Forum 2014

IV. Davamlı inkişaf və ekoloji sivilizasiya

İşçi bölmələr:
  • Ekoloji sivilizasiyaya transformasiya məqsədilə davamlı inkişafın səmərəli idarə edilməsi
  • Davamlı inkişaf naminə insan potensialının formalaşdırılması
  • Davamlı inkişaf konsepsiyasının reallaşdırılmasında vətəndaş cəmiyyətinin və
    kütləvi informasiya vasitələrinin rolu

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

IV. Davamlı inkişaf və ekoloji sivilizasiya

IV Bakı Beynəlxalq Humanitar Forumunun “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasına Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov (Azərbaycan), Nobel mükafatı laureatı, professor Robert Laflin (ABŞ), Nobel mükafatı laureatı, professor Corc Smut (ABŞ) və Estoniya Respublikasının sabiq Prezidenti, professor Arnold Rüütel həmsədrlik edirdilər.

Tədbiri giriş sözü ilə açan Urxan Ələkbərov ilk öncə “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasının iştirakçılarını salamladı. Natiq Prezident İlham Əliyevin Forumun açılışında humanitar məsələlərin xüsusi əhəmiyyətinə diqqət çəkdiyini vurğuladı. Eyni zamanda U.Ələkbərov təmsil etdikləri sahələrdən asılı olmayaraq plenar toplantıda çıxış edən natiqlərin hamısının, o cümlədən UNESCO-nun Baş Direktoru xanım Bokovanın da özəlliklə davamlı inkişaf önəmindən söz açdıqlarını xatırlatdı. Natiq Azərbaycanda davamlı inkişaf və ekoloji sivilizasiya məsələlərinin həllində dövlət təşkilatları ilə yanaşı, ictimai qurumlar, xüsusilə Heydər Əliyev Fondunun önəmli rolunu diqqətə çatdırdı. Cənab Ələkbərov “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasında azərbaycanlı iştirakçılarla yanaşı, 20 müxtəlif ölkədən 40 nümayəndənin, o cümlədən 2 Nobel mükafatı laureatı – professor Robert Laflinin və professor Corc Smutun iştirak etdiyini bildirdi.

“Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasında müzakirələr əsasən 3 istiqamətdə aparıldı:

  • Ekoloji sivilizasiyaya transformasiya məqsədilə davamlı inkişafın səmərəli idarə edilməsi;
  • Davamlı inkişaf naminə insan potensialının formalaşdırılması;
  • Davamlı inkişaf konsepsiyasının reallaşdırılmasında vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin rolu;

Daha sonra çıxış üçün söz cənab Corc Smuta verildi. Forumda iştirakından məmnunluğunu bildirən Nobel mükafatı laureatı dünyanın davamlı inkişafa doğru istiqamətlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. İnkişafın uzun zaman tələb etdiyini vurğulayan professor həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin ilk öncə davamlı inkişaf modelini seçməli olduqlarını önə çəkdi.

Çıxış üçün söz alan professor Robert Laflin davamlı inkişafın bütün ölkələrdə ön planda olmasından söz açdı. Ekoloji sivilizasiyanın tərkib hissəsi kimi səmərəli idarəçilikdən bəhs edən natiq bu yanaşmanın vacibliyini xüsusi qeyd etdi. Professor bildirdi ki, ətraf mühiti qorumaq və yaşamaq üçün gözəl məkana çevirmək idarəçilik problemidir, bu problemin həlli isə bilik, səbir və diqqət tələb edir.

Daha sonra “Ekoloji sivilizasiyaya transformasiya məqsədilə davamlı inkişafın səmərəli idarə edilməsi” istiqaməti üzrə müzakirələrə başlanıldı. Bu müzakirələrin moderatorları Regionların Davamlı İnkişafı üzrə Avropa Fondunun prezidenti Klod Eji (İsveç) və Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunun Baş direktoru Aslan Onur Ender (Türkiyə) idi.

Professor Aslan Onur Ender söz alaraq ilk növbədə Forumun təşkilatçılarına minnətdarlığını bildirdi. Natiq “Davamlı inkişafda dövlət idarəçiliyi institutlarının rolu” haqqında məruzə ilə çıxış etdi. O bildirdi ki, dövlət idarəçilik institutları davamlı inkişaf üçün insan potensialının formalaşdırılmasında mühüm rol oynayırlar.

