Forum 2013

II. İqtisadi inkişafın humanitar aspektləri

İşçi bölmələr:
  • İqtisadi inkişafın dayanıqlılığı problemi: humanitar aspektin prioritetliyi
  • Qlobal iqtisadi sistemin humanitar problemləri
  • İqtisadi inkişaf 2020: gələcəyə baxış

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

II. İqtisadi inkişafın humanitar aspektləri

III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İqtisadi inkişafın humanitar aspektləri” mövzusunda təşkil olunmuş dəyirmi masaya Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru və Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Şəmsəddin Hacıyev, Qlobal Tədqiqatlar Mərkəzinin direktoru və Böyük Britaniyanın Uorvik Universitetinin fəxri professoru Lord Robert Skideliski və Avropa Şurası Parlament Assembleyasının fəxri üzvü cənab Anatoliy Varfolomeyeviç Raxanski rəhbərlik etmişlər.

Dəyirmi masanı Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru və Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Şəmsəddin Hacıyev açıq elan etmişdir. O, üçüncü ildir ki, yüksək səviyyədə təşkil olunan Bakı Beynəlxalq Humanitar Forumunun ölkəmiz və dünya ictimaiyyəti üçün əhəmiyyəti haqqında danışmış, bu Forumun artıq beynəlxalq arenada xüsusi yer tutduğunu və humanitar sferanın ən aktual məsələlərinin müzakirə olunduğu beynəlxalq platformaya çevrildiyini bildirmişdir. Birinci və ikinci Forumun işini yüksək qiymətləndirən Ş.Hacıyev bu il təşkil olunan Forumda 13 Nobel mükafatçısının iştirakını daha bir uğurlu göstərici kimi qeyd etmişdir.

Prof. Ş.Hacıyev “İqtisadi inkişafın humanitar aspektləri” mövzusunda dəyirmi masanın təşkilinin əhəmiyyəti və bu masada müzakirə olunan məsələlərin aktuallığı haqqında fikirlərini bölüşmüşdür. O, iqtisadi məsələlərin bütün ictimai inkişafın bünövrəsində dayanması və iqtisadi artım, iqtisadi inkişaf olmadan humanitar sferada hər hansı bir irəliləyişə nail olmağın mümkünsüzlüyü, başqa sözlə humanitar sferada xüsusilə elm, təhsil, mədəniyyət sahəsində yeniliklər, innovasiyalar olmadan iqtisadi inkişafın davamlılığını təmin etməyin qeyri-mümkün olması haqqında danışmışdır. XXI əsrin ötən dövrü ərzində dünya iqtisadiyyatının əhəmiyyətli keyfiyyət dəyişikliklərinə məruz qaldığını, industrial cəmiyyətin postindustrial dövrlə əvəz olunduğunu qeyd edən Ş.Hacıyev bu dövrün eyni zamanda ciddi fəlakətlərlə, müharibələr və onların törətdiyi fəsadlarla, bəzi konfliktlərin davam etməsi, bəzi konfliktlərin dondurulması, dünyada milyonlarla qaçqın, məcburi köçkünlərin olması ilə xarakterizə olunduğunu vurğulamış, eləcə də Azərbaycan üçün aktual olan Dağlıq Qarabağ problemindən bəhs etmişdir. Daha sonra Ş.Hacıyev dünya maliyyə sistemində başlayan böhranın qlobal iqtisadi böhrana çevrilməsindən, böhranın bir təzahürünün də borclanmaq probleminin olduğundan danışmış və böhrandan az əziyyət çəkən ölkələrin təcrübəsinin, o cümlədən Azərbaycanın əldə etdiyi uğurların öyrənilməsinin və təqdir edilməsinin vacib olduğunu qeyd etmişdir.

Çıxışının sonunda Ş.Hacıyev bütün qeyd olunan məsələlər haqqında dəyirmi masanın hər üç işçi bölməsində müvafiq istiqamətlər üzrə məhsuldar müzakirələrin aparılacağına ümid etdiyini bildirmiş və masanın reqlamenti haqqında məlumat vermişdir.

