
Bugünkü çıxışımı bitirərkən bir daha Moskva Universitetindən bütün Forum iştirakçılarına ən səmimi arzuları çatdırmaq və burada iştirak edənlərin hamısını dövlətlərimizin inkişafı üçün gələcəkdə də əlimizdən gələni etməkdə qəti qərarlı olduğumuza bir daha əmin etmək istəyirəm.
Diqqətinizə görə təşəkkür edirəm!
Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunun çıxışı
Hörmətli qonaqlar!
Hörmətli həmkarlar!
Miladi təqvimlə 14 iyun 1325-ci ildə (hicri təqvimi ilə 725-ci ildə) 21 yaşlı Abu Abdulla Məhəmməd İbn Battut Tanjeri (Mərakeş) tərk etmişdir. Otuz il ərzində 75 min mildən artıq yol qət edəndən sonra o, Mərakeşə qayıtmış və “İbn Battutanın məşhur səyahətləri” adlı kitab yazmışdır. Onun hekayələri orta əsrlərdə quru və dəniz yolu ilə səyahət edən tacirlərin oynadıqları vacib rolu bizlərə açmaqdadır. Onun xatirələri Rumıniyanın intibah dövrünün ilk illəri üçün tarixi mənbə kimi əhəmiyyət kəsb edir. İspaniyadan Çinədək uzanan İpək Yolunun üzərindən keçib Skandinaviyadan Yunanıstana gedən yollar məhz burada kəsişir. Orta əsrlərdə ticarət, təhsil və din dialoqun və konvergent sivilizasiyanın məkanı daxilində mövcud idi.
Mədəni irs həmişə mürəkkəb və çox həssas mövzu olmuşdur. Burada əsas məsələ “irs” ideyasının subyektiv mahiyyətidir. Qərb alimi qeyri-ixtiyari olaraq tarixi və mədəni reallığı özünə yaxın amil kimi qəbul edir. Şərqli isə özünü əcdadlarının ənənələrinə bağlı hiss edir və başqa ənənəsi olanları ikinci dərəcəli hesab edir. Bu cür fikir ayrılığının olduğu vəziyyətdən çıxış yolu dialoqdur – reallığın müxtəlif aspektlərinə əsaslanan elmi, psixoloji, mədəni, bədii və dini sahələrdə dialoq.
İki böyük din arasındakı münasibətlərin inkişafının hazırkı vəziyyətinə nəzər salarkən insanlar arasında dialoq arzusunun olmaması, münaqişə, qarşılıqlı dözümsüzlük hallarının mövcudluğunu görsək, tarazlıq tapmağın nə qədər çətin olduğunu başa düşərik. Unutmamalıyıq ki, bunların hamısı yarımçıq başa düşülən tarixin təsirindən başqa bir şey deyildir. Bu vəziyyəti nəzərə alaraq, özümüzə çox sadə bir sual verməliyik: biz həqiqətən öz dəyər və normalarımızı bilirikmi? Bu gün davamlı qarşılıqlı təsir şəraitində inkişafın qarşısının alınmasının qeyri-mümkün olduğu açıq dünyada qapalı cəmiyyətin heç bir şansı yoxdur. Eyni zamanda, qloballaşma yalnız ticarət, azad bazarın dinamikası, yaxud rəqabətə davamlı məhsulların istehsalı kimi başa düşülməməlidir. Bunlardan başqa, qloballaşma həm də müəyyən dəyərlər bilgisi, yaxınlıq və anlaşma deməkdir. Müasir dünyada sürətli transformasiya qlobal cəmiyyət, insanlararası əlaqələr, daha çox isə siyasət anlayışına yenidən baxılması prosesində iştirakımızı tələb edir. Siyasət günün reallıqlarından təcrid olunmuş şəkildə qəbul edilə bilməz. Bu gün siyasətin funksiyası yalnız dost və düşmənlər arasındakı münasibətlərin tənzimlənməsi ilə məhdudlaşmır. Siyasət cəmiyyət üzvlərini bölmək deyil, onları ümumi dəyərlər ətrafında birləşdirmək üçün təcrübə toplusu kimi qəbul edilməlidir.
İndi insanlar arasında dialoq daha geniş formada aparılmalıdır. Münaqişələrin qarşısının alınması və postmünaqişə vəziyyətinin idarə olunması üçün müxtəlif dini icmaların maraqlarını, dövlət öhdəliklərini və vətəndaşların təbii hüquqlarını, eləcə də regional aktyorların maraqlarını nəzərə alan balanslaşdırılmış baxışın olması zəruridir. Bu baxış milyardlarla insanın səsini və arzusunu çatdıran nümayəndələrin iştirakı olmadan inkişaf etdirilə bilməz.
Başqalarının istəklərini nəzərə almamaq xarici siyasətdə səhvlərə gətirib çıxarmış və tarix boyu münaqişə və müharibələrin yaranmasına səbəb olmuşdur. Ümumi dəyərlər, dialoq əsasında qurulmuş siyasət qloballaşmış dünyamıza sabitlik gətirə bilər. Şimali Afrikada və Yaxın Şərqdə azadlıq, demokratiya və insan hüquqları uğrunda aparılan hərəkatlar yaxın gələcəkdə yalnız bu ölkələrin deyil, bütün dünyanın gələcəyini dəyişəcəkdir. “Yumşaq güc” (Soft power) adlandırdığımız amilə əsaslanaraq təhlükəsizliyə və sülhə təminat verən sistem bərqərar etmək mümkündür.
Beynəlxalq siyasət və klassik diplomatiya güc üzərində yaradılmışdır və bu belə olmaqda davam edir. “Yumşaq güc” anlayışı funksionallıqdan uzaqdır. Xahiş edirəm, məni düzgün başa düşün. Mən klassik diplomatiyanın mədəni diplomatiya ilə əvəz edilməsini istəmirəm. Bu, bəlkə də təhlükəli utopiya olacaqdır, lakin mən onların birləşdirilməsinin tərəfdarıyam. Alim, mədəniyyət və dövlət xadimi kimi deyə bilərəm ki, qeyri-Ekvlid həndəsəsi Evklid həndəsəsi ilə, relyativist fizikası Nyuton fizikası ilə, musiqi, ədəbiyyat və incəsənətdə modernizm və postmodernizm klassizm və neoklassizm ilə nə qədər eyniyyət təşkil edirsə, mədəniyyət diplomatiyası ilə klassik diplomatiya da bir o qədər eynidir.
İnanıram ki, biz daha çox şeyə ümid edə bilərik. Hazırda böyük dövlətlər və beynəlxalq təşkilatlar (BMT, UNESCO və vətəndaş cəmiyyətləri) bütün dünyada sülh və qarşılıqlı anlaşmanı təbliğ etmək üçün danışıqlar və əməkdaşlıq vasitəsilə siyasi təhlükəsizlik mədəniyyəti yaratmağa çalışırlar. Biz hər kəsin razılaşa biləcəyi ən aşağı dərəcəli ortaq məxrəc axtarırıq. Hesab edirəm ki, insanlar arasında sülh və anlaşmanın əldə olunmasını istəyiriksə, diqqətimizi ən aşağı dərəcəli deyil, ən yüksək dərəcəli ortaq məxrəc yollarını tapmağa cəmləşdirməliyik.
İyirmi il bundan əvvəl Şərqi Avropada insanlar azadlıq və demokratiya uğrunda mübarizə aparmağa və ölməyə hazır idilər. Yeni minillikdə isə gəlin inam yollarını araşdıraq, lakin ondan bir-birimizə qarşı istifadə etməyək, yaradılmağımızın səbəbini anlamaya çalışaq. Xristian, İslam, İudaizm və başqa dinlərə mənsubluğumuzdan asılı olmayaraq, bütün dinlərdə sülh Allahın adıdır. Artıq yeni demokratiyalar üçün insan simalı kapitalizm (human face capitalism) layihəsini yaratmağın vaxtı çatmışdır. XXI əsrdə baş verən inqilablar yalnız azadlıq üçün deyil, həm də insan ləyaqəti üçündür.
Çox sağ olun.
Kimya üzrə Nobel mükafatı laureatı, professor Əhməd Zeveylin çıxışı
Sabahınız xeyir, xanımlar və cənablar.
Mən humanitar əməkdaşlıq və tərəfdaşlığa dair bir az fərqli aspektdən danışmaq istəyirəm. Bilmək vacibdir ki, biz haradayıq və hara gedirik. Mənim fikrimə görə, əgər bugünkü dünyaya baxsaq, elə bil o, fəzada sıxılır, elə bil vaxtı da qısaltmışıq. Bu gün dünyaya bir az geniş baxsaq, görərik ki, bu saat iki milyarddan çox insan İnternetdədir. Əgər bu gün əlaqə qurmağı bacardığınızı düşünürsünüzsə, siz Bakı ilə Los-Anceles, ya da Qahirə arasında yox, keçmişin kommunikasiya vasitələri ilə içində yaşadığımız bugünkü dünyanı tutuşdurmağa, müqayisə etməyə çalışın. Mən bunu özüm Los-Ancelesdəki iş yerimdə təcrübədən keçirmişəm.
Siz Yerdə oturub 16 dəqiqə ərzində Marsdan fotoşəkil ala bilərsiniz. Bu şəkillər saniyədə 300 min kilometr sürətlə Yerə gəlir. Bu, içində yaşadığımız dünyadır, biz planetlər arasında əlaqə yaradırıq, şəhərlər arasında yox. Fikrimcə, XXI əsrin ən böyük imkanı, bu gün səhər Prezidentin dediyi kimi, odur ki, planetimizdə bəşər tarixindən bu yana ilk dəfə olaraq elm və bilik təkcə mühüm rol oynamır, həm də xalqların tərəqqisində həlledici rol oynayır. İstəyirəm bir misal göstərim. Bu gün mikrokosmosda əlimizdə olan vasitə və yollar fəzada atom və molekulların hərəkətinə nəzarət etməyə, həm də vaxtında nəzarət etməyə imkan verir. Bu nə deməkdir? Tibb sənayesində dərman kəşfi bütünlüklə fərqli olacaq. Xəstəlikləri əvvəllər heç təsəvvür etmədiyimiz yollarla öyrənməyə başlayacağıq. Siz, ya mən, fərqi yoxdur, xoşladıq-xoşlamadıq, yaşımızdan asılı olaraq ahıl çağımızda Alsqeymer xəstəliyinə tutuluruq. Bu xəstəliyə səbəb isə protein molekuludur. Bu protein molekullarını axıra qədər öyrənib onlara nəzarət edə bilsək, gələcəyin təbabətini tamamilə yenidən qura bilərik.
Bütün planetlər və kainat bir yerdə makrokosmosdur. Bunu da bilirik ki, kainat getdikcə genişlənir və sürətini artırır. Əslində, söhbət indi təkcə bizim Yer planeti ilə başqa planetlər arasındakı əlaqədən yox, qalaktikalar arasındakı əlaqədən gedir. İnkişaf etməkdə olan dünyamız məhz bunu etmək istəyir. Amma başa düşməliyik ki, bəs o biri dünyalar hara gedir. Xalqlar Ayda və digər planetlərdə müstəmləkə yaradıb yeni resurslar əldə etmək barədə düşünürlər. Həyat elmlərinin axıra qədər başa düşmədiyimiz mürəkkəb dünyasında artıq qeyd etdiyim kimi, xəstəliklərin fundamental səviyyədə müalicəsini biz hələ lazımınca qura bilmirik. İşlərin bu vəziyyətində, Yaponiyadakı son kəşf, məsələn, gövdə hüceyrəsinin kəşfi göstərir ki, bəşəriyyət tarixində ilk dəfə olaraq insan dərisindən yeni orqan yaradılması mümkündür. Bəzi biokimyəvi proseslərin köməyi ilə biz gövdə hüceyrəsini ələdə edə bilərik. Bu o deməkdir ki, insan üçün istənilən orqanı düzəldə bilərik, onu soyuducuda saxlayıb qocalanda xəstə orqanı dəyişə bilərik. Dünya çox sürətlə transformasiya olunur. Buna görə narahatlıq olmasa da, bilirəm ki, inkişaf edən dünya bunu etməlidir və güman ki, edir də.