Daha sonra akademik Urxan Ələkbərovun “Davamlı inkişaf və ekoloji sivilizasiya üçün səmərəli idarəçilik: Azərbaycandan öyrənilən dərslər” adlı məruzəsi dinlənildi. Məruzəçi davamlı inkişaf və ekoloji sivilizasiyanın əhəmiyyətindən danışaraq onun humanitar təhdidlərin qarşısının alınması üçün yeganə vasitə olduğunu diqqətə çatdırdı. Məruzəçi Dünya Bankı, BMT və digər beynəlxalq təşkilatlardan götürülmüş məlumatlara əsasən 2003-2013-cü illərdə Azərbaycanda adambaşına ÜDM-in artım tempini “Böyük Yeddilik” və “Böyük İyirmilik” ölkələri ilə müqayisə etdi və Azərbaycanın inkişaf tempinin bu ölkələri üstələdiyini nəzərə çatdırdı. Son 10 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi baza yaradıldığını diqqətə çatdıran akademik hər enerji vahidinə düşən ÜDM istehsalı göstəricisinə əsasən Azərbaycanın həmən qruplara aid olan bir çox ölkələri üstələdiyinə diqqət yetirdi. Natiq məlumat verdi ki, Azərbaycan 2014-cü ildə Cini və Kuintil əmsallarına görə “Böyük İyirmilik” və  “Böyük Yeddilik” ölkələrinin əksəriyyətini üstələmiş, yalnız Kanada, Almaniya kimi ölkələrdən geri qalmışdır. Çıxışının sonunda Urxan Ələkbərov qeyd etdi ki, bu uğurların səbəbi yalnız yaxşı idarəçilik və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun fəaliyyətinin kombinasiyasıdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun, onun Prezidenti YUNESKO və İSESKO-nun xoş məramlı səfiri xanım Mehriban Əliyevanın fəaliyyəti olduqca əhəmiyyətlidir. Bu fəaliyyətin əsasında təhsil və biliyin durduğunu vurğulayan natiq Azərbaycanda davamlı inkişafın tədrisi və dərsliklərin hazırlanması ilə bağlı məlumatları da iştirakçıların diqqətinə çatdırdı.

Növbəti məruzəçi Kanadanın Karlton Universitetinin dövlət siyasəti və idarəçiliyi kafedrasının professoru Lesli Pal oldu. O, ilk öncə Forumun, xüsusilə  dəyirmi masanın təşkilatçılarına minnətdarlığını bildirdi. Məruzəçi davamlı inkişaf və yaxşı idarəçilik məsələsinə daha qlobal səviyyədə toxunaraq ekoloji sahədə yaxşı idarəçiliyin təşkili göstəricilərindən danışdı. Natiq bu baxımdan İqtisadi Əməkdaşlıq  və İnkişaf Təşkilatının ekologiya və ətraf mühit sahəsində yaxşı idarəçilik standartlarının inkişafı cəhdini müsbət qiymətləndirdi və yaşıl inkişaf anlayışına toxundu. Məruzəçi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul olunmuş bir sıra sənədləri qeyd edərək onların əhəmiyyətini vurğuladı. O bildirdi ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 34 üzvü olsa da, bu proqramlar digər beynəlxalq təşkilatları və üzv olmayan ölkələri də əhatə edir. Natiq davamlı inkişaf sahəsində yaxşı idarəçiliyə nail olmaq üçün sosial inkişafın, dövlətin müvafiq tənzimləyici siyasi xəttinin mövcudluğunun, vergi siyasətinin (məsələn, karbon vergisi) və innovasiyaların əhəmiyyətini vurğuladı, Azərbaycanın bu istiqamətdə uğurlu siyasətini qeyd etdi.

Müzakirələrdə iştirak edən Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının prezidenti Yuri Kovbasyuk elmi-tədqiqatların mübadiləsinə şərait yaradan  Forumun təşkili üçün öz təşəkkürünü bildirdi. O, XXI əsrdə qloballaşma dövrünün çağırışlarına toxunaraq onların sırasında beynəlxalq terrorizm, miqrasiya, yeni texnologiyaların inkişafı kimi qəliz problemləri və onların davamlı inkişaf ilə əlaqəsini qeyd etdi. Professor Yuri Kovbasiuk bildirdi ki, müasir dövrün çağırışları təkcə idarəçilik yanaşmasının dəyişilməsini deyil, həm də mədəni transformasiyanın baş verməsini tələb edir və bu baxımdan Forum olduqca əhəmiyyətlidir. Yuri Kovbasiuk liderliyə müasir dövlət qulluğu konteksində yanaşdığını vurğuladı.

