Forum 2013

VIII. Qloballaşan informasiya məkanında medianın aktual məsələləri

İşçi bölmələr:
  • Yeni texnologiyalar və müasir media
  • KİV və sivilizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsindən qarşılıqlı əlaqələrə və tolerantlığa doğru
  • Ənənəvi jurnalistika və sosial şəbəkələr

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

VIII. Qloballaşan informasiya məkanında medianın aktual məsələləri

Azərbaycan Respublikası 2013-cü il oktyabrın 31-i – noyabrın 1-də çox mühüm bir tədbirə – Üçüncü Bakı Beynəlxalq Humanitar Forumuna uğurla ev sahibliyi etmişdir.

Rəsmi açılış mərasimindən, plenar iclasdan və 8 “dəyirmi masa”dan ibarət olan Forumun işində 70 ölkədən, nüfuzlu beynəlxalq təşkilatlardan nümayəndələr, həmçinin sabiq dövlət başçıları, Nobel mükafatı laureatları, görkəmli elm və siyasət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak etmişlər. Forumun həmsədrləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putindir.

Forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və dərin məzmunlu nitqi tədbirin ictimai-siyasi, elmi-fəlsəfi mahiyyətini daha da artırmışdır. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu sırf humanitar çərçivədən çıxaraq bəşəriyyəti narahat edən məsələlərin bütün spektrlərinin müzakirə edildiyi bir platformaya çevrilmişdir. Forumda humanitar mövzuların geniş coğrafiyasına toxunulmuş, inkişafın müasir mərhələsində bəşəriyyətin üzləşdiyi problemlərin həlli yolları araşdırılmışdır. Bütün bu məsələlər Beynəlxalq Forumun bəyannaməsində geniş əksini tapmışdır.

Beynəlxalq Forumun rəsmi informasiya dəstəyini Azərbaycan tərəfdən AzərTAc, Rusiya tərəfdən İTAR-TASS agentlikləri təmin etmişlər.

Forumun gündəliyindəki “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda “dəyirmi masa” AzərTAc-ın təşkilatçılığı ilə keçirilmişdir.

“Dəyirmi masa”nın gündəliyindəki məsələlərin hər biri ayrıca paneldə müzakirə edilmişdir. Birinci paneldə müasir medianın yeni texnologiyaların tətbiq edilməsi üçün əlverişli zəmin olması məsələləri, ikincidə müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər və sosial qruplar arasında qarşılıqlı anlaşmanın daha da aktuallaşdığı yeni minillikdə insanların bir-birini daha yaxşı tanımaları və başa düşmələri məsələsində, dözümlülüyün möhkəmlənməsində jurnalistikanın rolu, üçüncüdə isə ənənəvi informasiya sənayesi ilə sürətlə inkişaf edən sosial media arasında əlaqələr müzakirə edilmişdir.

“Dəyirmi masa”da dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, nüfuzlu media qurumlarının rəhbərləri, ekspertlər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültələrinin professor-müəllim heyəti, tələbələr iştirak etmişlər.

Birinci panelə Rusiyanın İTAR-TASS Agentliyinin Baş direktorunun birinci müavini – şef redaktor Mixail Qusman moderatorluq etmişdir.

Paneli açan AzərTAc-ın Baş direktoru Aslan Aslanov tədbirin gündəliyinə daxil edilmiş məsələlərin diapazonunun kifayət qədər geniş olduğunu söyləmişdir. A.Aslanov demişdir ki, bizim peşəmizdə yüksək texnologiyaların nailiyyətlərindən geri qalmamaq və gündəlik işimizdə onları vaxtında inteqrasiya etmək çox vacibdir. Texnoloji tərəqqi peşəkar fəaliyyətimizin xarakterinə güclü təsir göstərir. İnternet və yaxın vaxtlara qədər mövcud olmayan sosial şəbəkələr indi artıq gündəlik işimizin ayrılmaz atributuna çevrilmişdir.

İTAR-TASS-ın Baş direktorunun birinci müavini–şef redaktor Mixail Qusman müzakirə olunan mövzunun əhəmiyyətindən danışaraq bildirmişdir ki, XXI əsr mediası keçmişdəki media ilə çox fərqlənir və sosial jurnalistika artıq sosial platforma yaratmaqdadır.