Xanımlar və cənablar! Biz məsələyə başqa cür yanaşmalıyıq. Mənim fikrimcə, etməli olduğunuz ilk iş odur ki, siz əvvəlcə evi təmizləməli, elm, bilik bazası, texnoloji baza yaratmalısınız. Amerika Yer planetində ona görə yaranmayıb ki, super dövlət olsun, lakin insanlar çalışdılar və yeni ideya inkişaf etdilər. Mən bu gün dünyanın üzləşdiyi bəzi problemləri gördükcə çox narahat oluram. Məsələn, ərzaq qıtlığı. Son vaxtlarda dünyada, o cümlədən inkişaf etməkdə olan ölkələrdə baş verən inqilablar arasında əlaqələrdən bəhs edən bir müəllif yazırdı ki, bu, ərzaq qiymətlərinin artması ilə bağlıdır. İndi dünyada altı və ya yeddi milyard insan vardır. 2050-ci ildə bu rəqəm doqquz milyarda çatacaqdır. Əsl ərzaq və enerji qıtlığı, bax, o zaman olacaqdır. Orta Şərq olsun, Azərbaycan və ya başqa bir ölkə, fərqi yoxdur, dünya neft ehtiyatları 50 ya da 100 ilə bəs edər. Nə etməli? Sizin ölkənizin devizi çox xoşuma gəldi – siz qara qızıl resurslarını insan kapitalına çevirməyə çağırırsınız. Biz insan düşüncəsini bərpa etməliyik, insan mədəniyyətini və təhsilini yenidən qurub, yenidən yaratmalıyıq. Mənim fikrimcə, biz yalnız o vaxt mədəniyyət və sivilizasiyanın yaxınlaşmasına aparan yolları tapa bilərik.
Dinlər arasında münaqişə üçün də heç bir əsas yoxdur. Mən fərqli bir inancın, fərqli bir mədəniyyətin daşıyıcısı olaraq Amerikada yaşayıram. Belə hesab edirəm ki, mən o mədəniyyətlər və sivilizasiyalar arasında körpü ola bilərəm. Sivilizasiyalar və mədəniyyətlər arasında münaqişə barədə diskussiyaların heç bir əsası yoxdur. Çünki inanıram ki, belə mülahizələrin mahiyyəti yoxdur. Doğrudan da ehtiyac duyduğumuz bir şey varsa o da dünyada həqiqi humanitar tərəfdaşlığa və sülhə aparan həqiqi tərəfdaşlıqdır.
Çox sağ olun.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Ceyms Mirrlisin çıxışı
Zati-aliləri, xanımlar və cənablar!
Mən ixtisasca iqtisadçıyam. Hazırkı dövrdə iqtisadiyyat ağır günlərini yaşayır və bu, həqiqətən belədir. Mənə elə gəlir ki, iqtisadiyyat bəşəriyyətin rifahının əsasıdır.
Biz ikili dünyada yaşayırıq və bu dünyada bəzi ölkələrlə bağlı vəziyyət çox pisdir. Hətta Amerika Birləşmiş Ştatları, yaxud Avropa İttifaqının üzvü olan inkişaf etmiş ölkələrdə bu gün tənəzzül olmasa da, gələn il bu baş verə bilər. İşsizliyin səviyyəsi çox yüksəkdir. Bəzi ölkələrdə işsizliyin səviyyəsi 20 faizdən çox, gənclər arasında isə işsizliyin səviyyəsi 50 faizə yaxındır. Hansı tərəfə baxsaq, bəşəri fəlakətin əlamətlərini görə bilərik, çünki insanlar normal həyat tərzi sürə bilmirlər, yəni onlar üçün iş imkanları yoxdur. İnsanları xoşbəxt edən amillərin tədqiqi zamanı aydın olmuşdur ki, onlar işsizliyi özləri üçün ən ciddi problem hesab edirlər. Siz hesab edə bilərsiniz ki, insanları xoşbəxtlikdən məhrum edən amil xəstəlikdir. Lakin görünən odur ki, işsizlik bundan daha ciddi səbəbdir. Qeyd etdiyim kimi, dünya iki hissəyə ayrılmış vəziyyətdədir. Bir hissəsi iqtisadi cəhətdən irəliləməkdədir, digər hissə isə geridə qalır. Bunlar biri-birinə bağlıdır və dünyanın qlobal şəkildə bağlılığı fikrini əsas götürsək, ola bilməz ki, dünyanın bir hissəsi yaxşı vəziyyətdə, digəri pis vəziyyətdə yaşasın. Dünyanın bir hissəsinin inkişafına səbəb neft və digər məhsulların qiymətinin artmasıdır. Bu da təbii ki, öz növbəsində digər hissədə iqtisadiyyatın düşməsinə gətirib çıxarmışdır. Əlbəttə, bəzi ölkələrin problemlə üzləşməsinə səbəb onların banklarının iqtisadi funksiyalarını düzgün icra edə bilməməsi oldu. Ümumiyyətlə, qeyd etməliyəm ki, bazar sisteminin iqtisadiyyatı idarə etməsi iflasın yaranmasına qismən səbəb olmuşdur. Söhbət həqiqətən böyük və ciddi problemdən gedir. Bazar sistemi nə deməkdir? Bu, istifadə üçün yaradılmış, bazara çıxarılan ən müxtəlif mallar deməkdir. Bazar sistemindən istifadə edən Çin və digər ölkələr böyük miqyasda iqtisadi artım əldə etmişlər. Bu iqtisadi artım meyarı standartından istifadə etməyə hələ tələsməməliyik, çünki bu meyarlar nisbidir, yalnız bəzi göstəricilərə ekvivalentdir. Ümumi daxili məhsul (ÜDM) ümumi bir ifadəyə çevrilmişdir. İqtisadiyyatdan əldə edilən üstünlüklərin mahiyyətini təkcə gəlirlə ölçmək olmaz. Təkcə bu, məqbul deyil, burada başqa ölçülər də vardır. ÜDM nə qədər insanın işsiz olması haqqında dəqiq məlumat vermir. Daha çox diqqət yetirilməli olan amil keyfiyyət amilidir. Lazım olan keyfiyyəti əldə etmək üçün bazar sistemi reallıqda tam şəkildə işləmir. Bu məsələdə qlobal istiləşmə məsələsini də vurğulamaq lazımdır, çünki keyfiyyət qazanmaq üçün elektrik əldə etmək məqsədi ilə yanacaqdan istifadə olunur.
Biz bəzi nümunələrə nəzər sala bilərik. Bəziləri hələ də bazarın nə qədər məktəbə, xəstəxanaya, həkimə, yaxud tibb bacısına ehtiyac olduğunu bizə diktə etməsini istəyirlər. Lakin bazar tibbi müalicənin keyfiyyətini təmin etmək iqtidarında deyildir. Çoxları deyir ki, burada iqtisadi mülahizələri əsas götürmək lazım deyil. Tibbi xidmətdə bəzi xidmət növləri həqiqətən səmərəli və iqtisadi cəhətdən sərfəlidir. Qeyd etməliyəm ki, tibbi xidmət, təhsil və ətraf mühitin qorunması işini tənzimləyən başqa mexanizmlər də mövcuddur. Fikrimcə, biz daha çox müəyyən tədqiqat aparılmasını tələb edən statistik qeydlərə diqqət yetirməliyik. Təhsildə xüsusi metodun istifadəsinə ehtiyacın olub-olmamasını aydınlaşdırmalıyıq. Nəyin əldə edildiyi barədə məqbul uçot sistemi olmalıdır. Bir çox ölkələrdə tibbi müalicənin hansı keyfiyyətdə işlədiyini aydınlaşdırmaq üçün münasib sistem mövcuddur. İqtisadiyyatın funksiyasının əhəmiyyətli qismini təşkil edən sahələr daha çox tədqiq olunmalıdır. Sabah iqtisadçılar üçün ciddi problem olan yoxsulluq haqqında danışacağam, çünki buna daha çox diqqət yetirilməlidir. Bu cür qrup halında toplaşaraq gördüyümüz işlərin doğru olub-olmaması haqqında fikirləşmək çox vacibdir. Qeyd etməliyəm ki, müəyyən qeydlər aparmaq, tədqiqatlar və monitorinqlər təşkil etmək böyük əhəmiyyət daşıyır və bu işlər daim davam etdirilməlidir.
Sağ olun.
Bolqarıstanın sabiq prezidenti Jelyu Jelevin çıxışı
Hörmətli Azərbaycan Respublikasının Prezidenti!
Hörmətli xanımlar və cənablar!
Mən sizin hamınızı Bakıda Birinci Humanitar Forumun işə başlaması münasibətilə təbrik edirəm. Mən sizin gözəl şəhərinizdə olmuşam, gözəl insan Heydər Əliyevlə görüşmüşəm. Dünən mən onun məzarını ziyarət etdim. O bilsəydi ki, onun oğlu və bütün həyatını həsr etdiyi xalqı bu dahi insanın ideya və arzularını həyata keçirir, şad olardı.
Mən təşkilatçılara qonaq pərvərliyə görə təşəkkürümü bildirirəm. Sizin hamınıza sülh və ümumi qarşılıqlı anlaşma naminə işinizdə uğurlar arzulayıram. Ölməz Nizaminin sözləri yada düşür: “Kim özünə dost axtarmırsa, o, özü özünə düşməndir”.
Sizə cansağlığı və firavanlıq arzu edirəm.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vidiadhar Suracprasad Naypolun çıxışı
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Mən yazıçıyam, kitab yazıram, bu məqsədlə də dünyanı gəzirəm. Gözəl təbiəti olan Azərbaycanda olmaqdan çox şadam. Mənim iqtisadiyyat, siyasət, yaxud astronomiyaya dair geniş anlayışım yoxdur. Mən yazıçılıq, yazıçıların vəziyyəti haqqında danışacağam. Biz yazıçılıq haqqında praktiki deyil, mücərrəd tərzdə danışırıq. Bəs biznes haqqında yazmaq necə, buna cəhd göstərmisinizmi? Yazıçı olmağa qərar verdikdə bu, öyrənməli olduğum ilk məsələ idi. Mən dil öyrənməli oldum. Məktəb və universitet illərində məqalə yazırdım və buna çox vaxt sərf edirdim. Yazmaq üçün hər hansı mövzu tapmaq lazımdır. Dünya haqqında gənc bir insanın bildiyindən daha çox biliyin olmalıdır. Bu cür zəngin biliklə öz fikrini ifadə etməyə çalışır, əsərlər yazmağa başlayırsan. Mənim ilk kitabım məşhur ingilis yazıçısı İvlin Vo haqqında olmuşdur. O, satirik yazıçı idi. Hesab edirdim ki, satirik yazıçı adi işlərlə məşğul olmalı deyildir. Ona görə yox ki, satira müəyyən mənada həssaslıq tələb edir. Düşünürdüm ki, mən daha ciddi mövzularda yaza bilərəm, lakin bu cür mövzularda nə yazacağım haqqında hər hansı fikrim yox idi. Beləliklə, qərara gəldim ki, adi bir insanın gündəlik həyatı haqqında yazım. Lakin bu haqda da yazmaq çox çətindir, çünki sadə insanın gündəlik həyatı oxucularda maraq doğurmur.
