Forum 2014

Forumda aşağıdakı istiqamətlər üzrə “dəyirmi masa”lar təşkil olunmuşdur:

  • Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru;
  • Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri;
  • İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu;
  • Davamlı inkişaf və ekoloji sivilizasiya;
  • Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında;
  • Humanizm postmodern dövrün başlıca dəyəri kimi;
  • Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər;
  • Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları.

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

BMT-nin İnkİşaf Proqramının rəhbərİ xanım Helen Klarkın çıxışı

Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti.

Hörmətli birinci xanım.

Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar.

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun açılışında BMT-nin baş katibi Pan Gi Munu təmsil etmək mənim üçün çox xoşdur. İlk növbədə, icazə verin, müxtəlif məsələlər üzrə geniş fikir mübadiləsi üçün əhəmiyyətli bir fürsət təmin edən bugünkü Forumda bizi bir yerə topladığına görə Zati-aliləri, Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirim. Həmçinin cənab Prezidentə minnətdarlığımı bildirirəm ki, o, nitqində müxtəlif dinlər və xalqlar arasında dialoqun gücləndirilməsi məsələsindən ətraflı bəhs etdi. Bu, çox vacibdir.

Qısa çıxışımda BMT-nin Azərbaycan ilə insan inkişafının təşviqinə yönəlmiş birgə fəaliyyəti və bundan irəli gələn bir sıra yeni təşəbbüslər haqqında danışmaq istəyirəm. “Cənub-cənub” əməkdaşlığı üzrə Azərbaycanın genişlənən fəaliyyətini nəzərə alaraq BMT bu respublikanın öhdəsindən gəldiyi çətinliklər üzrə bilik və təcrübəsini digər ölkələrlə bölüşmək üçün Sizinlə tərəfdaşlıq etməkdən olduqca məmnundur. Təbiət Azərbaycana zəngin sərvətlər bəxş etmişdir. Əslində bu, tarixən belə olub. Tarixdən bizə miras qalan dərs ondan ibarətdir ki, bu ehtiyatların hasilatı adambaşına düşən ümumi daxili məhsulu böyük dərəcədə artırmağa qadir olsa da, heç də mütləq şəkildə dövlət gəlirlərini və ya insan inkişafının səviyyəsini qaldırmağa müvəffəq olmamışdır. Təbii ehtiyatı ölkə sərvətinə və daha geniş insan inkişafına çevirmək düşünülmüş və uzaqgörən dövlət siyasəti tələb edir. Azərbaycan bu baxımdan vaxtında əhəmiyyətli qərarlar qəbul etmişdir. 1994-cü ilin sentyabrında Azərbaycan xarici neft şirkətlərinin konsorsiumu ilə “Əsrin müqaviləsi” kimi tanınan hasilatın pay bölgüsü Sazişini imzalamışdır. İlkin razılaşmalara görə, Xəzər dənizinin neft ehtiyatlarının hasilatından əldə edilən mənfəətin 80 faizi Azərbaycana çatmalı idi. İcazə verin, fürsətdən istifadə edib, sentyabrın 20-də Bakıda qeyd olunan “Əsrin müqaviləsi”nin 20-ci ildönümü münasibətilə Azərbaycanı və onun tərəfdaşlarını təbrik edim. Bu yubiley Azərbaycan qazını Avropaya çatdıracaq yeni boru kəmərinin – “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi ilə eyni gündə qeyd olunmuşdur.

“Əsrin müqaviləsi” Azərbaycanın inkişafı üçün böyük və yeni imkanlar açıb. Digər resurslarla zəngin olan ölkələr isə Azərbaycanın təbii sərvətlərin insan kapitalının inkişafı sahəsindəki təcrübəsini öyrənməlidirlər. İllər öncə BMT-nin İnkişaf Proqramı “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyasının formalaşdırılması üçün Azərbaycana kömək etmişdir. Bu təşəbbüs isə rəqabətədavamlı qeyri-neft sektorunun inkişaf etdirilməsinə və insanların bacarıqlarının gücləndirilməsinə yönəlmişdir. Cənab Prezidentin bir qədər əvvəl söylədiyi kimi, Azərbaycan bu illər ərzində yoxsulluq səviyyəsinin kəskin azaldılmasına, sosial xidmətlərə yeni sərmayələrin yatırılmasına, sosial müdafiə sisteminin qurulmasına və əməkhaqlarının artırılmasına nail olmuşdur.

Hazırda “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyası tətbiq olunduğu ilk gündəki qədər vacibdir. İnsan inkişafının artırılması istiqamətində fəaliyyət “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğur qazanması üçün vacib idi. BMT-nin İnkişaf Proqramı olaraq, biz bu konsepsiyanın reallaşdırılması işində Azərbaycana dəstək verməyə sadiqik.

Gender bərabərliyi və qadınların səlahiyyətlərinin daha da artırılması kimi məqsədlərə gəldikdə, həmçinin səhiyyə və ətraf mühitlə əlaqədar bir sıra hədəflər üzrə çağırışları nəzərə alaraq, Minilliyin İnkişaf Məqsədləri hələ də Azərbaycan üçün gündəmdə qalmaqdadır. Bu məqsədlərdən yarımçıq qalmış işlərin 2015-ci ildən sonrakı qlobal inkişaf strategiyasına daxil edilməsi ehtimalını nəzərə alsaq, növbəti ilin sentyabr ayında dünya liderləri tərəfindən qəbul ediləcək Dayanıqlı İnkişaf Məqsədləri də Azərbaycan üçün faydalı olacaq.

