Forum 2014

II. Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri

İşçi bölmələr:
  • Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalistikasının problemləri
  • Sosial media bumu: informasiya cəmiyyətlərində jurnalistikanın inkişafının yeni modeli
  • Qloballaşma şəraitində müasir elmin humanitar problemlərinin işıqlandırılmasında medianın yeri və rolu    

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

II. Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri

Azərbaycan Respublikası 2014-cü il oktyabrın 2-3-də Dördüncü Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etmişdir.

Rəsmi açılış mərasimindən, plenar iclasdan və 8 “dəyirmi masa”dan ibarət olan Forumun işində 60-dan artıq ölkədən, nüfuzlu beynəlxalq təşkilatlardan nümayəndələr, həmçinin sabiq dövlət başçıları, Nobel mükafatı laureatları, görkəmli elm və siyasət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak etmişlər. Forumun həmsədrləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.

Forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və dərin məzmunlu nitqi tədbirin ictimai-siyasi, elmi-fəlsəfi mahiyyətini daha da artırmışdır. Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu sırf humanitar çərçivədən çıxaraq bəşəriyyəti narahat edən məsələlərin bütün spektrlərinin müzakirə edildiyi bir platformaya çevrilmişdir. Forumda humanitar mövzuların geniş coğrafiyasına toxunulmuş, inkişafın müasir mərhələsində bəşəriyyətin üzləşdiyi problemlərin həlli yolları araşdırılmışdır. Bütün bu məsələlər Beynəlxalq Forumun Bəyannaməsində geniş əksini tapmışdır.

Beynəlxalq Forumun rəsmi informasiya dəstəyini Azərbaycan tərəfdən AzərTAc, Rusiya tərəfdən TASS agentlikləri təmin etmişlər.

Forumun gündəliyindəki “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” mövzusunda “dəyirmi masa” AzərTAc-ın təşkilatçılığı ilə keçirilmişdir.

“Dəyirmi masa”nın gündəliyindəki məsələlərin hər biri ayrıca paneldə müzakirə edilmişdir. Birinci paneldə müxtəlif KİV platformalarında dialoqun aktual aspektləri, ikincidə müasir jurnalistikada “sosial media” adlandırılan yeni hadisənin genezisi və onun ənənəvi informasiya sənayesinin obyektiv transformasiya prosesinə təsiri, informasiya cəmiyyətinin bir sıra aktual problemləri, üçüncüsə isə müasir şəraitdə sosial məsuliyyət prinsipini reallaşdıran KİV-lərin yeni dünyada rolu ilə bağlı məsələlər ətrafında müzakirələr aparılmışdır.

“Dəyirmi masa”da dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, nüfuzlu media təşkilatlarının rəhbərləri, dövlət qurumlarının mətbuat katibləri, ekspertlər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültələrinin professor-müəllim heyəti iştirak etmişlər.

Birinci panelə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) baş katibi, Rusiyanın TASS dövlət informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman moderatorluq etmişdir.

Paneli açan AzərTAc-ın Baş direktoru Aslan Aslanov gündəlik haqqında məlumat vermişdir. A.Aslanov demişdir ki, ənənəvi, klassik media yeniliyə qarşı çıxmamalı, əksinə, onunla ayaqlaşmağa çalışmalıdır. Yoxsa biz uduzarıq. Yeni yüksək texnologiyalar bizə də imkan verir ki, fəaliyyətimizi dövrün tələbinə uyğunlaşdıraq, işimizin forma və metodlarını dəyişək, rəqabət qabiliyyətimizi artıraq.

TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusman  son illərdə ənənəvi media və sürətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı əlaqələrdən danışaraq bildirmişdir ki, yeni media bir çox üstün cəhətləri ilə diqqəti cəlb edir və müasir dövrdə sosial jurnalistika artıq sosial platformaya çevrilir.

Sonra panel məruzələrlə davam etmişdir. Avropa Xəbər Agentlikləri Alyansının (EANA) sabiq prezidenti, Avstriyanın APA agentliyinin baş icraçı direktoru Peter Kropş, Malayziyanın BERNAMA agentliyinin baş direktoru Yonq So Heonq, Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, İtaliyanın AGI agentliyinin baş icraçı direktoru Cianni Di Ciovanni, Türkiyə Jurnalistlər Federasiyasının prezidenti Atilla Sertel, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Los-Anceles Beynəlxalq Münasibətlər Şurasının prezidenti və icraçı direktoru, EMMY mükafatı laureatı, “Time” jurnalının Los-Anceles bürosunun sabiq rəhbəri Terri Makkarti, Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya texnologiyaları kafedrasının baş müəllimi Lamiyə Vəzirova məruzələrlə çıxış etmişlər.

