Forum 2013

VI. Davamlı inkişaf və ekoloji sivilizasiya

İşçi bölmələr:
  • Davamlı inkişaf naminə beynəlxalq humanitar əməkdaşlıq
  • Etnik bilik və innovativ texnologiyalar davamlı inkişafın amilləri kimi
  • Ekoloji sivilizasiya – davamlı inkişafın məqsədi.

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

VI. Davamlı inkişaf və ekoloji sivilizasiya

“Davamlı inkişaf və ekoloji sivilizasiya” istiqaməti və bu qlobal problemə həsr olunmuş dəyirmi masa III Bakı Beynəlxalq Humanitar Forumunun gündəliyinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə daxil edilib. Dəyirmi masaya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov (Azərbaycan), Nobel mükafatı laureatı, professor Robert Laflin (ABŞ), Yuqoslaviya şahzadəsi Mişel Karageorgeviç və Estoniya Respublikasının sabiq Prezidenti Arnold Rüütel həmsədrlik edirdilər.

Tədbiri giriş sözü ilə açan U. Ələkbərov ilk öncə “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masası iştirakçılarını salamladı. Cənab Ələkbərov giriş sözündə həmçinin III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini vurğulayaraq, Forumun təşkilində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müstəsna dəstəyini qeyd etdi. Natiq dövlət başçısının ayrı-ayrı çıxışlarında dəfələrlə bu istiqamətin gələcəyin prioriteti olduğuna diqqət çəkdiyini və davamlı inkişaf problemlərinin elmi müstəvidə müzakirəsinə önəm verdiyini xatırlatdı.  U. Ələkbərov öz çıxışında ölkədə davamlı inkişaf məsələlərinin həllində Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü – İDEA-nın təsisçisi, Heydər Əliyev Fondunun vitse-Prezidenti xanım Leyla Əliyevanın fəaliyyətini xüsusi qeyd etdi. Daha sonra natiq “Davamlı inkişaf və ekoloji sivilizasiya”ya həsr olunan dəyirmi masada 23 ölkədən 120 nəfərin, o cümlədən görkəmli dövlət adamları, Nobel mükafatı laureatı və müxtəlif sahələr üzrə ekspertlərin iştirak etdiyini nəzərə çatdırdı. Forumda Azərbaycan, Rus və İngilis dilləri işçi dil elan edildi. Cənab Ələkbərov “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasında müzakirələrin əsasən 3 istiqamətdə aparılacağını bildirdi:

  • Davamlı inkişaf naminə  beynəlxalq humanitar əməkdaşlıq;
  • Regional mədəni müxtəliflik və innovativ texnologiyalar davamlı inkişafın amilləri kimi;
  • Ekoloji sivilizasiya – davamlı inkişafın məqsədi.

