Forum 2014

I. Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdimatı

«А» bölməsi:
  • Multikulturalizm fəlsəfəsi və müxtəlif ölkələrdə müqayisəli tədqiqatların spesifikası
  • Milli kimlik konsepsiyalarının siyasi-hüquqi aspektləri və liberalizmlə kommunitarizmin sintezi şəraitində mədəni müxtəliflik təcrübəsi
  • Multikulturalizm müxtəlif mədəni təcrübələrin tolerant birgəyaşayışı siyasəti kimi
«B» bölməsi:
  • Plüralist mədəni paradiqma humanist multikulturalizmin mahiyyəti kimi
  • Böyük ədəbi və mədəni abidələrin müqayisəli tədqiqi tətbiqi multikulturalizmin formalaşmasının əsası kimi
  • Sivilizasiyaların qovuşuğunda müqayisəli kulturoloji tədqiqatların ümumi və xüsusi cəhətləri («Nibelunqlar haqqında nəğmə» və «Kitabi-Dədə Qorqut»)

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

I. Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdimatı

“A” bölməsi

“Multikulturalizm fəlsəfəsi və müxtəlif ölkələrdə aparılmış müqayisəli tədqiqatların spesifikası” titulu  altında keçirilmiş ilk iclas (moderatorlar: Franko Kardini və Yefim Pivovar) multikulturalizmin metanəzəri və fəlsəfi problemlərinə, onun dərkində ümumi və xüsusinin meydana çıxarılmasına, həmçinin müxtəlif elmi mərkəzlərdə multikulturalizm və onunla sıx əlaqədar məsələlər üzrə komparativ tədqiqatların aparılması metodlarına həsr olunmuşdu. Çıxışlar  arasında bu məruzələr konseptual idi:

  • “Transsendental mədəniyyət paradiqmaları humanist multikulturalizmdə istiqamət  kimi” (Letisiya Françeska Reuss, Böyük Britaniya);
  • “Sivilizasiyaların toqquşması haqqında mif”  (məşhur italyan tarixçisi, professor Franko Kardini);
  • ­”Mədəniyyətin qisası. ХХI əsr və gələcəkdə multikulturalizm  iqtisadiyyat və geosiyasəti necə yaxşılaşdıracaq” (Daniele  Lazzerini)

Bu çıxışlar bölmənin başqa iclaslarında da davam etdirilən müzakirələr doğurdu. Məsələn, natiqlər fəlsəfi araşdırmaların zəruriliyi və əhəmiyyətini etiraf etdilər, müxtəlif ölkələrdə multikulturalizmin dərk olunmasındakı fərqləri vurğuladılar. Bundan başqa, onlar  razılaşdılar ki, həmin fərqlər bu və ya digər ölkədə tarixi ənənələrin təşəkkül tapma xüsusiyyətləri ilə izah oluna bilər.  («İl Nodo Di Qordio» (İtaliya) Araşdırmalar Mərkəzinin nümayəndəsi Paolo Zammateonun “Udinlər, simvol və təqdimat” adlı məruzəsində, məsələn, Azərbaycan modelinin xüsusiyyətləri vurğulandı). Müqayisəli tədqiqatlara tələbatın olduğu bununla əsaslandırıldı ki, Avropada multikulturalizm təcrübəsi dünyanın digər hissələrində  olduğundan fərqlənir, onlarsız başqasının təcrübəsindən istifadə etmək, qloballaşma şəraitində problemin xüsusiyyətlərini dərk etmək mümkün deyil  və s.