Açılış mərasimində çıxış edən Böyük Britaniyanın Uorvik Universitetinin professoru Lord Robert Skidelski artıq üçüncü dəfədir ki, bu beynəlxalq forumda iştirak etməsindən məmnunluğunu bildirmişdir. Prof. Skidelski çıxışında dəyirmi masanın işçi bölmələrində müzakirə olunacaq mövzulara nəzər salmışdır. O, bu sahədə apardığı tədqiqatlar barədə məlumat vermiş və qeyd etmişdir ki, hətta kasıb ölkələrdə də insan rifahının inkişafı iqisadi inkişafdan ayrıdır və təbii resurslarla zəngin ölkələrdə ÜDM-nin artmasına baxmayaraq insanların rifahı heç də həmişə yüksələn xətlə artmır. O, əlavə etmişdir ki, dünya üzrə iqtisadi inkişaf tempinin azaldığı indiki dövrdə hərhansı bir ölkədəki iqtisadi artımdan daha çox ətraf mühitin qorunması və insanların rifahının yüksəldilməsi məsələləri diqqəti cəlb edir.

Daha sonra geniş nitq söyləyən Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü cənab Anatoliy Varfolomeyeviç Raxanskiy ilk öncə Forumun təşkilatçılarına dəvət üçün təşəkkür etmiş və yenidən Bakıda olduğu üçün çox məmnun olduğunu bildirmişdir. Bakı Beynəlxalq Humanitar Forumunun hər il yüksək səviyyədə təşkil olunduğunu qeyd edən A.Raxanskiy tədbirin aktuallığından danışmış və Azərbaycan kimi stabil inkişaf edən ölkələrdə bu kimi Forumların təşkilinin ölkədə öz gələcəyindən əmin vətandaşların yetişdirilməsinə böyük töhfə olduğunu bildirmişdir. A.Raxanskiy məruzəsində elm və təhsilin iqtisadiyyatın inkişafındakı yeri və rolu kimi məsələlərə də toxunmuşdur.

Dəyirmi masanın “İqtisadi inkişafın dayanıqlılığı problemi: humanitar aspektin prioritetliyi” adlanan birinci işçi bölməsinin moderatoru Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirakçıları salamlamış, bölmədə müzakirə olunacaq məsələləri qeyd etmiş və çıxışları nəzərdə tutulmuş məruzəçilər haqqında məlumat vermişdir.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Finn Kidland “Avropa və Amerika Birləşmiş Ştatlarını nə düşündürür?” mövzusu ilə çıxış emişdir. O, məruzəsində dünya maliyyə böhranı şəraitində ölkələrin ümumi daxili məhsullarını, milli gəlirlərini müqayisə etmiş və bu şəraitdə dövlətin həyata keçirməli olduğu optimal idarəçəlik siyasəti haqqında danışmışdır.

Almaniya Bundestaqının üzvü xanım Helqa Daub “İqtisadi inkişafın humanitar aspektləri” adlanan məruzəsində sosial və humanitar standartlar üzərində qurulmuş iqtisadiyyat və bu aspektlərin inkişaf etmiş ölkələrdə balanslaşdırılma şərtlərindən bəhs etmiş, bu çərçivədə inkişaf etmiş ölkələr üçün sosial yönümlü iqtisadiyyatın qurulmasınının prioritet olması, bu işə biznes strukturlarının cəlbinin əhəmiyyəti, korrupsiya ilə mübarizə tədbirləri, dünya maliyyə böhranı və ekoloji problemlərin mümkün həll yolları kimi məsələlərə toxunmuşdur.

Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin rektoru professor İqor Anatolyeviç Maksimtsev “İntellektual resurslar Rusiyanın dayanıqlı inkişafının hərəkətverici amilli kimi” adlanan məruzəsində tolerantlığın müasir dünyanın stabil inkişafının əsas faktoru olmasını vurğulamış, təhsil səviyyəsinin yüksəlməsinin həmrəylik və tolerantlığın gücləndirilməsindəki rolunu qeyd etmiş və ali təhsil sahəsinə xüsusi qayğının göstərilməsinin önəmindən bəhs etmişdir.

Ukrayna Prezidentinin müşaviri cənab Yuriy Petroviç Boqutskiy “İqtisadi inkişafın humanitar aspektləri” mövzusu ilə çıxış etmişdir. Prof. Boqutskiy Ukraynanın humanitar inkişaf konsepsiyasını və hazırda tətbiq olunan dövlət proqramlarını nümunə gətirmiş, iqtisadi böhranların tənzimlənməsi, idarəetmə mexanizmlərinə yenidən baxılmasının və bu kimi məsələlərə humanitar nöqteyi nəzərdən yanaşılmasının əhəmiyyətindən danışmışdır.