Akademik Urxan Ələkbərovdan sonra söz alan ABŞ-ın Stanford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Robert Laflin Humanitar Foruma dəvət olunduğuna görə təşkilat komitəsinə minnətdarlığını bildirdi. Ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə və ekoloji sivilizasiyanın çox vacib qlobal məsələlər sırasında olduğunu qeyd edən natiq sadalanan mövzularla bağlı maraqlı fikirlər səsləndirdi. Nobel mukafatı laureatı belə mühüm forumun məhz Azərbaycanda təşkilindən məmnuniyyət duyduğunu və gələcək nəsillər naminə bu cür tədbirlərdən hər kəsin səmərəli istifadə etməsinin önəmli olduğunu qeyd etdi. Azərbaycanda sürətli inkişafa şahid olduğunu vurğulayan alim bildirdi ki, keçən əsr fizika əsri kimi yaddaşlarda qalıb, XXI əsr biologiya əsridir, eyni zamanda biosfera, ekologiya və texnologiya, davamlı inkişaf əsrinin müjdəçisidir. Prof. Laflin bu məsələlərə xüsusi qayğıyla yanaşımanın zəruri olduğuna da toxundu. Alim çıxışında onu da qeyd etdi ki, alternativ enerji mənbələrinin istifadəsi hər zaman bütün tərəflərin maraqlarıyla üst-üstə düşmür. Bu gün dünya iqtisadiyyatının yönləndirilməsində transmilli korporasiyaların nəhəng rol oynadığını vurğulayan alim ekoloji təhlükəsizlik məsələlərinin xüsusi diqqət tələb etdiyini də nəzərə çatdırdı. Forumdakı məruzələrin faydalı olacağını bildirən natiq hər işdə başlanğıç və yekun nöqtələri olduğunu və onlar arasında hədəflərin müəyyən olunması və planlaşdırmanın önəmini vurğuladı. Bir iş, hərəkət varsa, deməli problem də olacaq. Əgər bir problem varsa, deməli onun həlli də var. Ancaq diaqnoz nə qədər erkən qoyularsa, problemlərin yaratdığı fəlakətlərdən bir o qədər tez qaçmaq mümkün olar. Dəyirmi masanın həmsədrləri Yuqoslaviya şahzadəsi Mişel Karageorgeviç və Estoniya Respublikasının sabiq Prezidenti, professor Arnold Rüütel dəyirmi masa iştirakçılarını salamladılar və müzakirə olunan mövzuların dünyanın inkişafı üçün çox əhəmiyyətli olduğunu qeyd etdilər.

Daha sonra “Davamlı inkişaf naminə  beynəlxalq humanitar əməkdaşlıq” istiqaməti üzrə müzakirələrə başlanıldı. Bu müzakirələrin moderatorları Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) fəxri prezidenti, Haaqa Senatının üzvü Rene Van Der Linden,  Siyena Universitetinin rektoru Andjelo Rikkaboni idi.

Rene Van Der Linden söz alaraq ilk növbədə mükəmməl təşkilatçılığa və belə vacib məsələlərin müzakirəsinə görə Forumun təşkilatçılarına dərin minnətdarlığını bildirdi. O, əsasən təbii fəlakətlər və təbii fəlakətlərin insanlara təsirlərindən danışmaq istədiyini vurğuladı. Natiqin fikrincə, davamlı inkişafa yönəlik əsas addımlardan biri fəlakəti erkən aşkar etmək və qarşısını almaq, ikincisi isə tez reaksiya verməkdir. Senator qeyd olunanlarla bağlı müxtəlif ölkələrin üstünlük verdiyi metodikaları analiz etdi. O, bu sahədə qazanılan nailiyyətlər və təcrübə haqqında ətraflı məlumat verdi.

Almaniyanın Mixael Sukkov adına təbiətin mühafizəsi Fondu Şurasının prezidenti, fəxri professor Mixael Sukkov iştirakçılara Azərbaycandakı işi ilə bağlı məlumat çatdırdı. Prof. Sukkov ətraf mühitin idarə edilməsi üzrə Azərbaycanda uğurlu siyasət reallaşdırıldığını qeyd etdi, bu sahədə beynəlxalq əməkdaşlığın vacib olduğunu vurğuladı. Cənab Sukkov öz çıxışında son dönəmdə Azərbaycan və Almaniya arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndiyini və qarşıda yeni nailiyyətlərin əldə ediləcəyini bildirdi. Almaniyalı alim növbətli hədəflər arasında davamlı inkişafın təmin olunması baxımından böyük önəmə malik biosfer qoruqlarının yaradılması imkanlarının nəzərdən keçirildiyini qeyd etdi.

Tədbirdə çıxış edən rusiyalı alim Yuriy Şilov məruzəsində ekoloji sivilizasiya  haqqında  təsəvvürlərimizin qədim Şumer və Misirdən qaynaqlandığını qeyd etdi. O,  eramızdan əvvəl 7-6-cı minilliklərdə formalaşan qədim sivilizasiyanın 1992-ci ildən öyrənildiyinə diqqət çəkdi. Şilov bu sivilizasiyanın  demokratik olduğunu vurğulayaraq onun spesifik cəhətlərini açıqladı. Natiq çıxışında qədim zamanlardan bu günə qədər sivilizasiyalardaki dəyişikliklərə diqqət çəkərək ekoloji sivilizasiyanın deqradasiyasının gələcək nəsillər üçün təhlükə mənbəyi olduğunu vurğuladı. O, bu təhlükəni dəf etmək istiqamətində müəyyən uğurların qazanılması üçün belə forumların təşkilinin vacibliyinə diqqət çəkdi.

