Forum 2016

IV. Davamlı inkişaf və ekoloji sivilizasiya

  • Davamlı inkişafın səmərəli idarə edilməsi modellərinin təhlili və ekoloji sivilizasiyaya transformasiya (beynəlxalq təcrübə və Azərbaycan təcrübəsi)
  • Davamlı inkişaf üçün zəruri insan potensialının formalaşdırılması problemləri
  • Davamlı inkişaf konsepsiyasının həyata keçirilməsində vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin rolu

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

IV. Davamlı inkişaf və ekoloji sivilizasiya

V Bakı Beynəlxalq Humanitar Forumunun “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasına Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov (Azərbaycan), Nobel mükafatı laureatı, professor Robert Laflin (ABŞ), Nobel mükafatı laureatı, professor Edvard K. Preskott (ABŞ) həmsədrlik edirdilər.

Tədbiri giriş sözü ilə açan Urxan Ələkbərov ilk öncə “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasının iştirakçılarını salamladı. Natiq Prezident İlham Əliyevin Forumun açılışında humanitar məsələlərin xüsusi əhəmiyyətinə diqqət çəkdiyini vurğuladı. Eyni zamanda U.Ələkbərov təmsil etdikləri sahələrdən asılı olmayaraq plenar toplantıda çıxış edən natiqlərin hamısına uğurlar dilədi. Natiq Azərbaycanda davamlı inkişaf və ekoloji sivilizasiya məsələlərinin həllində dövlət təşkilatları ilə yanaşı, ictimai qurumlar, xüsusilə Heydər Əliyev Fondunun önəmli rolunu diqqətə çatdırdı. Cənab Ələkbərov “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasında azərbaycanlı iştirakçılarla yanaşı, müxtəlif ölkələrdən  nümayəndələrin, o cümlədən 2 Nobel mükafatı laureatı – professor Robert Laflinin və professor Edvard K.Preskottun iştirak etdiyini bildirdi.

“Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasında müzakirələr əsasən 3 istiqamətdə aparıldı:

  • Davamlı inkişafın səmərəli idarə edilməsi modellərinin təhlili və ekoloji sivilizasiyaya transformasiya (beynəlxalq təcrübə və Azərbaycan təcrübəsi);
  • Davamlı inkişaf üçün zəruri insan potensialının formalaşdırılması problemləri;
  • Davamlı inkişaf konsepsiyasının həyata keçirilməsində vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin rolu

“Davamlı inkişafın səmərəli idarə edilməsi modellərinin təhlili və ekoloji sivilizasiyaya transformasiya (beynəlxalq təcrübə və Azərbaycan təcrübəsi)” istiqaməti üzrə müzakirələrə başlanıldı. Bu müzakirələrin moderatorları Trento Universitetinin rektoru Paolo Kollini (İtaliya), YUNESKO üzrə Qazaxıstan Respublikasının Milli Komissiyasının baş katibi Assel Utegenova (Qazaxıstan). “Starfort Holdings” şirkətinin Direktorlar Şurasının sədri Kenet Kertis (Birləşmiş Krallıq). İsveçrə-Azərbaycan Ticarət Palatasının prezidenti Klod Eji (İsveçrə) idi.

Daha sonra çıxış üçün söz cənab Robert Laflinə verildi. Forumda iştirakından məmnunluğunu bildirən Nobel mükafatı laureatı dünyanın davamlı inkişaf hədəflərinə doğru istiqamətlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini auditoriyanın diqqətinə çatdırdı. Natiq hamını davamlı inkişaf sahəsində bəyan edilmiş  məqsədlərə nail olmaq üçün qüvvələri səfərbər etməyə və bəşəriyyətin qarşısında qoyulmuş məsələlərin həllində qərarlılıq nümayiş etdirməyə çağırdı.  Natiq Silikon Vadisindəki sorğuya əsasən ABŞ şirkətlərinin fəaliyyətə dövlət dəstəyi ilə başladığını dinləyicilərin nəzərinə çatdırdı. O, qeyd etdi ki, şəffaflıq prinsipləri ilə idarə olunan biznes, problemlərin tez aşkar edilməsi və iqtisadi inkişaf üçün nəzərdə tutulan amillərin həyata keçirilməsi baxımından çox önəmlidir. İqtisadiyyatın bazar şəraitində davamlı inkişafa nail olmağı üçün texnologiyaların əhəmiyyətindən danışan alim, bildirdi ki, davamlı inkişaf sahəsində bu texnologiyaların öz yerini tapması olduqca əhəmiyyətlidir. Azərbaycanın neftçıxarma sahəsində təcrübəliliyini və davamlılıq istiqamətində çox işlər gördüyünü qeyd edən natiq, tullantıların deqradasiyası, su resurslarından səmərəli istifadə edilməsinin önəmini vurğuladı. İnkişafın uzun zaman tələb etdiyini qeyd edən professor həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin ilk öncə davamlı inkişaf modelini seçməli olduqlarını bir daha dinləyicilərin nəzərinə çatdırdı. Natiq sonda davamlı inkişafı təşkil edən iqtisadi, sosial və ekoloji komponentlərin həyata keçirilməsinin tarazlıqlı təmin olunmasının zəruriliyini vurğuladı.

