Forum 2014

V. Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında

İşçi bölmələr:
  • Orientalizm və “postorientalizm”: elmi tədqiqatların yeni problematikası
  • Şərq – Qərb dialoqu: qloballaşma şəraitində Şərqin mənəvi-mədəni həyatının transformasiyaları və yeni paradiqmalar
  • Yeni sosio-mədəni meyllər və postsovet məkanında identiklik axtarışı

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

V. Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında

2014-cü il oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında V Dəyirmi Masanın iclası keçirildi. Masaya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik edirdi.

Dəyirmi Masada Bakı Humanitar Forumunda ilk dəfə olaraq yeni bölmə kimi “Qloballaşmanın çağırışları: ənənə ilə transformasiya arasında” problemi müzakirəyə çıxarılmışdır.

Dəyirmi Masanın iclasında 150-dən artıq iştirakçı var idi ki, onlardan 100 nəfərə qədərini xarici qonaqlar təşkil edirdi.

Dəyirmi Masada Azərbaycanla yanaşı, ABŞ, Rusiya Federasiyası, Türkiyə, Misir, İtaliya, Almaniya, Özbəkistan, Malta, Bolqarıstan, Serbiya, Tatarıstan, Macarıstan, Tacikistandan gələn alimlər və ictimai-siyasi xadimlər məruzələrlə çıxış etmişlər. Proqram üzrə 24 məruzə dinlənildi ki, onlardan 17-si xarici alimlər tərəfindən səsləndirildi.

Akademik İsa Həbibbəyli Dəyirmi Masanı açıq elan edərək giriş sözü söyləyib. Bütövlükdə Bakı Beynəlxalq Humanitar Forumlarını müstəqil Azərbaycan Respublikasının dünya ilə uğurlu dialoqu adlandıran akademik bu dialoqun ildən-ilə daha da genişləndiyini və Azərbaycanın dünya birliyində daha möhkəm mövqe tutduğunu qeyd edib bildirmişdir ki, beynəlxalq səviyyəli bu böyük humanitar siyasi-elmi məclisdə müxtəlif ölkələrdən olan görkəmli şəxsiyyətlər, Nobel mükafatçıları, keçmiş dövlət başçıları, alimlər, ictimai-siyasi xadimlər, görkəmli ziyalılar qlobal xarakterli problemlər barədə fikir mübadiləsi aparır, bəşəriyyəti düşündürən, həlli çətin və mürəkkəb olan vəziyyətlərdən çıxış yolu axtarırlar. Qarşılıqlı dialoq nəticəsində əməkdaşlıq etməklə bəşəriyyətin, eyni zamanda ayrı-ayrı xalqların gələcəyini qurmağın daha səmərəli olduğu ön mövqeyə çəkilmişdir.

Konkret olaraq, V Dəyirmi Masanın qarşısında duran problemlərə toxunan akademik İsa Həbibbəyli, bu mövzunun Bakı Forumu üçün yeni və kifayət qədər aktual olduğunu qeyd edib. Qloballaşmanın həm müsbət, həm də çətin və məsuliyyətli tərəflərini xarakterizə edən akademik, müsbət cəhətləri inkişaf etdirməklə yanaşı, köklü milli ənənələrin və mənəvi dəyərlərin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi zərurətinə də diqqət yetirmişdir. Bu baxımdan nə transformasiyaya üstünlük verib, ənənədən uzaqlaşmağın, nə də ənənəyə qapılaraq zamanın irəli sürdüyü dəyişikliklərə qarşı çıxmağın hər hansı bir xalqa və dövlətə fayda gətirməyəcəyi qeyd olunmuşdur.

Müstəqil Azərbaycan dövlətinin son illərdəki böyük uğurlarından söz açan İsa Həbibbəyli, bu sahədə də ölkəmizin beynəlxalq birlik üçün örnək ola biləcəyini nəzərə çarpdırmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük proqramlar və əldə olunan mühüm nəticələr haqqında Dəyirmi Masa iştirakçılarına geniş məlumat verilmişdir.