Bir dəfə işlədiyim radio kanalının studiyasında bir nəfərlə söhbət edirdim. Yazmağı hələ öyrənirdim, amma ədəbi proqramları redaktə edirdim – bu da yəqin qəribədir. O insandan xahiş etdim ki, mənim apardığım proqramla bağlı fikrini yazıb mənə göndərsin. O isə belə cavab verdi: “Sənin yerində olsaydım, gələcəyi olmayan bu cür işlə məşğul olmazdım”. Əlbəttə, mən onu haqlı hesab etmədim. Müəyyən müddət narahatlıq keçirəndən sonra isə mən başa düşdüm ki, onun dediyində bir həqiqət vardır. Onu da başa düşdüm ki, əgər zəif yazırsansa özün bunu bilirsən. Deməli, tənqidi fikrə də ehtiyacın olmur. Mən iki kitab yazandan sonra qərara gəldim ki, yaradıcı üslubuma daha çox diqqət ayırım və altı həftə bunun üzərində işlədim.
Bir gün radio studiyasında bir otağa keçdim və yazmağa başladım. Həmin gün işimi yekunlaşdırmayınca, masa arxasından qalxmaq fikrim yox idi. Məqsədimə nail oldum. Ertəsi gün bu üsulla başqa bir yazı da yazdım. Bunların hamısı yazılarımın dili ilə bağlı narahatlığımın sayəsində mümkün oldu. Mən əsərlərimi sadə və açıq tərzdə yazmağa çalışırdım. İlk ciddi kitabımı da bu cür yazmağa başladım. 1950-ci ildə təkcə universitetdə təhsil almaq deyil, həm də yazıçı olmaq məqsədi ilə Böyük Britaniyaya getdim. Yazıçı olmaq bir kitab yazmaqla qurtarmır, bunun üçün daim yazmaq lazımdır. Yazıçı daim öyrənməlidir. Elə bil həmişə döyüşürsən. Yazmağı öyrənirsən, dili öyrənirsən. Hər dəfə fərqli mövzular haqqında yazırsan. Yazmağa necə davam edəsən? Bir yazını qurtardın, bəs sonra? Bunların hamısı öyrənilməlidir.
Çoxları yazmaq prosesinə, yazıçılığa mücərrəd yaxud da fəlsəfi aspektdə yanaşırlar. Yazıçılardan hansısa məsələ haqqında fikirlərini soruşmaq çox maraqlıdır. Mənim fikirlərim çox böyük deyil və ümumidir. Bu gün burada eşitdiyim böyük ideyalar xoşuma gəldi.
Bir çoxlarına görə, yazmaq sadə və gözəl bir işdir, amma vəcd və mistika ilə bağlıdır. Mən bunu belə hesab etmirəm. Ümid edirəm ki, dediklərim sizlər üçün də maraqlı oldu.
Diqqətinizə görə təşəkkür edirəm!
Slovakiyanın sabiq Prezidenti Rudolf Şusterin çıxışı
Zati-aliləri!
Xanımlar və cənablar!
Bakı Beynəlxalq Humanitar Forumunda iştirak və belə mötəbər auditoriya qarşısında çıxış etmək mənim üçün böyük şərəfdir. Bu cür vacib tədbirə məni dəvət etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri, Cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Prezident İlham Əliyevin himayədarlığı ilə bu forum uğurlu olacaqdır.
Olduqca mürəkkəb olan bugünkü dünyamızda regional qeyri-bərabərlik mövcuddur. Bir qrup ölkə yüksək səviyyəli yaşayış standartlarına malik olduğu halda, bəzi kasıb ölkələr ərzaq çatışmazlığından və savadsızlıqdan əziyyət çəkir.
Bu gün bəşəriyyət təxirə salınmadan cavab verilməli olan çağırışlarla üzləşir. Məlum məsələdir ki, dünya ölkələri ayrı-ayrılıqda bu çağırışlara cavab vermək iqtidarında deyildir. Məsələn, insanın səbəb olduğu iqlim dəyişikliyi çox ciddi problemdir. Onun mənfi nəticələri xüsusilə ərzaq istehsalında özünü göstərir. İqlim dəyişikliyi qeyri-sabitliyə və aclığa səbəb olaraq çox ciddi fəsadlar törədə bilər. Nəzərə almaq lazımdır ki, bu fəsadlar ərzaq böhranının aradan qaldırılmasına qabil olan ölkələrdən də yan keçməyə bilər. Ona görə də, biz ətraf mühitlə bağlı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün bizim güclü siyasi iradəmiz, vahid mövqedən yanaşmamız və ümumi strategiyamız olmalıdır.
Xanımlar və cənablar, Slovakiya və Azərbaycan gənc dövlət olsalar da, qədim tarixi və zəngin mədəni ənənələri vardır. Amma məsələ burasındadlr ki, dünyanın yaşamaq üçün daha yaxşı bir məkana çevrilməsində Slovakiya kimi kiçik bir ölkə nə edə bilər?
Slovakiya Avropa İttifaqının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvüdür. Ölkə qlobal inkişafa, beynəlxalq həmrəyliyin möhkəmlənməsinə töhfə vermək, eləcə də aclıqdan, təbii fəlakətlərdən və silahlı münaqişələrdən əziyyət çəkən insanlara yardım etməklə bağlı üzərinə öhdəliklər götürmüşdür. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının inkişafa rəsmi yardım strategiyasına uyğun olaraq, Slovakiya 2003-cü ildən inkişaf edən ölkələrə yardım proqramında iştirak edir. İnkişafa yardım proqramına uyğun olaraq, bu ölkə 2006-cı ildə təsdiq edilmiş müvafiq mexanizm vasitəsilə bir sıra dövlətlərə humanitar yardım göstərir. 2010-cu ildə Slovakiya fövqəladə vəziyyətin aradan qaldırılması üçün Əfqanıstana, Albaniyaya, Monteneqroya, Çiliyə, Pakistana, Moldovaya və Ukraynaya yardım etmişdir. 2011-ci ildə isə bu ölkə Yaponiya, Bosniya və Herseqovina, Keniya, Afrika Buynuzu, Efiopiya və Pakistana yardım etməklə həmrəylik nümayiş etdirmişdir.
Slovakiya, həmçinin posthumanitar yardım məsələlərinə də xüsusi diqqət yetirir, böyük inkişaf layihələrində iştirak edir. Bu ölkə Əfqanıstanda 13 layihə vasitəsilə demokratik proseslərə də kömək edir.
Xanımlar və cənablar, icazə verin bu tədbirin bizim üçün çox böyük önəm daşıdığını bir daha qeyd edim. Slovakiya humanitar məsələlərlə bağlı təcrübəsini bölüşməyə və yardım etməyə hər zaman hazırdır. Biz, həmçinin transformasiya prosesində olan dövlətlərə kömək etməyə hazırıq, çünki Slovakiya “dəmir pərdə”nin aradan qalxmasından sonra çətin və ağrılı keçid dönəmi yaşamışdır.
Bu yüksək səviyyəli forumun təşkilatçılarına bir daha təşəkkür edirəm.
Diqqətinizə görə sağ olun.
Bolqarıstanın keçmiş Prezidenti Peter Stoyanovun çıxışı
Zati-aliləri!
Xanımlar və cənablar!
İlk növbədə, icazə verin bu möhtəşəm forumun təşkilatçılarına təşəkkür edim. Bu tədbirin təşkil edilməsi ideyası həqiqətən də təqdirəlayiqdir.
Bugünkü forumun mövzusunu müasir dövrün ən vacib və aktual məsələlərindən biri hesab edirəm. Bəlkə də bu forumun mövzusu qlobal istiləşmə, yoxsulluq kimi problemlərlə bağlı mövzulardan daha da vacibdir, çünki biz burada birlikdə necə işləmək və hərəkət etmək yollarını araşdırırıq. Biz birlikdə hərəkət etməyi bacarsaq, dünyamızın üzləşdiyi əsas çağırışlara cavab yollarını tapa bilərik. Bu, təkcə siyasətçilər üçün deyil, hər birimiz üçün ən vacib vəzifədir.
Xanımlar və cənablar, icazə verin multikulturalizm, qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipləri haqqında bəzi məsələləri diqqətinizə çatdırım. Mən xüsusilə Balkanlardakı vəziyyət haqqında danışmaq istərdim. Təmsil etdiyim ölkə – Bolqarıstan Balkan yarımadasının mərkəzidir. Soyuq müharibədən sonra Balkan yarımadasında keçmiş Yuqoslaviyada amansız və dağıdıcı münaqişələrlə müşayiət olunan mürəkkəb proseslər cərəyan edirdi. Qərbi Balkan ölkələri genişlənmə proseslərindən kənarda qalmışdılar. Bu ölkələrin qonşuları, eləcə də Macarıstan, Bolqarıstan və Rumıniya Avropa İttifaqına üzvlük meyarlarına cavab verdiyindən Avropanın yardımından faydalana bildi. Lakin həmin vaxt Qərbi Balkan ölkələri silahlı münaqişələrin sülh yolu ilə həlli üçün danışıqlar aparmaq məcburiyyətində qalmışdı. Allaha şükür ki, bu, artıq keçmişdə qaldı. Hazırda Sloveniya, Bolqarıstan, Rumıniya Avropa İttifaqının üzvüdür. Albaniya da daxil olmaqla keçmiş Yuqoslaviya ölkələri Aİ-yə qoşulmağa can atır. Mən çox vacib məsələni xüsusi vurğulamaq istərdim ki, həmin proseslər zamanı bir məsələ aydın oldu ki, Qərbi Balkan və ümumiyyətlə dünyanın bütün ölkələrində sülh və iqtisadi tərəqqi dialoq, dini və mədəni anlaşma ilə sıx bağlıdır. Məhz bu anlaşma özlüyündə hökumət səviyyəsində və xüsusilə regionda yaşayan xalqlar arasında qarşılıqlı etimad və uğurlu əməkdaşlıq üçün yeganə əsas ola bilərdi. 2011-ci ilin mayında Vyanada Qlobal Dialoq və Əməkdaşlıq Mərkəzinin yaradılmasında əsas məqsəd də məhz bu olmuşdur. Bu mərkəzin ilk prezidenti olmaqdan çox məmnunam. Mərkəzin məqsədi beynəlxalq əlaqələrdə yeni yanaşmanı işə salmaq, fərqli etnik, dini və mədəni dəyərlərə mənsub xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etməkdir.
Biz Qərbi Balkan ölkələrini sabitlik və tərəqqi modeli kimi görmək istəyirik, çünki belə bir kiçik ərazidə bu cür etnik, dini və mədəni fərqlilik Avropada nadir haldır. Xristianlar, müsəlmanlar, katoliklər və yəhudilər əsrlər boyu bu ölkədə sülh şəraitində birgə yaşamışlar. Qeyd edim ki, bu, Qərbi Avropada yaşayan miqrantların həyatından tamam fərqli bir anlayışdır.
Mən bir məsələni də xüsusi məmnunluqla qeyd etmək istərdim ki, ABŞ-ın sabiq Prezidenti Bill Klinton Qlobal Dialoq və Əməkdaşlıq Mərkəzinin yaradılmasına dəstək vermişdir. O, bu mərkəzin açılış mərasimində çıxış etmiş, regional məsələlərlə bağlı fikirlərini bölüşmüşdür.
Mərkəzimizin əsas məqsədlərindən biri də multikultural fərqliliyə yeni yanaşma tətbiq etmək yollarının axtarılmasıdır. Ötən ay keçirilmiş müzakirələrin gündəliyində də bu məsələlər durmuşdur. Bu mənada Almaniyanın kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Devid Kemeron və Fransanın Prezidenti Nikola Sarkozinin multikultural siyasətin səmərəliliyi ilə bağlı fikirlərini xatırlamaq yetərlidir.