Azərbaycan “Cənub-cənub” və üçtərəfli əməkdaşlıq vasitəsilə digər ölkələrlə öz inkişaf təcrübələrini bölüşmək üçün çox yaxşı mövqedədir. Həqiqətən də BMT-nin İnkişaf Proqramı və Azərbaycan BMT-nin Bakı və Kabulda yerləşən İnkişaf Proqramı ofislərinin iştirakı ilə həyata keçirdiyi tərəfdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Əfqanıstandan olan həmkarlarına öz dəstəyini göstərmişdir.

Ötən il Bakı Humanitar Forumunun plenar sessiyasında Türkiyənin sabiq Prezidenti cənab Süleyman Dəmirəl Azərbaycanın “qara qızıl”ın insan kapitalına çevrilməsi təşəbbüsünün digər ölkələrdə tətbiqi üçün yaxşı model olduğunu vurğulamışdı.

BMT-nin İnkişaf Proqramı bu fikirlə razıdır və Azərbaycanın öz yenilikləri ilə bölüşmək üçün bir çox digər imkanlarının olduğunun şahididir. Məsələn, BMT-nin İnkişaf Proqramı dövlət xidmətlərinə çıxış üçün vahid pəncərə olan “Asan xidmət” mərkəzlərinin yaradılmasını alqışlayır. Yarandığı gündən etibarən “Asan xidmət” mərkəzləri tərəfindən göstərilən xidmətlər nəticəsində doğum şəhadətnamələri, icazə və ictimai xidmətlər üzrə digər sənədləri əldə etmək istəyən insanlar üçün gözləmə vaxtı və xərclər əhəmiyyətli dərəcədə azalıb. Bunun nəticəsində ictimai xidmətlərin səmərəliliyi artır və korrupsiya üçün imkanlar daralır. Bu yanaşma Azərbaycanda böyük müvəffəqiyyət qazanmışdır və ictimai xidmətləri müasirləşdirməyə çalışan digər ölkələrdə də maraq doğuracaq. BMT-nin İnkişaf Proqramı “Asan xidmət”in uzunmüddətli strategiyasının formalaşdırılmasında bu təsisatla əməkdaşlıq edib.

Ölkənin yeni pensiya sisteminin idarə edilməsi Azərbaycanın innovativ yanaşmasının digər mötəbər nümunəsidir. BMT-nin İnkişaf Proqramı dünyanın ən müasir pensiya sistemlərindən birinə çevrilən bu təşəbbüs üzrə əməkdaşlıq etməkdən çox məmnundur. Pensiyaçıların 99 faizinə ödənişlər elektron kart vasitəsilə ödənilir və buna nail olmaq üçün ən müasir informasiya texnologiyaları sistemləri quraşdırılıb. Bu da başqa ölkələrin yararlana biləcəyi digər bir müvəffəqiyyətdir.

Azərbaycan, həmçinin elektron idarəetmə, minalardan təmizləmə, neft gəlirlərinin idarə olunması və gənclər siyasəti proqramları kimi geniş sayda sahələr üzrə bölüşmək üçün nadir təcrübəyə malikdir.

Eyni zamanda, icazə verin, BMT-nin baş katibinin gənclər üzrə elçisinin ofisi, BMT-nin İnkişaf Proqramı və UNESCO adından bu il Bakıda Gənclər və İdman Nazirliyi və Avropa Şurası ilə birlikdə Gənclər siyasəti üzrə ilk Qlobal Forumun həmtəşkilatçısı olmağımızdan məmnunluğumuzu izhar edim. Bundan əlavə, Azərbaycan Respublikasının BMT-nin baş katibinin gənclər üzrə elçisinin ofisinə ilk ianə etməsini yüksək dəyərləndiririk.

BMT-nin İnkişaf Proqramı inkişafa yardımı idarə etmək üçün Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) yaradılması üzrə hökumətin təşəbbüsünü alqışlayır. Biz bacarıqların yaradılmasında və inkişaf etdirilməsində AİDA ilə tərəfdaşlıq etməkdən çox məmnun olardıq. Biz Azərbaycan tərəfinin digər ölkələrə, ələlxüsus fəlakətlərin aradan qaldırılması və UNESCO-nun proqramları üçün edilmiş töhfələri barədə məlumatlıyıq.

Əminik ki, “Cənub-cənub” əməkdaşlığı və üçtərəfli əməkdaşlıq həm tərəfdaş ölkələr, həmçinin də Azərbaycanın özü üçün faydalı olacaq. Bu, müxtəlif ölkələr və onların mütəxəssisləri arasında, cənab Prezidentin də dediyi kimi, əlaqələri möhkəmləndirməklə gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradacaq. Sözügedən təşəbbüslər Azərbaycanı xüsusi sahələrdə mükəmməllik mərkəzinə çevirəcək ki, bu da ölkənin daha geniş çeşiddə mal və xidmətlərinin ixracı qabiliyyətini artıracaq.

Ölkələrdəki ofisləri birləşdirən qlobal şəbəkəsi və 170-dən çox ölkədə həyata keçirdiyi proqramlar vasitəsilə BMT-nin İnkişaf Proqramı “Cənub-cənub” əməkdaşlığı və üçtərəfli əməkdaşlığı asanlaşdırmaq üçün nadir rola malikdir. Biz İKT və müasirləşdirilmiş dövlət idarəetməsi də daxil olmaqla, insan inkişafı üçün innovativ yanaşmaların mübadiləsi sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirən Azərbaycan ilə çiyin-çiyinə çalışmaqdan məmnunuq.

Mən bu Forumda iştirak etmək üçün dəvətə görə Azərbaycan Prezidentə və hökumətinə bir daha təşəkkür edir, baş katibin ən xoş arzularını çatdırıram. Forumun bütün iştirakçılarına müvəffəqiyyətlər arzu edirəm. Çox sağ olun.