Sonra panel məruzələrlə davam etmişdir. Böyük Britaniyanın “Allting Ltd.” şirkətinin sədri, şair-dramaturq Devid Perri, ABŞ-ın Kolumbiya Universitetinin Yaxın Şərq İnstitutunun dosenti Devid Kemeron Katel, Türkiyənin Anadolu Agentliyinin Baş direktoru və idarə heyətinin sədri Kamal Öztürk, Rumıniyanın AGERPRES Agentliyinin Baş direktoru Aleksandru Giboy, Qazaxıstanın Kazinform Agentliyinin Baş direktoru Dauren Diyarov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev yeni media və müasir çağırışlar, xəbər istehsalı sahəsində modern texnologiyaların tətbiqinin genişləndirilməsi, müasir mərhələdə informativ-kommunikativ texnologiyaların KİV-lərin imkanlarının artmasına təsiri və s. mövzularda məruzələrlə çıxış etmişlər. Məruzələr ətrafında maraqlı diskussiyalar olmuşdur. Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova məruzələrdə söylənən fikirlərə münasibət bildirmişdir.

Kolumbiya Universitetinin Yaxın Şərq İnstitutunun dosenti Devid Kemeron Katelin moderatorluğu ilə keçən ikinci paneldə ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokorun, AzərTAc-ın Baş direktoru Aslan Aslanovun, Argentina Milli Konqresinin Deputatlar Palatasının üzvü Yuliya Argentina Peryenin, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyevin, Moldovanın “Kişinyovski obozrevatel” qəzetinin baş redaktoru, “MLD Media” Araşdırmalar Mərkəzinin direktoru İrina Astaxovanın, Rusiyanın “Rossiya” televiziya kanalının nümayəndəsi Marina Kimin, Bakı Dövlət Universitetinin müəllimi Aynur Kərimovanın, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Yadigar İmamverdiyevin məruzələri dinlənilmişdir.

Çıxışlarda sivilizasiyalararası dialoqun inkişafında, tolerantlığın, müxtəlif xalqlar, dinlər arasında qarşılıqlı anlaşmanın təbliğində kütləvi informasiya vasitələrinin rolundan bəhs edilmişdir. Bildirilmişdir ki, qloballaşma dövründə bəşəriyyətin qarşısında duran təhlükəsizliyə təhdidlərin sayı və miqyası artır. Bu təhdidlərin öhdəsindən gəlmək, ziddiyyətlərin, münaqişələrin qarşısını almaq üçün qlobal səviyyədə daha çox səy göstərmək lazımdır. Buna isə sivilizasiyalar arasında dialoq şəraitində nail olmaq mümkündür. Bildirilmişdir ki, bu məsələlərdə kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür.

“Dialoq tolerantlığın açarıdır. Multikulturalizm dəyərlərinin tətbiq vasitəsi kimi KİV-lərin rolu” mövzusunda məruzə ilə çıxış edən Aslan Aslanov demişdir ki, cəmiyyətdə multikulturalizmin, tolerantlıq ideyalarının, müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər arasında dialoqun təbliğində, fəaliyyət göstərdikləri ölkələrdə tolerant şüurun formalaşmasında, ekstremizmin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və zorakılığın yayılmasının qarşısının alınmasında kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür.

Rumıniyanın AGERPRES Agentliyinin Baş direktoru Aleksandru Giboyun moderatorluğu ilə keçən üçüncü paneldə Ukraynanın “Uryadovı Kuryer” qəzetinin baş redaktoru Sergey Braqa, Estoniyanın “Postimees” qəzetinin redaktoru Siqrid Kiyv, Rusiya Dövlət Sosial Universitetinin Minsk filialının professoru Kiril Şevçenko, Belçikada fəaliyyət göstərən Siyasət məsələləri üzrə Avropa Mərkəzinin analitiki və icraçı inzibatçısı Amanda Paul, Bakı Slavyan Universitetinin müəllimi Səbinə İzzətli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva məruzələrlə çıxış etmişlər.

Məruzələrdə sosial şəbəkələrin müasir cəmiyyətin transformasiyasında rolu və onun dünya miqyasında siyasi proseslərə təsiri, cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilmiş internet və sosial şəbəkə ilə medianın gələcəyinin necə olacağı, informasiya agentliklərinin bu sektorda başlıca rolunu nə dərəcədə qoruyub saxlaya biləcəyi məsələlərinə diqqət yetirilmişdir.

Diskussiyalarla davam edən paneldə multimedia texnologiyalarının müasir dövrdə gündəlik reallıqlarımızdan birinə çevrildiyi bildirilmişdir.

Çıxış edən digər natiqlər Bakı Beynəlxalq Humanitar Forumunun qlobal miqyasda mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycanın humanitar məsələlərlə bağlı bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinin əhəmiyyətini vurğulamış, Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etmişlər.

“Dəyirmi masa” boyu AzərTAc-ın “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində çəkilmiş videomateriallar nümayiş etdirilmişdir.

Forumun Bəyannaməsi “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda “dəyirmi masa”da müzakirə edilmiş və yekdilliklə qəbul olunmuşdur.

Video 1
Video 2