Forum 2018

2018-ci ilin Forumunda aşağıdakı istiqamətlər üzrə sessiyalar təşkil olunmuşdur:

  • Təhsil və elm insan kapitalının inkişafı kontekstində;
  • İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi;
  • Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi;
  • Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi;
  • Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru;
  • Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid;
  • Bakı prosesi – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivlər.

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

Rusİya Federasİyası Baş nazİrİnİn müavİnİ Olqa QOLODETSİN ÇIXIŞI

Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım.

İcazə verin, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Foruma təbrik məktubunu oxuyum.

“VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına və qonaqlarına

Hörmətli xanımlar və cənablar.

Bakı Beynəlxalq Humanitar Forumunun açılışı münasibətilə sizi səmimi qəlbdən salamlayıram. Artıq altıncı dəfədir ki, Azərbaycan paytaxtı onlarla ölkədən dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, parlamentarilərin və alimlərin, mədəniyyət xadimlərinin, jurnalistlərin və publisistlərin iştirak etdiyi bu nüfuzlu Forumu qəbul edir.

Bu il sizin görüşünüz müasir cəmiyyət üçün çox əhəmiyyətli olan “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr edilib. Mövcud təhsil və maarif sistemlərinin təkmilləşdirilməsinə, mədəniyyətin və incəsənətin dəstəklənməsinə, informasiya təhlükəsizliyinin təminatına, intellektual mülkiyyətin müdafiəsinə və digər aktual məsələlərə dair ətraflı diskussiyalar nəzərdə tutulub. Əminəm ki, siz qiymətli peşəkar təcrübənizi və mütərəqqi praktiki yeniliklərinizi mübadilə edəcək, həmçinin qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın yeni perspektivli forma və istiqamətlərini müəyyənləşdirə biləcəksiniz. Forumun iştirakçılarına səmimi qəlbdən uğurlar diləyir və ən xoş arzularımı çatdırıram.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin”.

Çıxışına davam edən O.Qolodets dedi:

Hörmətli qonaqlar, mən öz adımdan da bir neçə söz demək istəyirəm. Mən Bakı Beynəlxalq Humanitar Forumunda ilk dəfə deyil ki, iştirak edirəm və bu gün Humanitar Forumun necə sürətlə inkişaf etməsi məni heyrətləndirir. Bir neçə il bundan əvvəl bu Forumun belə sanballı olacağını güman etmək olmazdı. Bu gün Forumda 90-dan çox ölkənin nümayəndələrinin toplaşması və onun sivilizasiya, mədəniyyətlərarası, millətlərarası və dinlərarası münasibətlərin inkişafına dair dünya miqyasında dialoqun tərəqqisi üçün ən əhəmiyyətli məkanlardan birinə çevrilməsi, əlbəttə, ölkə rəhbərliyinin xidmətidir. Forumu dəstəkləmək, onu bu səviyyədə inkişaf etdirmək üçün gündəlik iş aparmaq və cənab Prezidentin indicə dediyi dəyərlərə sadiq olmaq lazımdır.

Biz Azərbaycanla sıx əməkdaşlıq edirik və prezidentlərimiz humanitar inkişaf məqsədlərinə ürəkdən sadiqdirlər. Bu, çox böyük zəhmət deməkdir. Bir sadə misal çəkim. Keçən dəfə buraya gələndə mən adi bir ümumtəhsil məktəbində oldum. Sizə deməliyəm ki, uşaqlara üç dildə dərs keçilən məktəblər dünyada azdır. Uşaqlar və onun valideynləri təhsil dilini seçmək üçün tam imkana malikdirlər və bu halda uşaqlar başqa mədəniyyətlərlə, başqa dillərlə tanış olur, onların bu və ya digər milliyyətə bağlılığı çox güclü inkişaf amilinə çevrilir. Müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin qonşu olmasını güclü quruculuq prosesinə çevirmək çox böyük səy tələb edən ciddi prosesdir. Bu, dünya birliyinin bütün mütərəqqi qüvvələrinin birləşməsini tələb edir. Biz ümid edirik ki, məhz bu Forum humanitar əməkdaşlığımızı irəli aparacaq.

Rusiyada müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qarşılıqlı fəaliyyəti məsələsi bir nömrəli mövzudur. Bizdə də uşaqlar məktəbə gedəndə Rusiyada yaşayan xalqların 119 dilində dərsliklər yaradılır. Xalqların qarşılıqlı fəaliyyətini quruculuğa çevirmək də çox böyük səy və çox böyük zəhmət tələb edir. Yəqin ki, Bakının faktiki olaraq dünyada humanitar dialoqun həyata keçirildiyi paytaxta çevrilməsi təsadüfi deyil. Biz bu şəhərin hər bir cizgisində ənənələrə böyük hörmət nişanələri görürük. Biz burada muzeylər, tarixi mərkəz və eyni zamanda, bütün yeniliklərə və kreativliklərə açıqlıq görürük. Bu gün bu qədər çoxsaylı müasir memarlıq şedevrləri olan yerlər azdır. Bu, ölkə rəhbərliyinin böyük xidmətidir və eyni zamanda, burada yaşayan və hər gün humanitar inkişaf istiqamətində irəliləyən bütün xalqın xidmətidir.

Humanitar Forumun təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu Forumun bütün iştirakçılarına uğurlar diləmək və həqiqətən dünya səviyyəli bu əlamətdar hadisə münasibətilə cənab Prezidenti və Mehriban xanımı şəxsən təbrik etmək istəyirəm.

Sağ olun.