“Oriyentalizm və “postoriyentalizm”: elmi tədqiqatların yeni problematikası” adlanan I Panelə akademik İsa Həbibbəyli, Nobel Mükafatçısı, ABŞ-ın Massaçuset Texnologiya İnstitutunun professoru Peter Artur Daymond və UNESCO-nun İcra Şurasının sədri, Misirdən gəlmiş Məhəmməd Sami Əmir sədrlik edirdilər.

İlk sözü Nobel Mükafatçısı, iqtisadçı alim Peter Artur Daymond alaraq, qloballaşmanın çağırışlarına münasibətini daha çox iqtisadi təhlükəsizlik baxımından açıqladı. İqtisadi inkişafa nail olmadan hər hansı bir humanitar inkişafdan danışmağın əsassız olduğunu vurğulayan görkəmli alim, qloballaşma zamanı qarşıya çıxan problemlərin həlli üçün qarşılıqlı əməkdaşlığın və dialoqun vacibliyindən danışdı.

Ümumilikdə I Paneldə İtaliyadan, Rusiyadan, Özbəkistandan, Türkiyədən və Maltadan gəlmiş doqquz alimin məruzəsi dinlənilmişdir.

İtaliyalı alim Alessandro Politi “Beynəlxalq siyasətdə təmayüllər və uzunmüddətli ssenarilər” adlı məruzəsində beynəlxalq siyasətin bugünkü durumunu, Yaxın Şərqdəki arzuedilməz vəziyyətin beynəlxalq gücləri narahat etdiyini vurğulayaraq, vəziyyətdən çıxış yolu kimi sülh naminə əməkdaşlıqdan söz açmışdır. Rusiyalı İrina Popova klassik şərqşünaslığın XXI əsrdəki statusundan, Rusiyada bu sahədə hansı perspektivlərin müəyyənləşməsindən bəhs etmişdir. Rusiya klassik şərqşünaslığının formalaşmasında xarici alimlərin rolunu vurğulayan İ.Popovaya Azərbaycandan professor İmamverdi Həmidov Rusiyada şərqşünaslığın patriarxlarından biri olan böyük azərbaycanlı alim Mirzə Kazım bəyin adının çəkilmədiyini irad kimi nəzərə çarpdırdı. İ.Popova bunu vaxtın azlığı ilə izah etməyə çalışdı. Özbəkistandan gəlmiş Bəxtiyar Babacanov “Sovet və postsovet oriyentalizminin akademik və ideoloji konnotasiyaları” mövzusundakı məruzəsində oriyentalizmin formalaşdırılmasında siyasi amillərin rolundan danışdı. Türkiyəli alim Mehmet Kalpaklı qoyulan mövzu ilə bağlı Türkiyə Cümhuriyyəti üçün aktuallıq kəsb edən problemlərə toxundu, Azərbaycan kimi, Asiya ilə Avropa arasında körpü rolunu oynayan bu ölkədə qloballaşma ilə ənənənin harmoniyasını qoruyub saxlamağın vacibliyindən bəhs etdi.

AMEA-nın müxbir üzvü Şahin Mustafayev “Tarixi arxetiplər və kimlik arayışları” adlı məruzəsində daha çox Orta Asiya xalqlarının bu yöndə sərgilədiyi fəaliyyətə toxundu, müəyyən ümumiləşdirmələr apardı. Qloballaşma və ənənə baxımından Malta kimi maraqlı bir ölkədən gəlmiş Henri Frendo məsələyə başqa bir yöndən işıq salaraq Avropada, Şimali Afrikada və Orta Şərqdə sülh və azadlıq çağırışlarından, bu kimi anlayışlara fərqli regionlarda fərqli yanaşma tərzinin mövcud olduğundan söz açıb, ziddiyyətlərin aradan qaldırılması, müxtəlif sivilizasiyalara mənsub olan xalqların anlaşması yollarını təqdim etməyə çalışmışdır.