İtaliyanın  Siyena Universitetinin rektoru, prof. Andjelo Rikkaboni məruzəsinə bu önəmli Forumun təşkilinə görə Azərbaycan rəhbərliyinə  və təşkilatçılara təşəkkür etməklə başladı. Natiq xatırlatdı ki, bu gün yüz milyonlarla insan yoxsulluq şəraitində yaşayır, onlar hətta təməl təhsil, əsas səhiyyə xidmətlərindən məhrumdurlar. Bununla yanaşı, natiq suların çirklənməsi, ekoloji deqradasiya, duzlaşma, meşələrin məhvi və iqlim dəyişikliklərinin bəşəriyyətin təhlükəli bir dönəmə qədəm basmasının xəbərçiləri olduğunu nəzərə çatdırdı. Prof. Rikkaboni daha BMT-nin 2000-ci il hesabatında yer alan 2015-ci il üçün prioritet hədəfləri sadaladı və inkişaf etməkdə olan ölkələrin davamlı inkişafa xidmət edən bu hədəfləri reallaşdırma imkanlarını analiz etdi. Prof. Riccaboni qlobal problemlərin diplomatik həllindən bəhs etdi və BMT-nin həyata keçirdiyi proqramların, o cümlədən Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun bu tipli problemlərin həlli istiqamətində böyük önəminə diqqət çəkdi.

Rusiya Kimyacılar Komitəsinin sədri, Rusiya Elmlər Akademiyasının məsləhətçisi, akademik Oleq Nefedov beynəlxalq səviyyəli Forumun Bakıda keçirilməsinin ölkə rəhbərliyinin bu məsələyə və dünya problemlərinə həssas yanaşmasının təzahürü olduğunu vurğuladı. Akademik Nefedov həmçinin elmi sahələrdə baş verən inqilabi yeniliklərə, müasir qlobal dünya düzəninə, tüğyan edən böhranlar, iqtisadi qeyri-stabilliyə diqqət çəkdi. Davamlı inkişafın əsasları haqqında məlumat verən natiq  bildirdi ki, bəşəriyyətin  gələcəyi onun ekoloji sivilizasiya mədəniyyəti ilə birbaşa əlaqəlidir. Məruzəçi kimya və biologiya sahələrindəki dəyişikliklərdən davamlı inkişaf naminə necə istifadə ediləcəyi barədə tezislərini səsləndirdi və kompleks faktorları iştirakçıların nəzərinə çatdırdı.

Mövzu ətrafında müzakirələrə qatılan İsrailin Biznes Texnologiyaları və Cəmiyyət Mərkəzinin rəhbəri, professor Ehud Menipaz çıxışını aviasiya sənayesi, nanotexnologiyalar, korporativ davamlılıq, kənd təsərrüfatı və protein istehsalına həsr etdi. Bildirdi ki, XX əsrin kəşfləri XXI əsrdə insanların həyat və həyat tərzinin dəyişməsinə səbəb olub. XXI əsrin mühəndisliyi gələcəyi sürətli şəkildə dəyişmək üçün hal-hazırda texnologiya baxımından dünyaya meydan oxuyur. Cənab Menipaz eyni zamanda resurs iqtisadiyyatı, resurslardan istehsala keçid iqtisadiyyatı, istehsal iqtisadiyyatı, istehsaldan innovasiya iqtisadiyatına keçid, innovasiyalar və informatika iqtisadiyyatının günümüzdəki rolundan və davamlı inkişaf iqtisadiyyatının zəminlərindən bəhs etdi. Bunların həm ölkə hüdudunda, həm də kontinental miqyasda fərqlərini iştirakçıların diqqətinə çatdırdı.