Multikulturalizm haqqında danışanda bir məsələdən əmin olmaq lazımdır: yaşadığımız dünya getdikcə daha çox qarşılıqlı asılı vəziyyətə düşür. Biz, fərqli mədəniyyətlərin və dinlərin nümayəndələri həm bir yerdə yaşamalı, həm də planetimizin üzləşdiyi çağırışlara cavab vermək üçün birlikdə işləməliyik.
Biz, dünya siyasətçiləri bir-birimizi daha yaxşı başa düşməyə, qarşılıqlı etimad qurmağa və anlaşılmazlıqlardan uzaqlaşmağa başlamışıq. Biz, həmçinin müxtəlif icmalar və mədəniyyətlər arasında daha çox anlaşma yaratmaq üçün birlikdə işləyirik. Bizim mərkəzimiz Qərbi Balkan ölkələrindən müxtəlif dinləri təmsil edən otuz tələbəyə təqaüd verir. Bu ilin sentyabrında biz “Clinton Global Initiative” təşkilatı ilə təhsil mübadiləsinin gücləndirilməsinə dair müqavilə imzalamışıq. Bu, qarşılıqlı anlaşmanın və birgə əməkdaşlığın əldə edilməsi üçün konkret və praktiki addımdır. İnanıram ki, daha çox uğurun əldə edilməsi bugünkü forumun önə çıxardığı məsələlər üzrə görəcəyimiz konkret işlərdən asılıdır. Buna görə də bu istiqamətdə imkanlarımızı reallığa çevirməliyik.
Bir daha şəxsən məni bu foruma dəvət etdiyi üçün Zati-aliləri Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm. Bu dəvəti böyük sevinc hissi ilə qəbul etdim, çünki mən həmişə Azərbaycan xalqının qədim tarixinə, mədəniyyətinə və ənənələrinə, eləcə də hazırda qazandığı nailiyyətlərinə böyük hörmətlə yanaşmışam. Azərbaycanın son illərdə qazandığı böyük uğurları öz gözlərimlə görərkən, əmin oluram ki, bu ölkə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Hesab edirəm ki, qədim ənənələri olan Bakı multikulturalizm problemlərinin həlli məqsədi ilə müzakirələrin aparılması üçün gözəl məkandır. Azərbaycan xalqının müdrikliyi və qonaqpərvərliyi isə bizim bu ölkədə özümüzü təkcə əziz qonaq kimi deyil, həm də dost kimi hiss etməyimizin başqa bir səbəbidir.
İzn verin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və forumun bütün təşkilatçılarına bir daha səmimi qəlbdən təşəkkür edim.
Çox sağ olun.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun çıxışı
Hörmətli Forum iştirakçıları!
Əziz qonaqlar, xanımlar və cənablar!
Sürətli, sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, həmçinin mədəni ağırlıq mərkəzlərindən birinə çevrilən Azərbaycan son illərdə artıq neçənci dəfədir ki, qloballaşan dünyada mədəniyyətlərarası inteqrasiya və dialoq probleminin müzakirə olunduğu beynəlxalq tədbirə ev sahibliyi edir. Dünyanın nüfuzlu, elmi və siyasi elitasını Bakıya toplayır, onları birlikdə salamlamaq şərəfini bizlərə yenidən nəsib edir.
Müasir qloballaşma şəraitində xüsusi aktuallıq kəsb edən mədəniyyətlərarası dialoqa, bu problemin humanitar aspektlərinə həsr olunmuş nüfuzlu tədbirlərin son illər Azərbaycanda fasiləsiz və ardıcıl olaraq keçirilməsi bir daha sübut edir ki, dialoq və inteqrasiya Azərbaycan dövləti və cəmiyyəti üçün dövlət siyasəti səviyyəsində dərk olunmuş missiya və uzaq hədəflərə hesablanmış uzunmüddətli strategiyadır. Belə bir missiyaya yönələn tədbirdə sizin hamınızı salamlayır və forumun işinə uğurlar arzulayıram.
Bu gün baş verən proseslər tam aydınlığı ilə göstərir ki, bütün dünya sosial-mədəni problem kimi çıxış edən qloballaşma ilə üzləşir. Əlbəttə o, bütün ölkələrdə həyatın iqtisadi, siyasi və mədəni sahələrinə təsir göstərir və çox vaxt ziddiyyət, hətta toqquşmalar doğurur. Son illər alimlər, siyasətçilər və ictimai xadimlər getdikcə daha çox belə bir qənaətə gəlirlər ki, siyasi, iqtisadi və beynəlxalq münasibətlərin əksəriyyətinin arxasında humanitar və mədəniyyət problemləri durur. Bu problemlərin həllinin əsasında öz potensialını inkişaf etdirmək və başqasını anlamaq prinsipi olmalıdır. Çünki müasir aləm sərhədsiz dünyaya doğru hərəkət edən, lakin həm də ciddi sürətdə öz potensialının inkişaf etdirilməsini nəzərdə tutan dünyadır. Müasir aləmin məhz bu hadisəsi humanitar problemlərin həllinin axtarışını qloballaşma kontekstində aktuallaşdırır və bizi fəal sosial, mədəni və humanitar siyasətin zəruriliyi qarşısında qoyur.
Müasirliyin humanitar problemlərinin həllinə aparan yol məhz bu prinsipin tərkib hissəsinin bir-biri ilə uyğunlaşdırılmasından və eyni zamanda, siyasətdə, beynəlxalq münasibətlərdə onlara əməl etmək cəhdlərindən keçir. Bizim qərarlarımız və dinlərimiz müxtəlifdir. Biz fərqli dillərdə danışır, fərqli əxlaq və davranış modelləri qəbul edirik. Lakin buna baxmayaraq, biz ən mürəkkəb elmi həqiqətləri dərk etdiyimiz və incəsənətin gözəlliyini duyduğumuz kimi, ümumi ünsiyyət dili tapmalıyıq ki, ayrılıqda həll edilməsi mümkün olmayan ziddiyyətlərdən çıxış yollarını tapa bilək.
Müasir dövrdə iqtisadiyyatı və siyasəti humanitar problemlərin spesifikasını nəzərə almaqla inkişaf etdirən, dünya ilə əməkdaşlıq etməyi bacaran, dünyaya açıq olan və eyni zamanda, öz mənafeyini unutmayanlar qazanır. Planetar inkişafın əsas xətti olan qloballaşma fonunda bir çox mütəfəkkirlərin, filosofların və sosioloqların proqnozlarına görə, fərqli mədəniyyətlərin bir-birinə yaxınlaşması, qitələrarası dialoq, son nəticədə tamamilə yeni keyfiyyətli sintez sivilizasiyasının yaranmasına gətirib çıxaracaqdır.
Məhz buna görə də indi müasir dünyanın əksər etnomədəni sistemləri aşağıdakı sual üzərində əvvəlki dövrlərdə olduğundan daha ciddi düşünür: Etnosistemin tarixi inkişaf prosesində formalaşdırdığı milli mədəniyyət, digər mədəniyyətlərlə intensiv təmas şəraitində hansı sosial, mədəni və mənəvi psixoloji halları keçir? Bu sual heç şübhəsiz ki, qədim və zəngin mədəniyyətlərə malik Azərbaycan üçün də aktualdır. Tarixən Şərq və Qərb dəyərlərinin sintezinə meylliliyi ilə seçilən Azərbaycan mədəniyyəti təbii olaraq elə nadir bir bütövə çevrilmişdir ki, bu mental digər etnomədəni sistemlərlə optimal dialoq siyasətinin həyata keçirilməsinə tamamilə imkan verir. Çünki Azərbaycan mədəniyyətinin tarixi qatlarında müasir dünya mədəniyyətinin əksər dini, fəlsəfi, estetik, əxlaqi fikir cərəyanları iştirak edib.
Minilliklər boyunca bir yerdə yaşayan xalqlar vahid Azərbaycan mədəniyyəti yaratmışlar. Bu mədəniyyətin formalaşmasında Azərbaycanda yaşayan bütün xalqların və dini icmaların əvəzsiz xidməti olmuşdur. Biz bu zənginliyi əsrlər boyu qorumuşuq və vətəndaş cəmiyyətinin formalaşmasında əsas yerlərdən birini tutduğunu da bilirik. Dünya mədəniyyətlərinin bərabərhüquqlu dialoqu, multikulturalizm getdikcə daha çox müasir sosiomədəni gerçəkliyin sistem bütövlüyünü təmin edən alternativsiz inkişaf strategiyası kimi qəbul olunur. Müasir cəmiyyətlər nə bir-birindən təcrid olunmuş vəziyyətdə, nə də qarşıdurma şəraitində mövcud ola bilməzlər. Cəmiyyətlər və mədəniyyətlər yalnız dialoqa girə və qarşılıqlı olaraq zənginləşə bilərlər. Bu halda müxtəlif mədəniyyət sistemləri arasında qarşılıqlı əlaqələr güclü inkişaf edən sistem kimi dünyanın bütövlüyünün təmin edilməsi baxımından xüsusi aktuallıq kəsb edir.
Məsələnin digər mühüm aspekti bu prosesdə fərdin mənsub olduğu mədəniyyətə münasibəti ilə bağlıdır. Əgər insan mənsub olduğu etnosun tarixi və mədəniyyəti haqqında müsbət təsəvvürə malikdirsə, onun yad sosial və mədəni mühitə uyğunlaşması daha asan olur. İlk baxışdan paradoksal səslənsə də insan özünü kosmopolit qeyri-müəyyən fəzada deyil, məhz mənsub olduğu mədəniyyət müstəvisində dərk etdikdə etnos, region, millət anlayışından bəşəriyyət, planet, kosmos anlayışına keçə bilir. Bu halda istənilən mədəni, sosial, siyasi, etnik, mənəvi, əxlaqi fərdiliklər bütöv bir tamın ayrı-ayrı fraqmentləri kimi qəbul edilə bilir.
Beləliklə, dialoqa və bu yolla qarşılıqlı zənginləşməyə aparan yolun başlanğıcı biz və özgə fərqliliyin dərkindən başlanır. Multikulturalizmin əsasında dayanan başlıca ideya mədəniyyətlərinin qorunmasına və onların bərabərhüquqlu dialoq şərtləri ilə qarşılıqlı təsir və zənginləşməsinə imkan verən müxtəlif mədəniyyətlərin inteqrasiyasıdır.
Mən forumun digər mühüm bir ideya istiqamətinə də diqqəti yönəltmək istərdim. Bu da yuxarıda qeyd edilən problemlərə humanitar prinsiplər baxımından yanaşılmasıdır. Son dövrlərdə, alimlər, siyasətçilər və ictimai xadimlər yekdilliklə belə bir qərara gəliblər ki, əksər siyasi, iqtisadi, mənəvi, psixoloji problemlərin və beynəlxalq münaqişələrin əsasında mədəni və humanitar problemlər dayanır. Müasir dünyanın mədəni bütövlüyünün və mənəvi ekologiyasının təminatı qloballaşma kontekstində humanitar problemlərin həlli yollarının axtarılmasından və müasir siyasi intellektual elitanın fəal sosial, mədəni və humanitar siyasətindən asılıdır.
