Forum 2016

V. Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər

  • Müasir tibb elminin çağırışları və tibbi təhsilin problemləri
  • Hazırki mərhələdə molekulyar biologiya, biofizika və biotexnologiyanın innovativ və etik problemləri
  • Müasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemləri

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

V. Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər

30 sentyabr 2016-cı il tarixində V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibdə kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” mövzusuna həsr olunan dəyirmi masada aşağıdakı bölmələr üzrə fikir mübadiləsi aparılıb:

  • Müasir tibb elminin çağırışları və tibbi təhsilin problemləri
  • Hazırki mərhələdə molekulyar biologiya, biofizika və biotexnologiyanın innovativ və etik problemləri
  • Müasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemləri

Dəyirmi masa I.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərəfindən təşkil olunub.

Dəyirmi masanın işində kimya, fiziologiya və tibb üzrə 5 Nobel mükafatı laureatı, 25 alim və ən yaxşı xarici tibb universitetləri və mərkəzlərinin rəhbərləri, elmin müxtəlif sahələrindən mütəxəssislər, Azərbaycanın tibb müəssisələrinin 90 aparıcı alimi və klinistlər və I.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 30 ən yaxşı 2-ci kurs tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə dəyirmi masanın moderatoru – I.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialının rektoru, professor Əziz Əliyev açıb.

Qonaqları salamlayan professor Ə.Əliyev Bakı forumu kimi irimiqyaslı tədbirin təşkilinə görə dəyirmi masanın iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyev cənabları təşəkkürünü bildirib. Həmçinin, I.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialının təşəbbüskarı – Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevaya təşəkkür bildirilib.

Mövzunun aktuallığını vurğulayan professor Ə.Əliyev dəyirmi masada Nobel mükafatı laureatlarının, müxtəlif xarici universitetlərdən və mərkəzlərdən alimlərin və klinistlərin iştirakının dəyirmi masanın hər üç istiqaməti üzrə məsələlərin ətraflı müzakirəsinə kömək edəcəyini qeyd edib.

Daha sonra söz I.M.Seçenov adına Birinci MDTU-nun İctimai Əlaqələr və Tərbiyə işi üzrə prorektoru, RTEA-nın müxbir üzvü, professor Ivan Mixayloviç Çijə verilib. O, dəyirmi masanın iştirakçılarına I.M.Seçenov adına Birinci MDTU-nun rektoru, RTEA-nın müxbir üzvü, professor Pyotr Vitalyeviç Qlıboçkonu təbrikini çatdırıb. Təbrikdə forumun gündəliyinin ilbəil daha da çoxşaxəli, dolğun və aktual olduğu, lakin bir şeyin dəyişmədiyi – Forumun elm, təhsil, tibb, mədəniyyət və incəsənət sahəsində məhsuldar əməkdaşlığın dərinləşməsinə çalışan ölkələri və insanları birləşdirməsi vurğulanıb.

“Müasir tibb elminin çağırışları və tibbi təhsilin problemləri” adlı birinci sessiyada kimya üzrə Nobel mükafatı laureatı, professor Arye Varşel çıxış edərək, müxtəlif xəstəliklərlə mübarizədə kompüter modelləşdirməsinin və biofiziki analizin istifadəsi haqqında danışıb. Daha sonra məruzələrlə İllinoys universitetinin oftalmologiya və vizual elmlər kafedrasının rəhbəri Mark Rozenblatt (Çikaqo, ABŞ), “Proton Partners International” şirkətinin tibb məsələləri üzrə direktoru və yaradıcısı, Bukingem universitetinin tibb kafedrasının dekanı, doktor Sikora Karol Edvard (London, Böyük Britaniya), həmçinin Hindistanın Tibbi şurasının üzvü cənab Müzəffər Əhməd çıxış ediblər.