Diskussiyalarda Minilliyin Layihəsinin araşdırmalar üzrə direktoru xanım Elizabet Floresku iştirak etdi. Çıxışının əvvəlində o, Forumun yüksək səviyyədə təşkil edildiyini, hazırki dəyirmi masanın mövzusunun çox aktual olduğunu qeyd etdi və təşkilat komitasinə minnətdarlığını bildirdi. Davamlı inkişaf və ekoloji sivilizasiyanın Minilliyin layihəsində önəmli yer tutduğunu qeyd edən dəyirmi masa iştirakçısı bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkdi. Xanım Floresku Azərbaycanla məhsuldar əməkdaşlığın istiqamətlərindən də danışdı. Məruzəci öz çıxışında Minilliyin məqsədlərinə nail olmaq üçün bu prosesdə bütövlükdə cəmiyyətin, o cümlədən vətəndaş cəmiyyətinin iştirakının əhəmiyyətindən danışdı.

“Davamlı inkişaf naminə beynəlxalq humanitar əməkdaşlıq” bölməsində “Futura 21” İnstitutunun prezidenti cənab Roberto Bonino (İtaliya) çıxış etdi və yeni əsrdə humanitar əməkdaşlığın  davamlı inkişafın  təmin edilməsindəki əhəmiyyətini xüsusi qeyd etdi. Koreya Respublikasında fəaliyyət göstərən Qabaqcıl elm və texnologiyalar institutunun professoru Heekuung Park müasir şəhərsalma və inşaatda davamlı inkişaf naminə ətraf mühitin idarə edilməsi təcrübəsindən və bu sahədə humanitar inkişaf üçün əməkdaşlığın əhəmiyyətindən danışdı.

Daha sonra söz alan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov davamlı inkişafın mədəni aspektlərindən, ekoloji mədəniyyətin formalaşması məsələlərindən danışdı.

Fasilədən sonra dəyirmi masanın sədri Urxan Ələkbərov onun növbəti “Regional mədəni müxtəliflik və innovativ texnologiyalar davamlı inkişafın amilləri kimi” bölməsinin iclasını açıq elan etdi və sözü bölmənin moderatorlarından Plexanov adına Rusiya İqtisad Universitetinin dövlət və ictimai təşkilatlarla əlaqələr üzrə prorektoru, professor Sergey Markova verdi. Sergey Markov qısa salamlamadan sonra bölmənin digər moderatorlarını – Qadınların inkişafı, Sosial Təminatı və Xüsusi Təhsili üzrə Sind Karaçi Hökümətinin əyalət naziri Rubina Saadat Kaimkhani (Pakistan)  və Kolumbiya Universitetinin professoru Con Lourensi (ABŞ) iştirakçılara təqdim etdi.

Sergey Markov çıxışına Nobel mükafatı laureatlarının bir gün əvvəlki məruzələrinə istinadla başladı. Xatırladaq ki, onlardan 5 nəfəri biologiyanın XXI əsrin aparıcı elmlərindən biri olacağını vurğulamışdı. Markov müqayisə üçün bildirdi ki, XX əsrin ən aparıcı elm sahəsi bu gün bizim inkişafımızı müəyyənləşdirən fizika idi, XVIII-XIX əsrlərdə bu statusa kütləvi sənaye cəmiyyətinin yaranmasına impuls verən mexanika sahib çıxmışdı. Bu baxımdan professor Markovun fikrincə, biologiyanın XXI əsrin elmi olmağa şansı var. Çünki biologiya elminin çərçivəsində dünyanı dəyişdirəcək yeni və müasir, davamlı inkişafın məqsədlərinə xidmət edən texnologiyalar yaranıb. Məruzəçi həmin texnologiyalar sayəsində ilk növbədə insanların ömrünün uzanacağını dilə gətirdi. Cənab Markov çıxışında insan ömrünü uzadacaq və dünyanı dəyişəcək müasir texnologiyalar sırasında orqan transplantasiyası, hüceyrədaxili terapiya, qocalmaya qarşı hüceyrələrə təsir texnologiyaları, fərdi terapiya və s. qeyd etdi. Natiq eyni zamanda donor orqanları banklarının təşkili problemlərinə də diqqət yetirdi və bunun sosial, siyasi, iqtisadi sahələrə təsirindən söz açdı.

