Forum 2014

VII. Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları

İşçi bölmələr:
  • Nüvə texnologiyaları və istilik-nüvə energetikası
  • Transqressiyanın azaldılması üçün nüvə və bərpa olunan enerjilərinin konvergensiyası
  • Radiasiya, nano və bionanotexnologiyaların konvergensiyası

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

VII. Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları

Dəyirmi Masa öz işinə 3 oktyabr 2014-cü ildə saat 10:00-da, «Four Seasons» mehmanxanasının “Rast” zalında başladı. Dəyirmi masanın moderatoru Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru, professor Nazim Məmmədov (Azərbaycan) idi. Açılış sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadə (Azərbaycan) çıxış etdi. O, gələcək əmin-əmanlıq naminə bəşəriyyətin qarşısında duran və təxirə salınmadan öz həllini gözləyən mühüm humanitar problemlərin müzakirəsi baxımından forumun əhəmiyyətini qeyd etdi. Milli Elmlər Akademiyasının prezidenti humanitar problemlərin həlli yolunda elmi nailiyyətlərin böyük rolunun olduğunu bildirərək, qeyd etdi ki, bir çox elmi nailiyyəti həm müasir silahların yaradılmasında, həm də cəmiyyətdə müasir texnologiyaların inkişafı üçün istifadə etmək mümkündür. Bununla əlaqədar, o, bu günkü dəyirmi masanın müzakirəsinə çıxarılan nüvə texnologiyaları barədə qısa məlumatı qonaqların diqqətinə çatdırdı.

Dəyirmi masanın moderatoru, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru, professor Nazim Məmmədov (Azərbaycan) ilk işçi bölmə «Radiasiya, nano və bionanotexnologiyaların  konvergensiyası» mövzusunun müzakirəsinə başlandığını elan etdi və kimya üzrə 1992-ci il Nobel mükafatı laureatı, Kaliforniya Texnoloji İnstitutundan professor Rudolf Markus (ABŞ) ilə Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadəni (Azərbaycan) bu bölmənin birinci hissəsinə rəhbərlik etməyə dəvət etdi.

İlk olaraq, Tokio Kənd Təsərrüfatı və Texnologiyalar Universitetinin professoru Katsuaki Sato (Yaponiya) məruzə ilə çıxış etdi. O, bu yaxınlarda, “Fukusima-1” AES-də baş verən qəza və ondan yaranan fəsadlar barədə məlumatı iştirakçılara təqdim etdi. Prof. Sato qeyd etdi ki, bu qəzadan sonra, gələcəkdə Fukusimaya bənzər qəzaları minimuma endirmək üçün, Yaponiya hökuməti əsas diqqətini bərpa olunan enerji mənbələrindən əldə olunan enerjinin payının artırılması üzərində cəmləşdirməyə qərar vermişdir. Müzakirələr zamanı, o həm də bildirdi ki, şəxsən onun fikrincə, gələcəkdə, ölkələr atom enerjisindən imtina etməlidirlər.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndəsi, Dr. İvan Videnoviç (Avstriya), təşkilat daxilində üzv dövlətlərin atom energetikası sahəsində əməkdaşlığından danışaraq, müxtəlif dövrlərdə bu ölkələrdə atom enerjisi istehsalının necə dəyişməsi barədə məlumatı iştirakçıların nəzərinə çatdırdı. Dr. Videnoviç bildirdi ki, artıq 30 dövlət atom enerjisindən istifadə edir və 60-dan çox ölkə də gələcəkdə bu texnologiyaları əldə etmək arzularını bildiriblər. Onlardan 10-u bu gün istehsalı başlamağa çox yaxındırlar. Hazırda, bütün dünyada 437 atom reaktoru işləyir və bu reaktorlar ümumi əldə olunan enerjinin 11%-ni istehsal edirlər.

Bu çıxışla, «Radiasiya, nano və bionanotexnologiyaların  konvergensiyası» işçi bölməsində müsakirələr başa çatdı və çay fasiləsindən sonra, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadə (Azərbaycan) kimya üzrə 2009-cu il Nobel mükafatı laureatı, Veysman adına İnstitutun professoru Ada Yonat (İsrail) ilə Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyevi (Azərbaycan) dəyirmi masanın «Transqressiyanın azaldılması üçün nüvə və  bərpa olunan enerjilərinin konvergensiyası» adlı bölməsinə rəhbərlik etməyə dəvət etdi. Bu mövzu üzrə ilk çıxışı Geologiya Elmləri İnstitutunun (Polşa) və Radiasiya Problemləri İnstitutunun əməkdaşı (Azərbaycan) Dr. Dinara Abbasova təqdim etdi. O, mədəni irsin öyrənilməsində nüvə texnologiyalarının tətbiqi məsələlərinə toxundu. Dr. Abbasova, arxeoloji və mədəniyyət abidələrinin yaşının təyin edilməsində istifadə edilən müasir avadanlıqlardan geniş məlumat verdi. O, II Ramzesin mumiyasının tədqiqi zamanı alınmış nəticələri təqdim edərək bildirdi ki, 2008-ci ildən, artıq Azərbaycanda da AEBA layihəsi çərçivəsində bu istiqamətdə oxşar tədqiqatlar başlanmış və bu tədqiqatların nəticəsində Azərbaycanın arxeoloji qızıl və gümüş əşyalarının kataloqu hazırlanaraq çap edilmişdir.