Daha sonra seksiyanın moderatoru İsveçrə-Azərbaycan ticarət palatasının prezidenti Klod Eji çıxış üçün söz aldı. O, davamlı inkişafın iqtisadi, siyasi və sosial önəminə toxunaraq, ekologiya və iqtisadiyyatın funksiyalarının bir-birlərini tamamladığını və iqtisadi siyasətin iqtisadi inkişafa maneəçilik törətməməsinin vacibliyini xüsusi qeyd etdi. Natiq bildirdi ki, bu həm də cəsur strategiyadır. Professor Azərbaycanda saya yox, keyfiyyət məsələrinə önəm verildiyini vurğuladı və bildirdi ki, Azərbaycanın davamlı inkişaf sahəsində, həm də aqrar sənayesində irələməsi dünya üçün örnək bir haldır. Xüsusilə Azərbaycanın Milan şəhərindəki sərgisini misal göstərən alim, Azərbaycanın yeni inkişaf strategiyasının hazırlığından danışdı və qeyd etdi ki, davamlı inkişafın planlaşdırılması istiqamətində görülən tədbirlər çox düzgün seçimlərdir və Azərbaycana bu istiqamətdə inkişaf etmiş ölkələr tərəfindən dəstək göstərilməlidir.

Daha sonra çıxış üçün söz akademik Urxan Ələkbərova verildi. Akademikin “Ölkədə qazanılmış davamlı inkişaf və idarəetmə texnologiyalarının tədbiqi” mövzusundakı məruzəsi dinlənildi. Natiq davamlı inkişaf məqsədlərinin bir sıra problemlərin qarşısını aldığını, davamlı inkişafın biliyə əsaslanan inkişaf olduğunu vurğuladı. İnsan kapitalının fənlərarası ən yeni bilik və bacarıqların inteqrasiyası, fasiləsiz təhsil proqramları və eləcə də bu sahədə əməkdaşlığın genişləndirilməsi yoluyla inkişafının davamlı inkişafın vacib humanitar tərkib hissəsi olduğunu alim qeyd etdi. Akademik U.Ələkbərov  qeyd etdi ki, Azərbaycanda davamlı inkişaf mövzusunun orta məktəb kurrikulumuna 2001-ci ildə daxil edilməsi dünya təcrübəsindən dörd il əvvəl başlamışdır. Ekoloji sivilizasiya mövzusuna dair ilk dəfə 1998-ci ildə bülletenin hazırlandığını diqqətə çatdıran natiq, bu konsepsiyanın insanların həyat tərzinə, fəaliyyətinə və davranışlarına davamlı yaşam prinsiplərini mənimsəyərək yaşamağa böyük töhvələr verəcəyini qeyd etdi. Ekoloji sivilizasiyanın əhəmiyyətindən danışan alim, onun humanitar təhdidlərin qarşısının alınması üçün yeganə vasitə olduğunu diqqətə çatdırdı. Natiq öz məruzəsində ekoloji sivilizasiya haqqında təsəvvürlərin formalaşdırılması zərurətinə, istehlak və istehsalın səmərəli modellərinin tətbiqini dəstəkləyən müxtəlif hərəkatların təşviqinə, təbii sərvətlərə qayğıkeş münasibət və iqlim dəyişiklikləri ilə bağlı lazımi tədbirlər görülməsinin vacibliyini xüsusi olaraq vurğuladı. Akademik qeyd etmişdir ki, son 10 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi baza yaradılmışdır. Alim hər enerji vahidinə düşən ÜDM istehsalı göstəricisinə əsasən Azərbaycanın həmən qruplara aid olan bir çox ölkələri üstələdiyinə diqqət yetirdi. Natiq məlumat verdi ki, Azərbaycan son illərdə Cini və Kuintil əmsallarına görə “Böyük İyirmilik” və  “Böyük Yeddilik” ölkələrinin əksəriyyətini üstələmiş, yalnız Kanada, Almaniya kimi ölkələrdən geri qalmışdır. Çıxışının sonunda Urxan Ələkbərov qeyd etdi ki, bu uğurların səbəbi yalnız yaxşı idarəçilik və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun fəaliyyətinin kombinasiyasıdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun, onun Prezidenti YUNESKO və İSESKO-nun xoş məramlı səfiri xanım Mehriban Əliyevanın fəaliyyəti olduqca əhəmiyyətlidir. Bu fəaliyyətin əsasında təhsil və biliyin durduğunu vurğulayan alim Azərbaycanda davamlı inkişafın tədrisi və dərsliklərin hazırlanması ilə bağlı məlumatları da iştirakçıların diqqətinə çatdırdı. Urxan Ələkbərov məruzəsinin sonunda qeyd etdi ki, Azərbaycanın davamlı inkişaf sahəsindəki uğurları idarəçilik sisteminin peşəkarlığı nəticəsində mümkün olmuşdur və bu uğurların banisi hörmətli Prezident Cənab İlham Əliyevdir.