Belçika senatının fəxri spikeri xanım Anna-Mariya Lizin “İki əlaqəli göstərici: iqtisadi inkişaf və ölkədə qadın və kişilər üçün bərabər potensialın formalaşdırılması” mövzusunda məruzə ilə çıxış etmişdir. Xanım Lizin milli iqtisadi artım və ölkə əhalisinin rifahının yaxşılaşdırılmasında xarici faktorla yanaşı milli iqtisadi siyasətin də böyük rolunun olmasına diqqət çəkmiş, cəmiyyətdə gender bərabərliyi, qlobal vədəndaşlıq probleminin aradan qaldırılması, dini zəmində ayrı-seçkiliklərə yol verilməməsi kimi problemlərin həllinin vacibliyindən danışmışdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru professor Əvəz Bayramov “Qlobal iqtisadi inkişafın müasir paradiqması: humanitar aspektlər” mövzusuna həsr olunmuş məruzəsində qlobal iqtisadiyyatda tarixən mövcud paradiqmalarda humanist yanaşmanın yer almadığını, iqtisadi azadlıq və sosial ədalətin qlobal iqtisadi gerçəklikdə olduğu kimi deyil, neoklassik nəzəriyyənin imkan verdiyi çərçivədə üzə çıxdığınından bəhs etmişdir. O, iqtisadi inkişafın dayanıqlılığının təminatı üçün dünya dinləri, mədəniyyətləri və sivilizasiyaları arasındakı dialoqu inkişaf etdirmək zərurriliyini xüsusi vurğulamışdır.

Peruca Universitetinin professoru xanım Saule Auqaytite “İqtisadi inkişafın humanitar aspektləri” adlanan məruzəsində davamlı inkişafın iqtisadi, ekoloji və sosioloji aspektlərindən bəhs etmiş və bu çərçivədə “davamlı iqtisadi inkişaf” anlayışına yeni baxışlara ehtiyac olduğunu nəzərə çatdırmışdır.

Neapol şəhərinin meri cənab Luidci Magistris “İqtisadi inkişafın dayanıqlıq probleminin humanitar aspektləri: Neapol modeli” adlı məruzə ilə çıxış etmişdir. Cənab Magistris çıxışında yeni iqtisadi modellərin yaradılması imkanlarından danışmışdır. Neapol iqtisadi modeli haqqında məlumat verən L.Magistris Neapol şəhərinin Avropanın gənc əhalisi olan şəhərlərindən biri olması, bu şəhərin öz kökünü qoruyub saxlaması ilə bərabər Neapolun dünyaya qapılarını açması və bu istiqamətdə qarşılaşdıqları problemləri necə həll etmələri barədə ətraflı məlumat vermişdir.

Birinci işçi bölmənin sonunda çıxışlarlarla bağlı verilən suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

Dəyirmi masanın “Qlobal iqtisadi sistemin humanitar problemləri” adlanan ikinci bölməsinin moderatoru Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin rektoru professor Viktor İvanoviç Qrişin iştirakçıları salamlayaraq bölmədə müzakirə olunacaq məsələləri qeyd etmiş və çıxışları nəzərdə tutulmuş məruzəçiləri təqdim etmişdir.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı professor Robert Emerson Lukas “Dünya iqtisadiyyatında yoxsulluq və qeyri bərabərlik” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Prof. Lukas tarixi dövrlər üzrə dünya ölkələrində iqtisadi inkişaf və yaşayış səviyyəsinin ölçülməsi məsələsindən bəhs etmişdir. Sənaye inqilabına qoşulan və qoşulmayan ölkələrdə yaşayış səviyyəsinin fərqli templerlə inkişaf etdiyini qeyd edən professor bugün yalnız ölkələrin orta gəlirlərinin deyil, eyni zamanda ölkədə varlı və kasıb təbəqələrinin say nisbətinin də müəyyənləşdirilməsinin önəmini vurğulamışdır.

Türkiyə Cumhuriyyəti İstanbul Arel Universitetinin İdarə Heyətinin üzvü və Niğde Universitetinin sabiq rektoru professor Ramazan Taşdurmaz “Siyasi iqtisadın müasir humanitar problemləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Əsas diqqəti fərdin iqtisadi azadlığı anlayışına çəkən prof. Taşdurmaz iqtisadi inkişafın bütün mərhələlərində fərdin innovativ yaradıcılığının önəmi haqqında danışmış və bu sahədə dövlətin rolu məsələsini təhlil etmişdir.

Belarus Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının rektoru professor Morozeviç Anatoliy Nikolayeviç “İqtisadi proseslərin humanistləşdirilməsinin Belarus modeli” mövzusunda çıxış etmişdir. Məruzəsində Belarusun iqtisadi inkişaf modelini təhlil edən prof. Nikolayeviç ölkələrin milli xüsusiyyətləri və adət-ənənələrinə uyğun humanitar inkişaf konsepsiyasını seçməli və tətbiq etməli olduqlarına diqqətə çatdırmışdır.