“Dəyirmi masa”nın  azərbaycanlı iştirakçısı,  fəlsəfə elmləri doktoru İlham Məmmədzadə  xüsusilə qeyd etdi ki,  komparativ  araşdırmalar  multifənli tədqiqatların da aparılmasını nəzərdə tutur, çünki iqtisadi, hüquqi, siyasi və kulturoloji aspektləri olan multikulturalizm çoxfənli (çoxtərəfli) problem kimi başa düşülür. Bundan başqa, bəzi tədqiqatçılar  multikulturalizm nəzəriyyəsi və təcrübəsinin inkişafına Azərbaycanın, onun modernləşmə modelinin töhfəsini, həmçinin Beynəlxalq Bakı Forumunun əhəmiyyətini qeyd etdilər. Əvvəlki III Forumun dərc olunmuş materiallarının elm üçün əhəmiyyəti vurğulandı. Bundan əlavə, Link Kampus Universitetinin (İtaliya) professoru Alessandro Fiqus belə bir fərziyyə irəli sürdü ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində İtaliyanın ona məxsus, amma əhalisinin əksəriyyətinin almandilli  avstriyalılardan ibarət olan Boltsano şəhərində əldə etdiyi  təcrübəsindən  faydalana bilər. Lakin Azərbaycan alimlərindən birinin (“A” bölməsinin rəhbərinin) Azərbaycan ərazisinin 20%-ni işğal etmiş təcavüzkar Ermənistandan fərqli olaraq Avstriyanın heç bir zaman  italiya torpaqlarının  işğalı üzrə təcavüzkar planlar  qurmadığı  və həyata keçirmədiyi  barədə  replikasından sonra italiyalı professor etiraf etdi ki,  başqasının təcrübəsini tətbiq etmək  ciddi müqayisəli araşdırmalar  aparılmasını tələb edir.

“Milli identiklik konsepsiyalarının siyasi-hüquqi aspektləri və liberalizm və kommunitarizmin sintezi şəraitində mədəni müxtəliflik təcrübəsi” (moderatorlar: E. Nəcəfov və M.Rusetskaya) titullu ikinci iclas  daha çox bölmə iştirakçılarının postsovet məkanında multikulturalizmin praktiki siyasi-hüquqi problemlərinə olan diqqətini əks etdirdi. Həmin iclasda diqqəti bu çıxışlar cəlb etdi:

  • “Taciklərin mədəni identikliyi  və multikulturalizm” (X. Zərifi, Tacikistan  Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri, sabiq xarici işlər naziri);
  • “Multikulturalizm şəraitində bilinqval uşağa təhsil vermə problemləri” (M.Rusetskaya, Rusiya);
  • “Rusiyada multikulturalizm və etnomədəni siyasət” (regional aspekt, V. Amelina, Rusiya);
  • “İki multikultural şairin — azərbaycanlı Hüseyn Cavid və türkiyəli Tofiq Fikrət yaradıcılığının müqayisəsi”  (“Marmara Group Fund”-un prezidenti Akkan Siver  (Türkiyə).

Türkiyədən gəlmiş Akkan Siverin çıxışı Türkiyənin ərəb qonşuları ilə siyasətinin əsasları, azlıqlar ilə münasibətləri və s. haqqında diskussiyaya səbəb oldu.

“Multikulturalizm müxtəlif mədəni təcrübələrin tolerant birgəmövcudluq siyasəti kimi” titulu altında keçirilmiş üçüncü iclas (moderatorlar: Alessandro Fiqus (İtaliya) və Aytən Mustafayeva, Azərbaycan) çox  maraqlı idi, çünki burada müxtəlif ölkələrdə siyasət və təcrübələrin humanistləşdirilməsinin qarşılıqlı əlaqələri məsələlərinin dərk olunması, multikultural təcrübələrin planlaşdırılması xüsusiyyətlərinin aşkar edilməsi,  tolerantlıq mədəniyyətinin  tədris və tərbiyə edilməsinin müəyyən şəkildə təşkili  ilə bağlı məruzələr dinlənildi.

Azərbaycan tədqiqatçıları E. Nəcəfovun  (Azərbaycan Respublikasının millətlərarası münasibətlər, multikulturalizm və din məsələləri üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, fəls.e.d.) “Azərbaycanda multikulturalizm: tarix və müasirlik” mövzusunda və R. Əzimovanın (Azərbaycan Milli Elmlər Akademiyası, fəls.e.d.) “Multikulturalizm və siyasi sosiologiya” mövzusunda  məruzələri diqqəti cəlb etdi.  E. Nəcəfov ölkə tarixində ənənəvi tolerantlıq və multikultural təcrübəni Azərbaycanın müasir modernləşdirilməsi xətti ilə əlaqələndirdi, R. Əzimova isə birinci iclasın multikulturalizmin fənlərarası tədqiqinin zəruriliyi haqqında ideyalarını inkişaf etdirərək, bu cür araşdırmaların aparılmasında sosioloji məlumatların əhəmiyyətini vurğuladı.