Hər bir cəmiyyətin təkamülü öz daxili məntiqi ilə baş verir və onu həmin cəmiyyətin üzvləri öyrənməlidir. Mədəniyyət kənardan gətirilmir, cəmiyyətin özündə doğulur. Ümumbəşəri humanitariyanın ideya əsasları, ictimai şüura təsir edən səmərəli humanitar texnologiyalar, milli mədəni, mənəvi oriyentasiya məsələləri, əski ideologiya, milli məfkurə və ümumbəşəri dəyərlər və s. humanitar təfəkkür işığında ciddi elmi araşdırılmasını gözləyən problemlərdir. Bütün bunlarla yanaşı, humanitar təfəkkürün missiyası yalnız sosiomədəni müstəvi ilə müəyyənləşmir. İndi dünyanın sosiomədəni sistemində müvafiq olaraq ekosistem də elə bir həssas nöqtəyə çatmışdır ki, ən kiçik antropogen təsir güclü faciəvi reaksiya verə bilər. Bəlkə də bəşəriyyəti gözləyən sabahkı fəlakətlərin önlənməsi humanitar təfəkkürə malik yeni insan nəslinin yetişdirilməsindən daha çox asılıdır.
Humanitar təfəkkürün formalaşması üçün isə ən müxtəlif mədəniyyətlərin, elm və təhsil, mədəniyyət strukturlarının əlaqələndirilmiş fəaliyyəti zəruridir. Çünki söhbət müasir insanın şüurunda fərd-fərd, fərd-cəmiyyət, cəmiyyət-cəmiyyət, hətta cəmiyyət –təbiət münasibətlərində dağıdıcılığa, parçalanmaya, məhv etməyə yönələn məqamların təmizlənməsindən, birliyə, sevgiyə, əməkdaşlığa, qarşılıqlı qayğıya əsaslanan kodların fəallaşdırılması modellərinin qurulmasından gedir.
Humanitar təfəkkür bu missiyaların həyata keçirilməsini hədəf götürən mənəvi sistemlər yaratmalıdır. Müasir elmi nəzəriyyələrə görə, cəmiyyətin sosial-iqtisadi sferası digər sahələrlə sıx bağlıdır və onların bir-biri ilə uyğunlaşmayan inkişafı sonda ciddi ziddiyyətlərə və sosiumun dağılmasına gətirib çıxarır. İqtisadi sahə keyfiyyətcə yeni səviyyəyə keçirsə, sosial, mədəni sahədə eyni yeniləşmə ilə ayaqlaşmalı, hətta növbəti iqtisadi sıçrayışın hərəkətverici qüvvəsinə çevrilməlidir. Bizim bu foruma toplaşmağımızın əsas məqsədlərindən biri də humanitar dəyərlərin səfərbər edilməsi yolu ilə cəmiyyətin sosial-mədəni sahəsinin humanitar prinsiplər əsasında inkişaf modelinin müzakirəsidir. Bu işdə mən hamıya uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Rusiyanın İTAR-TASS agentliyinin Baş direktoru Vitali İqnatenkonun çıxışı
Hörmətli həmkarlar!
Əvvəlcə bizim forumumuzu bu cür gözəl hazırlamış azərbaycanlı həmkarlarımın hamısına təşəkkürümü bildirmək istəyirəm. Bu şəraitdə adam elə hey işləmək istəyir. Günümüzün ən maraqlı mövzularını özündə cəmləşdirmiş panelimizi sizə təqdim etmək istəyirəm.
Yeri gəlmişkən, təşkilatçıların qarşıya qoyduğu mövzulara biz jurnalistlərin müxtəlif forumlarında yenidən qayıdırıq və irəli getmək üçün heç də həmişə konsensus tapa bilmirik. Zənnimcə, bu forum həmin problemlərin həllində və müzakirəsində xeyli irəliləməyimizə imkan verəcəkdir.
Forum “Sosial jurnalistika və yüksək texnologiyalar” mövzusuna həsr edilmişdir. Bu, geniş mövzudur, bir neçə alt mövzuya bölünmüşdür: “XXI əsrdə sosial jurnalistika: hər kəs jurnalist ola bilər”, “Qloballaşan məkanda qlobal media və yüksək texnologiyaların informasiya məkanına inteqrasiyası” və “Sosial media və siyasət: inteqrasiya, yoxsa qütbləşmə?”.
Fikrimcə, bu üç yarımmövzu jurnalistlərin təhlükəsizliyi, fövqəladə hallarda jurnalistlərin davranışı, hərbi əməliyyatlar dövründə davranışın müəyyən qaydaları kimi ciddi mövzuların müzakirəsini də əhatə edir. Biz burada, Bakıda bütün bu məsələləri müzakirə etmək istəyirik və güman edirəm ki, bu söhbət bizim üçün çox faydalı olacaqdır.
Mənə belə gəlir ki, bizim diskussiyaların bazası bugünkü jurnalistikanın əsas qanunları olacaqdır. Bu, ilk növbədə o deməkdir ki, XXI əsrin yeni humanizmi XXI əsrin yeni jurnalistikasını ardınca aparır, ifadə azadlığı cəmiyyətin vətəndaşlarına və konkret insana qüvvə verir. Biz bu baza mövqelərinə əsaslanaraq bu gün siyasətə, mədəniyyətə, cəmiyyətin müxtəlif təbəqələrinin formalaşmasına güclü təsir göstərən sosial şəbəkələrin müzakirəsinə müraciət etmək istəyirik. Bir sıra tədqiqatçıların fikrincə, bu hal yeni intellektual məkan, milyonlarla insanın fikrinin ifadə edilməsi üçün yeni platforma yaradır. Əlbəttə, bütün bunlar bizim və jurnalist birliyinin qarşısında yeni ciddi vəzifələr qoyur.
Düşünürəm ki, bütün informasiya sahəsinin simasını dəyişən və sosial şəbəkələr fenomenini yaratmış yüksək texnologiyalar bizim aldığımız informasiyanın obyektiv işıqlandırılması və adekvat qiymətləndirilməsi problemini son dərəcə aktuallaşdırmışdır. Buna görə də biz ənənəvi KİV-lər, ənənəvi agentliklər çərçivəsində, şəbəkə daşıyıcılarında informasiya abunəçiləri arasında mənafelərin müəyyən tarazlığını tapmalıyıq.
Biz, ilk növbədə bizə hansı informasiyanın lazım olduğunu dəqiq başa düşməliyik və çox vacibdir ki, rəsmi KİV-lər ciddi, mötəbər informasiya daşıyıcısı olsunlar. Məncə burada məşhur filosoflardan birinin sözlərini xatırlamaq çox vacibdir: “Bilən adam danışmır, danışan adam isə bilmir”. Biz bəzən bu fərqi hiss etmirik. Mənə belə gəlir ki, sosial jurnalistikanın qloballaşmanın nəticəsi olmuş bütün yeni meyillərinin həm də ciddi elmi təhlilə ehtiyacı vardır. Düşünürəm ki, biz bu məsələni də müzakirə etməliyik.
Müasir texnologiyalar bir sıra humanitar problemlər kompleksini doğurmuşlar. Əgər həmin problemlərin əsaslı olması təsdiqlənərsə, biz bu hadisənin öyrənilməsini gözləməyə və bu sosial jurnalistikada qarşılıqlı münasibətlərin hüquqi aspektlərini tapmağa haqlıyıq.
Bir daha təkrar edirəm, bizim mövzumuz çox genişdir. Deyə bilərəm ki, bu çox kəskin mövzudur. Buna görə də mən çox sevinirəm ki, forumun təşkilatçıları mənim fikrimcə çox güclü jurnalistləri dəvət etmişlər. Onlar nəinki müxtəlif ölkələrdə, həm də jurnalistikanın müxtəlif janrlarında işləyirlər. Zənnimcə, onların bu forumda səslənəcək fikirləri dünya jurnalistikası tərəfindən böyük maraqla qarşılanacaqdır.
Çox sağ olun.
Türkiyənin Bilkent Universitetinin idarə heyətinin rəhbəri Əli Doğramacının çıxışı
Zati-aliləri!
Xanımlar və cənablar!
Çıxışımı ingilis dilində edəcəyəm. Ancaq icazə verin, əvvəlcə Azərbaycan dilində bir neçə kəlmə deyim.
Bakı kimi gözəl şəhərə yenidən gəldiyimə görə özümü çox xoşbəxt hiss edirəm. Bizi buraya dəvət edən Prezident İlham Əliyevə, hörmətli Mehriban xanım Əliyevaya öz adımdan və Türkiyədən gələn iş yoldaşlarım adımdan dərin minnətdarlığımı bildirirəm.
Çıxışımın mövzusu müasir texnologiyalardır. Lakin əsas diqqəti informasiya texnologiyaları mövzusuna yetirəcəyəm.
Son 35 ildə hesablama sürəti min dəfə artmışdır. Bundan başqa, uzun məsafəli kommunikasiyanın sürəti min dəfə, yaddaşın həcmi isə bir milyon dəfə artmışdır. Müasir dünyamızda yüksək sürətli dəyişikliklər davam edir. “İnformasiya” termini haqqında çox təriflər vardır. “Oxford” lüğətinə görə, “informasiya” termininin mənalarından biri düşüncənin formalaşdırılmasıdır. Müasir dünyamızda informasiya texnologiyalarının rolu artdıqca informasiya əldə edilməsi və onunla manipulyasiya imkanı da artır. Bunlardan istifadə etmək bacarığı başqa işlər görməyə imkan verir. İnformasiya texnologiyalarının görünməmiş inkişafı bəşəriyyəti naməlum səmtlərə yönəldir. Bütün bunların hayana aparacağı məlum deyil.
Müasir dövrdə sənayedə, səhiyyədə, biotexnologiya və hərbi kommunikasiya sahələrində köklü dəyişikliklər baş vermişdir. Bütün bu dəyişikliklər informasiya texnologiyalarını da əhatə edir. Həmin dəyişikliklərin əhatə etmədiyi sahələr isə geridə qalır. Geridə qalmaq istəməyən dövlətlərin informasiya texnologiyaları sahəsində yaxşı təhsil almış peşəkarlara ehtiyacı vardır. İnformasiya texnologiyaları sahəsində qabiliyyəti ilə seçilən universitet tələbələrinə bu sahədə xüsusi təlimlərin keçilməsi çox vacibdir. Bu, işin bir tərəfidir. Ümumən ictimaiyyəti informasiya texnologiyalarına dair biliklərin əsasları ilə təmin etmək isə başqa məsələdir.
İnformasiya əsrinin onurğa sütunu olan internetə gəldikdə isə, o, elektrik enerjisi qədər həyati əhəmiyyət kəsb edir. Əgər internetdən istifadə dayandırılsa, sənaye, səhiyyə, hərbi və kiber təhlükəsizlik sahələri çox çətin vəziyyətlə üzləşə bilər. Ondan faydalandığımız kimi, onun qarşısında getdikcə daha gücsüz oluruq.
Mən bir misal çəkmək istəyirəm. Belarusda çox da böyük olmayan təhlükəsizlik şirkətində Sergey Ulasen adlı bir mühəndis işləyirdi. 2010-cu ilin iyun ayında Sergey Ulasen İrandakı müştərilərinin birindən virus daxil olduğunu yəqin etmişdi. O, bu virusun necə ötürüldüyünü öyrənsə də, onun konkret nə iş gördüyünü müəyyən edə bilmədi. Sergey Ulasen bu tapıntısını ABŞ-ın “Microsoft” şirkətinə göndərdi. “Microsoft” dərhal əks-proqram hazırladığını bəyan etdi. Həmin vaxtdan etibarən “Microsoft”un sistemlərinə daxil olmaqda çətinliklər yarandı.
“Microsoft”un təhlükəsizliyi ilə məşğul olan “Symantec”in mühəndisləri belaruslu mühəndisin tapdığı bu virusun təsvirini tam verə bilmirdilər. Çünki normal virus 20 kb ola bilər. “Stuxnet” adlandırılan bu yeni virus isə 500 kilobayt idi.