Pakistanın Qadınların İnkişafı, Sosial Təminatı və Xüsusi Təhsili üzrə Sind Karaçi Hökumətinin əyalət naziri Rubina Səadat Kaimkhaninin məruzəsi qadınların sosial, siyasi, iqtisadi həyatda iştirakına həsr olunmuşdu. O, öz çıxışında dünyada qadınların təhsilinə xüsusi diqqət ayrılmasının vacibliyini vurğuladı. Gender problemlərindən danışan xanım natiq bildirdi ki, dünyanın gələcək inkişafı naminə qadınların bütün hüquqlardan istifadəsinə şərait yaradılması mühim məsələlərdəndir.

ABŞ-ın Kolumbiya Universitetinin professoru Con Lourens məruzəsində  texnogen dünyada ekoloji sivilizasiyanın inkişafına nanotexnologiyaların təsiri məsləsini təhlil etdi. O, həmçinin dünyanın fərqli regionlarında inteqrasiya proseslərinin problemlərindən danışdı. Natiq qeyd etdi ki, dünyadakı inteqrasiya proseslərinə texnoloji transformasiya, rəqabətyönümlü iqtisadiyyatın təsiri böyükdür. Lourens yekunda davamlı inkişaf naminə böyük işlər görülməli olduğuna və çox yüksək səviyyədə təşkil olunmuş Humanitar Forumun bu məqsədə  xidmət etdiyinə də diqqət çəkdi. cheap isabel marant boots

Mövzu ətrafında müzakirələrdə iştirak edən Almaniyanın Dortmunt Texnologiya Universitetinin professoru Dietvald Qruyen öz çıxışına yüksək səviyyədə təşkil olunmuş Foruma dəvət üçün təşəkkürünü bildirərək başladı. O qeyd etdi ki, son zamanlar Azərbaycanla Almaniya arasında texnologiyalar sahəsində əməkdaşlıq mövcuddur və universitetlərarası elmi-praktiki mübadilənin genişləndirilməsi üçün tələbə mübadiləsi vacibdir. Alimin fikrincə, bu, ölkələr arasında elmi əməkdaşlığın inkişafına müsbət təsir göstərə bilər. isabel marant boots sale

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasım öz çıxışında ətraf mühitin iqtisadi, siyasi inkişafının nizamlanması məsələlərindən söz açdı. Xüsusən mədən yanacaqları üçün qlobal subsidiyalar, yaşıl inkişafa qarşı ənənəvi inkisaf məsələləri üzərində çıxışını formalaşdıran Vüsal Qasımlı Azərbaycan – Global Yaşıl dəhliz kimi mövzusunda fikirlərini dəyirmi masa iştirakçıları ilə bölüşdü. Bolqarıstan Memarlar İttifaqının sədri Georgiy Bakalov da diskussiyada iştirak etdi və müzakirə edilən sahədə ölkəsində görülən işlər barədə dəyirmi masa iştirakçılarını məlumatlandırdı.  “Nouvelle Ecole” və “Krizis” jurnalının baş redaktoru cənab Alen de Benua (Fransa) öz çıxışında əhalinin mətbuat vasitəsilə maarifləndirilməsi və davamlı inkişafın perspektivləri haqqında  baxışlarını açıqladı. Diskussiyalara qatılan Mərakeş təmsilçisi Abdeslem el Misbahi ilk növbədə Azərbaycan Respublikasının rəhbərliyinə bu çox aktual və möhtəşəm tədbirin keçirilməsinin təşəbbüskarı və təşkilatçısı kimi təşəkkürünü bildirdi, davamlı inkişafın məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın, xüsusən inkişaf etmiş və imkişafda olan ölkələr arasında informasiya mübadiləsinin əhəmiyyətini xüsusi qeyd etdi. Türkiyə və Orta Şərq Dövlətləri İnstitutunun baş direktoru cənab Eyyub İsbir davamlı inkişaf proseslərinin idarə edilməsində beynəlxalq əməkdaşlığın, o cümlədən hazırki Forumun əhəmiyyətindən danışdı, Azərbaycan Respublikası, onun Prezidenti İlham Əliyevin beynəlxalq humanitar əməkdaşlıq sahəsində təşəbbüslərini çöx yüksək dəyərləndirdiyini bir daha vurğuladı. cheap isabel marant shoes