Növbəti məruzəçi iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Arizona Dövlət Universitetinin iqtisadi səmərəlilik sahəsi üzrə perspektiv tədqiqatlar Mərkəzinin professoru Edvard K.Preskott oldu. O, ilk öncə Forumun, xüsusilə  dəyirmi masanın təşkilatçılarına minnətdarlığını bildirdi. Məruzəçi öz çıxışında davamlı inkişaf və yaxşı idarəçilik məsələsinə daha qlobal səviyyədə toxunaraq, ekoloji sahədə səmərəli idarəçiliyin təşkili göstəricilərini önə çəkdi. Natiq davamlılıq və inkişaf mövzusuna toxunaraq Qərb və Şərq ölkələrinin müqayisəli təhlilini dinləyicilərin nəzərinə çatdırdı. Məruzəçi qeyd etdi ki, qərb ölkələri XX əsrin 50-ci illərində 35% Çindən, 25% Hindistandan zəngin olmuşdular. Ancaq indi bu belə deyil, şərq ölkələri zənginlikləri ilə qərb ölkələrinə gəlib çatmışdılar. O, qeyd etdi ki, şərq ölkələrinin ÜDM və adambaşına düşən real satınalma qabilliyyətinə baxdıqda bu paritetin yetərincə yüksək olduğunu müşahidə etmək olar. Azərbaycan üçün burada mesaj necə ola bilər hipotezisini önə çəkən alim, Azərbaycanın həm qərb, həm şərq ölkələri arasında yerləşdiyini nəzərə çatdırdı.  Məruzəçi bildirdi ki, bu Azərbaycan üçün unikal bir vəziyyətdir və Azərbaycan bundan istifadə etməlidir. Natiq qeyd etdi ki, nisbi hesablamalara görə iqtisadi və idarəçi keyfiyyətləri baxımından biliyə əsaslanan artım böyük əhəmiyyət kəsb edir. İqtisadi siyasətin səmərəliliyinin xüsusi önəm daşıdığını söyləyən alim, Azərbaycanın hal-hazırda yüksək artım tempi yaşadığını qeyd etdi. Azərbaycan hansı siyasəti yürütməlidir, nə etməlidir kimi suallara cavab olaraq Edvard K.Preskott bildirmişdir ki, Azərbaycan informasiya texnologiyalarını inkişaf etdirməli, elmi-tədqiqat institutlarının yaradılmasını təşvik etməli, gənclərin bilik səviyyəsinin artırılmasını, onların xaricə göndərilməsi və xaricdən mütəxəssislərin dəvəti və əlaqələrin sıxlaşdırılması ilə rəqabətçil mühitin yaradılmasına nail olmalıdır. Alim bütün bu proseslərin, öz növbəsində Azərbaycanda həyat tərzinin və istehsalın rəqabətyönümlü olmasına gətirib çıxaracağına əminliyini bildirmiş və  çıxışının sonunda qeyd etmişdir ki, Azərbaycan göstərdiyimiz bir çox istiqamətlərdə model ölkə kimi çıxış edə bilər.

Növbəti məruzəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov ilk öncə Azərbaycanda davamlı inkişaf sahəsində aparılan böyük islahatlardan danışdı. Məruzəçi Azərbaycanın son 15 ildə iqtisadiyyatının 3 dəfə böyüməsinə rəğmən karbon birləşmələrinin atmosferə atılmalarının 30%-dək azalmasını diqqətə çatdırdı. Natiq bildirdi ki, Azərbaycan Paris öhdəçiliyinə qoşulan və öz üzərinə ən yüksək öhdəçilik götürən ölkələr sırasındadır. Nazir öz çıxışında yeni texnologiyaların istifadəsi, mazutun yandırılmaması, elektrik enerjisi istehsalında tamamən qaz yanacağına keçid, meşə ərazilərinin qorunub saxlanması, hətta bu ərazilərin 150 min hektara qədər, yəni 11,4%-dən 11,8%-dək  artımı məsələlərinə  toxundu. Məruzəçi neft istehsalçısı olan ölkəmizdə çirklənmənin qarşısının alınması istiqamətində çox işlərin aparıldığını dinləyicilərin nəzərinə çatdırdı. O, qeyd etdi ki, Azərbaycanda zeytun əkinlərinin 3 dəfə artırılması və ümumiyyətlə, gələcəkdə  yaşıllaşdırma layihələrinin maliyyələşdirilməsi prosesi davamlı olacaqdır. Azərbaycanda su resurslarının az olması ilə əlaqədar, içməli təmiz su istehsal edən fabrikin qurulduğunu dinləyicilərin nəzərinə çatdıran nazir, bildirmişdir ki, həmin fabrikdə dəniz suyunun içməli suya çevrilməsi və istehsalı 7000 m3 təşkil edir. Natiq bu suların daha çox irriqasiya məqsədləri üçün istifadə edildiyini də nəzərə çatdırdı. Abşeron sahəsinin neft sənayesinin inkişafı nəticəsində daha çox çirkləndiyini diqqətə çatdıran məruzəçi  Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə bu istiqamətdə Xəzər dənizi sahilinin təmizlənməsi və mühafizə edilən ərazilərin çoxaldılması layihələri haqqında dinləyicilərə məlumat vermiş və qeyd etmişdir ki, həmin ərazilər 480 min hektardan 1 milyon hektara dək çoxaldılmışdır. 8 milli parkın yaradılması və 2 parkın layihələndirilməkdə olduğunu da nazir qeyd etmişdir. Nazir çıxışının sonunda diqqətə çatdırdı ki, ekosivilizasiyanın başa düşülən imicini yaratmaq lazımdır və bu vəziyyət mövcud iqtisadiyyatın və siyasi rejimlərin davamına xidmət edəcəkdir. Elə prinsiplər qurulmalıdır ki, gələcəyə olan təhlükəni hiss edək – deyən nazir iştirakçılara bu istiqamətdə uğurlar arzuladı.

Müzakirələrdə iştirak edən Almaniya-Azərbaycan Forumunun sədr müavini Helqa Daub dövlət tərəfindən vəsait ayrımlarını, onlara nəzarət və korrupsiya hallarının qarşısının alınması ilə iqtisadi tarazlığı qorumaq prinsiplərini dinləyicilərin nəzərinə çatdırdı. Subsidiyaların əhəmiyyətinin toksik təsirə malik olduğunu deyən xanım Daub, əslində onların bəzən innovasiyanın qarşısını aldığını vurğuladı. O, qeyd etdi ki, bəzən uzun muddətli təminat verirsənsə bununla əslində texnologiyaların inkişafının qarşısını alırsan. Natiq çıxışının davamında bəzi xüsusi halları dinləyicilərin nəzərinə çatdırdı. Xanım Daub həmin halları zərərli qazların  qarşısının alınması, bərpa edilən enerji sahəsində subsidiyaların verilməsi məsələri kimi vurğulamış, bu sahələrdə Almaniyanın etdiyi səhvləri Azərbaycan tərəfindən təkrarlamamasının vacibliyini önə çəkmişdir. Çıxışının sonunda o təhsil məsələsini müzakirə edərək ayrılan vəsaitin peşə təhsilinə ayrılmasının vacibliyinə toxundu. Peşə təhsilinə ayrılan vəsaitləri o belə izah etdi ki, əgər inkişaf etməkdə olan ölkə texnologiya və bahalı avadanlıqların alınması üçün böyük vəsait ayırırsa, ancaq onların baxımı üçün inkişaf etmiş ölkələrdən mütəxəssislər dəvət edirsə onların xərcləri çoxalacaqdır ki, bu da iqtisadi səmərəliliyi azaldacaqdır. Xanım Daub çıxışının yekununda səmərəliliyin artımı üçün Azərbaycanın öz mütəxəssislərinin yetişdirilməsinin vacibliyini vurğulamışdır.