İtaliyalı alim Benedetto Della Vedovanın məruzəsi də maraqla dinləndi. Alim qloballaşmaya fərqli elmi yanaşma nümayiş etdirərək, onu yekcinsliyə deyil, plüralizmə aparan bir proses kimi qiymətləndirdi. Professor Mehdi Kazımov müasir mərhələdə nizamişünaslıq elminin qarşısında duran vəzifələri və ağrılı problemləri diqqət mərkəzinə çəkmişdir. Ardınca italiyalı alim Fernando Orlandi Azərbaycanda dil quruculuğu sahəsində biliklərini nümayiş etdirdi. Əlbəttə, əcnəbi tədqiqatçının bu məsələyə münasibəti maraq doğurdu.

Fasilədən sonra Dəyirmi Masanın “Şərq-Qərb dialoqu: qloballaşma şəraitində Şərqin mənəvi-mədəni həyatının transformasiyaları və yeni paradiqmalar” mövzusunda II Paneli öz işinə başladı. Bu iclasa akademik İsa Həbibbəyli, Bolqarıstanın Rusiya və MDB ölkələri ilə Dostluq Federasiyasının sədri Zaxari Zaxariyev və AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli sədrlik edirdilər.

İtaliyalı alim Alessandro Vitale “Qloballaşma, beynəlxalq parçalanma, birgəyaşayış və müharibə transformasiyası” kimi maraqlı və bəşəri yönümdən ağrılı bir məruzə ilə çıxış etdi. O, hazırda dünyanı narahat edən lokal münaqişələrin daha çox dünya güclərinin ikili standartlar tətbiq etməsi ilə əlaqələndirdi və aradan qaldırılması zəruri olan qlobal bir problem kimi nəzərə çatdırdı. Sonrakı məruzələrdə də mövzu ətrafında düşüncələr Şərqin Qərbə transformasiyası və inteqrasiya proseslərinin özünəməxsusluqları kontekstində davam etdirildi. Serbiyalı Predraq Simiç “Beynəlxalq siyasət, qloballaşma və böhran”, Teymur Kərimli “”Orta əsrlərdə Şərq-Qərb dialoqunun spesifikası və müasirlik”, Özbəkistanlı Əziz Tatıbayev “Şərq-Qərb diskurslarının dixotomoyası: köhnə və yeni paradiqmalar”, Türkiyəli Hikmət Koçak “Qloballaşma şəraitində ənənə və transformasiya arasında”, Tatarıstandan Albert Burxanov “Amudərya-Sırdərya və Volqa-Ural regionları Avrasiya mədəniyyətləri və sivilizasiyaları sistemində (qədim dövrdə və orta əsrlərdə təmas zonaları və tarixi-mədəni əlaqələr probleminə dair)”, professor İmamverdi Həmidov “Oriyentalistika və Qloballaşma şəraitində Şərq ədəbiyyatının mənəvi-əxlaqi dəyərlərinin rolu haqqında (Nizami Gəncəvinin əsərləri əsasında)” adlı məruzələrində problemin müxtəlif yönlərinə işıq saldılar.

V Dəyirmi Masanın III Paneli “Yeni sosio-mədəni meyillər və postsovet məkanında identiklik axtarışları” probleminə həsr olunmuşdur. İclasa BMT-nin Baş Assambleyasının sabiq sədri, serbiyalı Vuk Yeremiç, Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun sektor müdiri Aleksey Kara-Murza və AMEA-nın müxbir üzvü, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva sədrlik edirdilər.

İlkin olaraq çıxış edən macarıstanlı alim İştvan Zimoninin türklərin kimliyinin tarixi baxımdan araşdırılmasına, xüsusi halda, macarlarla əlaqəsinə həsr edilmiş məruzəsi maraqla qarşılandı.

Tələbəlik dövründən Azərbaycanla bağlı olan və əlaqələrini davam etdirən almaniyalı professor Yeva-Mariya Auxun “Qafqaz Avropada, yoxsa Avropa Qafqazda? Mürəkkəb və çoxvektorlu qarşlıqlı münasibətlər haqqında” məruzəsi problemə orijinal yanaşma tərzi ilə diqqəti cəlb etmişdir.