“Stuxnet” virusu Tayvanın iki kompyuter şirkətindən oğurlanmış iki sertifikatdan istifadə edirdi. Həmin saxta identifikasiya ilə onlar bütün dünyada “Mikrosoft”a daxil ola bilmişlər. Bu şirkətlərin “Stuxnet”in nə olduğunu aydınlaşdırması bir neçə ay çəkmişdir. Məlum oldu ki, kompüterə girən bu virus heç nə etmir. Danimarka və Malayziyada fəaliyyət göstərən futbol saytlarına mesajlar göndərir. “Symantec”in mühəndisləri müəyyənləşdirdilər ki, bir çox ölkələrin 38 min virusa yoluxmuş kompyuterindən həmin saytlara mesajlar gəlmişdir. İki həftəyə bu mesajların sayı 100 minə çatmışdır. Həmin mesajların 400-ü ABŞ-dan, 22 mini isə İrandan gəlmişdi. Onlar bu virusu “Stuxnet” adlandırdılar. Sonradan müəyyənləşdirdilər ki, bu yeni tapıntı “Siemens”in tezlik ötürücüsü proqramlarından birinə çox bənzəyir. “Siemens”in istehsal etdiyi motorların sürətinə nəzarət funksiyasını həyata keçirən bu cür proqramlar əsasən su istehlakı ilə məşğul olan zavodlarda, fabriklərdə, avtomat qurğularda və nəqliyyatda istifadə edilir. Aydın oldu ki, həmin virus rotasiya tezliyini 1064 dəfədən 1410 dəfəyə qaldırır, maşınları daha sürətlə işlədir, sonra normal tezliyə qayıtarır, göstərici rəqəm yenə 1064 qalır. Bu proses maşınları sıradan çıxarır. Həmin proqramlardan, eyni zamanda, nüvə reaktorlarının sentrifuqasında istifadə olunur.
Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə zavodlarına daxil ola bilmir. Agentliyin binanın xaricində yerləşdirilmiş kameraları vasitəsilə binaya gətirilib çıxarılanlara müşahidə edilir. Normal şərtlərdə İranın nüvə zavodunda ildə 800 sentrifuqa dəyişdirilməsi planlaşdırılırdı. Lakin ayda 800-dən artıq sentrifuqa quraşdırılırdı. Nə baş verir? Aşkar oldu ki, bu səbəbdən İran nüvə axtarışları bir müddət yavaşlamışdır. Bu səhvən üstü açılmış yalnız bir hücum olduğu anlaşılmışdır. “Microsoft” kimin nə iş gördüyünü bilsəydi, bəlkə də bu məsələnin üstü heç vaxt açılmazdı.
Daha bir misal çəkmək istəyirəm. “DeutscheTelecom”un verdiyi məlumata görə, təkcə 2010-cu ildə şirkətin sistemləri 200 mindən artıq hücuma məruz qalmışdır. Beləcə, informasiya texnologiyaları fayda verməklə bərabər problemlər də yaradır. İnformasiya texnologiyalarından istifadə etmədiyin təqdirdə geri qalırsan. İstifadə etdikcə də problemlərlə üzləşirsən. Bu o deməkdir ki, ondan təsirli müdafiəyə ehtiyacımız var, amma eyni zamanda yerlərdə yüksək ixtisaslı peşəkar heyətin olması vacibdir.
İnformasiya texnologiyaları ondan istifadə etməyi bacaranlara böyük faydalar gətirməkdə davam edir. Buna görə də informasiya texnologiyalarına sərmayələrin qoyulması hökumətlərin vacib prioritetlərindəndir. İşlədiyim Ankaradakı Universitetin təhsil proqramında sərmayə ayrılacaq prioritetləri mən müəyyən edirəm.
Gələcəyimizi müasir texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. Bu ona sərf etdiyimiz təchizat və resurslardan çox asılıdır. Onlar isə münasibətimizdən asılı olaraq formalaşır. Müasir texnologiyalar bizi çox uzağa aparacaq, amma, əlbəttə, onların dilini bilsək.
Diqqətinizə görə sağ olun.
“Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri, usiya Dövlət Humanitar Universitetinin rektoru, usiya Elmlər Akademiyasının müxbir üzvü Yefim Pivovarın çıxışı
Bakı Humanitar Forumunun çox hörmətli iştirakçıları!
Əziz həmkarlar və dostlar!
İcazə verin, bu əlamətdar hadisə münasibətilə sizi şəxsən öz adımdan və bu təşəbbüsü lap əvvəldən dəstəkləmiş və forumun bir sıra seksiyalarının həyata keçirilməsində fəal iştirak etmiş “Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin İdarə Heyətinin rəhbərliyi adından təbrik edim. Ümidvaram ki, burada bizim idarə heyətinin üzvləri də fəal iştirak edəcəklər. Rəyasət heyətinin üzvlərinin demək olar ki çox hissəsi bu zaldadır.
Bakıda reallaşan Humanitar forum ideyasının özü, əlbəttə, çox maraqlı və ibrətamizdir, çünki humanitar üsullar və texnologiyalar ilk dəfə burada bir araya gəlmişlər. Bu barədə fasilədən əvvəl Viktor Antonoviç Sadovniçinin çıxışında da qeyd olundu. Burada müxtəlif bilik sahələrinin, o cümlədən humanitar və təbii elmlərin konvergensiyası birləşir. Bu barədə hələ söhbət olacaqdır. Burada əvvəllər birləşə bilməyəcək hesab edilən sahələr, humanitar sahə, yəni insanla bağlı olan hər şey və təbiətlə bağlı olan hər şey birləşir. Mən bu siyahını davam etdirə bilərəm, çünki mədəni dəyərlər informasiya əsrində müasir KİV-lərin mühüm istiqamətləridir. Buna görə də mənim təmsil etdiyim seksiya (mənə isə bu seksiyanın işində həmkarım, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev ilə birlikdə moderator kimi iştirak etmək tapşırılmışdır) bir tərəfdən, bu kontentə çox ahəngdar şəkildə daxildir və eyni zamanda son dərəcə aktualdır. Bu fikir bu gün Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında səsləndi, o, bu məsələni xüsusi qeyd etdi. Həqiqətən də polietniklik və mültimədəniyyət bəşəriyyətin inkişafının elə cəhətləridir ki, mən bir tarixçi kimi asanlıqla isbat edə bilərəm ki, onlar minilliklər boyu sivilizasiyalarla birlikdə inkişaf etmişlər.
Polietniklik və mültimədəniyyət həm də elə sahələrdir ki, onlar həm XX əsrdə, həm də bu yüzilliyin əvvəlində nəinki son dərəcə aktual olduğunu göstərir, həmçinin ən müxtəlif sahələrdə təzahür edir. Bu onu göstərir ki, ilk baxışda sanki həll edilmiş məsələlər yenidən üzə çıxır, yəni məlum olur ki, əslində həmin məsələlər həll edilməmişdir. Humanitar sahənin praktikaları, o cümlədən Avropada sona qədər reallaşmamışdır. Görünür, səbəb budur ki, onlara ümid bəslənmiş, lakin onların imkanları məhdud olmuşdur. Bu forumun keçirildiyi Azərbaycanın və müxtəlif mədəniyyətlərin və müxtəlif etnosların polietnik qarşılıqlı təsiri sahəsində çox böyük təcrübəyə malik olan Rusiya Federasiyasının da praktikası və təcrübəsi son dərəcə vacibdir, onlara tələbat vardır, ona görə ki, polietniklik və mültimədəniyyət sinonimlər deyildir. Eyni bir etnos çərçivəsində bir neçə mədəniyyət ola bilər, necə deyərlər, mədəniyyətlərin müxtəlif təsəvvürləri təkcə bir etnos çərçivəsində deyil, həm də polietnik sahədə inkişaf edir və sair. Yəni bu proseslər bir-birinə qarşılıqlı təsir edir, və bu qarşılıqlı təsirdə yeni keyfiyyət yaranır. XX əsrin və XXI yüzilliyin əvvəlinin təcrübəsi bunu təsdiq edir.
Buna görə də düşünürəm ki, burada həm elmə, həm də biliklərə müraciət etmək, bu və ya digər addımların tədricən, olduqca diqqətlə götür-qoy edilməsi mümkündür.
Şübhəsiz, təhsil və bu prosesin dərinləşməsi, təhsilin keyfiyyətinin artırılması səmərəli nəticə verə bilər, xalqların qarşılıqlı fəaliyyətində uğurlara gətirib çıxara bilər, təhsilin olmaması, savadsızlıq isə xalqların və qitələrin səmərəli və keyfiyyəti qarşılıqlı fəaliyyətinə mane olan bütün təzahürlər üçün qida mühitidir.
Bu baxımdan, təhsil elə bir vasitədir ki, o, xalqların bir-birinin daha çox təmsil etməsinə, bütün tolerantlıq proqramlarının daha səmərəli olmasına imkan verir, xalqlar arasında qarşılıqlı əlaqələr üçün elə münbit mühit yaradır ki, o, eyni təhsil müəssisəsində oxuyan, qarşılıqlı fəaliyyətin ortaq təcrübəsinə, perspektivdə qarşılıqlı fəaliyyətin ortaq pozitiv mənbəyinə malik olan insanlar arasında təsir göstərməyə başlayır. Əlbəttə, bu baxımdan humanitar forum kimi bir hadisə olduqca mühüm və səmərəli məkandır.
Seksiyanın işi çərçivəsində mültikulturalizmin bütün bu problemlərinin üç istiqamət üzrə müzakirə edilməsi nəzərdə tutulur. Bu, bir tərəfdən, əlbəttə ki, müasir siyasi praktika mültikulturalizmidir. Burada biz təcrübəli siyasətçilərin, o cümlədən son illərdə inkişafın müxtəlif mərhələlərində öz ölkələrinə rəhbərlik etmək təcrübəsinə malik olan prezidentlərin də fəal iştirak edəcəklərinə ümid bəsləyirik. Həmçinin bu problemlərlə məşğul olan və tövsiyələr verən alimlər, mültikultura praktikasında necə təkmilləşmək barədə tövsiyələr verən politoloqlar, ali məktəb işçiləri, KİV əməkdaşları və əlbəttə, yazıçılar və mədəniyyət sahəsinin nümayəndələrini də nəzərdə tuturuq. Digər alt seksiya ictimai şüurda multikulturalizm problemləri ilə məxsusi məşğul olacaqdır. Bu, dövlət siyasətinin həyata keçirilməsi üçün son dərəcə vacibdir. Ona görə ki, əgər bu iki sahə vəhdət təşkil etməsə, onlar bir-birinə qarşılıqlı təsir etməsə, bir-birindən təcrid edilmiş olsa, heç bir dövlət siyasəti mümkün deyildir. Dövlət siyasəti yalnız o halda səmərəli olur ki, o, ictimai şüurda baş verən proseslərə oriyentasiya edir və onlara əsaslanır, bu ictimai şüura müsbət mənada təsir göstərir. Biz burada da müxtəlif ölkələrin, ilk növbədə bizim seksiyada təmsil olunmuş ölkələrin KİV nümayəndələrinin və heç şübhəsiz, paytaxtında bu forumun keçirildiyi Azərbaycan KİV-lərinin fəal iştirakına ümid edirik.
Ümid edirik ki, öz əməyi, öz əsərləri ilə ictimai şüura təsir edən ədəbiyyatçılar da bu işə töhfə verəcəklər. Mən hamının adını çəkmədim, lakin mübahisəsiz faktdır ki, bu, bir fənnə aid problem deyildir, çünki, elm, mədəniyyət işçilərinin , elmin müxtəlif sahələrinin, humanitar biliklərin qarşılıqlı əlaqəsi olmadan bu problemi həll etmək qeyri-mümkündür.