Müzakirələrdə iştirak edən “Stop Metsamor” QHT beynəlxalq koalisiyasının beynəlxalq koordinatoru Paola Casagrande “Metsamor”un inşa edildiyi yerin Qafqazda ən seysmik ərazilərdən biri olduğunu dinləyicilərin nəzərinə çatdırdı. O, qeyd etdi ki, “Metsamor” Sovet İttifaqı zamanı, yəni XX əsrin 70-ci illərinin əvvəllərində tikilmiş və onun təhlükəsi nəzərə alınmamışdır.   “Metsamor” stansiyası Ermənistanı 40% elektrik enerjisi ilə təmin etsə də, bunun təhlükəli, beynəlxalq standartlara uyğun qurulmadığını vurğulayan natiq, qeyd etmişdir ki, bu stansiya həm Ermənistan üçün, həm də qonşu dövlətlər üçün çox böyük təhlükə yaratmaqdadır. Bu hər şeydən öncə, milyonlarla insanın təhlükəsizliyi üçün önəmlidir. Nüvə enerjisi insan nəzarətindən çıxırsa, sadəcə iqtisadi maraqlar varsa bu stansiya fəaliyyət göstərə bilməz deyə natiq qeyd etmişdir. Bizim koalisiyamızda müxtəlif ölkələrin təmsilciləri var. Onlar Azərbaycan, Ermənistan, Rusiya, İsrail, Türkiyə və s. kimi ölkələrdən olan təmsilcilərdilər. Çıxışının sonunda xanım Casagrande plenar toplantıda iştirak edən nümayəndələri daha səmərəli fəaliyyət üçün xoşniyyətli təşkilatlarına, koalisiyaya qoşulmağa dəvət etmişdir.

Müzakirələrdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı professor Çingiz İsmayılov iqtisadi inkişaf proseslərində bəzi ziddiyyətlərin olduğuna toxunmuşdur.Tullantıların sıfırlanmasının mümkün olmadığını deyən alim, onların minimuma endirilməsindən bəhs etmişdir. Məruzəçi öz çıxışında alternativ enerji məsələlərindən də bəhs etmişdir. O, həmçinin hansı səmərəli yollardan istifadə edilə bilər sualının önəmli diskussiya mövzusu olduğunu qeyd etmişdir. Öz çıxışında natiq bildirmişdir ki, şəffaflıq məsələsi, enerji sərfinin təhlili xüsusi diqqətə malik məsələrdəndir. İqtisadi tənəzzül dövründə Azərbaycanda iqtisadi inkişafda artım tempinin 3% təşkil etdiyi və bu rəqəmin digər illərə nisbətən aşağı düşdüyünü vurğulayan alim, Azərbaycanın artımsız və ya azartımlı inkişafa və ya kəmiyyətdən keyfiyyət artımına keçdiyini dinləyicilərin nəzərinə çatdırmışdır. Natiq qeyd etmişdir ki, bu artımı azartımlı inkişaf modeli kimi göstərmək olar.

Mövzu ətrafında müzakirələrə qatılan İtaliya senatının üzvü, beş ulduz hərəkətinin lideri Rosario Vito Petroçelli demokratiya olmadan davamlı inkişaf ola bilərmi sualı ilə diskussiyaya qoşulmuşdur. O, qeyd etmişdir ki, enerji kimin əlindədirsə onun güçü çoxdur. Bu gücü əlimdə saxlamasam cəmiyyət ilə paylaşsam onda mən davamlı inkişafa şərait yaratmış olaram deyə, natiq çıxışını davam etdirmişdir. Məruzəçi çıxışının sonunda davamlı inkişaf yalnız demokratiyanın inkişaf etdiyi yerlərdə mümkündür, cəmiyyətlər bir başa demokratiyanın inkişafına keçməlidirlər deyə hipotezis ortaya atmış və bildirmişdir ki, o özü bir siyasətçi kimi bu hərəkatın qurucusudur.

Müzakirələrə qoşulan “Starfort Holdings” şirkətinin Direktorlar Şurasının sədri Kenet Kertis bildirmişdir ki, o özü qlobal biznes mühitində yetişmişdir. O qeyd etmişdir ki, elə bir məsələ yoxdur ki, ətraf mühitə təsiri olmasın.  İnsanların didərgin düşməsi, gəlir səviyyələrinin dəyişimi, miqrasiya məsələləri, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə inkişaf etməmiş ölkələrdən inkişaf etmiş ölkələrə miqrasiya etməsi halları baş verir və bunların  nəticələri çox mürəkkəb məsələlər yaradır. Necə etmək olar ki, ölkələr, hökümət və biznes təmsilciləri öz fəaliyyətlərini bu istiqamətdə artırsılar. “Ancaq bu istiqamətdə gedişat məni narahat edir” – deyə məruzəçi çıxışını bitirmişdir.