“Modernləşmə prosesində Şərq və Qərb sivilazisayalararası dialoqunun rolu” adlı məruzəsində AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Azərbaycan nümunəsində problemin uğurlu həllindən və bu baxımdan ölkəmizin başqa regionlara da örnək ola biləcəyindən danışdı. Tacikistanlı Lola Dodxudoyeva “Sekulyar və dini mədəniyyətlərin dialoqu müasir dövrün çağırışlarının həllinin işlək mexanizmi kimi” mövzusunda məruzəsində öz ölkəsinin təcrübəsi əsasında bu aktual problemin səmərəli yöndə həll edildiyini vurğuladı.

AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Qafqaz xalqlarının identiklik axtarışlarını onların milli dövlətçilik rəmzləri və heraldikası kontekstində nəzərdən keçirdi. AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə “Müasir oriyentalistikanın islam dünyasının tarixinə yeni baxışı” adlı məruzəsində tarixə qısa ekskurs etməklə, müasir dövrdə şərqşünaslığın araşdırma yönlərini dəyişdirmək zəruriliyindən söz açdı.

Sonra məruzələr ətrafında diskussiyalar başlandı, məruzəçilərə suallar verildi. Diskussiyalarda Türkiyənin Ortadoğu Texniki Universitetindən Hüseyn Bağcı, Yeva-Mariya Aux, Gövhər Baxşəliyeva, Aleksey Kara-Murza və başqaları iştirak etdilər. Əsas problemlərdən biri kimi fikir mübadiləsinə səbəb olan qadın azadlığının Azərbaycan modeli bütün dünyaya örnək kimi təqdim olundu. Aleksey Kara-Murzanın öz türk soyu haqqında verdiyi məlumat və rus şairi Karamzinin də bu nəsildən olması haqqında mülahizələr maraqla qarşılandı.

Dəyirmi Masanın rəhbəri akademik İsa Həbibbəyli iclasa yekun vurdu. O, Masanın işini yüksək qiymətləndirərək, qarşıya qoyulan problemin dərindən, geniş və əhatəli müzakirə olunduğunu, əhəmiyyətli təkliflərin irəli sürüldüyünü qeyd etdi. Göstərildi ki, qloballaşmaya münasibət heç də birmənalı olmadı, qarşıda duran problemlər açıqlandı və onların həlli yollarına dair ideyalar səsləndirildi. Qloballaşmanın davam edən bir proses olduğunu göstərən akademik İsa Həbibbəyli bu yeni problemin müzakirəsi üçün Dəyirmi Masanın yaxşı başlanğıc olduğunu nəzərə çatdırdı.

Bütövlükdə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsini Azərbaycan dövlətinin, ölkə ictimai-siyasi və elmi ictimaiyyətinin böyük uğuru kimi qiymətləndirən akademik İsa Həbibbəyli, obrazlı şəkildə bu hadisəni Azərbaycanın dünya birliyinə açarı adlandırmışdır. Qloballaşma dövründə ikili standartların yolverilməzliyi, qloballaşmanın ayıran deyil, birləşdirən proses olmalı olduğu bir daha vurğulanmışdır, qloballaşma prosesində ölkələrin reallıqlarının nəzərə alınmasının zəruriliyi əsaslandırılmışdır.

Sonda IV Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi yekdlliklə qəbul edildi.

V Dəyirmi Masanın iştirakçıları Forumdan yüksək təəssüratla ayrıldılar. Onlardan gələn razılıq və təşəkkür məktubları bunu bir daha sübut edir. Xüsusi halda, Hindistanlı alimlər öz ürək sözlərini AMEA Humanitar və İctimai Elmlər Bölməsinin elektron ünvanına göndərmişlər. Onlar Forumun yüksək səviyyədə təşkil edilməsindən, AMEA-nın bu prosesdəki rolundan razılıq bildirir və Azərbaycanın dünya birliyindəki yerinə, dünya siyasətindəki iştirakına böyük önəm verirlər.

Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycan Respublikasının tarixinə beynəlxalq miqyaslı ictimai-siyasi hadisə kimi daxil olmuşdur. Forumun materialları elmi və siyasi baxımdan mötəbər mənbəyə çevrilə biləcək, inkişafa müsbət təsir göstərəcəkdir.

Video 1
Video 2
Video 3