Eyni zamanda, o, siyasətçi, ictimai xadim və KİV nümayəndələrinin diqqətinin multikulturalizm təcrübələrinin humanistləşdirilməsi yollarının axtarışına cəlb etməyin zəruri olduğunu bildirdi. H. Haynzelmanın (Almaniya) Almaniyada multikulturalizm və miqrantların inteqrasiyası problemlərinə həsr olunmuş çıxışından sonra  Almaniyada SSRİ-dən olan miqrantlara münasibət və keçmiş Sovet İttifaqındakı beynəlmiləlçilik  barədə dərin nəzəri fərqləri olmayan kiçik diskussiya baş verdi.  Bölmənin işi  L. Mediçinin (İtaliya) “YUNESKO-nun multikultural dünyada missiyası: mədəniyyətlərarası təhsilin əhəmiyyəti”  mövzusunda çıxışı ilə başa çatdı.

Sonda “Bəyannamə” qəbul edilərkən yekdilliklə etiraf  edildi ki, Forum yüksək nəzəri səviyyədə, dünyanın bir çox ölkəsinin tanınmış siyasi xadim, alim və ictimaiyyət nümayəndələri cəlb olunmaqla keçirildi, “Nəzəriyyədən humanist təcrübəyə doğru” “A” bölməsinin işi çox yaxşı təşkil olunmuşdu, məruzə və diskussiyalar elmi və praktiki əhəmiyyətə malik idi və alimlər arasında əməkdaşlıq mütləq davam etdirilməlidir.

“B” bölməsi

IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” adlı “dəyirmi masa” keçirilmişdir.

Dəyirmi masanın rəhbərləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri,  AMEA-nın həqiqi üzvü Kamal Abdullayev, Los-Anceles şəhərinin sabiq meri (2005-2013), Kaliforniya  ştatı  Məclisinin sabiq spikeri Antonio Ramon Villareiqosa, Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn cəmiyyətinin prezidenti Ziqlinde Hartmann və AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru professor İlham Məmmədzadə idi.

Dəyirmi masa bölmələrinin birləşmiş iclasını açan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev ölkəmizin tarixən multikulturalizmin vətəni olduğunu diqqətə çatdıraraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünya multikulturalizm mərkəzlərindən birinə çevrildiyini dedi. O, Prezident İlham Əliyevin 2014-cü il 14 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin təsis edilməsini, dövlətimizin başçısının 2014-cü il 15 may tarixli Fərmanı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını ölkəmizin bu siyasətə sadiqliyini, ona böyük əhəmiyyət verməsini göstərən mühüm faktlar olduğunu göstərdi. Kamal Abdullayev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızda və onun hüdudlarından kənarda həyata keçirdiyi yerli və beynəlxalq layihələri ilə ölkəmizin multikulturalizmin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirdiyini diqqətə çatdırdı.

Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlers multikulturalizmin bəşəri dəyərlərə əsaslanan bir sistem olduğunu vurğulayaraq, müxtəlif ölkələrdə mədəniyyətlərin səviyyəsini müəyyənləşdirmək üçün identikliyin mühüm rol oynadığını bildirdi. Sabiq prezident multikulturallığın bərqərar olmasında ailənin, təhsilin, tolerantlığın rolunu yüksək qiymətləndirdi.

Plenar iclasda çıxış edən Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmann, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov və İtaliyanın Florensiya Universitetinin professoru Franko Kardini Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini yüksək qiymətləndilər, Azərbaycanda müxtəlif mədəniyyətlərin, dinlərin və dillərin dinc yanaşı yaşadığını xüsusi olaraq qeyd etdilər.

Sonra dəyirmi masanın işi bölmələrdə davam etdi.

Həmin gün “Sivilizasiyalararası dialoq: “Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” eposlarının müqayisəli tədqiqi” adlanan “B” bölməsinin 3 iclası kecirildi.