Fasilədən sonra akademik Urxan Ələkbərov “Ekoloji sivilizasiya – davamlı inkişafın məqsədi” bölməsinin iclasını açdı və sözü bölmənin moderatoru – BMT-nin İnkişaf Proqramının daimi koordinatoru Aleksandr Zuevə verdi.

Aleksandr Zuyev Humanitar Forumun təşkili və bu önəmli problemin gündəmə gətirilməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirdi. Cənab Zuyev Azərbaycanın son illərdə iqtisadi və sosial inkişafının ölkə başçısı cənab İlham Əliyevin böyük əzmi və uğurlu idarəçiliyinə bağlı olduğunu vurğuladı, Azərbaycanın son zamanlar beynəlxalq arenada artan nüfuzunun, regionda aparıcı ölkəyə çevrilməsinin deyilənlərin təsdiqi olduğuna diqqət çəkdi. O, BMT-nin bütün sülhməramlı təşəbbüslərində Azərbaycanın fəal iştirakının olduqca böyük əhəmiyyət daşıdığını vurğuladı. A. Zuyev bildirdi ki bu gün inkişaf etməkdə olan ölkələrdə köklü dəyişikliklər müşahidə olunur. Əlbəttə ki, hər bir ölkə özünü inkişaf etmiş ölkələr  cərgəsində görmək istəyir. Natiqin fikrincə, bunun üçün çox işləmək, ən önəmlisi resurların səmərəli istifadə və idarə edilməsini nəzərə alaraq işləmək lazzımdır. Cənab Zuyev eyni zamanda Birləşmiş Millətlər Təşkilatının qida çatışmazlığı, təhsil və səhiyyə sahələrində xidmət yetərsizliyi olan ölkələrdə bu günə qədər böyük işlər gördüyünü qeyd etdi.

Sonra çıxış üçün söz Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərova verildi. Cənab Ələkbərov  məruzəsinə özündən əvvəl çıxış edənlərə təşəkkürlə başladı. O, ilk növbədə respublikamızda son illərdə davamlı inkişaf, iqtisadi inkişaf və ekologiya sahəsində gerçəkləşdirilən proqram və layihələrə diqqəti yönləndirdi. Natiq Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl idarəçiliyi sayəsində Azərbaycanın qazandığı uğurların gündən-günə artdığını vurğuladı və bu gün Azərbaycanın iqtisadi artım  templərinə görə dünyada analoqu olmayan özünəməxsus bir inkişaf modeli ortaya qoyduğunu bildirdi. Ölkədə davamlı inkişafa yönələn dövlət siyasətinin uğurları və bu nailiyyətlərin BMT, Dünya Bankı, digər beynəlxalq inkişaf təşkilatlarının hesabatlarında qeyd olunması, bəzi hallarda isə dünya üçün innovativ xarakter daşımasının xüsusi vurğulanması deyilənləri bir daha sübut edir. Akademik Ələkbərov qeyd etdi ki, son on ildə ÜDM-in hər bir vahidinin istehsalı üçün enerji sərfiyyatı sürətlə azalıb. Bu isə davamlı inkişaf, yaşıl iqtisadiyyatın, ekoloji sivilizasiyanın ən önəmli göstəricilərindən sayılır və biliyə əsaslanan inkişafın prioritet olmasından xəbər verir. Milli iqtisadi təhlükəsizliklə yanaşı, belə yanaşma qlobal problemlərin həlli üçün də əhəmiyyətlidir. Belə ki, eyni iqtisadi nəticəni əldə etmək üçün enerjinin daha az sərfiyyatı qlobal problem olan iqlim dəyişmələrinin qarşısının alınmasının əsas yollarından biridir. Məruzədə ekoloji sivilizasiya konsepsiyasının XX əsrin 80-ci illərində Azərbaycanda yaranması və istehlak mədəniyyətinin davamlı inkişaf baxımından əhəmiyyəti də xüsusi qeyd edildi.