Nəhayət, bizim daha bir alt seksiyamız bu sahədə elmi axtarış problemlərinə, mültikulturalizm mövzusunda debatlara həsr ediləcəkdir.
Bildiyimiz kimi, ictimai elmlərdə bu istiqamətin taleyinə münasibətlər müxtəlifdir. Tamamilə ziddiyyətlidir – bu istiqamətləri bütünlüklə qəbul etməkdən, bütünlüklə inkar etməyə qədər. Həmişə olduğu kimi, həqiqət bu iki mövqe arasındadır, lakin həmin həqiqət, ola bilsin ki, ortada deyil, ifrat mövqelərdə deyil. Şübhəsiz ki, idrak nəzəriyyəsi baxımından bu həm də mültikulturalizm problemidir, ona görə ki, bu sahənin fəlsəfi aspektləri qnoseoloji baxımdan müzakirə ediləcəkdir.
Bizim sabah müzakirə etmək niyyətində olduğumuz mövzuların siyahısı belədir. Ümid edirəm ki, bu müzakirələr problemin özünün inkişafına birbaşa töhfə olacaqdır.
Yəqin siz forumun təşkilatçıları üçün bizim səhər iclasından sonra başa düşdünüz ki, bu ideyanın özünü yaradanların hamısı üçün bu problem əsas problemlərdən biridir. O, müasir humanitar elm və müasir humanitar praktika üçün mühüm problemlərdən biridir. Ona görə də bu problem Bakıda keçirilən Birinci Beynəlxalq Humanitar Forumda müzakirələrdə yer almışdır.
Çox sağ olun.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncının çıxışı
Hörmətli forum iştirakçıları, dünyanın qloballaşdığı, məsafələrin qısaldığı, millətlərin, dövlətlərin qarşılıqlı surətdə yaxınlaşdığı bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayədarlığı ilə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi çox təqdirəlayiq haldır. Bu münasibətlə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
Hazırkı dövrdə heç bir dövlət və ya millət dünyada baş verən proseslərdən kənarda qala bilməz. Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs alqışa layiqdir. Digər dövlətlərin başçılarının da bu təşəbbüsə qoşulmalarını vacib hesab edirəm.
XXI əsrdə beynəlxalq təşkilatların ümumi maraqların müəyyənləşdirilməsində, rifahın yaxşılaşdırılmasında, regional sülh və sabitliyin qorunmasında rolu artmaqdadır. Bu təşkilatlar ölkələr üçün humanitar standartlar yaratmaqdadırlar.
Bizim təşkilat yeni qurumdur, yaranmasının bir ili hələ tamam olmamışdır. Təşkilatımız ortaq mədəniyyət və qardaşlıq bağlarına əsaslanaraq türkdilli dövlətləri özündə birləşdirir. Hazırda altı türkdilli dövlətlərdən dördü – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə qurumun üzvüdür. Əsas məqsədimiz üzv ölkələr arasında işbirliyi, qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək, regionda və ümumilikdə dünyada sülhün qorunmasına töhfə vermək, siyasi, ticari, iqtisadi, mədəni, təhsil, enerji və digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığı təşviq etməkdən ibarətdir.
Digər iki türkdilli dövlətin – Özbəkistan və Türkmənistanın da təşkilatımıza üzv olmasını istəyirik. Onların üzvlüyü ilə təşkilat bütün türkdilli dövlətləri əhatə etmiş olacaq və bu da qurumumuzun tam şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaqdır. Bununla da təşkilatımız böyük bir coğrafiyanı əhatə etmiş olacaqdır ki, bu da böyük iqtisadi əməkdaşlıq sahəsi deməkdir.
Cari il oktyabrın 20-21-də Qazaxıstanın Almatı şəhərində dövlət başçılarının iştirakı ilə təşkilatımızın I Zirvə Toplantısı keçiriləcəkdir. Zirvə Toplantısının bəyannaməsində dünyada baş verən proseslərin və humanitar məsələlərin də əks olunması nəzərdə tutulmuşdur. I Zirvə Toplantısının mövzusu iqtisadi əməkdaşlıq olduğu üçün oktyabrın 13-də Astanada təşkilatın üzvü olan ölkələrin iqtisadiyyat nazirlərinin ilk iclası keçiriləcəkdir. Bu, iqtisadi tərəqqinin humanitar bazada sürətləndirilməsi üçün mühüm bir tədbir olacaqdır. Bununla yanaşı, təşkilatımız çərçivəsində özəl sektorla dövlət arasında əməkdaşlığın inkişafına xidmət edəcək İş Şurası yaradılacaqdır. Şuranın oktyabrın 2-də Ankarada ilk hazırlıq toplantısı keçirilmişdir. I Zirvə Toplantısı çərçivəsində İş Şurası dörd üzv ölkənin iş adamlarının biznes forumunu təşkil edəcəkdir.
Türkdilli dövlətlərin qonşu ölkələrlə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Təşkilatımız qonşu dövlətlərlə münasibətlərə mühüm əhəmiyyət verir və mehriban qonşuluq siyasətinə prioritet istiqamətlərdən biri kimi baxır.
Bakı Beynəlxalq Humanitar Forumunun oktyabrın 11-də keçiriləcək “dəyirmi masalar”ındakı mövzular da reallıqla tam ayaqlaşır. Mən də “İnkişafın iqtisadi modelinin humanitar aspektləri” mövzusundakı “dəyirmi masa”da böyük məmnuniyyətlə iştirak edəcəyəm.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bir sıra layihələri həyata keçirməyi planlaşdırır. Bu layihələr arasında humanitar sahələri də əks etdirəcək layihələr vardır. Təşkilatımızın bu sahədə hər cür əməkdaşlığa hazır olduğunu bəyan edirəm.
Sonda bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu təşəbbüsə görə minnətdarlığımı bildirir, bir çox dövlət başçılarının da töhfəsi ilə forumun davamlı olacağına ümid edirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixail Kovalçukun çıxışı
Sabahınız xeyir, hörmətli həmkarlar!
Mixail Yefimoviç Şvıdkoyun bu parlaq çıxışından sonra çıxış etməyə adam həqiqətən çətinlik çəkir. Ona görə ki, hamı aşağıya, dənizin yanına getməli və həyatın gözəlliklərindən, yaşadığımız hər gündən həzz almalıdır. Buna baxmayaraq, biz müəyyən məsələləri həll etmək üçün toplaşmışıq və demək istəyirəm ki, həqiqətən əgər nələr baş verdiyinə baxsaq tamamilə aşkar görünür ki, inkişafın bu günə qədər istifadə edilən sivilizasiya modeli tükənmişdir. O başqa məsələdir ki, bu model, necə deyərlər, konvulsiyalı şəkildə, çətinliklə dağılır, lakin fakt göz qabağındadır. Kim düşünürsə, kim irəliyə baxırsa bu, onun üçün aşkardır.
Mən sizə bir məsələni xatırlatmaq istərdim. Aparılması mənə tapşırılmış “dəyirmi masa” “Elmlərin və texnologiyaların konvergensiyası” adlanır. Konvergensiya çox tutumlu sözdür. Yadınızdadırsa kapitalizmin sosializmlə qovuşması konvergensiya adlanırdı. Yəni, sosializmin dağılması rəvan şəkildə kapitalizmə gətirib çıxaracaqdır. Konvergensiya riyazi termindir. Bu termin yaxınlaşma, qovuşma, qarşılıqlı nüfuzetmə deməkdir. Yəni müəyyən müxtəlif birliklər vəhdətə çevrilir. Konvergensiya elə bu deməkdir. Mən sizə aşağıdakı məsələni xatırlatmaq istərdim.
Bu gün hamı böhrandan danışır. Biz hamınız qiymətli kağızlarla, daşınmaz əmlakla nə baş verməsini müzakirə edirik. Əslində isə bizim ağıllı sələflərimiz olmuşdur. Fransız yazıçısı Verkor “Dənizin susması” adlı gözəl bir roman yazmışdır. Bu roman məhəbbət barədə, Almaniyanın Fransanı, Normandiyanı işğal etməsi barədədir. Çox maraqlı romandır. Onu oxuyandan sonra mən maraqlanaraq həmin müəllifin ikinci kitabını tapdım. Bu, bəlkə də 45-50 il bundan əvvəl olmuşdu. Kitab “Kvota, yaxud bolluğun tərəfdarları” adlanırdı. Həmin kitabda açıq-aşkar yazılmışdır ki, İkinci Dünya müharibəsindən sonra bəşəriyyətin sivil hissəsi – “qızıl milyard” yeni iqtisadi sistemə: istehsal və istehlak sisteminə keçmişdir. Başqa sözlə desək, resursları məhv edən maşın işə salınmışdır.
Beləliklə, 50 ildən çox bundan əvvəl deyilmişdir ki, əgər həmin maşın “qızıl milyarda” xidmət edərsə, o daim işləyəcəkdir. Elə ki, bir ölkə, məsələn, Hindistan, – Çinin heç adı da çəkilməmişdir, – bu model üzrə inkişaf yoluna qədəm qoyarsa, dünyadakı bütün resurslar təkcə həmin ölkəni təmin etmək üçün kifayət etməyəcəkdir.
İndi budur, biz görürük ki, Yer kürəsi əhalisinin yarısı həmin modelə – resursların məhv edilməsi modelinə dəqiq riayət edir. Bunun Çində və Hindistanda necə baş verməsini təhlil etməyəcəyik. Biz onilliklər boyu deyirik ki, Yer kürəsində hər şey var, əslində isə biz resurs kollapsının şahidləriyik. Faktiki olaraq bu kollapsın 10 il sonra olmasa da, 30 və ya 40 il sonra baş verəcəyi aşkardır. İndi bir məsələ var: biz ya bu gün yaşadığımız modeldə hərəkəti davam etdirərək prinsip etibarilə ibtidai icma dövrünə qayıtmalı, maldarlıq, əkinçilik və başqa işlərlə məşğul olmalıyıq, ya da inkişafın başqa bir yolunu tapmalıyıq.
Akademik Vernadskinin fəal inkişaf etdirdiyi yeni sfera haqqında təlimdə dahiyanə bir ifadə var: “Biosfera təkamül yolu ilə sosial insanın elmi əməyi vasitəsilə yeni sferanın yeni vəziyyətinə keçir”. Vernadski bu “sosium” anlayışında təbiəti və institutunun elmi fəaliyyətini birləşdirmişdir. O, 1943-cü ildə vəfat etmişdir. Buna görə də novosferaya daxil olan texnosfera qiymətləndirilmiş, lakin onun təsiri çox cüzi olmuşdur. Bu gün isə texnosfera bizim bütün həyatımızda həlledici rol oynayır və o, təbiətə zidd olaraq inkişaf etmişdir. Biz bu məsələni “dəyirmi masa” çərçivəsində müzakirə edəcəyik.
