Forum 2016

2016-cı ilin Forumunda aşağıdakı istiqamətlər üzrə “dəyirmi masa”lar təşkil olunmuşdur:

  •  Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru;
  • İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi;
  • Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində  rolu;
  • Davamlı inkişaf və ekoloji sivilizasiya;
  • Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər;
  • Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları.

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodetsin çıxışı

Əziz dostlar, icazə verin mən də öz adımdan, Rusiya Federasiyası Hökuməti adından Forum iştirakçılarının ünvanına bir neçə söz deyim.

Bu gün bu qədər müasir, bu qədər dinamik inkişaf edən Azərbaycanda olmaq mənim üçün böyük şərəfdir. Əlbəttə, Azərbaycan Prezidentinin qarşıya qoyduğu bütün məsələlər və bu gün haqqında sizin danışacağınız məsələlər bütün bəşəriyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Biz oxuyanda, böyüyəndə demək olar aksiom idi ki, humanitar əməkdaşlıq elmi, texniki inkişafı həmişə müşayiət edir. Bu, demək olar ki, aksiom idi. Biz heç vaxt fikirləşmirdik ki, nə üçün belə olur. Bu, az qala ictimai qanun idi.

1990-cı illərdə biz heyrətamiz bir həqiqəti kəşf etdik ki, elmi tərəqqi heç də həmişə layiqli humanitar və ictimai inkişafla müşayiət olunmur. Bu həqiqət bizim hamımızı mürəkkəb vəziyyətə saldı. Həqiqətən bu gün bütün dünyada gah bir, gah başqa yerlərdə milli münaqişələr, hərbi münaqişələr alovlanır, alimlərin, mütəxəssislərin səylərini, bütün iqtisadi firavanlığı heçə endirir. Ona görə ki, insan üçün qarşılıqlı anlaşmadan və dostluqdan daha əhəmiyyətli heç nə yoxdur. Bu mənada, xalqlar arasında bütün səviyyələrdə əlaqələrin möhkəmləndirilməsi xüsusi vəzifədir, bu, bütün siyasətçilərin, bütün ölkələrin missiyasıdır.

Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin və Rusiya Federasiyası Prezidentinin rolunu xüsusi qeyd etmək istərdim. Ona görə ki, bu insanların müdrikliyi bizim uzunmüddətli siyasət qurmağımıza, nəticə etibarilə münaqişələrin tənzimlənməsinə gətirib çıxaran uğurlu danışıqlar aparmağımıza imkan verir. Ümidvaram ki, belə insanlar hətta ən mürəkkəb vəziyyətlərdə də yer üzündə bütün insanların gözlədiyi sülhü və ədaləti bərpa etmək üçün dünyaya nümunə göstərəcəklər.

Bizim üçün çox vacibdir ki, dünya siyasətçilərinin müəyyən etdiyi ahəng bütün səviyyələrdə təmin olunmuş mexanizmlərə transformasiya olunsun. Bu günə qədər Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə 90-dan çox saziş imzalanıb. Fikrimcə, bu əməkdaşlıq davam edəcəkdir. Bizim üçün çox vacibdir ki, bu gün burada olan peşəkarlar, mütəxəssislər arasında əməkdaşlıq ilə əlaqədar həqiqətən təhsil, səhiyyə və digər sahələrdə yüksək səviyyədə reallaşan şəxsi əlaqələr də yaransın. Mən fəxr edirəm ki, dostlarım arasında Azərbaycandan, Bakıdan olan adamlar çoxdur. Mənim tanışlarım arasında onların dostluq etdikləri insanlarla şəxsi əlaqələr, fərdi münasibətlər var. Bizi birləşdirən bizim mədəniyyətimizdir. Zənnimcə, bizim missiyamız bu mədəniyyəti gənclərə, böyüməkdə olan nəslə ötürməkdir. Mən ilk növbədə mədəniyyət sahəsində əlaqələrin genişlənəcəyinə ümid edirəm. Bizim gələcəyimiz, xalqlarımız arasında qarşılıqlı anlaşmanın gələcəyi bu əlaqələrdən asılıdır.

Əziz Forum iştirakçıları, sizin üzərinizə çox böyük məsuliyyət düşür – insanların sülh və həmrəylik şəraitində yaşamasına, Yer üzündə bütün insanlar üçün əlyetərli ola biləcək elm və texnika nailiyyətlərindən istifadə etməyə imkan verəcək yanaşmalar hazırlamalısınız.

Sizə uğurlar, Azərbaycana isə firavanlıq arzu edirəm.