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbəri dr. Vüqar Hüseynov (Azərbaycan) növbəti məruzəni təqdim etdi. O, «Azərbaycanda radiasiya və nüvə təhlükəsizliyinə nəzarət sistemi» adlı məruzəsində Azərbaycanda yaradılmış radiasiya və nüvə təhlükəsizliyinə effektiv nəzarət sistemindən söz açdı. Dr. Hüseynov agentliyin öz fəaliyyətini həyata keçirdiyi respublika qanunları və beynəlxalq müqavilələr topluluğu barədə iştirakçıları məlumatlandırdı.

Nahar fasiləsindən sonra, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadə (Azərbaycan) işçi bölmənin «Nüvə texnologiyaları və istilik-nüvə energetikası» və 2004-cü il fizika üzrə Nobel mükafatı laureatı, Kavli Nəzəri Fizika İnstitutunun professoru Devid Qross (ABŞ) və Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru, professor Nazim Məmmədovu (Azərbaycan) bu bölmənin işinə sədrlik etməyə dəvət etdi. Professor Qross sözü «Kvant nöqtələrinin bir-molekullu periodik fluoresensiyasının tədqiqi və boya ilə həssaslaşdırılmış günəş batareyalarının yaradılmasında ilkin addımlar, elektron ötürülməsi və diffuziyaya aid misallar» adlı məruzəni təqdim etmək üçün kimya üzrə 1992-ci il Nobel mükafatı laureatı, Kaliforniya Texnoloji İnstitutundan professor Rudolf Markusa (ABŞ) verdi. Prof. Markus elektron ötürülməsi effekti və bu effektin elmi tədqiqatlarda bir çox aktual problemlərin yaranmasına təsirindən danışdı. O, elektron ötürülməsi və diffuziya proseslərinə əsaslanan və boya ilə həssaslaşdırılmış günəş panellərinin yaradılmasına aid bir çox misalları təqdim etdi. Müzakirələr zamanı, iştirakçılar gələcəkdə bu cür günəş panellərinin yaradılması fikrini yüksək qiymətləndirdilər.

Çay fasiləsindən sonra, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadə (Azərbaycan) 2005-ci il fizika üzrə Nobel mükafatı laureatı, Maks Plank Kvant Optikası İnstitutunun professoru Teodor Henş (Almaniya) və Fövqəladə Hallar nazirinin müavini Dr. Faiq Tağızadəni (Azərbaycan) dəyirmi masanın növbəti iclasına sədrlik etməyə dəvət etdi.

Növbəti məruzəçi olaraq, Milli Nüvə Tədqiqatları Mərkəzinin direktoru, akademik Adil Qəribov (Azərbaycan) çıxış etdi. O, Azərbaycan Respublikasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivlərindən danışdı. Məruzəçi qeyd etdi ki, artıq uzun müddətdir, respublikada nüvə texnologiyaları sahəsində məktəb yaranmış və daim inkişaf etməkdədir. Bu yaxınlarda, Azrbaycan Prezidentinin sərəncamı ilə bu sahədə koordinə olunmuş elmi tədqiqatlarla məşğul olacaq milli mərkəz yaranmışdır. Əsas planlardan biri, nüvə texnologiyaları sahəsində gənc kadrların hazırlanmasıdır.

Son olaraq, Koreya Qabaqcıl Tədqiqatlar İnstitutunun professoru Ceyvan Kim (Cənubi Koreya) özünün «Torium nüvə enerjisinin mənbəyi rolunda» adlı məruzəsini təqdim etdi. Prof. Kim toriumun mənbə kimi digər radioaktiv materiallardan üstün olduğunu bildirdi, belə ki, onun istifadəsində zəncirvari reaksiya baş vermir, onu hərbi məqsədlər üçün istifadə etmək qeyri-mümkündür və onun tullantıları çox azdır. Ona görə də, toriuma əsaslanan istehsal sahəsinin inkişafı üçün elmi-tədqiqat institutlarının beynəlxalq əməkdaşlığına böyük ehtiyac var.

Sonda, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadə (Azərbaycan) 4-cü Hümanitar Forumun bəyannaməsini qəbul etməyi təklif etdi, sonra isə dəyirmi masanın bütün iştirakçılarına məhsuldar iş üçün təşəkkürünü bildirərək dəyirmi masanın işini bağlı elan etdi.

Video 1
Video 2
Video 3
Video 4