Müzakirələrdə iştirak edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Təbiətdən istifadə və Ekologiya sahəsində Beynəlxalq Ümumi Problemlər kafedrasının müdiri Ruslan Əliyev təmsil etdiyi İnstitutun ekspertləri adından Forum iştirakçılarını salamladı və Forumun təşkilatçılarına minnətdarlığını bildirdi. Davamlı inkişafın üç əsas istiqaməti olan iqtisadiyyat, ekologiya və sosial sahəyə diqqəti cəlb edən natiq bu məsələlər içərisində əsas hərəkətverici qüvvənin insan potensialının olduğunu qeyd etdi. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yaradılmış kafedra çərçivəsində bu məsələlərin idarəedilməsi sahəsində mütəxəssislərin hazırlandığını bildirdi. Ruslan Əliyev ekoloji sahədə maarifləndirmənin və gələcək nəsillərin bu cəhətdən hazırlanmasının, tərbiyə edilməsinin iqtisadiyyatın inkişafında əsas məsələ olduğunu nəzərə çatdırdı.

Mövzu ətrafında müzakirələrə qatılan Hindistanın Fövqəladə Hallar üzrə Milli Xidmətinin təmsilçisi Müzəffər Əhməd də öz növbəsində Forumun təşkilatçılarına minnətdarlığını bildirdi. O, Hindistanda əhali, urbanizasiya, torpaqdan istifadənin planlaşdırılması, təbii fəlakətlər kimi problemlərdən və onların davamlı inkişaf ilə əlaqəsindən söz açdı. Məruzəçi bu problemlərin həllində həm ölkədaxili, həm də regional əməkdaşlığın əhəmiyyətini qeyd edərək bu işdə təkcə hökumət deyil, qeyri-hökumət təşkilatları, özəl sektor, vətəndaş cəmiyyətinin iştirakının da tələb olunduğunu nəzərə çatdırdı.

Tədbirdə çıxış edən Türkiyənin Ankara Universitetinin professoru Cemal Taluğ da təşkilatçılara təşəkkürünü çatdırdı. Professor müasir dünyada əhalinin sürətlə artıdığını qeyd edərək qidalanma və aclıq problemini ön plana çəkdi. O, urbanizasiyanın özü ilə birlikdə gətirdiyi problemlərdən danışaraq ucqar ərazilərdə yaşayan əhalinin azalması və əksəriyyətinin yaşlı olması, eləcə də əkinə yararlı torpaqların azalması, susuzluq kimi  problemlərin ciddiliyinə diqqət çəkdi. O, bu problemlərin həlli üçün davamlı inkişafa olan ehtiyacı nəzərə çatdırdı və bu baxımdan kənd təsərrüfatının əhəmiyyətini də qeyd etdi.

Müzakirələrdə iştirak edən Regionların Davamlı İnkişafı üzrə Avropa Fondunun (FEDRE) prezidenti Klod Eji təşkilatçılara təşəkkürünü bildirdi və rəhbərlik etdiyi təşkilat haqqında məlumat verdi. Natiq qlobal istiləşmə problemini ön plana çəkərək rəhbərlik etdiyi təşkilatın bu sahədə regional təşəbbüslərə dəstək verdiyini və Azərbaycanda texnoloji innovasiya, davamlı inkişaf, o cümlədən sənaye sahəsində baş verən dəyişiklikləri yüksək qiymətləndirdiyini vurğuladı.

Diskussiyalarda İran nümayəndəsi, professor Əli Müctəhid Şəbüstəri çıxış edərək bu Forum münasibətilə Bakıda ikinci dəfə olmağından məmnunluğunu bildirdi. Professor ətraf mühitin üzləşdiyi böhranların kökünün texnologiya və etika ilə, bir sıra heyvan növlərinin nəslinin kəsilməsinin insanların ətraf mühit etikasına laqeydliyi ilə bağlı olduğunu bildirdi. Məruzəçi qeyd etdi ki, inkişaf etmiş ölkələrin ətraf mühitin çirklənməsində payı daha çoxdur, bununla yanaşı üçüncü dünya ölkələri bu səhvlərdən nəticə çıxarmaq və onları təkrarlamamaq üçün böyük şansa malikdirlər. Məruzəçi əhalinin ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsində vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, medianın rolunu vurğuladı. Çıxışının sonunda məruzəçi bildirdi ki, inkişafın etik əsasları formalaşmadıqca davamlı inkişafa nail olmaq qeyri-mümkündür.