İtaliyanın Asiya və Aralıq Dənizi ölkələri İnstitutunun prezidenti cənab Can Quido Folloni “Humanizm və dayanıqlı inkişaf” mövzusunda çıxış etmişdir. Forumda ilk dəfə iştirak edən C.Folloni Bakıda olmasından çox məmnun olduğunu bildirmişdir. Cənab Folloni qlobal maliyyə böhranından, onun törətdəyi fəsadlardan və böhrana səbəb olan üç əsas amildən (millət, bilik və ərazi) danışmışdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Rasim Həsənov “Dünya böhranı şəraitində sosial-iqtisadi siyasət: Azərbaycan təcrübəsi və nailiyyətlər” adlanan məruzəsində inkişafın maddi-texniki bazasının çox yüksək elmi əsasının olmasından və ən qısa müddətdə böhrandan qaçmanın hər bir iqtisadi sistem üçün prioritet vəzifəyə çevrilməsindən bəhs etmişdir. O, böhrandan qaçmanın iqtisadi sistemin mənfi təsirlərə dayanıqlılığının yüksək olması və böhran zamanı dövlətin adekvat çevik iqtisadi siyasət tətbiq etməsi şəraitində mümkün olduğunu qeyd etmişdir. Prof. Həsənov Azərbaycan iqtisadiyyatının bu sınaqdan uğurla çıxdığını bildirmiş və Azərbaycanın bu sahədə təcrübəsinin bir çox ölkələr üçün maraqlı ola biləcəyinə diqqət çəkmişdir.

İsveçrənin “MHC International Ltd”şirkətinin sədri və baş icraçı direktoru cənab Maykl Hopkins “Korporativ sosial məsuliyyət münaqişə regionlarında biznes fəaliyyətinə kömək edə bilərmi” mövzusunda məruzə ilə çıxış etmişdir. Cənab Hopkins çıxışında korporativ məsuliyyət məsələləri, bu sahədə sahibkarların oynaya biləcəyi aktiv roldan danışmışdır. Bu çərçivədə Azərbaycan hökumətinin apardığı siyasəti nümunə gətirən M.Hopkins Azərbaycanda reallaşdırılan “qara qızılı insan kapitalına çevirək” siyasətini geniş təhlil etmişdir.

Beynəlxalq Hüquqşünaslar İttifaqının sədrinin birinci müavini professor Ələsgər Tağıyev “Hüquq və iqtisadiyyat: Bəzi aktual məsələlər” adlanan məruzəsində iqtisadiyyatın hüquqi tənzimlənməsi aspektlərinə diqqəti çəkmiş, bu sahədə hüququn rolu, hüquq və iqtisadiyyatın qarşılıqlı əlaqəsi kimi məsələlərdə səmərəli rəqabət, iqtisadiyyatın hüquqi-dövlət tənzimlənməsi və iqtisadiyyat üzərində cəmiyyətin sosial nəzarətindən bəhs etmişdir.

İkinci işçi bölmənin sonunda çıxışlarlarla bağlı verilən suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

Dəyirmi masanın “Qlobal iqtisadi inkişafın yeni mərhələsi: problemlər və perspektivlər” adlanan üçüncü işçi bölməsinin moderatoru Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Şəmsəddin Hacıyev iştirakçıları salamlayaraq bölmədə müzakirə olunacaq mövzular və məruzəçilər haqqında məlumat vermişdir.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı professor Edvard Preskott “Dayanıqlı iqtisadi inkişaf üçün zəruri olan səmərəli idarəçilik” mövzusunda çıxış etmişdir. Prof. Preskott hazırki iqtisadiyyatın rəqəmsal iqtisadiyyat olduğunu və bununla əlaqədar idarəçilik sistemində öncəki dövrlərdən fərqli problemlərin ortaya çıxdığını və neoklassik artım modelinin dünya maliyyə böhranı şəraitində modifikasiyasından danışmışdır.

Rusiyanın Ali İqtisad Məktəbinin (Milli Tədqiqat Universiteti) birinci prorektoru professor Lev İliç Yakobson “Strategiya 2020: İnnovativ İnkişaf Modeli” mövzusunda çıxış etmişdir. Prof. Yakobson çıxışında Rusiyada 2000-2008-ci illərdəki sürətlə gedən iqtisadi artım və dünya iqtisadi böhranının ölkədəki nəticələrindən danışmışdır. Hazırda Rusiya iqtisadiyyatında humanitar aspektlərə münasibətin dəyişilməsi, xüsusilə sosial institutların təkmilləşdirilməsi, insan kapitalının səmərəli istifadəsi, sosial və iqtisadi məsələlərin həllində cəmiyyətin və dövlətin bir araya gəlməsi kimi məsələlərin prioritetliyindən danışmışdır.