“Hazırki mərhələdə molekulyar biologiya, biofizika və biotexnologiyanın innovativ və etik problemləri” adlandırılan növbəti işçi sessiyada kimya üzrə Nobel mükafatı laureatı, professor Avram Herşko, Texnion – İsrail texnologiya institutunun Rappoport tibb fakültəsi (Hayfa, İsrail) orqanizmimizdə proteinlərin rolu mövzusu ilə çıxış edib, kimya üzrə Nobel mükafatı laureatı, Vaytsman institutunun professoru, Kimmelman adına Biomolekulyar strukturların tədqiqatı mərkəzinin direktoru  Ada Etil Yonat isə öz məruzəsində müasir tibb sahəsindəki əsas problemlərdən, ekoloji aspektlərdən və mikrobiomadan danışıb.

Sessiyanı immunlaşdırmanın rolu haqqında məruzə ilə fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, əməkdar professor Rolf Martin Tsinkernagel davam etdirib. O, tibdə kəskin yoluxucu xəstəliklərə qarşı təsirli vaksinlərin nə üçün işlənib hazırlandığını və uğurla istifadə olunduğunu, lakin eyni zamanda xroniki xəstəliklərə, QİÇS, vərəm və ya onkoloji xəstəliklərə qarşı vaksinlərin hələ də işlənib hazırlanmadığını izah edib. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edib. O, molekulyar biologiya və biotexnologiyada bioetika məsələsinə toxunub. 1999-cu ildə Azərbaycanda UNESCO yanında Milli bioetika, elm və texnologiyanın etikası komitəsinin yaradıldığı qeyd olunub. Növbəti məruzəçi – Texas Universiteti yanında M.D.Anderson adına Onkologiya mərkəzinin süd vəzinin onkologiyası üzrə professoru Banu Arun mərkəzdə aparılan və xəstəlikləri, o cümlədən xərçəng xəstəliyini genetik səviyyədə aşkar etməyə imkan verən tədqiqatlardan, habelə bununla bağlı etik problemlərdən: tədqiqatların nəticələrindən və bu tədqiqatların şəxsə və onun ailə üzvlərinə təsirindən danışıb. Məlumatların və qloballaşmanın birgə istifadə olunduğu dövrdə məlumatların məxfiliyinin ən vacib etik aspektlərdən biri olduğu qeyd edilib.

“Müasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemləri” adlı üçüncü sessiyada kimya üzrə Nobel mükafatı laureatı, professor Aaron Çexanover, Texnionun İnteqrativ onkologiya mərkəzi, Texnion – İsrail texnologiya institutunun tibb fakültəsi (Hayfa, İsrail), əsas ixtiralar, elmi ideyalar və onların təcrübədə tətbiqi arasında “körpü”nün yaradılması imkanından danışıb.  Veyl Kornel Tibb kollecinin səhiyyə sahəsində Qlobal təhsil şöbəsinin direktoru, professor Finkel Madelon Lyubin (Nyu-York, ABŞ), universitetin işi, birgə layihələrin və kliniki tədqiqatların keçirilməsi zamanı xəstəliklərin müalicəsi və erkən diaqnostikasında nailiyyətlər haqqında təqdimatla çıxış edib. Professor Finkelin dediyi kimi: mikroblar üçün dövlət sərhədi mövcud deyil. M.D.Anderson adına Texas Onkologiya Mərkəzinin Qlobal akademik proqramlar layihəsinin rəhbəri Frensis Karen Virciniya müasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi sahəsində mövcud olan problemlərdən danışıb. Bu sessiyada həmçinin “Operations CIS PRA Health Sciences”in icraçı direktoru cənab Arsen Kubatayevin və tibb elmləri doktoru, Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Milli elmi-tədqiqat kardiologiya institutunun keçmiş rəhbəri əməkdar professor Helfqat Yevgeni Borisoviçin məruzələri dinlənilib. Onlar tibbin müxtəlif sahələri, tibbi təhsil, xəstəliklərin profilaktikası üzrə beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edib.

Dəyirmi masanı yekunlaşdıraraq, professor Əziz Əliyev tədbirdə tibbin son dərəcə dəyərli və aktual məsələlərinin müzakirə edildiyini, dünya tibbinin uğurları barədə ətraflı məlumatın təqdim olunduğunu qeyd edib. I.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialının rektoru aparılan təcrübə mübadiləsinə görə tanınmış alimlərə minnətdarlığını bildirib və dəyirmi masada aparılan müzakirələrin öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb.

Sonda dəyirmi masanın iştirakçıları V Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsini qəbul ediblər.