Forum 2016

2016-cı ilin Forumunda aşağıdakı istiqamətlər üzrə “dəyirmi masa”lar təşkil olunmuşdur:

  •  Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru;
  • İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi;
  • Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində  rolu;
  • Davamlı inkişaf və ekoloji sivilizasiya;
  • Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər;
  • Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları.

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

BMT BAŞ KATİBİNİN MÜAVİNİ CİHAN SULTANOĞLUNUN ÇIXIŞI

İndi isə mən böyük şərəf hissi ilə BMT-nin İnkişaf Proqramı adından sizin qarşınızda çıxış etmək istərdim. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə bizi Bakı Beynəlxalq Humanitar Forumuna dəvət etdiyinə və bu tədbiri qəbul etdiyinə görə minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu mühüm platformaya çevrilib. Burada bir sıra görkəmli alimlər, tanınmış ziyalılar və şəxsiyyətlər bir araya gələrək mədəniyyətlərarası dialoqun, tolerantlığın və insanlar arasında qarşılıqlı anlaşmanın daha da genişləndirilməsi məqsədilə toplaşırlar. Bu baxımdan onlar artıq 2030-cu il üçün davamlı inkişaf gündəliyində olan məqsədlərin icrasına öz töhfələrini vermək əzmindədirlər.

Bu ilin əvvəlində Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da uğurla keçirilib.

Əlbəttə, bu il, həmçinin Azərbaycan üçün xüsusi bir ildir. Azərbaycan öz müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Yaranmış fürsətdən istifadə edərək sizin hamınızı Azərbaycanın qazandığı gözəl nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm.

Azərbaycan 1991-ci ildən müstəqilliyini bərpa etdikdən sonra planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçib və ötən müddətdə çox gözəl iqtisadi artım templəri nümayiş etdirib. Burada xüsusi sosial proqramları, pensiya islahatlarını, “ASAN xidmət”in yaradılmasını qeyd etmək olar. Azərbaycan bu gün həyata keçirdiyi islahatlara görə regionun aparıcı dövlətinə çevrilib.

2010-cu ildən etibarən Azərbaycan insan inkişafı reytinqi üzrə BMT-nin İnkişaf Proqramında ən öncül yerlərdən birini tutur. Təbii ki, bütün bu nailiyyətlər, Azərbaycanda əldə edilmiş yüksək nəticələr Avrasiya, Avropa və Orta Şərq regionlarında humanitar məsələlərin həllinə töhfə verib. Azərbaycanın qlobal və regional böhranların həllinə verdiyi töhfəyə gəldikdə isə bu yardımın böyük olduğunu çox yaxşı bilirik. Azərbaycan sülhməramlı qüvvələrin tərkibində iştirak edir, BMT Təhlükəsizlik Şurasının üzvü olub. ECOSOC-da da Azərbaycanın namizədliyi qəbul edilib, təşkilata üzv seçilib. Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi – AIDA adlı agentlik yaradıb və öz humanitar yardımını əsirgəmir. Dünyadakı zəif dövlətlərin inkişafına öz töhfəsini verməkdədir.

Əminik ki, 2030-cu ilə olan davamlı inkişaf gündəliyində qoyulmuş məqsədlər Azərbaycan tərəfindən də icra olunacaq. Bu məqsədlər Nyu-Yorkda 103 üzv dövlət tərəfindən qəbul edilib.

Azərbaycan, həmçinin insan kapitalının inkişafı sahəsində də böyük addımlar atır ki, bu da Forumun mövzularından biridir. Biz BMT-də və BMT İnkişaf Proqramı çərçivəsində belə bir fikirdəyik ki, Azərbaycan məhz davamlı inkişaf məqsədlərinin daha da irəli aparılmasında fəal iştirak edəcək.

Çıxışımın yekununda Azərbaycan hökumətinə bu mühüm tədbiri keçirdiyinə görə bir daha minnətdarlığımı bildirirəm. Əminəm ki, Forum uğurla davam edəcək, burada müxtəlif mövzularda müzakirələr aparılacaq, əməkdaşlıq qurulacaq, sülh yolları araşdırılacaq.

Sizə uğurlu müzakirələr arzulayır və bildirmək istəyirəm ki, sabah keçiriləcək “dəyirmi masa”larda mən də iştirak edəcəyəm.

Diqqətinizə görə sağ olun.