Forum 2014

Forumda aşağıdakı istiqamətlər üzrə “dəyirmi masa”lar təşkil olunmuşdur:

  • Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru;
  • Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri;
  • İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu;
  • Davamlı inkişaf və ekoloji sivilizasiya;
  • Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında;
  • Humanizm postmodern dövrün başlıca dəyəri kimi;
  • Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər;
  • Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları.

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

Rusİya Federasİyasi Federal Məclİsİnİn Federasİya Şurasinin sədrİ xanim Valentİna Matvİyenkonun çixişi

Hörmətli xanımlar və cənablar!

Şübhə yoxdur ki, Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü və himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzu ilbəil artır. Onu qeyri-rəsmi şəkildə intellektual Davos adlandırırlar. Mənim fikrimcə, xüsusən indiki beynəlxalq şəraitdə, humanitar forumun əhəmiyyəti iri və mühüm beynəlxalq iqtisadi forumların əhəmiyyətindən heç də az deyil. Bu, qanunauyğun nəticədir və Forumun həqiqətən humanist, birləşdirici xarakterini və onun iştirakçılarının elm, təhsil, mədəniyyət və incəsənət sahələrində sıx qarşılıqlı əlaqələri dərinləşdirməyə yekdilliklə cəhd göstərməsini əks etdirir.

Qeyd etmək lazımdır ki, hələ antik dövrdə yaranmış humanizm bizim dövrdə də baza dəyəri olaraq qalır. Bu, insan ləyaqətini təsdiqləmək, mənəvi dəyərləri həm gündəlik həyatda, həm də siyasətdə təsbit etmək istəyidir. İnsan bütün dəyərlərin meyarıdır. Qədim yunan filosofu Protaqorun bu klassik formulu bütün dövrlərdə aktual olub və aktual olaraq qalır. İntibah dövründən başlayaraq humanizm böyük yaradıcı şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ayrılmaz keyfiyyətidir.

Françesko Petrarka deyirdi: “Həqiqətən nəcib insan dünyaya gələndə böyük qəlbli olmur, o, öz əməlləri ilə özünü ucaldır”.

Bununla bərabər, humanizm əqidəsi təkcə antik dövrün, İntibah dövrünün və sonrakı dövrlərin dahilərinin əsərlərinin yekunu deyil, həm də müxtəlif mədəniyyətlərə və müxtəlif dinlərə mənsub olan sadə insanların neçə-neçə nəslinin həyat təcrübəsidir.

Bəzən bizim dövrü postmodern dövrü adlandırır və deyirlər ki, humanizm başqalaşır, o cümlədən hər bir insanın şəxsi ləyaqətinin təsdiqlənməsinə və ucaldılmasına yönəlir. Mən bu yanaşmanı təkzib etmirəm, lakin fikrimcə, bizim ümumi vəzifəmiz ondan ibarətdir ki, qloballaşma əsrində humanizmin super-müasir forması ardınca yarışda, necə deyərlər, çirkli su ilə birlikdə uşağı da tullamayaq və məsələn, xalqların ənənəvi dəyərlərini qurban verməyək.

Humanizmin baza xarakterli, fundamental dəyərlərini qoruyub saxlamaq və artırmaq, ona dövrümüzün çağırışlarına uyğun forma vermək lazımdır. Müasir humanizm, ilk növbədə, özünün sosialyönümlü olması ilə fərqlənir. Onun məzmunu insanın əsas problemlərinin həlli, fiziki və mənəvi imkanlarının reallaşması ilə ayrılmaz surətdə bağlıdır. Belə humanizm sosial ədalətə can atan cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirir.

Bununla bərabər, humanizm ideyalarının adi sosiumun həyatına tətbiq edilməsi heç də həmişə ardıcıl olaraq yüksələn xətt üzrə cərəyan etməyən mürəkkəb prosesdir. Tarix göstərir ki, müxtəlif dövrlərdə və müxtəlif şəraitdə formaları və miqyasları fərqli olan, humanistləşmənin əksi olan prosesin fəsadları güclənib. Buna səbəb əlverişsiz sosial şərait, böhranlı vəziyyətlər, nəinki tarixin gedişinə təsir göstərməyə, hətta onu özünə tabe etməyə çalışan bu və ya digər hakim dairələrin ambisiyalı iddiaları olub və indi də belədir. Bir qayda olaraq bu, mənəvi və əxlaqi oriyentirlərin itirilməsinə, cəmiyyətin marginallaşmasına və digər dağıdıcı proseslərə gətirib çıxarır. Hazırda planetin müxtəlif regionlarında baş verən hadisələr bunun həqiqiliyinə bizi bir daha inandırır.