 

Kolumbiya Universitetinin beynəlxalq münasibətlər və dövlət işləri fakültəsinin professoru Con Lourens diskussiyaya qatılaraq “Metsamor” məsələsinə toxunmuşdur. Alim iki yanaşmaya toxunmuşdur:  birincisi-ictimaiyyətin dərk etməsi,  ikincisi-  siyasi istiqamət. Natiq nəzərə çatdırmışdır ki, hər iki istiqamətin koordinasiyası daha müsbət nəticələrin əldə edilməsinə öz töhvəsini verəcəkdir.

Stanford Universitetinin professoru, Nobel mükafatı laureatı, professor Robert Laflin müzakirələrə qatılaraq vurğulamışdır ki, biz problemin həcmini tam olaraq dərk edə bilmirik. İqtisadi gücün bir yerdə mərkəzləşdiyini vurğulayan alim, “əgər neft və qaz resursları tükənsə sabah nə baş verə bilər” sualını önə çəkmişdir. Sorğuya əsasən belə nəticəyə gəlinmişdir ki, əhalinin sayı xeyli azalacaqdır. Natiq davamlı inkişafın  resurslardan proporsional istifadə etməyə çağırdığını qeyd etmişdir.

Mövzu ətrafında müzakirələrə qatılan akademik Urxan Ələkbərov diqqətə çatdırmışdır ki, demokratiya ilə bərabər səmərəli idarəçilik olmalıdır ki, əhalinin şuuru ekoloji sivilizasiya səviyyəsinə çatsın.

Diskussiyada təkrar söz alan professor Robert Laflin idarəetmə məsələsinə toxunmuşdur. O, qeyd etmişdir ki, enerjinin istifadəsi təbiət qanunları ilə əlaqədardır. Enerji düşüncə ilə ya da qanunla tam idarə edilə bilmir, çünki günü-gündən əhalinin artımı, iqtisadi rəqabət baş verməktədir.

Fasilədən sonra “Davamlı inkişaf üçün zəruri insan potensialının formalaşdırılması problemləri” bölməsinin iclası açıq elan olundu. Bu müzakirələrin moderatorları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə dövlət Agentliyinin sədri İnam Kərimov, Rusiya Xalqlar Dostluğu Universitetinin prorektoru Aleksandr Qladuş, Donya Qoritsa Universitetinin rektoru Veselin Vukotiç idi.

Daha sonra söz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimova verildi. Natiq ilk növbədə həm özəl sektorda, həm də dövlət sektorunda səmərəli institutların yaradılmasının önəmini vurğuladı. Səmərəli kadrların yetişdirilməsi məsələsi BMT-nin davamlı inkişaf hədəflərinə aid olduğunu vurğulayan məruzəçi qeyd etdi ki,  bu istiqamətdə “Azərbaycan 2020:  gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilmişdir ki, bu həyatın bütün sferasını əhadə edir və burada hədəf təbii sərvətlərdən əldə edilən gəlirlərin insan kapitalının inkişafına yönləndirməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət sektorunda çox tərəfli islahatlar keçirməyə başlamışdır və bunun nəticəsi olaraq ASAN xidmət yaradılmışdır deyən natiq, vahid pəncərə prinsipinin həyata keçirilməsini diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, iqtisadi inkişafı əngəlləyən korrupsiyanın qarşısının alınması, dövlət xidmətlərində səmərəliliyin artırılması məsələləri prioritet məsələlərdəndir. Məruzəçi bildirmişdir ki, ASAN xidmət nümunəvi bir orqan halına gəlmişdir və BMT tərəfindən dövlət sektorları içində birinci yerə layiq görülmüşdür.

Diskussiyaya qatılan akademik Urxan Ələkbərov ASAN xidmətin qısa müddət ərzində insanların düşüncələrində dəyişiklik yarada bildiyini qeyd etmişdir. O, vurğulamışdır ki, yarandığı gündən ASAN 12 milyon insana xidmət göstərmiş və bu orqan əhalinin davranışlarında və şüurunda dəyişiklik yaratmışdır.

Daha sonra söz Rusiya Xalqlar Dostluğu Universitetinin prorektoru Aleksandr Qladuşa verildi. O, öz növbəsində foruma dəvət edildiyi üçün forumunun təşkilatçılarına təşəkkür etdi, Azərbaycanda keçirilən forumun uğurundan bəhs etdi. Eyni zamanda, Qladuş dəyirmi masada iştirak etdiyinə görə dəyirmi masanın sədri Cənab Urxan Ələkbərova minnətdarlığını bildirdi. Natiq təbiətdən istifadənin iqtisadiyyatın planlaşdırılmasında qarşılaşan elmi-texniki, idarə mexanizmlərinin davamlı artan iqtisadi inkişaf hallarında ətraf mühitlə koordinasiyasının çətinləşdiyini dinləyicilərin nəzərinə çatdırdı. Çıxışının sonunda energetika kompleksinin idarə edilməsinə toxunan alim, enerjinin tənzimlənməsi, orqanik tullantıların idarə edilməsi kimi məsələlərin böyük şəhərlərin əsas fəaliyyət istiqamətini təşkil etdiyini dinləyicilərin diqqətinə çatdırdı.