Fasilədən sonra “Davamlı inkişaf naminə insan potensialının formalaşdırılması” bölməsinin iclası açıq elan olundu. Bu müzakirələrin moderatorları ABŞ-ın Kolumbiya Universitetinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr fakültəsinin professoru Con Lourens, İranın Təbriz Universitetinin rektoru Məhəmmədrza Pur Məhəmmədi, İtaliyanın Diplomatiya Festivalının baş katibi Corcio Bartolomuççi və Moldova Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri İon Robu idi.

Çıxış üçün söz alan Məhəmmədrza Pur Məhəmmədi təşkilat komitəsinə öz təşəkkürünü bildirdi. Məruzəçi ətraf mühitin dayanıqlılığından danışarkən tullantıların azalması yox, tamamilə yox olması məsələsini ön plana çəkdi. O bildirdi ki, ekoloji sivilizasiya dəyişiklik üçün qlobal hərəkatdan başlayacaq. Alim qeyd etdi ki, biz ekoloji sivilizasiya yaratmaq və ya özünü məhv etməyə davam etmək arasında seçim etməliyik, indi seçim vaxtıdır və biz hamımız ətraf mühiti qorumaq üçün çalışmalıyıq.

Növbəti məruzə ilə çıxış edən Diplomatiya Festivalının baş katibi Corcio Bartolomuççi Azərbaycan hökumətini bu tədbir münasibətilə təbrik etdi. Onun fikrincə, demokratiya və qloballaşma kimi davamlı inkişaf da dövrümüzün zəruri konsepsiyalarından biridir. O, bəzən davamlı inkişaf ilə ətraf mühitin yaxşı idarə edilməsi anlayışlarının qarışdırılmasını risk kimi qiymətləndirdi.

Moldova Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri, professor İon Robu çıxış edərək Forumun yüksək səviyyədə təşkili üçün təşkilatçılara minnətdarlığını bildirdi. O, təbii ehtiyatları məhdud olan ölkələr, eləcə də Moldova üçün davamlı inkişafın aktual məsələ olduğunu qeyd etdi. Məruzəçi Moldova Parlamenti tərəfindən qəbul olunmuş “Moldova 2020” adlı Milli İnkişaf Strategiyasının realizasiya mərhələsində olduğunu qeyd etdi. Onun sözlərinə görə, bu Strategiya vasitəsilə Moldovada davamlı sosial-iqtisadi inkişafın əsası qoyulacaq və yoxsulluğun səviyyəsi aşağı düşəcək.

Məruzə ilə çıxış edən Con Lourens qara qızılın insan potensialına çevrilməsi məsələsinə toxunaraq Prezident İlham Əliyevin Forumun açılışındakı nitqlərini xatırlatdı. O, təbii sərvət kimi enerjinin istifadəsindən deyil, insan, xüsusilə gənclərin enerjisindən bəhs edərək təhsil sahəsində gənclərə daha çox imkan yaradılmasının zəruriliyini qeyd etdi. Azərbaycanda qara qızılın insan potensialına çevrilməsi sahəsində görülən işlərdən danışan natiq azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması üçün yaradılan şəraiti, məşğulluğun artmasını vurğuladı. O bildirdi ki, təbii sərvətlərdən asılı olan ölkədən qara qızılı insan kapitalına çevirməyi bacaran ölkəyə çevrilən Azərbaycanın “Cənub-Cənub” əməkdaşlığı çərçivəsində özünü nümunə kimi təqdim etmək imkanı vardır.

Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev Forum çərçivəsində gündəlikdə duran vacib məsələlərin həllinə şərait yaradıldığı üçün təşkilatçılara minnətdarlığını bildirdi. O, Forumun 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi tarixi günə təsadüf etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Professor torpaqlarının işğal olunmasına baxmayaraq, Azərbaycanın inkişaf yolu tutduğunu müsbət amil kimi qiymətləndirdi. Təbii ehtiyatlardan səmərəli istifadə məsələsinə diqqət çəkən məruzəçi BMT çərçivəsində qəbul olunmuş beynəlxalq sənədləri, o cümlədən Azərbaycanda Heydər Əliyev Fondunun ekoloji təhlükəsizlik və mədəni irsin qorunması sahəsində fəaliyyətini yüksək qiymətləndirdi Ekoloji təhlükəsizliyin təmin olunması sahəsində insanların maarifləndirilməsi, ekoloji mədəniyyətin tərbiyə edilməsi, yeni düşüncə tərzinin formalaşması kimi məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini deyən natiq bu sahədə müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsinin mühüm önəm daşıdığını vurğuladı.

Növbəti məruzə ilə çıxış edən Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Ekologiya Siyasəti Mərkəzinin prezidenti Vladimir Zaxarov Forumun təşkilatçılarına minnətdarlığını ifadə etdi. O, “İnkişafın müasir prioritetləri: iqtisadiyyat, ekologiya, mədəniyyət” mövzusunda çıxış edərək qeyd etdi ki, iqtisadiyyat, ekologiya və mədəniyyət məsələləri bir-biri ilə əlaqədə olduğu üçün məruzənin əsas qayəsini təşkil edirlər. O bildirdi ki, davamlı inkişaf, yaşıl iqtisadiyyat, ekologiya və mədəniyyət inkişafın yeni yollarının axtarışı məsələləridir. Sosial problemlər həll olunmadan ekoloji problemlərin həllinin qeyri-mümkün olduğunu deyən məruzəçi bu məsələlərin mərkəzində insanın dayandığını diqqətə çatdırdı. O qeyd etdi ki, davamlı inkişaf bütün dünyada yoxsulluğun aradan qaldırılmasından sonra mümükündür. Bu sahədə praktiki addımlara diqqəti cəlb edən məruzəçi onların sırasında davamlı inkişafa dair milli məruzələr, iqtisadiyyatın “ekologiyalaşdırılması”, davamlı inkişaf naminə hərəkat (sosial forum, davamlı inkişaf institutları, korporativ məsuliyyət), mədəniyyət məsələlərinə toxundu.

Müzakirələrdə iştirak edən Təbiətdən istifadə və Ətraf Mühitin Ümumi problemləri Araşdırmalar Mərkəzinin prezidenti, Rusiya Federasiyasının nümayəndəsi Yelena Bazileva Forumun yüksək səviyyədə təşkili üçün minnətdarlığını bildirdi. O qeyd etdi ki, davamlı inkişafın əsas sütunları şəxsi inkişaf, iqtisadi inkişaf və ətraf mühitin mühafizəsidir. Rəhbərlik etdiyi qurumun təcrübəsindən danışaraq əsas məsələnin bu sahədə tələbələrə yüksək təhsil vermək olduğunu ifadə edən

Daha sonra çıxış üçün söz Nevrologiya sahəsində fəlsəfə doktoru, İsveçrə nümayəndəsi Mari-Pyer Deiberə verildi. O, Forumda iştirak etməkdən şərəf duyduğunu ifadə etdi. Dr. Mari-Pyer Deiber Yer kürəsində insanın ən optimal şərtlərlə mövcudluğunu  təmin etməyin vacibliyini və növbəti nəsillərin gələcəyini təmin etmək üçün  müasir texnologiyaların mənfi təsirlərinə nəzarət etməyin zəruriliyini vurğuladı.

Müzakirələrdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat şöbəsinin müdiri Rəcəb Rəhimli qeyd etdi ki, ekoloji sivilizasiya bir sistem kimi başa düşülməlidir, ətraf mühitin çirklənməsi, təbii resurslardan istifadə isə bu sistemin alt sistemləridirlər. Davamlı inkişafın təmin olunmasında idarəetmə, xüsusilə kadrların idarə olunması məsələsini vurğulayan natiq iki cür kadrların hazırlanmasının zəruriliyini qeyd etdi: siyasi qərar qəbulu mexanizmini həyata keçirən kadrlar və dövlət qulluqçuları. O bildirdi ki, qərarların yerlərdə həyata keçirilməsi dövlət qulluqçuları vasitəsilə yerinə yetirilir və düzgün qəbul olunan qərarın xalqa yanlış çatdırılması onun geri dönüşünü də yanlış edər.