Bu gün vəziyyət tamamilə aşkardır. Konvergensiya bundan ibarətdir. Hesab edirik ki, dərk olunmuş elm üç yüz il bundan əvvəl, Nyutonun vaxtında başlanmışdır. İnsan vahid dünyaya, bölünməz təbiətə baxmış, onu dərk etməmiş və ilahiləşdirmişdir. Bundan sonra biz həmin vahid, bölünməz təbiətdən elə kiçik seqmentlər ayırmağa başladıq ki, onlardan baş çıxara bilək. Beləliklə, elmi fənlər yarandı. Bir neçə yüz illik inkişaf dövründə biz elm və təhsilin məhdud ixtisaslaşmış sistemini yaratdıq və əslində dalana, məsələn, kosmoloji dalana düşdük. Bizim təsəvvürlərimiz, standart modellər, eksperimental müşahidələrimiz bir-birinə tam müvafiqdir, lakin eyni zamanda, bir-birindən kəskin fərqlənir. Yəni, biz bu gün ətraf mühitin dərinliyinə dalmaqla ümumi məqsədi itirmişik. Bu gün bəşəriyyət əlində bir qutu tutmuşdu, qutunun içində isə məntiqi oyunlar vardır. Bu oyunlar müxtəlif fənlərə aiddir. Biz bu vahid, konvergent, bölünməz təbiəti bu oyunlara, məhdud ixtisaslara necə bölməyimizdən asılı olaraq bu gün əks-sintez prosesini başlamalıyıq, başlaya bilərik və artıq başlamışıq. Biz dünyanın dolğun mənzərəsini bərpa etmək üçün bu məntiqi oyunlardakı fiqurları yerbəyer etməliyik. Burada bütün sosial-humanitar tərkib hissə çox vacibdir, çünki yeni fəlsəfə lazımdır. İnkişafın yeni ideologiyası lazımdır və bu, mühüm məsələdir. Bu məsələlər müzakirə ediləcəkdir. Lakin mən onu da demək istərdim ki, biz bir məsələdən də danışacağıq. Kurçatov İnstitutunda biz dünyada ilk konvergent “NBİK” texnologiyalar fakültəsi yaratmışıq. Bu abreviatur həm rus dilində, həm də ingilis dilində eyni cür yazılır: nanobioinfokonvergentiv texnologiyalar. Biz Moskva Fizika-Texnika İnstitutunda dünyada ilk fakültə, Kurçatov İnstitutunda dünyada analoqu olmayan konvergent elm və texnologiyalar mərkəzi yaratmışıq.
Son olaraq bir məsələni də qeyd etmək istərdim. Əsas məsələ budur ki, həmişə fikirləşmək lazımdır. O ki qaldı adamların vurma cədvəlini bilməməsinə, bu, həqiqətdir. Mən Amerikadan qayıdarkən kirayə götürdüyüm maşını aeroportda necə təhvil verdiyimi söyləyə bilərəm. Orada heç kəs sütunlu vurma əməliyyatını bacarmırdı. Mən sütunlu qayda üzrə vurmaya başlayanda, – o vaxt elektrik cərəyanı kəsilmişdi, – onlar nə baş verdiyini anlaya bilmirdilər. Demək istəyirəm ki, çox bilmək, fikirləşmək və bunu uşaqlara izah etmək vacibdir. Pasternakın “Uca xəstəlik” adlı qısa poeması var. Bu poemada müəllif inqilabı təsvir edərkən nə baş verdiyini anlamağa çalışırdı. Onun fikirləri dumanlı idi. Poema çox sadə sonluqla bitir. Bu poema Lenin haqqındadır, əslində isə bu fikirlər hər şeyə tətbiq edilə bilər: “Mən onu aşkar görəndə fikirləşirdim, onun müəllifliyi və birinci şəxs adından qürrələnmək hüququ barədə elə hey fikirləşirdim. Cavab sadədir: o, fikirlərin axınını və yalnız buna görə ölkəni idarə edirdi”.
Mən foruma uğurlar arzulayıram, azərbaycanlı həmkarlarımıza qonaqpərvərliyə və bizə yaratdıqları imkana görə təşəkkür edirəm. Sağ olun.
Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, gen mühəndisliyi və biotexnologiyalar üzrə alim Konstantin Skryabinin çıxışı
Hörmətli həmkarlar!
Deməliyəm ki, əvvəlki iki natiqdən sonra çıxış etmək çox çətindir. Həm dəniz, həm də Pasternak.
Əvvələn, dəvət üçün çox sağ olun. Bizim “dəyirmi masa” biotexnologiyalar və etika mövzusuna həsr ediləcəkdir. Çoxları fikirləşmir ki, son on ildə tamamilə ağlasığmaz hadisələr baş vermişdir. Biz genetik mətnləri oxumağı öyrənmişik. Bu o deməkdir ki, əvvəllər yalnız Ulu Tanrının mütləq preroqativi sayılan və bizim hər birimizin, bütün canlıların daxilində olan genetik informasiya indi əlyetərli olmuş və biz onu oxumağı öyrənmişik. Üstəlik, onu oxumağı öyrənəndən sonra onunla manipulyasiya etməyi də öyrənmişik.
Əvvəllər biz elə hesab edirdik ki, mühəndis dəmir konstruksiyadan körpü tikməyi və ya ağacdan bir şey düzəltməyi bacaran adamdır. İndi isə biz genetik informasiyanı oxuyaraq ondan nə isə yeni bir şey yarada, genetik informasiya mühəndisləri ola bilərik. Bu, ağlasığmazdır və bütün bunlar son on ildə baş verir. Lakin ola bilsin ki, bu gün informasiya haqqında söhbətlərdə mövcud olan rəqəmlər haqqında danışa bilərik.
Mən sizə bir analogiya göstərməyə çalışacağam. Bizi əhatə edən kiçik bir mikrobda 2,5 milyon hərf vardır. Bu, “Hərb və sülh” (Voyna i mir) kitabında olduğu qədər hərf deməkdir.
Burada, bu zalda əyləşən hər kəsin malik olduğu genetik informasiya isə bütün Yasnaya Polyana kitabxanasıdır. Bilməyənlər üçün deməliyəm ki, Yasnaya Polyana Tolstoyun yaşadığı yerdir. Bu kitabxanadakı kitablarda olan hərflərin sayı bizim hər birimizdəki genetik informasiya qədərdir. Əgər siz “Voyna i mir” əsərinin adında bir hərfi dəyişib “Voyna i mor” yazsanız dəhşətli mənzərə yaranar. Əgər siz genetik informasiyada bir hərfi dəyişsəniz, bu artıq insanda xəstəliyə səbəb olacaqdır.
İndi isə rəqəmlər barədə. Bəşəriyyət tərəfindən yaradılmış bütün kitablar, bütün əlyazmalar təqribən 20 min adamın genetik informasiyası qədərdir. Əgər siz 20 min adamın genetik informasiyasını götürsəniz, bu, bəşəriyyətin yaratdığı miqdarda informasiya olacaqdır. İndi bizi gözləyən informasiya işini təsəvvür edin. İnsanın genetik informasiyasının dəyəri 2001-ci ildə bu informasiyanın yaradıldığı vaxtda 4 milyard dollar olmuşdur. Bir ildən, iki ildən sonra bir insan genomunun düzəldilməsi 1000 dollara başa gələcəkdir. Bu, klinikada adi analizdir. Bir neçə ildən sonra bizi bunlar gözləyir.
Fikir verin, burada əyləşən yazıçılar, hüquqşünaslar, siyasətçilər müəllif hüquqlarını, kitabdakı hər bir hərfə, hər bir mətnə sahiblik məsələsini müzakirə edirlər. Bəs sizin malik olduğunuz müəllif hüquqları barədə nə deyə bilərsiniz. Başa düşürsünüzmü, insan genomunu bilməklə sizi işə qəbul edə və ya etməyə bilərlər. Sizi sığortalaya və ya sığortalamaya bilərlər. Buna görə də bizim “dəyirmi masa” etika problemlərinə həsr ediləcəkdir.
Biz genetik informasiya ilə manipulyasiya etməyi bacarsaq, prinsipcə yeni kənd təsərrüfatı yarada bilərik. Məsələn, bu gün bizim hər birimiz təyyarə ilə Bakıya yaxınlaşarkən səhra gördük. Əgər biz prinsipcə yeni bitkilər yaratsaq, bu səhra çiçəklənən yaşıl bağa çevrilə bilərdi. Genetik informasiya həmin bitkilərin quraqlıqda, qızmar istidə çiçəklənməsinə imkan verəcəkdir və s.
Rusiya Federasiyasının Prezident Administrasiyasının rəhbərinin bugünkü çıxışında qeyd edildi ki, klonlaşdırma məsələsi bəşəriyyəti çox narahat edir. Elə ölkələr var ki, klonlaşdırmanı qəbul edir, elə ölkələr də vardır ki, onu qəbul etmir. Biz aclıq problemi, Yer kürəsinin əhalisinin hədsiz artması problemi qarşısındayıq. Bu, bəşəriyyət qarşısında duran yeganə problemdir.
Nəhayət, orqanizmlərin, orqanların yaradılması və gövdə hüceyrələri. Bu onunla bağlıdır ki, biz prinsipcə yeni təbabətlə məşğul ola bilərik. Mən sizi bu barədə fikirləşməyə dəvət edirəm ki, bu, elmi fantastika deyil, bu, dünən görülmüş, bu gün görülən və sabah görüləcək işlərdir. Burada bu problemlər müzakirə ediləcəkdir. Biz nə edə bilərik, nə edə bilmərik?! Siyasətçilər hansı qanunvericilik aktlarını qəbul etməlidirlər?! Lakin bu halda onların növbəti müddətə seçilmək istəmələri deyil, bəşəriyyətə nəyin lazım olması əsas götürülməlidir.
Çoxları deyir ki, bu və ya digər təhdidlər olduqca təhlükəlidir, halbuki bunu demək üçün onların heç bir əsası yoxdur. Eyni zamanda, bunu etməmək çox təhlükəlidir, ona görə ki, Mixail Valentinoviç Kovalçukun dediyi kimi, bəşəriyyət bəzi qaçılmaz hadisələrin qarşısındadır.
“Dəyirmi masa”nın işində bir neçə görkəmli insan iştirak edəcəkdir. İş burasındadır ki, təşkilat komitəsi transgen bitkilərin alınması ilə əlaqədar bütün texnologiyanı yaratmış baron Van Monteqyunu dəvət etmişdir. O, bu salonda, bizim aramızdadır və sabah bu məsələni o müzakirə edəcəkdir. Professor Yanq sekvenləmə – genetik informasiyanın oxunması üzrə dünyada ən iri mərkəz yaratmışdır. Hazırda bu mərkəzin malik olduğu vasitə və imkanlar bütün Amerika Birləşmiş Ştatlarında olan vasitə və imkanlardan çoxdur. İndi Çində ən maraqlı eksperimentlərdən biri bu mərkəzdə aparılır. Nəhayət, demək istəyirəm ki, dünyada ən uğurlu biznes biotexnologiyalarla bağlı biznesdir. Stiv Borrelin başçılıq etdiyi vençur şirkətinin dövriyyəsi bir milyard dollara yaxındır. O, üç və ya dörd ən iri biotexnologiya şirkəti yaratmışdır. Nəhayət, bizim iki görkəmli rus tədqiqatçısı. Onlardan biri akademik Petrov Rusiyada imonologiya elmini yaratmışdır. Bu elm insanın və heyvanların özlərini necə müdafiə etdiklərini başa düşməyə kömək edir. İkincisi, bizim görkəmli kardiocərrah Renat Akçurin. Bu adam Boris Nikolayeviç Yeltsini əməliyyat etmişdir. O, bəzi etik problemlər barədə və kritik vəziyyət yarandıqda cərrahın ölkə prezidentinin həyatı və ölümü barədə qərar qəbul etməsi anında onun keçirdiyi hisslər haqqında bizə məlumat verəcəkdir. Sabah biz “dəyirmi masa” arxasında bu məsələləri müzakirə edəcəyik.
Bizim “dəyirmi masa”nın iştirakçıları çox olacaq – Estoniya Akademiyasının prezidenti, Azərbaycanın bir neçə görkəmli alimi. Buna görə, biz təkcə bioloqları yox, bununla əlaqədar olan və bununla maraqlanan adamları dəvət edirik.
Çox sağ olun.