Berkli Lourens Milli Laboratoriyasının elmi işçisi professor Məsud Nikraveş “İnnovasiya, məhsuldarlığın artımı və davamlı iqtisadi inkişafın növbəti hüdudları” mövzusunda çıxış etmişdir. Neft iqtisadiyyatından bilik iqtisadiyyatına və eyni zamanda iqtisadi inkişafdan dayanıqlı iqtisadi inkişafa keçiddən danışan Prof. Nikraveş texnologiya və innovasiyanın əsasında elmin dayandığını bildirmişdir. və İspaniyada səhiyyəyə ayrılan büdcə vəsaitində yaranmış problemi nümünə kimi qeyd etmişdir.

“Qafqaz və Qloballaşma” elmi məcmuəsinin baş redaktoru professor Nazim İmanov “Azərbaycan iqtisadiyyatının 2020-ci il hədəfləri: sosial yönümlüyün perspektivləri” mövzüsunda çıxış etmişdir. O, məruzəsində Azərbaycanın iqtisadi inkişaf modelinin sosial yönümlü iqtisadiyyat modeli olmasından danışmış və bu sahədə çox ciddi naliyyətlər əldə olduğunu konkret rəqəmlərlə ifadə etmişdir. N.İmanov 2020-ci il üçün ölkədə müəyyənləşdirilmiş bir sıra sosial hədəflər barədə ətraflı danışmışdır.

Millenium Layihəsinin Meksika Nodunun rəhbəri xanım Konsepsion Olavarrita “Miqrantların daha yaxşı gələcəyi üçün Meksikadakı yeni fəaliyyətlər” adlanan məruzəsində Meksikada və dünyada immiqrantların sayının ildən ilə artması problemindən danışmış və bildimişdir ki, Meksikadan immiqrantlar tranzit ölkə kimi istifadə edərək Amerika arzularını reallaşdırmağa çalışırlar.

İtaliya-Azərbaycan Assosiasiyasının rəhbəri xanım Paola Kasaqrande “Məcburi köçkün problemi: iqtisadi inkişafda yeni sosial maneə” mövzüsunda çıxış etmişdir. O, dünyada məcburi köçkün problemi, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın məcburi köçkünlərlə bağlı ciddi problemlərlə üzləşməsindən bəhs etmişdir.

“Eko-muzeylər”layihəsinin üzvü cənab Luçano Fantini “Tarix və təbiət” adlanan məruzəsində Roma şəhərinin tarixi inkişafını təhlil etmiş, qədim tarixə malik bu ölkə, imperiya və respublikanın xristianlıq dini ilə qırılmaz zəncirlərlə bağlı olduğuna diqqəti çəkmişdir. Bu çərçivədə hazırda bu ərazidə aparılan tikinti-bərpa işlərindən və bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs etmişdir.

T.Şevçenko adına Kiyev Milli Universitetinin professor Vladimir İvanoviç Sergiyçuk “Təminat və xeyriyyəçilik: mənəviyyatın inkişafına dəstək sahəsində Ukrayna ənənəsi” mövzusundakı çıxışında Ukraynadakı xeyriyyə fəaliyyətlərindən danışmış, himayədarlığın ölkənin sosial-mədəni inkişafında xüsusi rolundan bəhs etmişdir.

Üçüncü işçi bölməsinin sonunda çıxışlarlarla bağlı verilən suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

Dəyirmi masanın işçi bölmələrində müzakirə olunan məsələləri ümumiləşdirən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Şəmsəddin Hacıyev masanın hər üç işçi bölməsinin işində və müzakirələrdə aktiv iştiraklarına görə məruzəçilərə və tədbir iştirakçılarına təşəkkür etmiş, iqtisadi inkişaf modellərinin humanitar aspektlərinə həsr olunmuş masanın və bütövlükdə III Bakı Beynəlxalq Humanitar Forumunun öz işini uğurla başa çatdırdığını qeyd etmişdir. O, masa iştirakçılarından Bakı Beynəlxalq Humanitar Forumunun Yekun Bəyannaməsinə münasibət bildirmələrini xahiş etmişdir. Bəyannamə yekdilliklə qəbul edilmişdir.

Video 1
Video 2