Çıxış üçün söz alan professor Rövşən Xəlilov dəyirmi masa iştirakçılarını salamlayaraq davamlı inkişaf və insanın intellektual potensialının formalaşması məsələsinə toxundu. Müasir texnologiyaların davamlı inkişafa təsir mexanizmi və nanotexnologiyaların insan cəmiyyətində rolundan bəhs edən natiq dünyada nanotexnologiyalara böyük maddi vəsait ayrıldığını və bu sahənin sürətlə inkişaf etdiyini diqqətə çatdırdı. O vurğuladı ki, Azərbaycanda nanotexnologiya sahəsində nanofizika, nanokimya, nanobiologiya istiqamətləri üzrə kadr hazırlığına başlanılıb.

Fasilədən sonra akademik Urxan Ələkbərov “Davamlı inkişaf konsepsiyasının reallaşdırılmasında vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin rolu” bölməsinin iclasını açıq elan etdi və sözü bölmənin moderatoru – “Earth” təşkilatının təsistiçisi və rəhbəri Kristos Zourosa (Yunanıstan) verdi.

Kristos Zouros Forumun iştirakçılarını salamladı və çıxışına Kimya üzrə Nobel mükafatı laureatı Keri Benks Mullisin Forum çərçivəsində istifadə etdiyi ifadə ilə başladı: “Üzləşdiyimiz ən böyük problem bizik”. Məruzəçi vurğuladı ki, qarşılaşdığımız əsas böhran dünyanı necə davamlı inkişafa transformasiya etməli olduğumuzu bilməməyimizdir. Natiq çıxış yolunun daha az istehlak etməyin üsullarını öyrənməkdə olduğunu bildirdi. O, nəzərə çatdırdı ki, təhsil sistemi beynəlxalq və yekcins olmadığı üçün təhsildən başlaya bilmərik, ən sadə şeylərdən başlamaq lazımdır. O, davamlı inkişafın digər yolunun kollektiv intellekt olduğunu və bu Forumun vəzifələrindən birinin bu prosesi başlatmaq olduğunu diqqətə çatdırdı.

Daha sonra müzakirələrə qatılan Qırğız Respublikası Milli Elmlər Akademiyasının üzvü, Qırğız Xalq Assambleyasının sədri Bektemir Murzubrahimov Azərbaycanda xüsusilə ətraf mühitin idarəedilməsi sahəsində uğurlu siyasətin həyata keçirilməsini yüksək qiymətləndirərək keçirilən Forumun bunu təsdiqlədiyini qeyd etdi. Davamlı inkişaf və ekoloji təhlükəsizliyin bir-birindən ayrı mövcudluğunun mümkün olmadığını qeyd edən natiq hər bir ölkənin ekoloji mühitin ayrılmaz tərkib hissəsi olduğunu bildirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyanın kafedra müdiri Çingiz İsmayılov “Qeyri-hökumət təşkilatlarının davamlı inkişafın təmin edilməsində rolu” adlı məruzə ilə çıxış etdi.  Dövlət idarəçiliyinin demokratik prinsiplərinin və vətəndaş cəmiyyətinin formalaşmasında QHT-lərin rolunu qeyd edən natiq onların fəaliyyətinin ictimai həyatın bütün sahələrini əhatə etdiyini bildirdi. Məruzəçi Azərbaycanda QHT-lərin inkişafına təsir göstərən fondlar sırasında Heydər Əliyev Fondunu, “IDEA” İctimai Birliyini, Azərbaycanın Mədəniyyət Fondunu, Gənclər Fondunu qeyd etdi. Prof. Çingiz İsmayılov ölkədə aparılan islahatların QHT-lərin fəaliyyətinə yeni implus verəcəyinə və ölkənin davamlı inkişafına böyük təsir göstərəcəklərinə ümidini ifadə etdi.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Təbiətdən istifadə və Ekologiya sahəsində Beynəlxalq Ümumi Problemlər kafedrasının dosenti Andrey Avramenko “Korporativ sosial məsuliyyətin ekoloji ölçüsü” adlı məruzə ilə çıxış etdi. Natiq bakalavr və magistr səviyyələrində davamlı inkişaf naminə təhsildə xüsusi proqramlarla yanaşı elmi fəaliyyətin və ekoloji maarifləndirmənin nəzərdə tutulduğunu iştirakçılarının diqqətinə çatdırdı. Korporativ sosial məsuliyyət anlayışından bəhs edən məruzəçi insan potensialı, ekoloji təhsil və ekoloji mədəniyyət məsələlərinə toxundu. Məruzəçi ekoloji etika, ekoloji politologiya, tarixi ekologiya, etnoekologiya kimi məsələlərin metodiki cəhətdən tədqiq edilməsinin vacibliyini vurğuladı.