Digər tərəfdən, tamamilə aşkardır ki, harada humanizm hökm sürürsə, orada həmrəylik və qarşılıqlı anlaşma, sülh və firavanlıq bərqərar olur, orada münaqişələrə və müharibələrə yer yoxdur. Bu baxımdan, Xəzəryanı dövlətlərin üç gün bundan əvvəl Həştərxanda keçirilmiş Sammiti ən təzə və inandırıcı nümunədir. Sammitdə Xəzəryanı beş ölkənin rəhbərləri çoxillik mürəkkəb danışıqlardan sonra sülh, qarşılıqlı etimad, bir-birinin maraqlarının nəzərə alınması ideallarına güvənərək Xəzərdə əməkdaşlığın əsas məsələləri barədə razılığa gəldilər.

Sammitdə beş sənəd imzalandı, onlardan ən mühümü dənizdə fəaliyyətin əsas prinsiplərinin, o cümlədən akvatoriyanın delimitasiyası, habelə regiona aid olmayan dövlətlərin silahlı qüvvələrinin Xəzərdə olmasına yol verilməməsi haqda əsasnamənin təsbit edildiyi siyasi bəyanatdır. Nəticədə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın artıq gələn il imzalanmasına birbaşa yol açılır.

Sammit iştirakçılarının yekdil rəyinə görə bu, həqiqətən böyük irəliləyişdir və bu, regiondakı sabit və münaqişəsiz şərait, etimad və qarşılıqlı anlaşma səviyyəsinin yüksək olması sayəsində mümkün olub. Bütün bunlar çox çətin məsələləri konsensus yolu ilə həll etməyə imkan verib. Deyərdim ki, bu, fəaliyyətdə olan humanizmdir, çünki əldə edilmiş razılaşma xalqların amallarına və ümidlərinə cavab verir.

Hörmətli Forum iştirakçıları, humanist dəyərlər və ideallar uzun əsrlər boyu qarşısıalınmaz qüvvə kəsb edib. Onlar xalqların həyatının ayrılmaz hissəsinə çevrilib və beynəlxalq münasibətlərə üzvi şəkildə daxil olub. Beynəlxalq məkanda onların həyata keçirilməsi vasitələri keyfiyyətcə genişlənib. BMT-nin və UNESCO-nun xoşməramlı səfirləri, qaçqınların müdafiəsi, insan hüquqlarının təmin edilməsi üzrə və digər nüfuzlu təsisatlar – bütün bunlar bizim dövrümüzdə yaranıb və ictimai inkişafın əsas vektorlarından biri olan humanizmin inkişafının daxili məntiqindən irəli gəlib. Əlamətdar haldır ki, bütün dünyada tanınmış neçə-neçə elm, mədəniyyət, təhsil və incəsənət xadimi bu cür humanizm səfirləridir.

Mən bunu əsas götürərək bugünkü Forumun başlıca vəzifəsini real humanizmin dəyərlərinin praktiki təcəssümü kimi humanitar əməkdaşlığın yeni imkanlarının müzakirə edilməsində görürəm. Hesab edirəm ki, Forumun iştirakçıları olan görkəmli alimlər də bu sahədə müasir vəziyyətin xüsusiyyətlərini hərtərəfli müzakirə edəcəklər. Ümumiyyətlə, Forum nümayəndələrinin bu cür yüksək səviyyəsi, əlbəttə, onun uğurunun rəhnidir.

Rusiya-Azərbaycan əlaqələri qədim və geniş humanitar qarşılıqlı fəaliyyətin parlaq nümunəsidir. Bu əməkdaşlıq artıq bu gün möhkəm qanunverici əsasa da malikdir. Onun dinamik inkişafının əsas amili Rusiya və Azərbaycan rəhbərlərinin dialoqudur.

Dövlətlərimizin prezidentləri ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə şəxsən xüsusi töhfə veriblər.