“Plüralist mədəni paradiqma humanist multikulturalizmin mahiyyəti kimi” adlı I iclasın moderatorları Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn cəmiyyətinin prezidenti Ziqlinde Hartmann və Milli Məclisin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Bakı Slavyan Universiteti İngilis filologiyası kafedrasının müdiri Sevinc Fətəliyeva (Azərbaycan) idi.

I iclasda çıxış edən AMEA-nın həqiqi üzvü, Bakı Slavyan Universiteti “Tərcümə problemləri” Elmi-tədqiqat laboratoriyasının müdiri professor Kamal Abdullayev Humanitar Forum çərçivəsində “Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” eposları haqqında fikir mübadiləsi aparılmasının təsadüfi olmadığını vurğuladı. Özünün “Fon Dits və onun «Kitabi-Dədə Qorqud» araşdırması” məruzəsində o, Azərbaycan tədqiqatçılarının elmi fəaliyyətinin “Nibelunqlar haqqında nəğmə” dastanına, alman tədqiqatçılarının diqqətinin isə “Kitabi-Dədə Qorqud” dastanına yönəlmələrini multikulturalizmin bariz təzahürü olduğunu göstərdi.

Baden Dövlət Kitabxanası Əlyazmalar şöbəsinin müdiri, fəlsəfə doktoru xanım Ute ObhofBizə gəlib çatmış “Nibelunqlar nəğməsi”nin əlyazmaları arasında qarşılıqlı münasibətlər və Orta əsrlərdəki himayədarların mümkün mədəni maraqları” mövzusunda məruzə ilə çıxış etdi. Müəllif “Nibelunqlar nəğməsi”nin 37 orta əsrlər əlyazmasının günümüzə qədər gəlib çatdığını bildirdi, 2003-2004-cü illərdə Karlsrue qəsrində eposun böyük hissələrinin səhnələşdirilməsi və tamaşaların keçirilməsi haqqında məlumat verdi.

Lids Universitetinin professoru, Orta əsr Tədqiqatları İnstitutu Beynəlxalq Orta əsrlər Konqresinin direktoru cənab Aksel E.V.Müller Lids Beynəlxalq Orta əsrlər Konqresinin multikultural tədqiqatların qlobal platforması kimi əhəmiyyətindən danışdı.

Moskva Dövlət Linqvistik Universiteti Ədəbiyyat kafedrasının müdiri, professor Aleksandr Bondarev “Eposdan romana: “Nibelunqlar nəğməsi” və «Kitabi-Dədə Qorqud» – təsadüf və ya refleksiya” adlı məruzəsində humanizmin müxtəlif formalarının qarşılıqlı təsirindən bəhs etdi.

Azərbaycandan olan məruzəçi, Bakı Slavyan Universiteti İngilis filologiyası kafedrasının müdiri Sevinc Fətəliyeva öz məruzəsində multikulturalizm, arxetip anlayışlarına toxunmuş, xalqların standartlar sistemini müəyyən etmək üçün qədim epik abidələrin müqayisəli öyrənilməsini təklif etmiş və bu eposlarda ümumbəşər motivlərini müəyyən etməyə cəhd etmişdir.

Berkli Kaliforniya Universiteti (ABŞ) kitabxanasının Slavyan, Şərqi Avropa və Avrasiya tədqiqatları şöbəsinin əməkdaşı cənab Liladhar Pendse XIX əsr Avropasında multikulturalizmdən bəhs edərək, eposları müqayisə etdi.

“Böyük ədəbi və mədəni abidələrin müqayisəli tədqiqi tətbiqi multikulturalizmin formalaşmasının əsası kimi“ adlı II iclasın  moderatorları İohan Qutenberq adına Mainz Universiteti Şərqşünaslıq seminarının rəhbəri professor Hendrik Bushoten və AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev idi.

İohan Qutenberq adına Mainz Universiteti Şərqşünaslıq seminarının rəhbəri professor Hendrik Bushoten “Tərk edilmiş bədheybət: Təpəgöz və Qrendel” adlı məruzə ilə çıxış etdi, adı çəkilən personajların müqayisəli təhlilini verdi.