Daha sonra çıxış üçün söz İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıya verildi. Natiq əsasən iqtisadi ehtiyyatlardan danışdı. “SOCAR”ın ehtiyyatı ÜDM-nin 75% təşkil etdiyini dinləyicilərin nəzərinə çatdırdı. Məruzəçi Azərbaycanın valyuta rezervlərinin iqtisadi inkişafın davamı üçün yetərli olduğunu qeyd etdi. Natiq onu da vurğuladı ki, Azərbaycan yeni iqtisadi modelə keçmək istəyir. Məruzəçi dövlət yönümlü investisiyadan özəl yönümlü investisiyaya keçidin vacibliyini qeyd etdi. Azərbaycanda yol xəritəsinin hazırlandığını vurğulayan V.Qasımlı bu xəritənin davamlı inkişaf məqsədlərinə uyğunlaşdırdıqlarını dinləyicilərin nəzərinə çatdırdı. Çıxışında iqtisadiyyatın müəyyən sahələri üzrə ixtisaslaşmasına toxunan alim, bu istiqamətdə turizm, kənd təsərrüfatı, logistika, bank, qida və s. sahələri örnək göstərmişdir. Regional inkişaf proqramlarının hazırlanması, iqtisadi diversifikasiyalar kimi məsələlərə toxunan natiq tranzit yolların, portların iqtisadi inkişafa töhvəsini nəzərə çatdırmışdır. O qeyd etmişdir ki, ipək yolu, dəmir yolları, nəqliyyat infrastrukturu fiziki əsas yaradır ki, Azərbaycan qlobal dəyər zəncirinə çevrilsin.

Tədbirdə çıxış edən Bokkoni Universitetinin Tədqiqat direktoru Edoardo Kroçi davamlı inkişaf və urbanizasiya mövzusunda məruzə ilə çıxış etmişdir.O bildirmişdir ki, hal-hazırda dünyada əhalisi 10 milyondan artıq olan şəhərlərin sayı artmaqdadır və onların çoxu Asiyada yerləşməkdədir. Şəhərlərin böyüməsi özü ilə birgə bir sıra ekoloji problemlərin yaranmasını təşviq edir. Alim bu proseslərdə müəyyən investisiya faktorlarının da olduğunu vurqulamış, elektrik enerjisinin istehsalı üçün lazım olan digər istifadə edilən xammal məhsullarının istifadəsi və s. kimi göstəriciləri dinləyicilərin nəzərinə çatdırmışdır. Natiq qeyd etmişdir ki, böyük şəhərlərdə nəqliyyat prosesləri, istehsalat və investisiya prosesləri tənzimlənərsə davamlı inkişaf naminə irələmələr ola bilər. Edoardo Kroçi bildirmişdir ki, BMT konfrasında, Paris razılaşmasında şəhərlərin planlaşdırılması və urbanizasiyanın davamlılığının vacibliyi və bu istiqamətdə maliyyə resurslarının ayrılması nəzərdə tutulmuşdur. O, qeyd etmişdir ki, davamlılıq istiqamətində gələcək 15 il içərisində 4,3 trilyon dollar investisiya xərclənməsi nəzərdə tutulmuşdur. İnfrastuktur, nəqliyyat, su idarəsi, enerji sahələrində davamlılığın artırılması, layihələrin və risklərin qiymətləndirilməsi və sığorta məsələləri davamlı inkişaf məqsədlərinə uyğun olaraq planlaşdırılmalıdır.

Müzakirələrdə iştirak edən Pakistanın millət vəkili Şaza Fatima Xavac insan potensialının inkişafında qərbləşmiş elitanın varlığından bəhs etmişdir. Əhali sayının artımı, adambaşına düşən texnologiyaların vacibliyini vurğulamış, yalnız düşüncə tərzinin davamlı inkişaf dəyərləri içində çox böyük rola malik olduğunu dinləyicilərin nəzərinə çatdırmışdır. O, qeyd etmişdir ki, insan sıxlığı, konflikt və təhlükəsizlik şəraitində insan potensialının artımından söz gedə bilməz. Bəzi çətinliklərlə üzləşən ölkələr bu vəziyyətdə davamlı inkişafın məqsədlərini öz gündəliklərinə belə almırlar. Milli səviyyədə bu problemlər həll edilməlidir deyən Millət vəkili, Pakistanın ipək yolunda iştirakını və bu nəqliyyat infrastrukturunun inkişafına xüsusi yer ayırdığını söyləmiş, gənclər üçün sosial siyasətin önəmini vurğulamışdır. Peşə dərslərinin verilməsinin və məşğulluğun artırılmasının önəminə toxunan natiq, ailə, qadın, uşaq siyasətinin xüsusi yerini vurğulamışdır.

Müzakirələrdə iştirak edən Vyetnam Sosialist Respublikasının Prezidentinin köməkşisi Tran Quanq Tiep tələbə olarkən yaşamış olduğu gözəl Bakı şəhərinə  uzun illərdən sonra bir daha qayıtdığı üçün məmnun olduğunu bildirmiş, Azərbaycanın və xüsusilə paytaxt Bakı şəhərinin müsbət istiqamətdə çox dəyişdiyinə şahid olduğunu və bu müsbət dəyişikliyin ona böyük təsürat bağışladığını auditoriyanın nəzərinə çatdırmışdır. Azərbaycanın nailiyyətlərini yaxından izlədiyini bildirən natiq, bu inkişafın, tərəqqinin mükəmməl idarəçilik prinsiplərinə, müasir və zəngin təcrübəyə dayandığını qeyd etmiş, Azərbaycanın bu istiqamətdə örnək ölkə olduğunu vurğulamışdır.

Müzakirələrdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent  Rəcəb Rəhimli qeyd etmişdir ki, davamlı inkişafın sosial, siyasi, iqtisadi aspektləri üzrə inkişaf etdirilməsi üçün xüsusi ilə kadr potensialının təkmilləşdirilməsi mövzusu əsas istiqamətlərdən birini təşkil edir. Dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı əlaqələrin tənzimlənməsinin xüsusi vacibliyinə toxunan alim, yeni kadrların müasir çağrışlara cavab verən mənəviyyatlı və potensiallı, gələcəyə hazır, yüksək təhsilli olmalarının vacibliyini dinləyicilərin nəzərinə çatdırdı. Natiq qeyd etdi ki, dövlət sektoru və özəl sektor içərisində kadr potensialının keyfiyyəti həmin sektorlardakı gedişatın və dövlət üçün zəruri davamlılığın zaminidir. Alim bildirmişdir ki, dövlət və özəl sektorlarındakı kadrların qiymətləndirilməsi çox önəmlidir. Qiymətləndirmədə obyektiv və subyektiv meyarlardan istifadə olunduğunu qeyd edən natiq, bu istiqamətdə kadrların səmərəliliyinin xüsusi yerə malik olduğunu vurğuladı. Məruzəçi səmərəli kadrlar, gənc peşəkarların dövlət quruculuğunda rol almalarının önəminə toxunmuşdur. Həmçinin siyasi qərar qəbulu mexanizmini həyata keçirən kadrlar və dövlət qulluqçularının hazılığı və bu istiqamətdə görülən işləri dinləyicilərin nəzərinə çatdırılmışdı.

Fasilədən sonra “Davamlı inkişaf konsepsiyasının həyata keçirilməsində vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin rolu” bölməsinin iclası açıq elan olundu. Bu müzakirələrin moderatorları Kolumbiya Universitetinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr fakültəsinin professoru Con Lourens, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, şair və yazıçı, Qazaxstanın YUNESKO-dakı keçmiş daimi nümayəndəsi Oljas Süleymenov, Pakistan Milli Assambleyası, Baş nazirin Gənclik Proqramının sədri Leyla Xan idi.

Çıxış üçün  söz Kolumbiya Universitetinin beynəlxalq münasibətlər və dövlət işləri fakültəsinin professoru Con Lourensə verildi. O, ilk öncə Heydər Əliyev Fondunun vitse prezidenti, İDEA ictimai birliyinin təsisçisi Leyla Əliyevanın plenar sessiyada səsləndirdiyi sivilizasiyaların intensiv olmasını və sivilizasiyalar konseptinin yenidən formalaşdırılmasının önəmindən bəhs etdi. Alim qeyd etdi ki, davamlılığı canlı konsepsiyaya çevirməliyik, davamlı həyat sürməliyik, davamlı düşünməliyik, davamlı yaşamı həyat tərzinə çevirməliyik. Professor Con Lourens onu da qeyd etmişdir ki, biz insan kapitalı ya da iqtisadiyyat faktorları deyilik, biz fərdi ehtiyacları, arzuları, problemləri olan fərdlərik. Fərdlər olaraq qərarlarımızı davamlılıq yönündə formalaşdırmalıyıq. Davranış dəyişikliklərinin, gənclərin, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin və dövlət qulluğunun davamlılıq istiqamətindəki önəminə toxunan natiq gənclərin sosial, siyasi, iqtisadi həyatda rolunun vacibliyini iclas iştirakçılarının nəzərinə çatdırdı. O qeyd etdi ki, bir sıra Azərbaycanlı gənclər xaricdə təhsil aldıqdan sonra öz ölkələrinə geri dönüb töhvə vermək arzusundadırlar. Müxtəlif ölkələr arasındakı aparılan araşdırmaların nəticəsi onu göstərir ki, Azərbaycan gənclərinin bu cür davranışı çöx böyük bir davranışdır. İnsan resurslarının, korporativ davamlı məsuliyyətin vacibliyini vurğulayan alim “gələcək prioritetlər qurularkən bu istiqaməti götürməliyik” deyərək auditoriyanın diqqətinə çatdırmışdır. Natiq, akademik Urxan Ələkbərovun verdiyi məlumatların unikallığına diqqət çəkərək qeyd etmişdir ki, bu cür maraqlı və önəmli məruzə çox vacibdir. O, Azərbaycanın davamlı inkişaf göstəricilərinin dünya məlumat bazalarında daha çox istifadə edilməsi və dünya ictimaiyyətinin nəzərinə çatdırılmasının əhəmiyyətindən bəhs etdi. Daha sonra alim, kütləvi informasiya texnologiyalarının rolunu və onların bu istiqamətdə daşıdığı məsuliyyəti vurğuladı.

Daha sonra söz “Yeni Azərbaycan”qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədova verildi. Millət vəkili davamlı inkişafın insan resursları və informasiya təminatı mövzusunda məruzə ilə çıxış etdi. Vəkil qeyd etdi ki, postmodern cəmiyyətdə medianın əhatə sahəsi çox böyükdür və rolu əvəzsizdir. “Azərbaycanda tam azad mətbuat və internet istifadəsi mövcuddur”  deyən redaktor, davamlılığın və insan potensialının yüksəldilməsi üçün bu istiqamətlərin vacib addım olduğunu vurğuladı. Məruzəçi qeyd etdi ki, dünyada Qərb kapitalı üstünlük təşkil edir və bu kapitalın bir hissəsi inkişaf etməmiş və yaxud inkişaf etməkdə olan ölkələrdəki resursların istismarı üçün istifadə edilir. Bu halların bəzi məqamlarda ziddiyyət təşkil etdiyini bildirən natiq bəzi Qərb ölkələrini hibrit müharibə yöntəmindən əl çəkməyə çağırdı. Azərbaycanın Qarabağ işğalına da toxunan vəkil bu cür aqressiv qonşu siyasətinin bütün bölgənin davamlılığına zərər vurduğunu dinləyicilərin diqqətinə çatdırdı. Millət vəkili məruzəsinin sonunda mülkiyyətin sosial məsuliyyət yaratdığını qeyd etdi və sosial məsuliyyətli yanaşmanın davamlı inkişafın idarə edilməsində xüsusi çəkisini auditoriyanın nəzərinə çatdırdı.

