Forum 2016

2016-cı ilin Forumunda aşağıdakı istiqamətlər üzrə “dəyirmi masa”lar təşkil olunmuşdur:

  •  Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru;
  • İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi;
  • Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində  rolu;
  • Davamlı inkişaf və ekoloji sivilizasiya;
  • Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər;
  • Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları.

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-TUVEYCRİNİN çıxışı

Zati-aliləri cənab Prezident İlham Əliyev.

Zati-aliləri Azərbaycan Respublikasının birinci xanımı, ISESCO-nun və UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva.

Hörmətli xanımlar və cənablar.

Dialoqun və dünyada sülhün təşviq edilməsi istiqamətində göstərilən beynəlxalq səylərin mühüm rəmzinə çevrilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda çıxış etməkdən məmnunam. Təbii ki, ədalət, sülh və bərabərlik ideyalarını yayan insanlar üçün bu Forum mühüm bir tədbirdir. Mən buna görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirmək istəyirəm. Səmimi qəlbdən ona “Çox sağ olun” deyirəm. Çünki onun böyük səyləri və mühüm təşəbbüsləri sayəsində sülh, insanlar arasında qarşılıqlı anlaşma, dinlər və mədəniyyətlər arasında yaxınlaşma meyilləri artır və Azərbaycan da bu yolla gedir. Azərbaycan dinamik inkişaf edən dövlətə çevrilib.

Mən həmçinin cənab Prezidentə İslam Əməkdaşlıq Təşkilatına və ISESCO-ya verdiyi dəstəyə görə minnətdaram. Bakıda bu təşkilatların bir sıra mühüm beynəlxalq tədbirləri keçirilib. Məhz onun təşəbbüsü ilə sülh, dialoq, insanlar və xalqlar arasında anlaşma daha da dərinləşib. Cənab Prezident öz çıxışında belə gözəl bir paytaxtda, belə əhəmiyyətli bir ölkədə keçirilən beynəlxalq tədbirləri qeyd etdi.

Cənab Prezident, xanımlar və cənablar, bugünkü Forum dünyada sülh və təhlükəsizlik üçün görünməmiş təhdidlərlə səciyyələnən mürəkkəb qlobal şəraitdə keçirilir. Bütün bunlar müharibələrin və onların cəmiyyətlərə sarsıdıcı təsirinin, ciddi siyasi münaqişələrin, sabitliyi təhlükə altına alan geniş yayılmış etnik toqquşmaların, dərin humanitar böhranların, irqçilik tendensiyalarının, qarşısı alınmayan düşmənçilik hərəkətləri nəticəsində beynəlxalq hüququn kobud şəkildə pozulması hallarının azaldılması üçün beynəlxalq ictimaiyyətdən daha effektiv əməkdaşlıq tələb edir. Bu gün dünyanın qarşılaşdığı həssas və çətin vəziyyət bizdən – siyasətçilərdən, akademik və intellektual elitadan, azad humanist düşüncə carçıları, mühüm mədəni dəyərlərin və ali humanitar prinsiplərin keşikçiləri kimi mənəvi məsuliyyəti üzərimizə götürməyi tələb edir.

Bu baxımdan qeyd etmək lazımdır ki, dünyada sülh və təhlükəsizliyin qorunub saxlanılmasında siyasi öhdəliklərin böyük güclər tərəfindən yerinə yetirilməməsi nəticəsində, həmçinin ağır fəsadlara gətirib çıxaran səhv hesablamalar səbəbindən yaranmış vəziyyət beynəlxalq münasibətlərdə tarazlığı alt-üst edə biləcək, dünyanı böyük çəkişmələrə sürükləyə biləcək təhlükələrə meyillidir. Əslində qloballaşmanı öz humanitar məzmunundan uzaqlaşdıran və beləliklə, bir çox səviyyələrdə beynəlxalq vəziyyəti ağırlaşdırmaq təhlükəsi yarada biləcək hazırkı qlobal sivilizasiya böhranı yuxarıda qeyd edilən məqamlardan irəli gəlir. Həmin ciddi çağırışlara və onları müşayiət edən sülh və təhlükəsizliyə təhdidlərə gəldikdə, geniş şəkildə yayılan qloballaşma baxımından təxirəsalınmaz işlər görülməlidir. Mənim fikrimcə, Fələstində, Dağlıq Qarabağda, Suriyada, İraqda, Əfqanıstanda, Somalidə və bir çox digər münaqişələr olan yerlərdə BMT Təhlükəsizlik Şurası daha fəal iştirak etməlidir. Çünki insanlar, bütün dünya böyük güclərin hərəkətə keçməməsindən əziyyət çəkir. Biz bunu edə bilmərik, çünki əlimizdə belə imkanlar yoxdur. Ona görə də bu işi Təhlükəsizlik Şurasında əyləşən mühüm və daimi üzv dövlətlər görməlidirlər. Bütün bunlar qarşıya ciddi çağırışlar qoyur. Bu məsələlərlə bağlı düzgün qərarın qəbul edilməsində hər hansı yubanma və ya tərəddüd müxtəlif səviyyələrdə dialoqu təşviq edən beynəlxalq hərəkata mənfi təsir göstərəcək.

Dialoq müdriklərin seçimidir. Bununla humanizmə, onun amallarına xidmət etmiş oluruq. Eləcə də beynəlxalq hüquqa əsaslanan yeni dünya nizamının qurulması üçün düzgün yanaşmanı, mədəniyyətlərin prinsiplərini və sivilizasiyaların, dinlərin universal dəyərlərini tətbiq etmiş oluruq. Buna görə də böyük güclər yubanmadan və tərəddüd etmədən lazımi qərarlar qəbul etməlidirlər. Əgər belə olmasa, dünya bir cəngəlliyə çevrilər. Dünyada, ümumiyyətlə, asayiş tam pozular və hüquqa hörmət qoyulmaz. Odur ki, gəlin, səylərimizi birləşdirək.

Mən burada ISESCO adından bildirmək istəyirəm ki, biz öz dəyərlərimizi qoruyacağıq. Biz Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasında onu dəstəkləməkdə davam edəcəyik.

Diqqətinizə görə sağ olun.