Belə ki, keçən ilin avqustunda Vladimir Vladimiroviç Putinin Bakıya səfəri zamanı Rusiya ilə Azərbaycan arasında humanitar sahədə Əməkdaşlıq Proqramı imzalanıb. Rusiya Federasiyasının Federal Məclisi ilə Azərbaycan Respublikasını Milli Məclisi arasında ənənəvi dostluq əlaqələri yaranıb. 2003-cü ildən bəri – 10 ildən çoxdur ki, birgə parlamentlərarası komissiya fəaliyyət göstərir. Bu komissiya humanitar sahədə müqavilə-hüquqi bazanın inkişafında bizim parlamentlərin qarşılıqlı fəaliyyətinin ən aktual məsələlərinə daim diqqət yetirir.

Rusiya-Azərbaycan regionlararası forumları humanitar əlaqələrin dinamik inkişafına mühüm töhfə verir. Xatırladıram ki, bu il iyun ayında Qəbələ şəhərində “Regionlararası əməkdaşlıq: yeni artım imkanları” mövzusunda V Rusiya-Azərbaycan Forumu uğurla keçdi. Humanitar sahədə əməkdaşlığın perspektivli istiqamətləri həmin forumun əsas mövzularından biri oldu.

Təhsil və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əlaqələri durmadan inkişaf edir. Biz bunu çox yüksək qiymətləndiririk.

Rusiyada ali təhsil almağa Azərbaycanda böyük maraq qalmaqdadır. Azərbaycanda Rusiya diplomu gənc mütəxəssis üçün həm prestij, həm də yaxşı perspektivlər deməkdir. Azərbaycanlılar təkcə büdcə xətti ilə deyil, həm də öz vəsaitləri hesabına Rusiyada təhsil almağa həvəslə gedirlər. Bu gün Rusiyanın ali məktəblərində Azərbaycandan olan 13 minə yaxın tələbə təhsil alır.

Biz son dərəcə müsbət olan bir faktı da yüksək qiymətləndiririk: Azərbaycanda rus dilində tamdəyərli orta və ali təhsil almaq üçün geniş imkanlar vardır. Lomonosov adına Moskva Dövlət Universitetinin 2008-ci ildən fəaliyyət göstərən Bakı filialı Azərbaycan Respublikasının nüfuzlu ali məktəblərindən birinə çevrilib. Hazırda filialın beş fakültəsində 400-dən çox tələbə təhsil alır, onlara Moskva Dövlət Universitetinin aparıcı professor və müəllimləri dərs deyirlər. Ölkələrimiz Azərbaycanda rus dilinin və Rusiyada Azərbaycan dilinin dəstəklənməsi məqsədi ilə fəal əməkdaşlıq edirlər.

Əlamətdar haldır ki, Rusiyada “Mədəniyyət İli” elan edilmiş 2014-cü ildə Moskvada böyük Azərbaycan bəstəkarı Qara Qarayevə həsr edilmiş xatirə lövhəsinin təntənəli açılışı olub. Bu, xalqlarımız arasında möhkəm dostluğa dəlalət etməklə bərabər, həm də dünya musiqi mədəniyyəti, bu istedadlı bəstəkarın yaradıcılığına bələd olan və onu sevən hər kəs üçün əlamətdar hadisədir.

Əziz dostlar! Həyat göstərir ki, müasir dövrün bir sıra çağırışlarına ən yaxşı və ən konstruktiv cavab məhz humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi ola bilər.

Azərbaycanlılarda belə bir müdrik məsəl var: “Qəlbi olan insanın qayğısı da olur”. Gəlin çalışaq ki, bizim ümumi qayğılarımız mərkəzi ideyası insanı ən ali dəyər hesab etməkdən ibarət olan humanizm təliminin məğzinin həyata keçirilməsinə yönəlsin.
Bakı Forumunun bütün iştirakçılarına səmimi qəlbdən uğurlu iş arzulamaq istəyirəm. Əminəm ki, bizim və sizin yeni ideyalar, təşəbbüslər real işlərdə və layihələrdə öz praktiki təcəssümünü tapacaq, xalqlar arasında etimadın, qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun möhkəmlənməsinə kömək edəcək.

Diqqətinizə görə təşəkkür edirəm.