AMEA Nəsimi adına Dilçilik İnstitu­tunun direktoru, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev «“Dədə Qorqud kitabı”nda açılmamış sirlər» adlı məruzəsində  «Dədə Qorqud kitabı»nın pərdə altındakı gizlinlərindən bəhs etdi. Müəllif üç sirrin – «Kitab»ın nəsr və şeir problemi, Qaraca Çobanın çoban olub-olmaması, “Dədə Qorqud kitabı”nı yaradan, yaxud tamamlayan Azərbaycan türklərinin at əti yemələri və at südü içmələri – üzərində dayandı.

Marmara Universitetinin (Türkiyə) dosenti İclal Cankorel «“Kitabi-Dədə Qorqud”  və “Nibelunqlar nəğməsi”  dastanlarında ailə və qohumluq əlaqələri» adlı məruzəsində adı cəkilən eposların arasında müqayisələr apardı və qeyd etdi ki, hər iki epos arasında fərqlərlə yanaşı oxşarlıqlar da az deyil.

AMEA Əlyazmalar İnstitunun direktoru, AMEA-nın həqiqi üzvü Teymur Kərimli “Nibelunqlar nəğməsi” dastanı Azərbaycanda” adlı məruzəsində alman dastanının Azərbaycanda tədqiqi və tərcüməsi məsələlərinə toxundu.

Bonn Universiteti (Almaniya) İngilis, Amerika və Kelt Tədqiqatları kafedrasının professoru Karl Rayxl «“Kitabi-Dədə Qorqud” dastanında və orta əsr şifahi xalq ədəbiyyatında qəhrəmanın qayıdışı motivi» adlı məruzə ilə çıxış etdi.

Bakı Slavyan Universitetinin rektoru, profes­sor Asif Hacıyev “Orta əsrlər türk və german-skandinav eposlarında arxetipik paralellər (Dünya Ağacı)” mövzusunda etdiyi məruzədə Ağac simvolunun müxtəlif areallarda, mifoloji və dini sistemlərdə izlənildiyini qeyd etdi. Müəllifin fikrinə görə, Dünya ağacı türk və german-skandinav eposlarının bir sıra mifoloji-epik ənənələrində tədqiq olunan, tipoloji oxşarlıqlar və genetik bağlılıqları aşkarlayan mühüm anlayışlardan biridir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Aydın Talibzadənin «“Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”: “su” ünsürünün dastan kreativliyi» adlı məruzəsində dastanlarda suyun təkcə motiv kimi deyil, həm də süjeti modelləşdirən faktor kimi çıxış etdiyi göstərildi, onun kreativ başlanğıc funksiyasını yerinə yetirdiyi, mətn çərçivəsində akkumulyativ rol oynadığı vurğulandı.

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun professoru Rəhman Bədəlov «Kitabi-Dədə Qorqud» və «Nibelunqlar nəğməsi»: yeni multimədəni kontekstdə təmas imkanı” adlı məruzəsində sözügedən eposları müqayisəli təhlil edərək,   oxşar motivləri üzə çıxardı, şərəf və hərbi vəzifə ilə bağlı olan Ziqfrid və Salor-Qazan obrazlarında olan yaxınlığı xüsusi olaraq göstərdi.

Bakı Slavyan Universiteti Alman filologiyası kafedrasının müdiri Sevinc Rzayeva “Nibelunqlar nəğməsi” və “Kitabi-Dədə Qorqud” dastanlarında gizli obrazlar” adlı məruzəsində “Kitabi-Dədə Qorqud”un müasir Azərbaycan dili və ədəbiyyatının öyrənilməsində böyük əhəmiyyət kəsb etdiyini, hər iki eposda, onların müxtəlif coğrafi məkanlara və xalqlara məxsus olmasına baxmayaraq, bir çox oxşar motivlərin olduğunu vurğuladı.

“Sivilizasiyaların qovuşuğunda müqayisəli kulturoloji tədqiqatların ümumi və xüsusi cəhətləri” adlı uçuncü iclas Bonn Universiteti, İngilis, Amerika və Kelt Tədqiqatları kafedrasının professoru Karl Rayxl və AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun moderatorluğu ilə keçdi.