Daha sonra çıxış üçün söz Rusiya Elmlər Akademiyasının Ekologiya problemləri və Təkamül İnstitutunun baş elmi işçisi Valeriy Neronova verildi. O, Foruma dəvət olunduğu üçün öz minnətdarlığını bildirdi və bu cür Forumların keçirilməsinin vacibliyini vurğuladı.. Natiq 2013-cü ilin Rusiya Federasiyasında ətraf mühit ili elan olunması nəticəsində ətraf mühitin mühafizəsinə dair IV Ümumrusiya Qurultayının keçirilməsi haqqında məlumat verdi. Azərbaycan alimi Nizami Məmmədovun “Ekologiya və davamlı inkişaf” kitabının əhəmiyyətindən də danışan məruzəçi bildirdi ki, Azərbaycan bu gün Qafqaz üçün bir nümunədir. O təklif etdi ki, Azərbaycan Qafqazda ətraf mühitin mühafizəsinə dair Assosiasiyanın yaradılması təşəbbüsünü öz üzərinə götürsün.

Tədbirdə çıxış edən ABŞ-ın Purdue Universitetinin professoru Forumda iştirakından məmnunluğunu ifadə etdi. Professor dünyada aclıq, yoxsulluq, pis həyat şəraiti problemlərinə toxunaraq qeyd etdi ki, hər gün dünyada 21 min insan aclıqdan vəfat edir. Natiq  hətta ABŞ-ın dünyanın ən böyük iqtisadiyyatına malik olmasına baxmayaraq, burada 49 milyon əhalinin yoxsul olduğunu diqqətə çatdırdı. O, hökumətin daha yaxşı fəaliyyət göstərməsi üçün insan potensialının inkişafı məsələsinə toxundu. Vətəndaş cəmiyyəti institutları kimi xeyriyyə təşkilatlarını, fondları qeyd edildi.

Məruzə ilə çıxış edən Küveyt İdeal Ailə Cəmiyyətinin prezidenti və “SPMUDA Kuwait” QHT-nin xoşməramlı səfiri xanım Şeyxa Fariha Əl-Əhməd Əl-Cabir Əl-Sabah tədbir iştirakçılarını salamladı və Forumun əhəmiyyətini vurğulayaraq bildirdi ki, bu cür konfranslar insanın və bəşəriyyətin, xüsusilə qadın və uşaqların xeyri üçün əldə olunmuş nailiyyətlərin daha da inkişaf etdirilməsinə yol açır və bu sahədə uğurlu işlər həyata keçirirlər. O qeyd etdi ki, İslam dini qadının cəmiyyətin tən yarısı olduğunu və təhlükəsiz vətənin, dövlətin qurulması üçün uğurlu bir nəsil bəxş etdiyini buyurur. O, çıxışının sonunda Azərbaycan Respublikasına davamlı inkişaf və çiçəklənmə arzuladı.

Dəyirmi masanın həmsədri professor Robert Laflin yekun nitqində çıxış edən hər kəsə təşəkkür etdi.

Sonda hər üç bölmənin işini yekunlaşdıran akademik  Urxan Ələkbərov məruzə və çıxışların yüksək səviyyədə keçdiyini qeyd edərək iştirakçılara öz təşəkkürünü bildirdi. Urxan Ələkbərov qeyd etdi ki,  bütün iştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban Əliyevaya, Fondun vitse-Prezidenti Leyla Əliyevaya və Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına öz dərin minnətdarlıqlarını bildirirlər. Cənab Ələkbərov iştirakçılardan Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsinin mətninə münasibətlərini bildirməyi xahiş etdi. Bəyannamə yekdilliklə qəbul edildi. Bununla da “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masası öz işini başa vurdu.

Video 1
Video 2
Video 3
Video 4