Panel iclasının iştirakçıları ümumi maraqların, müxtəlif mədəniyyətlərin sivil dəyərlərinin təmas nöqtələri və bu prosesin müasir mediada necə əks olunması məsələsinə dair müzakirələr aparmışlar.

Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç müzakirələrdə çıxış edərək Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti haqqında danışmış, bu mötəbər tədbirdə aktual mövzuların müzakirə edildiyini bildirmişdir.

Malayziyanın BERNAMA Agentliyinin baş direktoru Yonq So Heonqun moderatorluğu ilə keçən ikinci paneldə Xorvatiyanın HINA Agentliyinin Baş direktoru Branka Qabriela Valentiçin,AzərTAc-ın Baş direktoru Aslan Aslanovun, Vyetnamın VNA Agentliyinin Baş direktoru Nquyen Duk Loinin, Birləşmiş Ərəb Əmirliklərinin WAM Agentliyinin icraçı direktoru Camal Nasser Əl-Suvayderin, Belarus Teleqraf Agentliyinin (BELTA) Baş direktoru Dmitriy Jukun, “The Japan Times” qəzetinin prezidenti Takeharu Tsutsuminin, “Rusiya İsveçrəsi” jurnalının naşiri və baş redaktoru Aleksandr Peskenin və Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya texnologiyaları kafedrasının müdiri, dosent Aynur Bəşirlinin məruzələri dinlənilmişdir.

Bu paneldə informasiya cəmiyyətlərində jurnalistikanın inkişafının yeni modeli, sosial medianın ənənəvi informasiya sənayesinin obyektiv transformasiya prosesinə təsiri, müasir informasiya cəmiyyətinin bir sıra digər aktual problemləri diqqət mərkəzində olmuşdur.

“Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə keçid labüddür” mövzusunda çıxış edən AzərTAc-ın Baş direktoru Aslan Aslanov XXI əsrin əvvəlindən başlayaraq bəşəriyyətin transformasiya erasına, praktiki olaraq hər bir dövlətdə tamamilə yeni münasibətlərin və sosiumun müxtəlif sektorları arasında qarşılıqlı əlaqələrə əsaslanan sosial münasibətlərin inkişafının yeni mərhələsinə qədəm qoyduğunu, gündəlik həyatımıza daxil olan internetin cəmiyyətin hər bir üzvünü informasiyanın həm istehlakçısına, həm də daşıyıcısına çevirdiyini, sözün əsl mənasında, internetin informasiya məkanında inqilab yaratdığını bildirmişdir.

AzərTAc-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidovun moderatorluq etdiyi üçüncü paneldə Rusiyanın “Moskovski komsomolets” qəzetinin redaktoru Janna Qolubitskaya, Macarıstanın “Yobbik” Partiyasının mətbuat xidmətinin rəhbəri Qeorqina Bernat, ABŞ-ın Yaxın Şərq İnstitutunun böyük elmi işçisi Aleks Vatanka, Serbiyanın “Tanyuq” Agentliyinin baş direktoru Branka Slobodan Сukiç, Yunanıstanın Qadın Jurnalistlər Avropa Şəbəkəsinin sabiq prezidenti İren Nikolopoulou, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının prezidenti Manuela Sessa, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Şamil Vəliyev, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “İnternetşünaslıq problemləri” sektorunun müdiri Rasim Mahmudov məruzələrlə çıxış etmişlər.

Bu paneldə müasir dövrdə sosial məsuliyyət prinsipini reallaşdıran KİV-lərin yeni dünyada rolu ilə bağlı müzakirələr aparılmışdır.

Bütün panel iclaslarında mövzularla bağlı suallar cavablandırılmış, səmərəli fikir mübadiləsi aparılmışdır.

ABŞ-ın “İrs” Fondunun elmi tədqiqatçısı Ariel Koen, beynəlxalq əlaqələr üzrə tanınmış amerikalı ekspert Peter Teys, Kaliforniya Universitetinin Beynəlxalq İnstitutunun dosenti Yael Varşel, İranın “Dəniz” qəzetinin məsul müdiri Mustafa Quluzadə Əlyar və başqaları müzakirə olunan mövzulara dair fikirlərini bildirmişlər.

Çıxış edən digər natiqlər Bakı Beynəlxalq Humanitar Forumunun qlobal miqyasda mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycanın humanitar məsələlərlə bağlı bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinin əhəmiyyətini vurğulamış, Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etmişlər.

Forumun Bəyannaməsi “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” mövzusunda “dəyirmi masa”da müzakirə edilmiş və yekdilliklə qəbul olunmuşdur.

Video 1
Video 2
Video 3
Video 4