Daha sonra söz Qırğızıstan “AKİpress” İnformasiya Agentliyinin baş direktorunun müavini Venera Camankulovaya verildi. Öz məruzəsində Qırğızıstan Hökümətinin ekologiya məsələlərinə xüsusi diqqət yetirdiyini vurğulayan natiq, söz azadlığının önəmini və bu azadlığın Qırğızıstan höküməti tərəfindən ətraf mühitin qorunması istiqamətində geniş istifadə edildiyini bildirmişdir. Xanım Venera Camankulova bildirdi ki, vətəndaş cəmiyyətinin formalaşmasında kütləvi informasiya agentliklərinin xüsusi yeri vardır və o qeyd etdi ki, hökümət və kütləvi informasiya agentlikləri arasında ətraf mühitin qorunması istiqamətində çox möhkəm koordinasiya və işbirliyi mövcuddur. Bu da öz növbəsində ekologiyanın yüksək səviyyədə qorunub saxlanmasını təmin edir.

Müzakirələrdə iştirak edən Mərakeş II Həsən Universitetinin rektoru İdris Mənsuri Universitetlərin davamlı inkişaf konsepsiyasının həyata keçirilməsindəki rolundan danışdı. O, qeyd etdi ki, universitetlərarası əməkdaşlıqlar, dəyişim proqramları çox önəmlidir və universitetlərə vətəndaş cəmiyyətinin bir parçası kimi baxılmalıdır. “İqlim dəyişiklikləri ilə bağlı qlobal koalisiya yaradılması vacibdir” deyən alim qeyd etdi ki, universitetlər arasındakı bu cür əməkdaşlıqlar nəzəriyyədən təcrübəyə keçməlidir.

Diskussiyada iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov öncəliklə dəyirmi masanın sədri Urxan Ələkbərova minnətdarlığını bildirmiş, daha sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə qarşısına qoyduğu iki əsas vəzifəni – insan potensialının inkişafı və multikulturalizmin inkişafını dinləyicilərin diqqətinə çatdırdı. “Davamlı inkişaf insan kapitalı və multikulturalizm olmadan qeyri mümkündür” deyən professor bildirmişdir ki, mədəniyyətlərarası münaqişənin qarşısı alınmalıdır və bu yalnız humanitar təhlükəsizliyin təmin olunmasına yardım göstərməklə və terrorizmin qarşısını almaqla mümkündür. Bunun üçün humanitar, kulturoloji texnologiyalar, ruhi mədəniyyət, əqli və mənəvi mədəniyyət vasitələri istifadə edilməlidir. Professor məruzəsinin sonunda hər kəsi əməkdaşlığa çağırdı, o qeyd etdi ki, insanların davranışını hüquq vasitəsi ilə deyil mədəniyyət vasitəsi ilə daha rahat dəyişmək olar və əlavə etdi ki, əgər dünya mədəniyyəti qoruyarsa, mədəniyyət də dünyanı xilas edəcəkdir.

Müzakirələrdə iştirak edən Qırğızıstan Respublikasının “Слово Кыргызыстана» dövlət qəzetinin baş redaktoru Kifayət Əskərova bildirmişdir ki, Qırğızıstan Sovet İttifaqı zamanı və daha sonrakı dönəmlərdə də sənayenin istehsalat sahələrini inkişaf etdirməmişdir. Bu da ekologiya sahəsinin, təbiətin saf və təmiz qalmasına xidmət etmişdir. Qırğızıstanda söz azadlığı o qədər yüksəkdir ki, bu hal bəzən səhv informasiyaların cəmlənməsinə də səbəb olur. Ancaq siyasi administrasiyanın bu istiqamətdə daha obyektiv informasiyaların təhlili və tədbiq edilməsi yönündə səylərini də görürük ki, bu da çox müsbət bir addımdır. Media mütəxəssislərinə siyasi təzyiqin olmamasını vurğulayan redaktor, medianın həyatımızda rolunun günü-gündən artacağından və  mənfi halların azaldılması üçün vətəndaş cəmiyyətinin bu istiqamətdəki rolundan və önəmindən bəhs etdi.

Diskussiyalarda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Ziyafət Həbibova təhsil sisteminin inkişafının və təhsilin bütün sahələr üzrə davamlı inkişaf yönündə tədbiq edilməsinin vacibliyini vurğuladı. O, Azərbaycanda davamlı inkişafın tədbiq edilməsi proseslərində vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin rolunu qeyd etmişdir. Natiq qeyd etmişdir ki, davamlı inkişafın cəmiyyətdə hərtərəfli anlaşılması, vətəndaş cəmiyyətinin hökumət qərarları ilə birgə ictimai-siyasi proseslərdə rol alması üçün lazım olan zəmin yaradılmışdır. Natiq öz çıxışında QHT-lərin vətəndaş cəmiyyətinin  inkişafında önəmini vurğuladı, Heydər Əliyev Fondunun bu istiqamətdə böyük rolunu dinləyicilərin diqqətinə çatdırdı.

Sonda hər üç bölmənin işini yekunlaşdıran akademik Urxan Ələkbərov məruzə və çıxışların yüksək səviyyədə keçdiyini qeyd edərək, iştirakçılara öz təşəkkürünü bildirdi. Akademik Urxan Ələkbərov qeyd etdi ki,  bütün iştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya və Beşinci Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına öz dərin minnətdarlıqlarını bildirirlər. Cənab Urxan Ələkbərov iştirakçılardan Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsinin mətninə münasibətlərini bildirməyi xahiş etdi. Bəyannamə yekdilliklə qəbul edildi. Bununla da “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masası öz işini başa çatdırdı.