Forum 2016

II. İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi

  • Humanitar fəlakətlər və ekstremal vəziyyətlər nəticəsində insanların kütləvi yerdəyişməsinin müasir prosesləri: nəticələr və həlli yolları (dünya təcrübəsi və Azərbaycan modeli)
  • Qaçqın və məcburi köçkünlər arasında insan kapitalının inkişafı iqtisadiyyatın və sosial həyatın bərpasının katalizatoru kimi
  • Davamlı inkişaf və qaçqın və məcburi köçkünlərin təhsil problemləri

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

II. İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda təşkil olunan dəyirmi masa sentyabrın 30-da JW Marriott Abşeron Bakı mehmanxanasında keçirilmişdir.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Əşrəf Şıxəliyev və BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisində BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya ilə əməkdaşlıq üzrə köməkçisi Rəşid Xalikov dəyirmi masaya rəhbərlik etmişlər. AİDA rəhbərinin salamlama nitqinin ardından Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan “Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” adlı qısametrajlı film nümayiş etdirilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov  qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların təhsilə çıxışı və işlə təmin olunması sahəsində Azərbaycan hökuməti tərəfindən aparılan siyasətin insan kapitalının qorunmasına verdiyi töhfəni vurğulamışdır. Açılış nitqlərini səsləndirən Bolqarıstanın vitse-prezidenti Marqarita Popova, BMT Baş katibinin müavininin köməkçisi Cihan Sultanoğlu və BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisində BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya ilə əməkdaşlıq üzrə köməkçisi Rəşid Xalikov qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlərin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsinin və həmrəylik göstərilməsinin əhəmiyyətini xüsusi olaraq qeyd etmişlər.

“Humanitar fəlakətlər və ekstremal vəziyyətlər nəticəsində insanların kütləvi yerdəyişməsinin müasir prosesləri: nəticələr və həlli yolları (dünya təcrübəsi və Azərbaycan modeli)” başlıqlı birinci sessiyaya Rəşid Xalikov moderatorluq etmişdir. Sessiyada çıxış edən Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sahəsində məcburi köçkünlərə göstərilən xüsusi qayğıdan bəhs etmişdir. O bildirmişdir ki, dövlətimizin başçısının sərəncamına əsasən ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlər təhsil haqqından azad edilir. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində görülən irimiqyaslı tədbirlərdən danışmışdır. Kimya üzrə Nobel mükafatı laureatı, “Technion-İsrail Texnologiya” İnstitutunun professor Dan Şextman qaçqınların cəmiyyətə inteqrasiyası sahəsində uğurlu təcrübə kimi İsrail modelini iştirakçılarla bölüşmüşdür.

Sessiyada həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Mavritaniyanın insan hüquqları və humanitar məsələlər üzrə müvəkkili Şeyx Turad Uld Abdelmalik, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy, İƏT Baş katibinin köməkçisi Heşam Yusif, Beynəlxalq Əmək Təşkilatının Baş direktorunun müavini Haynz Koller, Fələstinin BMT yanında daimi müşahidəçisi Mansur Riyad, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Piter Van der Auvaraert və Səudiyyə Ərəbistanının Kral Salman adına Humanitar yardım Mərkəzinin təmsilçisi Əqil Əl-Ğamdi çıxış etmişlər. Onlar təmsil etdikləri ölkələr və beynəlxalq qurumların qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər barəsində məlumat vermiş və mövcud problemlərin həlli üçün beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini qeyd etmişlər.

Dəyirmi masa AİDA rəhbəri Əşrəf Şıxəliyevin moderatorluq etdiyi “Qaçqın və məcburi köçkünlər arasında insan kapitalının inkişafı iqtisadiyyatın və sosial həyatın bərpasının katalizatoru kimi” başlıqlı ikinci sessiya ilə davam etmişdir. Bu sessiyada çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova məcburi köçkün və qaçqınların problemlərinin aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin atdığı addımların sistemli xarakter daşıdığını və insan kapitalının inkişafının önə çəkildiyini bildirmişdir. Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kansela dünyada baş verən böhranların aradan qaldırılması üçün bu istiqamətdə əməkdaşlığın təkmilləşdirilməsinin önəmini vurğulamışdır.

Sessiyada çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının hüquq və insan hüquqları institutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə, Elm, Təhsil və Mədəniyyət üzrə Rusiya Federasiyası Şurası Komitəsinin sədrinin birinci müavini Liliya Qumerova, Avropa Parlamentinin üzvü Tomaş Zdexovski, Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının Baş katibinin ofisinin direktoru Caqanat Çapaqain, Küveyt Milli Assambleyasının üzvü Səud Əl-Hüraici miqrant probleminin yaranma səbəblərinə toxunaraq qeyd etmişlər ki, bu problem yalnız dünyada sülh və sabitliyə nail olunması ilə öz həllini tapa bilər.

İkinci sessiyanın ardından AIDA rəhbəri Əşrəf Şıxəliyev Agentliyin 5 illik fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına qısa məlumat vermiş və Agentliyin fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.

Dəyirmi masanın üçüncü sessiyası “Davamlı inkişaf və qaçqın və məcburi köçkünlərin təhsil problemləri”nə həsr olunmuşdur. Sessiyanın moderatoru, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin eksperti Xanım İbrahimova Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi Eden Mamut bu gün təhsil sistemində yeni yanaşmaya ehtiyac olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Azərbaycanın miqrantların hüquqlarının təmin olunması sahəsində uğurlu təcrübəsindən söz açmışdır. Ukrayna Milli Elmlər Akademiyasının Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nikolay Şulqa ölkəsində ciddi böhran yaşanmasına baxmayaraq təhsilin inkişafına xüsusi diqqət yetirildiyini qeyd etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin dosenti Yael Varşel, Misirin Əl-Ummal Universitetinin rektoru Abdelrahman Əli Saad, Misir Parlamentinin xarici əlaqələr komitəsinin sədri Məhəmməd Əbdülhey Məhəmməd Elorabi istənilən şəraitdə insanların təhsilə çıxışının təmin edilməsinin əhəmiyyətini və insan kapitalının davamlı inkişafa təkan verən əsas vasitə olduğunu öz çıxışlarında bir daha vurğulamışlar.

Sonda Forumun Bəyannaməsi yekdilliklə qəbul edilmişdir.