Pikardiya Universiteti Orta əsrlərin Fənlərarası Tədqiqatları Mərkəzinin rəhbəri professor Daniel Buşinqer “Şimal Nibelunqları rəvayətinin və “Nibelunqlar nəğməsi”nin Ziqfridi: iki fərqli qəhrəman obrazı” adlı məruzə ilə çıxış etdi. O, Ziqfrid obrazını norveç ənənələri işığında göstərdi, tarixi əlyazma mətnləri  və “Nibelunqlar haqqında nəğmə” eposu ilə paralellər apardı, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirməyə çalışdı.

AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Kitabi-Dədə Qorqud”da özünü tanıtma üsulları” adlı məruzəsində “Kitabi-Dədə Qorqud” qəhrəmanlarının özlərini tanıtma yollarını dastanın məzmunu və mahiyyəti ilə əlaqələndirdi. Müəllif bildirdi ki, ümumi mənada bu yollar oğuzların ölkəsini qorumaq, konkret mənada isə ailə, valideynlər, qardaş, bacı və uşaqları təhlükədən xilas etmək anlamına gəlir.

Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmann «“Nibelunqlar nəğməsi”ndə qəhrəmanların fatalizmi və müstəqil qərar vermələri: Zigfrid, Krimhild, Haqen» adlı məruzəsində  sadalanan qəhrəman surətlərinin müqayisəli təhlilini verdi.

Bakı Slavyan Universitetinin professoru Rəhilə Quliyeva “Qazan xan və onun tarixi prototipi” məruzəsində Qazan xan şəxsiyyətinin nəinki tarixi kontekstdə, həm də dastan dünyasında diqqətəlayiq və əlamətdar olduğunu, dastanda onun adının əbədiləşdirildiyini, ictimai yaddaşda saxlanıldığını vurğuladı.

Bakı Slavyan Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayevanın «“Kitabi-Dədə Qorqud”da “Uruz” adının mədəni matrisası» məruzəsi “Kitabi-Dədə Qorqud” oğuz  dastanında Uruz obrazının kulturoloji təbəqəsinin yenidən qurulması probleminə həsr edilmişdi.

Forumun Almaniyalı iştirakcısı, Auqsburq Univeritetinin professoru Klaus Volf  “Haqen – əbədi bir hekayət? “Nibelunqlar nəğməsi”ndəki əsas qəhrəman kimi Haqen obrazı haqqında köhnə və yeni fərziyyələr” adlı məruzə ilə çıxış etdi. Müəllif öz məruzəsində Hagen obrazını ətraflı təhlilini verdi, onu həm tarixi şəxsiyyət kimi, həm də bir ədəbi qəhrəman kimi göstərərək, aralarında paralellər apardı.

Osaka (Yaponiya) Universitetinin təmsilçisi Takayuki Yokota Murakami “Müasir roman epik motivlərin təzahürü kimi” adlı məruzəsində  müasir postmodern roman, o cümlədən Azərbaycan ədiblərinin yaradıcılığı haqqında fikirlərini bildirdi.

Humboldt adına Berlin Universiteti Orta əsrlər və erkən müasir dövrlərdə Alman ədəbiyyatı kafedrasının professoru Hans-Yürgen Şuer “Xəzinə. “Nibelunqlar nəğməsi”ndə qəhrəmanın əmlakı” adlı məruzəsində ilkin olaraq pulun iqtisadi kateqoriya rolunu oynamadığını vurğuladı, onun qəhrəmanlıq dastanlarında göstərilən arxaik cəmiyyətlərdə qarşılıqlı əlaqə və balans yaratmaq üçün sakral və siyasi sahəyə aid olduğunu göstərdi.

Sonda müzakirələr aparıldı. İştirakçılar mövzular ətrafında fikir mübadiləsi apararaq, keçirilən forumun əhəmiyyətini yüksək qiymətləndirdilər.

Tədbirin sonunda Forumun bəyannaməsi qəbul olundu.

Video 1
Video 2
Video 3
Video 4
Video 5
Video 6