Növbəti məruzəçi Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Qloballaşma və Dayanıqlı İnkişaf İnstitunun direktoru, professor  Nizami Məmmədov çıxışını üç fəlsəfi sualın üzərində quracağını qeyd edərək  bunların davamlı inkişafla əlaqəli olacağını vurğuladı: Nə üçün insan təbiəti məhv edir? Gözəl gələcəyin qurulması nə dərəcədə mümkündür? Tarixi prosesin həlli nədir: İqtisadiyyat və ya mədəniyyət? Cənab Məmmədov bu 3 sual ətrafında təfərrüatlı təhlillər apardı. Rumıniyanın Beynəlxalq Münasibətlər və İqtisadi Əməkdaşlıq İnstitutun durektoru cənab Anton Karaça bir daha Azərbaycanda humanitar əməkdaşlıq sahəsində əldə edilmiş nailiyyətləri qeyd etdi və bunun gələcəkdə davamlı inkişaf üçün böyük əhəmiyyət daşıdığını vurğuladı.

Rusiya Elmlər Akademiyasının Ekologiya və Təkamül İnstitutunun professoru Valeri Neronov çıxışının əvvəlində Beynəlxalq Humanitar Forum təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi. O, bildirdi ki, Vladimir Vernadski biosferdən neosferə transformasiya prosesində ekoloji sivilizasiya və gələcək inkişafa dair geniş tədiqat aparıb. Onun tədqiqat və işləri bu gün də çox sahədə alimlərə və gənc tədiqatçılara işıq tutmaqdadır. İşin əsas hədəflərini açıqladıqdan sonra cənab Neronov sosial və iqtisadi ölçülər haqqında misallar çəkdi, inkişaf üçün resusların qorunması və idarə edilməsində üzləşilən problemlərin həlli yollarına toxundu. Professor V. Neronov biosfer qoruqlarının davamlı inkişaf üçün əhəmiyyətindən danışdı və bu istiqamətdə əməkdaşlığın zəruri olduğunu xatırlatdı. Türkiyənin Gelişim Universitetinin rektoru, professor Burhan Aykaç müasir dönəmdə təhsilin əhəmiyyətindən danışdı.

Dəyirmi masanın həmsədri professor Robert Laflin yekun nitqində aparılmış müzakirələrin faydalı olduğunu bildirdi və Forumun Bəyannaməsində yer alacağına ümid bəslədiyini qeyd etdi.

Sonda hər üç bölmənin işini yekunlaşdıran akademik  Urxan Ələkbərov məruzə və çıxışların yüksək səviyyədə keçdiyini qeyd edərək iştirakçılara öz təşəkkürünü bildirdi. Urxan Ələkbərov qeyd etdi ki,  bütün iştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban Əliyevaya, Fondun vitse-Prezidenti və hazırki dəyirmi masanın təşəbbüskarı Leyla Əliyevaya, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına öz dərin minnətdarlıqlarını bildirirlər. Cənab Ələkbərov iştirakçılardan Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsinin mətninə münasibətlərini bildirməyi xahiş etdi. Bəyannamə yekdilliklə qəbul edildi. Bununla da “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masası öz işini başa vurdu.

Video 1
Video 2